»»

İmam Hüseyn (ə) məktəbində insanşünaslıq

Bağışlayan və Mehriban Allahın adı ilə

Böyük və görkəmli şəxsiyyətlər insanlarla qarşılaşanda həmin insanların özünü tanımazdan əvvəl onun şəxsiyyətini tanımağa, mənəviyyatının, təfəkkür tərzinin və davranışının dərinliyindən xəbərdar olmağa, cəmiyyətdə özlərinin hər cür hərəkət və rəftarlarını onun əsasında möhkəmləndirməyə çalışırlar.

İslamın başlanğıcında siyasi, hərbi, nizami və məhkəmə işlərində bu məsələyə dəqiq şəkildə diqqət verilmiş, hətta yaşca kiçik olsalar belə, dərrakəli, düşüncəli və qətiyyətli adamları sadə və qətiyyətsiz yaşlılardan üstün tutulmuş, İslamın idarə qurumlarına heç bir vəchlə dostbazlıq və dəstəbazlıq yol tapmamışdır. Əlaqələr qanunlar üzərində hakim deyildi, “mərifəti qədərincə məşhurdur” qanununa riayət edridilər. Şəhidlər sərvəri İmam Hüseynin (ə) gözəl əməl və hərəkət dənizinə bu məsələ barəsində bir baş vuraq.

Ağır borc təzyiqi altında inləyən və heç bir çıxış yolu tapmayan bir ərəb kişi Mədinəyə gəldi, yoxsulların ümidi, şəhidlərin sərvəri, Zəhranın (ə) oğlunun evinə daxil oldu və salam verəndən sonra belə dedi: “Ey Allah Rəsulunun oğlu, böyük borcum var və bir qan puluna zamin olmuşam. Lakin onu ödəməyə imkanım yoxdur. Qərara aldım ki, insanların ən böyüyündən kömək istəyim, öz ehtiyacımı ona deyim. Bu gün İslam Peyğəmbərinin nəslində sizdən kəramətlisini tanımıram”. İmam Hüseyn (ə) ona belə buyurdu: “Ey ərəb qardaş, mən səndən üç məsələ soruşacağam. Əgər birinə cavab versən, sənin istəyinin üçdə birini, ikisinə cavab versən, üçdə ikisini, hər üç sualıma cavab versən, bütün istəklərini yerinə yetirəcəyəm.

İmam Hüseyn (ə) əvvəlcə ağır borc altına girmiş ərəb kişinin şəxsiyyətini öyrənmək və ona uyğun hərəkət etmək istəyirdi ki, məbada, birdən öz şəxsiyyətinin, böyüklüyünün və şəninin xilafına bir iş görər. Ancaq qəti şəkildə aydın idi ki, o, heç bir cavab verməsəydi də, İmamın vücudunun kərəmindən məhrum olmayacaqdı, çünki bu sual-cavab onun öz məqamına və şəninə riayət etmək məqsədi daşıyırdı. Hər halda söhbət belə davam etdi:

Ərəb dedi: “Ey Allah Rəsulunun oğlu, necə rəvadır ki, risalət və şərafət xanədanından olan sənin kimi bir şəxs yalnız bədəvi ərəb olan məndən sual etsin?”

İmam Hüseyn (ə) buyurdu: “Babamın belə buyurduğunu eşitdim: “Yaxşılıqlar mərifət qədərincə olmalıdır”.

Ərəb dedi: “Ey Peyğəmbərin oğlu, nə istəyirsən, soruş, əgər bilsəm, cavab verərəm, yox əgər bilməsəm, sizdən öyrənərəm. Allahdan başqa bir qüvvə yoxdur”.

İmam (ə) buyurdu: “Əməllərin ən üstünü hansıdır?”

Ərəb: “Allaha iman bəsləmək”.

İmam (ə) buyurdu: “İnsanın həlakətdən nicat tapmasına nə səbəb olar?”

Ərəb: “Allaha etimad və inam”.

İmam (ə) üçüncü sualını soruşdu: “İnsana zinət verən nədir?”

Ərəb: “Elmlə helm”.

İmam (ə): “Əgər bu olmasa, necə?”

Ərəb: “Sərvət və mürüvvət”.

İmam (ə): “Əgər bu da olmasa, insanın zinəti nədir?”

Ərəb: “Yoxsulluğa səbir və dözüm”.

İmam (ə) buyurdu: “Bu da olmasa, kamalın və zinətin səbəbi nədir?”

Ərəb dedi: “Göydən bir ildırım çaxar və ona layiq olan şəkildə həyatına son qoyar”.

İmam Hüseyn (ə) ərəbin sonuncu cavabından gülümsündü, içində min qızıl dinar olan kisəni ona verdi, əlavə olaraq qaşı iki yüz dirhəmə dəyən bir üzüyünü də ona bağışlayıb buyurdu:

“Dinarlarla borcunu ödə və üzüyü də satıb öz həyatını təmin et!”

Ərəb dedi: “Allah Öz risalətini harada qərar verdiyini daha yaxşı bilir”.1

1Məqtəli-Xarəzmi

Fərhad Mirzə

 

Рейтинг

В этом разделе