Müəllif iddia edir: “Təbəristan və onun qonşu məntəqələri Xəzər yəhudiləri ilə doludur. Təbərsilər İslam adı altında gizlənən xəzərli yəhudilərdir”.
Cavab: Yaqut Həməvi “Möcəmul-buldan” kitabında “Təbəristan” başlıqlı fəsildə yazır: “Təbərinin mənsubiyyəti də burayadır... Bu, olduqca böyük bir şəhərdir və hər yerinə Təbəristan adı şamildir. Onun müxtəlif nahiyələrindən sayılmayacaq qədər çox elm, ədəbiyyat və fəqih çıxmışdır”. (“Möcəmul-buldan”, 4/13.)
Səmani “əl-Ənsab” əsərində “Təbəri” bölümündə yazır: “Təbəri mənsubiyyəti Təbəristana nisbət verilməkdədir. Ora Amul və onun vilayətləridir... Təbəri nisbəti də onadır. Amuldan çox sayda alim, fəqih və hədisşünas çıxmışdır...”.
Sonra yazır: “Qədim və müasir təbəristanlılar hədis nəql etmiş və insanlar onlardan hədis eşidib yazmışlar. Bəzən Şam bölgəsindən olan şəxslərə də Təbəri deyilib. Lakin oraya doğru nisbət Təbəranidir ki, bunu da əvvəldə qeyd etmişik”.
Ardınca Təbəristandan olan məşhur alimlərin bir dəstəsinin adını sadalayır: “Tanınmış Əbu Cəfər Muhəmməd ibn Cərir Təbəri – məşhur təfsir və tarix əsərlərinin müəllifi. Deyir: “Alimlərin imamlarından biri olmuşdur, onun sözünə istinadən hökm verilir, mərifət və fəzilətinə görə rəyinə müraciət olunurdu. Müasiri olduğu alimlərin nail ola bilmədiyi qədər elm əldə etmişdi, Allahın kitabının hafizi, qiraətlərini bilən, mənalarından agah, Quranın hökmləri barədə fiqhə malik, sünnə və onun rəvayət yollarından, səhih və ya qeyri-səhihindən, nasix və mənsuxundan xəbərdar, səhabə, tabeun və onlardan sonra gələn, hökm, halal və haram məsələlərində müxalif olanlardan məlumatlı idi, tarix və onun xəbərlərini bilən şəxs idi. Onun məşhur “Tarixul-uməm vəl-muluk” və “Təfsir” kitabları vardır. Onun kimi bir kitab müəllifi yoxdur. “Təhzibul-asar” adlandırdığı kitabının isə məna etibarlı ilə bənzəri yoxdur, yalnız onu sona çatdırmayıb...”.
Həmçinin onlar sırasında Əbu Bəkr Xəvarəzmi, Əbu Mərvan Həkəm ibn Muhəmməd Təbəri, İshaq ibn İbrahim Təbəri, Əbu Teyyub Tahir ibn Abdullah ibn Tahir ibn Ömər Təbəri, Əbu Ğalib Muhəmməd ibn Əhməd ibn Ömər ibn Təbər əl Cəriri Təbəri, Əbul-Qasim Hibətullah ibn Əhməd Təbəri, Əbu Bəkr Muhəmməd ibn Ümeyr Təbəri, qədim alimlərdən Əbu Abdullah Muhəmməd ibn Ğusn Təbəri vardır ki, Vəki və Əbdürrəzzaqdan hədis rəvayət edib”. (“əl-Ənsab”, 4/45-48.)
Laləkai isə özünün “Şərhu usuli itiqadi əhlis-sünnə vəl-cəmaə” kitabında Təbəristandan olan alimləri sünnədə imamlar kimi təqdim edir. Onlardan: İsmail ibn Səid əş-Şalənci, Hüseyn ibn Əli Təbəri, Əbu Nüeym Əbdülməlik ibn Ədiyy əl Əstərabadi, Əli ibn İbrahim ibn Sələmə Qəttan əl-Qəzvini”. (“Şərhu usuli itiqadi əhlis-sünnə vəl-cəmaə”, 1/54.)
Burada iddiaçı müəllifdən soruşuruq:
Muhəmməd ibn Cərir Təbəri və əhli-sünnə mənsubu olan digər təbəristanlılar da İslam adı altında gizlənib müsəlmanlar arasında təfriqə salan Xəzər yəhudilərindəndir?!
Əgər cavabı “Xeyr!” olarsa, o zaman həmin Xəzər yəhudilərinin nə üçün vəzifə və mənsəb sahibi olan əhli-sünnə ardıcılları arasında deyil, həmin dövrlərdə təqiblərə məruz qalan və zülm olunan şiələrin arasına sızdıqları anlaşılmaz olaraq qalacaq!
əl-Bustaninin “Dairətul-məarif”də, Yaqut Həməvinin “Möcəmul-buldan”da və digərlərinin sözlərindən anlaşılır ki, Xəzərlilərin ölkəsi Qafqaz dağlarının şimalında, Volqa çayı sahillərində yerləşib. Ora Xəzər dənizinin şimali-qərb hissəsidir.
əl-Bustani yazır: “Xəzərlilər – Şərqi Avropadan olan saks millətidir, miladi V əsrdə Xəzər dənizi ətrafında Volqa çayı sahillərində yaşayırdılar. Sonra qərbə doğru irəlilədilər, 634-cü ildə Cənubi Rusiyanının hazırkı ərazisini - Dnepr və Oka çaylarınadək ərazini fəth etdilər. Dövlətləri iki əsr yaşadı, həmin bu müddət ərzində daim yunanlara müxalif oldular”. (“Dairətul-məarif”, əl-Bustani, 7/371.)
Yaqut Həməvi “Möcəmul-buldan”da yazır: “Bu, türk ölkəsidir, məşhur Dərbənd qapıları arxasında, Zül-qərneynin səddi yaxınlığındadır... Müqtədirin Səqalibəyə göndərdiyi elçisi Əhməd ibn Fəzlan öz məktubunda buradakı müşahidələrini belə qeyd edir: “Xəzər İdil adlı bir qəsəbədən olan diyarın adıdır. İdil isə Rusiya və Bulqardan Xəzərə axan çayın adıdır. Həmçinin İdil bir şəhərdir. Xəzər isə məmləkətin adıdır, şəhərin deyil. İdil iki hissədən ibarətdir: İdil çayının qərbində yerləşən hissə; burada digər hissədən daha böyükdür. Digər hissə isə şərqdədir”. (“Möcəmul-buldan”, 2/367.)
əl-Bustaninin sözlərinin mənası budur ki, Volqa çayının adı əvvəllər İdil olmuşdur.
Buna əsasən, Təbəristanla Xəzər dövləti arasındakı məsafənin uzaqlığı aydınlaşır. Müəllifin iddiasına görə, Xəzər yəhudiləri Təbəristana yerləşib və müsəlman obrazında İslamın içində təfriqə yaratmağa başladıqları vaxt məlum deyildir. Halbuki Yaqut Həməvi Xəzər məntəqəsində yalnız müsəlman, xristian və bütpərəstlərin, çox az sayda isə yəhudinin yaşadıqlarını qeyd edir. (“Möcəmul-buldan”, 2/367). Onlar Təbəristanda şiələr arasında deyil, elə özlərinin yaşadıqları Xəzər məntəqəsində də müsəlman qiyafəsi altında gizlənə bilərdilər.
Möhtərəm oxucu üçün qeyd etməliyik ki, “Məcməul-bəyan” təfsirinin müəllifi Əmirul-İslam Təbərsinin müasiri olmuş və İbn Funduq kimi tanınan Beyhəqi özünün “Tarixu Beyhəq” adlı əsərində yazır ki, “Məcməul-bəyan təfsirinin müəllifi Təbərsi İsfahanla Kaşan (Kamil Süleymanın “Cəvamiul-cami” kitabının müqəddiməsi, 1/7) arasında yerləşən Təbərs şəhərinə mənsubdur. Buradan Təbəristanla Təbərs məntəqəsi arasındakı məsafənin də uzaqlığı məlum olur.