Müəllif iddia edir: “Şiələri İslam ümmətindən uzaqlaşdıran ən böyük yad amil onların cümə namazını tərk etmələri, yalnız məsum imamın arxasında qılınan cümə namazının icazəli olduğuna hökm vermələridir. Ancaq son vaxtlarda hüseyniyyələrdə cümə namazının qılınmasının icazəli olduğuna dair fətvalar verilməkdədir. Bu, böyük bir nailiyyətdir. Allaha həmd olsun ki, ali mərcələrimizi bu əmələ təşviq etməkdə mənim böyük xidmətim olmuşdur. Mən buna görə mükafatımı Allahdan diləyirəm”.
Cavab: Fəqihlik və ictihad iddiaçısı bu məsələ ilə yad amillər arasındakı əlaqəni bizim üçün açıqlamır. Həmin yad ünsürlərin nəzərində cümə namazını tərk etməyin əhəmiyyəti nədən ibarətdir, onu da qeyd etmir.
Son vaxtlarda hüseyniyyələrdə cümə namazının qılınmasına icazə verildiyini iddia etməsi də olduqca təəccüblüdür. O, özünün böyük təşəbbüsünün verilən bu fətvalardan birini də olsa, nümunə və dəlil göstərməli idi. Amma adəti üzrə bunu etmir.
Bu məsələdə ən çox gülüş doğuran fakt fətvaların cümə namazını hüseyniyyələrdə qılınmağa təşviq etməsidir. Bu faktın öz bir daha iddiaçı müəllifin elm, alim və hövzədən nə qədər uzaq bir kəs olduğunu təsdiqləyir. Nəinki, o, şiə mühitindən tamamilə kənar şəxsdir. Şiələr, cümə namazı bir kənara dursun, özlərinin gündəlik vacib namazlarını belə hüseyniyyələrdə qılmırlar. Hamının bildiyi kimi, şiələr öz namazlarını ümumi və cümə məscidlərində qılırlar.
Eləcə də şiələrin cümə namazını yalnız məsum imamın arxasında qılmağı icazəli bildiyini söyləmək bir fəqih və ictihad iddiaçısı üçün qəribə haldır. Halbuki On iki imam məzhəb alimlərinin əksəriyyəti öz kitablarında cümə namazının İmamın (ə) qeybdə olduğu dövrdə vacibi-eyni, məşhur alimlərimiz də cümə namazı ilə zöhr namazı arasında seçim etməklə vacibi-təxyiri olduğunu qeyd edirlər.
Şeyx Yusif Bəhrani (q.s) özünün “Hədaiqun-nazirə” kitabında yazır:
“Əshabımız arasında İmamın (ə) özünün və ya naibin olduğu halda cümə namazının vacibi-eyni olduğu barədə fikir fərqliliyi yoxdur. İxtilaf İmamın (ə) qeybdə olduğu və xüsusi naiblik üçün iznin olmadığı dövrə barədədir. Fikirlər bundan ibarətdir: Birinci; həmin dövrdə də cümə namazı vacibi-eynidir. Bu, üstün seçilmiş ayə və hədislərə dəstəklənən rəydir. Bu fikri bizim keçmiş və müasir məşhur alimlərimiz də (Allah onlardan razı olsun!) bəyan etmişlər. Onlardan biri Şeyx Müfiddir (q.s)...”. (“əl-Hədaiqun-nazirə”, 9/378)
Sonra cümə namazının vacibi-eyni olması barədə Əbu Səlah Hələbinin “əl-Kafi fil-fiqh”, Şeyx Əbul-Fəth Kəracəkinin “Təhzibul-müstərşidin”, Şeyx İmadəddin Təbərsinin “Nəhcul-ürfan ila hidayətil-iman”, Şeyx Kuleyninin “əl-Kafi”, Səduq kimi məşhur olan Şeyx Muhəmməd ibn Əli ibn Babəveyh Qumminin “əl-Fəqih” kitablarından sözlərini nəql edir.
Ardınca deyir: “bunlar keçmiş alimlərimizin sözləri idi. Ancaq Şeyx Şəhid Saninin dövründən bəri müasir alimlərimiz arasında bu rəyi söyləyənlərin sayı qələmlə yazılıb sayılmaqdan daha çoxdur. Bu barədə rəy bildirən qədim alimlərimizdən bəzilərinin adlarını və sözlərini qeyd etdiyimiz kimi, bir neçə müasir məşhur alimin də adını və sözlərini nəql etməkdə eyib olmaz”. (“əl-Hədaiqun-nazirə”, 9/380)
Sonra isə qeyb dövründə cümə namazının vacibi-eyni olduğunu söyləyən müasir alimlərimizin adlarını sadalayır: “Şəhid Sani özünün məşhur “Risalə”sində “Cümə namazı” bölümündə; Seyid Muhəmməd Amuli “əl-Mədarik”də; Şəhid Saninin şagirdi və Şeyx Bəhainin atası Şeyx Hüseyn ibn Əbdüssəmədin “əl-Əqdut-Təhmasi” adi ilə tanınan risaləsində; Şəhid Saninin oğlu Şeyx Həsənin “əl-Movsumətu bil-isna əşəriyyə” risaləsində, onun oğlu Şeyx Muhəmməd; Şeyx Fəxrəddin ibn Tərih ən Nəcəfi həmin risalənin şərhində; Şeyx Muhəmməd Baqir Məclisi “Biharul-ənvar”da; atası Şeyx Muhəmməd Təqi bu məsələnin təhqiqinə dair yazdığı risalədə; Mövla Muhəmməd Baqir Səbzəvari bu məsələnin vacibi-eyni olmasına dair yazdığı risalədə; Feyz Kaşani özünün risaləsində; Muhəmməd Baqir Damad; Seyid Macid Bəhrani və s”.
Ardınca yazır: “Xülasə, Şeyx Şəhid Sanidən bəri və risaləsinə nəzər saldığım böyük bir dəstə fəzilət sahibi və təhqiqatçı olan müasir alimlərimizin cümə namazının qeyb dövründə vacibi-eyni olduğuna hökm etdiklərini gördüm. Yalnız nadir hallarda bunun haram və ya vacibi-təxyiri olduğuna fətva verən şəxslər vardır. Belə ki, bu, alimlərlə ünsiyyəti olan, onların həyatın və əhvallarından xəbərdar olan şəxslərə əsla gizli deyildir”. (“əl-Hədaiqun-nazirə”, 9/397)
Seyid Muhəmməd Cavad Amuli (q.s) özünün “Məfatihul-kəramə” kitabında yazır:
“Birinci rəy İmamın (ə) qeybdə olduğu dövrdə cümə namazının vacibi-eyni olduğudur. Bu rəyi Şəhid Sani özünün “Risalə”sində, oğlu öz “Risalə”sində, həmçinin nəvəsi, eləcə də Şeyx Nəcibuddin və Mövla Xorasani öz kitablarında, Kaşani “əl-Məfatuh”, “əş-Şihabus-saqib” və “əl-Vafi”də, Şeyx Süleyman “Risalə”sində, həmçinin Seyid Əbdüləzim, şeyx Əhməd Xətti, mövlamız Hürr “Vəsaildə, mövlamız Şeyx Əhməd Cəzairi “əş-Şafiyə”də, “əl-Hədaiq”in müəllifi, eləcə də Seyid Əli Sayiğ üstün rəy saymış, Şeyx Müfidin “əl-Muqniə” və “Kitabul əşraf”ına nisbət verilməklə “əz-Zikra”da bir ehtimal olaraq, həmçinin Əbul-Fəth Kəraciyə, Əbu Səlah Təqiyə, “əl-Muqni” və “əl-Əmali”dən Şeyx Səduqun zahir rəyinə, “ət-Təhzib”də Şeyxə, eləcə də Şeyx İmadəddin Təbərsiyə... nisbət verilmişdir”. (“Məfatihul-kəramə”, 3/57)
Cümə namazının İmamın (ə) qeybdə olduğu dövrlərdə vacibi-təxyiri olduğunu söyləyən alimlərin sayı da daha çoxdur. Bəlkə də bu rəy onların nəzərində məşhurdur.
Cavad Amuli “Məfatihul-kəramə”də yazır: “Dördüncü rəy: Fəqih heç bir şərti olmadan vacibi-təxyiri hökmündür. Buna gah icazəli, gah da müstəhəbb deyilir. “ət Təzkirə”də, “Ğayətul-murad”da qeyd edildiyi kimi, məşhur, “əz-Zikra”da bildirildiyi kimi böyük əksəriyyətin rəyi, “ər-Rovz”, “əl-Məqasidul-əliyyə”, “əl-Mahuziyyə” və “Riyazul-məsail” əksərin rəyi, “Ğayətul-murad”, “əl-Xilaf”, “əl-Ətba”da, həmçinin Əbu Səlahın, “əl-Mötəbər”də Mühəqqiqin, “əl-Müxtələf”də də Müsənnifin son fətva dediyi rəydir. “əl-Məqasidul-əliyyə” qeyd olunur ki, qeyb dövründə ümumi naiblə və eləcə də başqasının imamlığı ilə olsa, vacibi-təxyiridir, vacibi-eyni deyildir. Əshab da bunun üzərində icma edib. Bu “ən-Nihayə”də, əl-Məbsut”da, “əl-Misbah”da, “Camiuş-şəraye”də, “ən-Nafi”də, “əl-Mötəbər”də, “ət-Təxlis”də, Şəhidin “əl Həvaşi”sində, “əl-Bəyan”da, eşitdiyin kimi, “Ğayətul-murad”da, “əl-Mucəzul Havi”də, “əl-Müqtəsər”də, “əl-İrşad”ın şərhində, “əl-Meysiyyə”də, “ər-Rovz”də, “əl Məqasidul-əliyyə”də, “Təmhidul-qəvaid”də, “əz-Zikra”da (onun sözlərini də oxudun, qarşıda başqa fikirlərini də qeyd edəcəyik) üstün seçilən rəy, “Kəşful-iltibas”da, “Ğayətul-məram”da isə zahir və ya aydın rəydir və əl-Qazidən, həmçinin Müfiddən, Təqidən... nəql edilir...”. (“Məfatihul-kəramə”, 3/57)
Əgər şiə fəqihlərinin sütunları sayılan bu şəxslər cümə namazının eyni və ya zöhrlə cümə namazı arasında seçim ixtiyarı ilə vacib olduğuna hökm etmişlərsə, müəllifin şiələrin yalnız məsum imam hazır olduğu zaman cümə namazını vacib bildikləri iddiası nə dərəcə düzgün sayıla bilər?! Xüsusilə də cümə namazını təşkil etməyin müstəhəbb olduğu onların nəzərində məşhur rəy olduğu halda?!
Əllamə Hilli özünün “Təzkirətul-füqəha” kitabında yazır: “Qeyb dövründə iki xütbəni birlikdə söyləmək imkanı yarandığı mömin fəqihlərin cümə namazı qıldırmaları vacibdirmi? Alimlərimiz bunun vacib olmadığını bildirmişlər, ancaq müstəhəbb olduğuna dair fərqli fikirlər səsləndiriblər, məşhur da budur (müsətəhəbb olmasıdır)”. (“Cəvahirul-kəlam”, 11/179)
* * *
Müəllif iddia edir: “İndi mən soruşuram: Min ildən artıq müddətdə bu vaxtadək olan nəsilləri cümə namazından kim məhrum edib? Hansı gizli əl öz hiyləgərliyi və qüdrətilə şiələrə cümə namazını qadağan edib? Halbuki cümə namazının vacibliyinə dair açıq-aydın Quran ayəsi mövcuddur”.
Cavab: Şiələrə cümə namazı qılmağı dövrün özünü müsəlman sayan zalım hakimləri qadağa qoymuşdular. Bunu İslam ümmətinin keçmiş tarixindən xəbərdar olan hər kəs bilir. Əgər nəticələrindən qorxmasaydım, möhtərəm oxucu üçün bu kitabda sözlərimə dəlalət edən hadisələri geniş şəkildə qeyd edərdim. Ancaq mən yalnız şairin sözlərini təkrarlayıram:
Qurbağa bir söz dedi,
Hakimlər onu təsdiqlədi.
“Mənim ağzımda su vardır,
Ağzında su olan danışa bilərmi?”
Ancaq məsələlərə diqqət yetirən və bəsirət gözü ilə baxan şəxs görəcək ki, zalım hakimiyyətlər hətta əhli-sünnəni də cümə namazının fayda və mənfəətlərindən məhrum etmişlər. Çünki onlar cümə namazını qılmaq üçün özlərinə loyal olan və əmrlərinə itaət edən kəsləri imam təyin edir, öncədən tərtib etdikləri xütbələri onlara oxutdururlar. Bu xütbələr hansı faydanı verəcək?! Belə bir cümə namazının cəmiyyətə nə təsiri olacaq?!