»»

Seyid Nemətullah Cəzairi əhli-sünnəni nasibi hesab edir?

Müəllif iddia edir: “Bu fəsli mövzunu cəmləyəcək sözlərlə yekunlaşdırmaq istəyirəm. Həmin sözlər Seyid Nemətullah Cəzairinin nasibilərin (əhli-sünnənin) hökmü ilə bağlıdır. Deyir: “Onlar şiə alimlərinin icmasına (yekdil rəyinə) əsasən, kafir və nəcisdirlər, yəhudi və xristianlardan pisdirlər. Nasibilərin əlamətləri imamətdə hər kəsi Əlidən üstün bilmələridir” (“əl-Ənvarun-Numaniyyə”, 2/206, 207)”.

Cavab: Əvvəldə qeyd etdik ki, nasibilər Əhli-Beytə (ə) qarşı aşkar surətdə düşmənçilik edən və onlara nifrət bəsləyən kəslərdir, müəllifin ciddi-cəhdlərinə baxmayaraq əhli-sünnə nasibilərə aid edilmir.

Bununla bərabər, müəllif Seyid Nemətullah Cəzairinin (r.ə) sözlərini əhəmiyyətli dərəcədə təhrif edib və bütünlüklə ixtilaflı formaya salıb.

Seyid Cəzairinin (r.ə) nasibilərlə bağlı fikirlərinin tam mətnini sizə təqdim edirik:

“Nasibinin halı və hökmləri iki məsələnin bəyanı ilə tamamlanır:

Birinci: Rəvayətlərdə nəcis sayılan, yəhudi, xristian və məcusidən də pis hesab edilən “nasibi” mənası. Şiə alimlərinin icmasına əsasən, nasibi kafir və nəcisdir. Əksər alimlərimizin fikri budur ki, nasibi – Muhəmmədin (s) Əhli-Beytinə (ə) qarşı ədavət bəsləyən, onlara qarşı açıq surətdə nifrətini bildirən kəsdir. Necə ki, belələrinə xəvariclərin və Mavəraunəhrdə yaşayanlar arasında rast gəlinirdi. Bu mənada olan nasibilər barədə alimlərimiz təharət, nəcasət, küfr, iman, nikah kimi fəsillərdə müvafiq hökmlər qeyd ediblər...”.

Ta ki deyir: “...Peyğəmbərdən (s) nəql olunur ki, nasibiliyin əlaməti başqasını Əlidən üstün tutmaqdır. Bu, xüsusi deyil, ümumi-xüsusi mənadır. Bunu həmçinin birinci qismə də aid etmək olar ki, bu zaman məqsəd etiqad baxımdan başqalarını ondan öndə tutmaq mənası olacaq, müqəllid və müstəzəfələr bu hökmdən kənarda tutulacaq. Belə ki, onların başqalarını Əlidən (ə) üstün tutmalarının səbəbi alimlərinin, atalarının və sələflərinin əməllərinə təqlid etmələridir”.(“əl-Ənvarun-Numaniyyə”, 2/306-307)

Seyidin (r.ə) sözləri aydındır. O, nasibinin Əhli-Beytə (ə) qarşı aşkar surətdə düşmənçilik edən və onlara nifrət bəsləyən şəxslər olduğunu aydın tərzdə bəyan edir, onları çevrəsini xəvaric və Mavəraunəhrdə yaşayan bir qisim camaatla məhdudlaşdırır, bunu bütün şiə alimlərinin nəzəri olduğunu bildirir. Sonra isə nasibinin başqalarını Əlidən (ə) üstün tutan şəxslər olduğunu bildirən rəvayəti qeyd edir. Ancaq həmin rəvayətin düzgünlüyünü təsdiqləmir və ona etimad göstərmir. Sadəcə nasibiliyin əqidə cəhətdən ortaya çıxa bildiyini ehtimal edir, əhli-sünnənin əksəriyyətinin öz alimlərinə təqlid etdiklərini vurğulayır, hətta rəvayət səhih olsa belə, onlara nasibi deyilə bilməyəcəyini deyir.

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе