Müəllif iddia edir: “Hindistana səfərim zamanı Seyid Dəldar Əli ilə görüşdüm. O mənə özünün “Əsasul-usul” kitabını hədiyyə etdi. Kitabının 51-ci səhifəsində belə qeyd edirdi: “İmamlardan (ə) nəql edilən hədislər olduqca ixtilaflıdır, az qala elə bir hədis yoxdur ki, onun ziddinə hədis olmasın. Hər bir rəvayətin əks mənalı hədisi vardır”. Bütün bunlar bir çox şəxsin şiə məzhəbindən üz döndərməsinə səbəb olmuşdur”.
Cavab: Bu hekayə kasanı dolduran son damladır, heç bir cəhətdən haqq qazandırılması mümkün olmayan aşkar bir yalandır. Belə ki, müəllifin Seyid Dəldar Əli ilə qarşılaşması qeyri-mümkündür. Çünki o, müəllifin “Allah və tarix naminə” kitabını qələmə aldığı dövrdən 185 il öncə vəfat etmişdir.
Ağa Bozorg Tehrani özünün “əz-Zəriətu ila təsanifiş-şiə” kitabında yazır:
“Əsasul-usul”: “əl-Fəvaidul-mədinətul-Əsətərabadiyyə” kitabına cavab olaraq yazılmışdır. Əllamə Seyid Dəldar Əli ibn Muhəmməd Muin ən-Nəqəvi Nəsir Abadi əl-Ləkhənəvi. Ayətullah Bəhrul-ulumdan icazəsi vardır. Hicri 1235-ci ildə (miladi 1819-cu il) vəfat etmişdir...”.860
Buna əsasən, əgər fərz etsək ki, müəllif Seyid Dəldarla ömrünün son günlərində qarşılaşmışdı, həmin vaxt da özü həddi-buluğ – yəni 15 yaşında idisə, o zaman “Allah və tarix naminə” kitabını yazarkən müəllifin 200 yaşı olmalıdır.
Halbuki müəllif kitabında şair Safi Nəcəfinin ondan 30 yaş böyük olduğunu yazır. Şair Safi hicri 1314-cü ildə (miladi 1896-cı il) anadan olmuşdur. Demək müəllif də 1344-cü ildə (miladi 1925-1926-cı illərdə) doğulub. Kitabın qələmə alındığı 1420-ci ildə (miladi 2000-ci ildə) onun 75-76 yaşı olur. Onun sözlərinin yalan olduğuna elə öz sözləri dəlildir. Ona görə də bu iddiaçı müəllifin kitabında şahidi olduğunu bildirdiyi hər bir qissə və hekayə etibarsızdır.
Müəllifin “Bütün bunlar bir çox şəxsin şiə məzhəbindən üz döndərməsinə səbəb olmuşdur” iddiasına gəldikdə, buna cavab olaraq deyə bilərik ki, biz şiə məzhəbini tərk edərək əhli-sünnə məzhəblərindən birini qəbul etmiş tanınmış bir alimin varlığı barədə indiyədək əsla bir söz eşitməmişik. Əksinə, əhli-sünnə məzhəblərini tərk edərək şiəliyə etiqad bəsləyən əhli-sünnə alimlərinin sayı olduqca çoxdur. Şiəliyi qəbul etmiş Şeyx Haşim Ali Qətit özünün qələmə aldığı üç cildlik “Şiə məzhəbini qəbul edənlər: həqiqət və inam” kitabında əhli-sünnə məzhəbindən imtina edərək şiəliyi qəbul etmiş və öz məzhəblərini tərk etməyə onları vadar edən səbəbləri qeyd etdikləri kitablar qələmə almış onlarla əhli-sünnə aliminin adlarını qeyd edir.
Şiəliyi qəbul etmiş və məzhəb dəyişmə səbəbləri ilə kitab yazmış bəzi keçmiş əhli-sünnə alimlərinin siyahısını burada qeyd etməyin heç bir eybi olmaz:
- Şeyx Muhəmməd Məri Əntaki əl-Hələbi (Suriya) – şiə olma hekayəsini özünün “Nə üçün Əhli-Beyt (ə) məzhəbi olan şiəliyi seçdim” kitabında qeyd edir.
- Şeyx Muhəmməd Əmin Əntaki əl-Hələbi (Suriya) - şiə olma hekayəsini özünün “Məni şiəliyə aparan yol” kitabında qeyd edir.
- Dr. Seyid Muhəmməd Ticani Səmavi (Tunis) - şiə olma hekayəsini özünün “Necə hidayət oldum” kitabında qeyd edir.
- Mərvan Xəlifat (İordaniya) - şiə olma hekayəsini özünün “Nəhayət gəmiyə mindim” kitabında qeyd edir.
- Muhami Əhməd Hüseyn Yaqub (İordaniya) – şiə məzhəbinin haqq olduğunu iqrar və təsdiq edən silsilə kitabların müəllifidir. Onlardan: “Səhabələrin ədaləti nəzəriyyəsi”, “İslamda siyasi quruluş”, “Peyğəmbər və ailəsilə üz-üzə” və s.
- Şeyx Mötəsim Seyid Əhməd (Sudan) - - şiə olma hekayəsini özünün “İtmiş həqiqət: Əhli-Beyt (ə) məzhəbinə doğru səfərim” kitabında qeyd edir.
- Seyid İdris Hüseyni (Şimali Afrika) - şiə olma hekayəsini özünün “Hüseyn (ə) məni şiə etdi” kitabında qeyd edir.
- İraqlı təhqiqatçı Saib Əbdülhəmid – onun bir çox kitabları vardır. Onlardan: “Məzhəb mənsubiyyəti proqramı” və s.
- Saleh Vərdani (Misir) - şiə olma hekayəsini özünün “Aldatma: sünnilikdən şiəliyə keçidim” kitabında qeyd edir. Onun bir çox faydalı əsərləri vardır.
- Xanım Ləmya Hümadə (Suriya) - şiə olma hekayəsini özünün “Sonda ruh parladı” kitabında qeyd edir.
- Seyid Hüseyn Rəca (Suriya) - şiə olma hekayəsini özünün “Sünni və şiə çərçivəsində ilahi vəhyin müdafiəsi” kitabında qeyd edir.
- Şeyx Haşim Ali Qətit (Suriya) - şiə olma hekayəsini özünün “Müzakirələrdə (dialoqlarda) həqiqəti kəşf etdim” kitabında qeyd edir.
- Dr. Əsəd Vəhid Qasim (Fələstin) - şiə olma hekayəsini özünün “On iki imam şiələrinin həqiqəti” kitabında qeyd edir.
- Mühami Muhəmməd Əli Mütəvəkkil (Sudan) - şiə olma hekayəsini özünün “Şiəliyə səcdə halında daxil olduq” kitabında qeyd edir.
- Dr. Səid Əyyub (Misir) - şiə olma hekayəsini özünün “Və haqq gəldi...” kitabında qeyd edir.