Müəllif iddia edir: “Tarix kitabları Hülakilərin Bağdada daxil olduqlarında orada nələr etdiklərini bizə danışır. Onlar tarixin gördüyü ən böyük qırğınları törətdilər.
Həmin əhli-sünnə qətliamlarından Dəclə çayı qırmızı rəngə boyanmışdı. Belə ki, Dəcləyə axan qan çayları onun rəngini dəyişmişdi. Başqa bir dəfə də göy rəngə boyanmışdı. Buna səbəb isə çaya atılan kitablar idi. Onların bu cinayətlərinin səbəbkarı isə iki vəzir – Qasir (!) ət-Tusi və Muhəmməd ibn Əlqəmi idi. Onlar Abbasi xəlifəsinin vəzirləri və şiə idilər. Onlar Hülaki hökmdarları ilə məktublaşır, onları Bağdada daxil olmağa və Abbasi xilafətini süquta yetirməyə təşviq edirdilər. Bu vəzirlərin əli hakimiyyətdə hər yerə çatırdı. Lakin onlar bu xilafətdən razı deyildilər. Səbəb isə xilafətin sünni məzhəbli olması idi. Nəticədə Hülakilər Bağdada daxil oldular, Abbasi xilafəti
süqut etdi. Hülakilərin bütpərəst olmalarına baxmayaraq bu iki vəzir onların vəziri oldular”.
Cavab: Müəllif nəql etdiyi bu məlumatların mənbəyini də göstərməli idi ki, səhih sənədə etimad edib-etmədiyi bilinsin, vəzirlər Nəsirəddin Tusinin və Muhəmməd ibn Əlqəminin Hülakiləri Bağdada dəvət etmələri barədə ittihamının nə dərəcə doğru olduğu aydınlaşsın. Ancaq elmi bəhslərdə şiə düşmənlərinin uydurduğu, heç bir təhqiqat və araşdırma aparılmadan, sübuta yetirilmədən hansısa “dəlillərə” əsaslanmaq qəbuledilən deyildir.
Məlumdur ki, Abbasi xilafətinin son dövrlərində xilafətin idarəçiliyi türklərin, məmlüklərin və qadınların əlində idi. Abbasi xəlifəsinin isə sadəcə adı vardı və heç bir nüfuzu qalmamışdı.
Belə ki, xəlifələr həyasızlıq, şərabxorluq, cah-calal və digər dünya ehtiraslarına aludə olmuşdular və bu da Abbasi dövlətinin həqiqi süqutunun başlıca səbəbi idi. Süqutun səbəbi heç də müəllifin iddia etdiyi kimi, Muhəmməd ibn Əlqəminin məktublaşması və onun bu əməlində keçmiş və gələcəkdəki bütün şiələri müqəssir bilməsi deyildi.
Zəhəbi yazır ki, Müəyyiddin ibn Əlqəmi monqol-tatarların əlilə sünni, şiə, yəhudi və xristianlardan intiqam almaq istəyirdi. O, “Siyəru əlamin-nübəla” kitabında yazır:
“Əbu Bəkr ibn Müstəsim və onun Kiçik katibi sünnilərlə əlbir olub Kərxi qarət etdilər. Oradakı şiələr böyük bəlaya düçar oldular. Müəyyiddin bu səbəbdən tatarların əlilə sünnilərə qarşı inqilab etməyə qərar verdi. Nəinki, o, həmçinin şiələrdən, yəhudi və xristianlardan da intiqam almaq istəyirdi”.(“Siyəru əlamin-nübəla”, 23/362.)
Bununla bərabər, bəzi əhli-sünnə tarixçilərinin qeydlərinə əsasən, İbn Əlqəminin zamanı hicri 685-ci ildə vəfat etmiş və Bağdadın süqutunun şahidi olmuş İbn İbri ilə fərqlilik təşkil edir.
“Tarixu müxtəsər əd-duvəl” kitabında yazır: “Hülakilər həmin qalanı (İsmaililərin qalasını) fəth etdikdə xəlifənin yanına bir elçi göndərdi və yardım göndərməkdə səhlənkarlığına görə onu danladı. Vəzirlə (İbn Əlqəmi ilə) nə etməli olduqları barədə məşvərət etdilər. O dedi: “Bu qəddar hakimə və onun əyanlarına pul, hədiyyə və töhfələr göndərib razı salmaqdan savayı yol yoxdur”. Onlar göndəriləcək
hədiyyələri toplayarkən Kiçik katib və onun yoldaşları dedilər: “Vəzir tatarlar yanında öz yerini yaxşı etməyə çalışır və məqsədi bizi onlara təslim etməkdir. Buna imkan verməyin!” Bu səbəbdən xəlifə hədiyyələrin göndərilməsi qərarını ləğv etdi, az və dəyərsiz bir şeylər göndərməklə kifayətləndi. Hülakilər bundan qəzəbləndilər və dedilər: “Onun özünün buraya gəlməsi, yaxud bu üç nəfərdən birini əsir olaraq bizə göndərməsi vacibdir: ya vəzirini, ya katibini, ya da Süleyman şahı”. Lakin qoyulan müddət başa çatdıqdan sonra xəlifə onların yanına getdi, ancaq buna əhəmiyyət vermədilər... digərlərinin də getməsi heç nəyi dəyişmədi”. ( “Tarixu müxtəsər əd-duvəl”, səh.269)
Görünən odur ki, xəlifənin İbn Əlqəminin fikrinə qarşı çıxması xəlifənin oğlunun və Kiçik katibin ona olan həsədinin və fərqli məzhəbə bağlılıqları səbəbindən idi. Səbəb heç də İbn Əlqəminin Hülakilərlə yazışması və onları Bağdada hücum etməyə təşviq ittihamları deyildi.
ər-Riyad Universitetinin Tarix fakültəsi rəhbərinin müavini dr.Səd ibn Muhəmməd Hüzeyfə əl-Ğamidi özünün “Abbasi dövlətinin süqutu” kitabında yazır: “Həmin ittihamları vəzirin rəqibləri uydurmuşdular, onların başında isə kiçik katiblik gəlirdi. Bu ittihamları vəzirin adına bağladılar... əhli-sünnədən olan müsəlmanları da qarayaxma məqsədilə bu böhtanı öz kitablarında paylaşmağa səslədilər. İllər ötdükcə
bu ittiham sanki inkarolunmaz bir həqiqətə və fakta çevrildi”. (“Suqutu dovlətil-Abbasiyyə”, səh.343)
Qeyd edilməlidir ki, müəllif İbn Əlqəmiyə qarşı ittihamları üçün bir dənə də olsun tarixi mənbə göstərmir. Göstərə də bilməz. Çünki sonradan uydurulan bu ittihamlar tarix kitablarında deyil, əhli-sünnə müəlliflərin sonradan qələmə aldıqları kitablarda istinad edilmədən yazılmışdır. Burada məqsəd isə şiə olan İbn Əlqəmini xəyanətdə ittiham etmək və onun bu əməlini şiələri bədnam etmək üçün vasitəyə
çevirmək idi.
Əgər iddia edildiyi kimi, əgər İbn Əlqəmi həqiqətən də Hülakilərlə məktublaşırdısa, Bağdadın süqutundan sonra onların yanında müəyyən ehtiramının olması təbii haldır. Hərçənd İbn Əlqəminin Bağdadın süqutundan üç ay sonra öldüyünü qeyd edirlər. Onun qardaşı da özündən bir neçə gün öncə, oğlu Muhəmməd isə bir neçə gün sonra vəfat edirlər. (“Siyəru əlamin-nübəla”, 23/362)
Həmçinin İbn Əlqəminin Hülakilərlə məktublaşaraq şiələrin toxunulmazlığı barədə bir əhd almadan onları Bağdada daxil olub əhli-sünnəyə qarşı savaşa dəvət etməsi də ağlabatan fikir deyil. Çünki biz heç bir sünni tarixçinin (hətta ən insafsızlarının belə) İbn Əlqəminin Hülakilərlə bu barədə razılıq əldə etdiyi və qətlə yetirilənlər arasında şiələrin olmadığı barədə bir qeydə belə rast gəlmirik.
Dr. Səd əl-Ğamidi yazır: “Monqollar Bağdadı ələ keçirərkən və qətliam edərkən müsəlmanlar arasında sünni və şiə fərqi qoymadan qırğın törətdilər. Həmçinin Bağdad sakinlərindən olan şiələrdə sünnilər kimi amansız, qəddar hücumlara və ağır əzablara məruz qaldılar. Monqollar həya etmədən və sünni-şiə fərqi qoymadan iyrənc işlərə əl atır, qətllər və qarətlər törədir, qənimətlər toplayırdılar”. (“Suqutu dovlətil-Abbasiyyə”, səh.345)
Bəs Abbasi xilafətinin qoşunları, ordu sərkərdələri və dövlət rəhbərliyi harada idi? İbn Əlqəmi bütün bunların ağıllarına necə müdaxilə edə bildi? Bəs nə üçün Hülakilər Bağdada heç bir müqavimətə rast gəlmədən daxil oldular?
Bütün bunlar İbn Əlqəminin barəsində söylənilən ittiham və iftiralardan uzaq olduğunu, Abbasi xilafətinin süqutuna məhz xəlifələrin başının cah-calal və eyş-işrətə qarışmasının, hakimiyyətin faktiki olaraq türklərin, məmlükilərin, qadınların və xidmətçilərin sərəncamında qalmasının səbəb olduğunu göstərir.
Dr. Səd əl-Ğamidi yazır: “Doğru olduğunu düşündüyümüz budur: Başda Cüzcani olmaqla İbn Əlqəmini ittiham edən tarixçilərin sünni olduğunu görürük. Onlar təəssübkeşliklərindən dolayı məzhəblərini müdafiə etmək naminə bütün ittihamları İbn Əlqəmiyə yönəldiblər, bunu da onlara şiə vəzirə qarşı gizlətdikləri düşmənçilik və nifrət hissləri vadar etmişdir. Ona görə də bu rəvayətlərlə qarşılaşan şəxs onları qəti şəkildə inkar etməsə də, şəkk içində qalır. Ancaq tarixçilərin bu hadisələrlə bağlı fikirləri isə heç bir dəqiq elmi əsasa söykənmir”. (“Suqutu dovlətil-Abbasiyyə”, səh.341)
Nəsirəddin Tusiyə (r.ə) gəldikdə, kiminsə onu İbn Əlqəmi kimi, xəyanətdə ittiham etdiyini, tatarları Bağdada girməyə təşviq etdiyini görməmişik. Bunun müəllifin ağlına haradan gəldiyini bilmirik!
Bəli, İbn Kəsir onun Hülakilərlə birlikdə olduğunu yazır, lakin Bağdadın süqutu ilə bağlı hər hansı bir hadisəni qeyd etmir. Orada yazır: “Nəsirəddin Tusi Muhəmməd ibn Abdullah Tusidir. Ona Mövla Nəsirəddin Tusi deyilirdi. Həmçinin Xacə Nəsirəddin də deyilib. Gəncliyindən elmlə məşğul olub və ilkin elmləri gözəl şəkildə əxz edib, kəlam elmi barədə kitab, həmçinin İbn Sinanın “İşarat” kitabına şərh yazıb, İsmaililərin Əlmut qalasında vəzirlik edib. Sonra Hülakilərin vəziri olub, Bağdad vaqeəsində onlarla olub. Camaatdan bəziləri xəlifənin öldürülməsini Hülaki xana onun işarə verdiyini söyləyirlər. Doğrusunu Allah bilir. Mənim nəzərimə görə, belə bir hərəkətə ağıl və fəzilət sahibi yol verməz. Bəzi bağdadlılar onun adını xoşluq və təriflərlə yad edirlər. Deyir: “Aqil, fəzilətli və gözəl əxlaqa sahib şəxs olub”. ( “əl-Bidayətu vən-nihayə”, 13/283)