»»

İmam Məhdi (ə) Kəbə evini və Peyğəmbər (s) məscidini uçuracaq? – şübhəyə cavab

Müəllif iddia edir: “2. Məscidul-həramı və Peyğəmbər məscidini uçuracaq. Məclisi rəvayət edir: “Qaim Kəbəni uçurub qədim təməli üzərinə qaytaracaq, həmçinin Peyğəmbər məscidini də uçurub ilk təməli üzərində tikəcək” (“Biharul-ənvar”, 52/338; “əl-Ğeybə”, Tusi, səh.282)”.

 

Cavab: Bu rəvayəti Əllamə Məclisi Şeyx Müfidin “əl-İrşad” (“əl-İrşad”, səh.364) kitabından nəql edib. Şeyx Müfid isə bu xəbəri Əbu Bəsirdən mürsəl (istinadsız) olaraq rəvayət edib.

Kuleyni isə “əl-Kafi”də bu istinadla nəql edib: Əhməd ibn Muhəmməd ona rəvayət edən şəxsdən, o da Muhəmməd ibn Hüseyndən, o da Vüheyb ibn Həfsdən, o da Əbu Bəsirdən. (“əl-Kafi”, 4/543)

Bu istinadın da mürsəl olduğu aydındır. Belə ki, Muhəmməd ibn Hüseyndən kimin rəvayət etdiyi məlum deyildir.

Həmin rəvayəti Şeyx Tusi “əl-Ğeybə” kitabında bu istinadla nəql edir: “Fəzl ibn Şazandan, o da Əbdürrəhman ibn Əbu Haşimdən, o da Əli ibn Əbu Həmzədən, o da Əbu Bəsirdən.(“əl-Ğeybə”, səh.282)

Bu halda da Əli ibn Əbu Həmzəyə görə rəvayət zəifdir. O, bətainidir və İmam Rzaya (ə) düşmən olan vaqifilərin başçısıdır. Onun tərcümeyi-halını əvvəldə qeyd etmişdik.

Nəticə budur ki, rəvayətin bütün istinadları zəifdir, əsla dəlil sayıla bilməz və ona etimad edilməz.

Hədisin sənədinə göz yumsaq, bu iki məscidi söküb qədim təməli üzərində tikmək heç kəsə icazəli deyildir. İmam Mehdi (ə.f) isə ona nəyin icazəli olduğunu və nəyin də caiz olmadığını daha gözəl bilir. Biz onun haqq və ədalətlə rəftar edəcəyini bilirik. Əgər o həmin iki məscidi öz qədim təməlləri üzərində tikmək üçün uçursa, biz onun bu əməllinin doğru olduğuna və Allah tərəfindən razılıqla qarşılandığına əsla şəkk etməyəcəyik. Yoxsa onun davranışları bizim üçün təriflənməz, Yer üzü zülm və sitəmlə dolduğu kimi, onu haqq və ədalətlə dolduracağı xəbər verilməzdi.

Bəlkə də bu iki məscidin uçurulmasının hikməti onların ətraf hissələrinin zalım hakimlər tərəfindən Allahdan başqa məqsədlərlə, ad-san və riyakarlıq niyyətilə, yaxud haram və qəsb olunmuş pulla tikilməsidir. Ya da bəzi hədislərdə deyildiyi kimi, İmam Mehdi (ə.f) zalımların və zülmkar hakimiyyətlərin xatirəsini yaddaşlardan silmək məqsədilə bunu edəcək. Başqa məqsədlər də ola bilər.

Bundan əlavə, əhli-sünnənin kitablarında Peyğəmbərin (s) Kəbəni söküb keçmiş təməli üzərində tikmək istədiyi, onu bu işdən yalnız camaatın İslamı yenicə qəbul etməsi faktının çəkindirdiyi qeyd olunur.

Müslim “Səhih”ində Abdullah ibn Zübeyrdən nəql edir: “Xalam (yəni Aişə) dedi: “Allahın elçisi (s) belə buyurdu: “Əgər qövmünün müşriklik dövrü yaxın keçmişdə olmasaydı, Kəbəni uçurar, onun təməlindən tikərək yerlə bərabər edər, şərqdən və qərbdən iki qapı qoyar və Hicri İsmaildən altı zira məsafəni oraya əlavə edərdim. Belə ki, Qüreyş Kəbəni tikərkən onu qısaltmışdır”.

Həmçinin “Səhih”də Ətadan nəql edir: “Yezid ibn Müaviyənin hakimiyyəti dövründə Şam əhlinin hücumu nəticəsində Kəbə evi yandırıldı. Zübeyrin oğlu onu bu vəziyyətdə saxladı ki, Həcc mövsümü yetişdikdə oraya gələcək insanları Şam əhlinə qarşı cürətləndirsin və ya savaşa təhrik etsin. İnsanlar gəldikdə o dedi: “Ey camaat, Kəbə barəsində mənə məsləhət verin, onu söküb yenidən tikim, yoxsa olduğu halını bərpa edim?” İbn Abbas dedi: “Mənim fikrim budur ki, Evi olduğu vəziyyətdə saxlayıb uçmuş yerlərini bərpa edəsən və insanların İslamı qəbul etdikləri vaxtdakı halını, eləcə də Hicri İsmailin Peyğəmbər (s) məbus edildiyi zamandakı vəziyyətini qoruyasan”. İbn Zübeyr dedi: “Əgər birinizin evi yansaydı, məgər onun yenidən inşa edilməsinə razı olmazdı? Belə halda, Rəbbiniz Evi necə olsun?! Mən Allaha üç dəfə istixarə edəcəyəm, sonra isə qərar verəcəyəm. Üç dəfə istixarədən sonra Kəbəni sökməyə qərar verdi. Camaat isə Evi sökmək üçün onun damına qalxacaq ilk şəxsə əzabın enəcəyi ilə bağlı xəbərdarlıq edib qorxutdu. Bir şəxs Kəbənin üstünə çıxıb Evin bir daşını qopartdı. Camaat ona heç bir əzabın nazil olmadığını gördükdə onun ardınca qalxıb Kəbəni sökməyə başladılar və onu yerlə bərabər etdilər. İbn Zübeyr Kəbə tikilib qurtaranadək ətrafına dirəklər qoyub üzərinə pərdə asdı. Ardınca dedi: “Mən Aişənin belə dediyini eşitmişəm: “Peyğəmbər (s) buyurmuşdur: “Əgər camaatın küfrdən döndüyü zaman təzə olmasaydı və mənim də söküb yenidən tikmək üçün vəsaitim olsaydı, Hicri İsmaildən beş zira Kəbəyə əlavə edər, insanların birindən daxil olacağı və digərindən çıxacağı iki qapı düzəldərdim”. Ardınca Zübeyr dedi: “İndi mənim xərcləməyə vəsaitim var və camaatdan da bir qorxum yoxdur”. Ravi deyir: “Kəbəni Hicr tərəfdən beş zira genişləndirdi, İbrahimin (ə) tikdiyi təməli qazdırıb kənardan insanların görə biləcəyi vəziyyətə gətirdi və Evi onun üzərində təkdi. Kəbənin hündürlüyü on səkkiz zira idi. Onu az hesab edərək on zira da əlavə etdi. Camaatın daxil və xaric olması üçün iki qapı qoydu. Abdullah ibn Zübeyr öldürüldükdə Əbdül-Məlik ibn Mərvana məktub yazan Həccac bunu ona xəbər verdi. Həmçinin bildirdi ki, Abdullah ibn Zübeyr Məkkə üsyançılarının nəzəri əsasında Kəbə evinin təməlini dəyişib. Əbdül-Məlik ona cavabında belə yazdı: “Abdullah ibn Zübeyr getdiyi yolla getməyəcəyik! Evin hündürlüyü olduğu kimi qalsın. Hicri İsmaildən Kəbəyə daxil etdiyi hissəni isə əvvəlki halına qaytar və açdığı qapını bağla!” Həccac onu söküb əvvəlki vəziyyətinə qaytardı”.( “Səhih”, Müslim, 4/98)

Həmin vaxtlarda əllərində hakimiyyət və səlahiyyət olan bu şəxslər öz istəklərinə uyğun olaraq Kəbəni sökmüş və yenidən tikmiş, ona əlavələr etmiş və qısaltmışlar. Onlardan sonra bu iki məsciddə başqaları tərəfindən edilən dəyişikliklər də məlumdur. İddiaçı müəllifin özü də bunların heç birini inkar edə bilməz. Onun məqsədi yalnız şiələrə nəyin bahasına olursa-olsun tənə vurmaq və gözdən salmaqdır. O, İmam Mehdinin (ə.f) bu iki məscidi sökəcəyi ilə bağlı zəif rəvayətlərə əsaslanıb şiələri məzəmmət edir. Halbuki İmam (ə) zühur etdikdən sonra həmin məsələ onun səlahiyyətində olan bir işdir.

 

Müəllif iddia edir: “İndi biz soruşuruq: Nə üçün Qaim məscidi söküb dağıdacaq və öz qədim təməlinə qaytaracaq? Cavab budur: Çünki Tusinin də qeyd etdiyi kimi, yer üzündə müsəlmanların ümumi sayının 1/10-i qədər müsəlman qalacaq: “Müsəlmanların 9/10-u aradan getmədikcə bu iş baş verməyəcək” (“əl-Ğeybə”, səh.146). Belə ki, Qaim ümumən insanlar, xüsusilə də müsəlmanlar arasında qılıncla rəftar edəcək”.

 

Cavab: Məscidin uçurulası ilə müsəlmanların 9/10-nun aradan getməsi arasında nə əlaqə vardır? Fəqihlik və ictihad iddiaçısı bu iki məsələ arasında nə rabitə görür?! Hədislərin səhihliyi fərz edildikdə, məscidin uçurulub yenidən tikilməsilə bağlı səbəbləri əvvəldə bəyan etdik, burada onları təkrarlamağa lüzum görmürük.

Müsəlmanların böyük bir hissəsinin həlak olacağına gəldikdə, zahirən hədisdən məlum olur ki, bu, Qaimin zühurundan öncə baş verəcək bir hadisədir. Belə ki, rəvayətdə deyilir: “..bu iş baş verəməyəcək” – yəni Mehdinin (ə.f) zühuru baş verməyəcək, “..9/10-u aradan getmədikcə” – həlak olmadıqca.

Ola bilsin ki, bu qədər müsəlmanın aradan getməsi axır zamanda baş verəcək böyük savaşlar səbəbindən onların ölümüdür. Belə ki, hazırda dünyada hadisələr də bu istiqamətdə cərəyan etməkdədir. Yaxud onların aradan getməsi xəstəliklər, fəlakətlər, qəhətlik, aclıq və ya bizim bilmədiyimiz digər səbəblərdən olacaq.

Həmçinin onların haqq yoldan azmaqla da aradan getməsi mümkündür. Belə ki, axır zamanda baş qaldıracaq çoxsaylı ixtilaf, fitnə, təhrik, azğınlıq, oyun-əyləncə, şəhvət və zəlalətlər onların İslamdan uzaqlaşdıran səbəblər sırasında ola bilər.

Bəli, İmam Mehdinin (ə) Allah tərəfindən intiqam almaq üçün göndəriləcəyinə dəlalət edən hədislər mövcuddur. Allah onun vasitəsilə Özünün və dininin düşmənlərindən intiqam alacaq, fəsad törədənləri, zülm edənləri, azğınları və haqqa boyun əyməyən hər bir kəsi qətlə yetirəcək. Lakin biz rəvayətlərdə qətlə yetirilənlərin insanların ümumi sayının 9/10-u deyil, heç 1/1000-i olduğunu görmürük.

Əhli-sünnə hədis mənbələrində də İmam Mehdinin (ə.f) zühurundan öncə çox sayda insanın qətlə yetiriləcəyinə dəlalət edən hədislər mövcuddur. Nüeym ibn Həmmad “əl-Fitən” kitabında İbn Sirindən rəvayət edir: “Hər doqquz nəfərdən yeddisi qətlə yetirilmədikcə, Mehdi qiyam etməyəcək”.

Deyir: Keysan ər-Rəvasi əl-Qisardan (o, inanılan şəxs idi) deyir ki, azad etdiyi köləsi ona belə söyləmişdir: “Əlinin (r.a) belə buyurduğunu eşitdim: “İnsanlar (və ya müsəlmanların) 1/3-i öldürülmədikcə, 1/3-i vəfat etmədikcə və 1/3- qalmadıqca, Mehdi qiyam etməyəcək”. (“əl-Fitən”, səh.231)

Müslim “Səhih”ində Əbu Hüreyrəyə istinadən Allahın elçisinin (s) belə buyurduğunu nəql edir: “Yaxın vaxtda Fəratın suyu çəkilib altından qızıldan bir dağ aşkara çıxacaq. Camaat bunu eşidib oraya tərəf hərəkət edəcək. Onun yanında olanlar deyəcəklər: “Əgər bunları camaata buraxsaq, hamısını daşıyıb aparacaqlar”. Ona görə bir-birlərilə savaşacaqlar, hər yüz nəfərdən doxsan doqquzu öldürüləcək”.(“Səhih”, Müslim, 4/2220)

Eləcə də Müslim “Səhih”ində Dəccalın ortaya çıxması, ərəb və rumlular arasında müharibə baş verməsi və ərəblərin həlak olması hadisələri barədə nəql etdiyi uzun bir hədisdə deyilir: “əl-Əb oğulları sayıldıqda sayları yüz olacaq, sonra isə onlardan yalnız bir nəfər qaldığını görəcəklər. Belə olduqda hansı qənimətə görə sevinmək olar? Yaxud hansı miras arada bölünəcək?”( “Səhih”, Müslim, 4/2224;, “əl-Müstədrək”, 4/523; “Müsnəd”, Əhməd, 1/435)

Ona görə də hədislərdə axır zamanda ərəblər saylarının azlığı ilə vəsf olunurlar. Belə ki, Müslim və İbn Hibban öz “Səhih”lərində, Tirmizi “Sünən”də, Əhməd “Müsnəd”də öz istinadları ilə cabir ibn Abdullahın belə dediyini nəql edirlər: “Ümmü Şərik Peyğəmbərin (s) belə buyurduğunu mənə xəbər verib: “Camaat Dəccaldan dağlara qaçıb sığınacaq”. Sonra Ümmü Şərik ona dedi: “Ey Allahın elçisi, bəs həmin günü ərəblər harada olacaqlar?” Buyurdu: “onların sayı az qalacaq”. (“Səhih”, Müslim, 4/2266; “Səhih”, İbn Hibban, 15/208; “Sünən”, Tirmizi, 5/624; “Müsnəd”, Əhməd ibn Hənbəl, 6/462)

Əhməd ibn Hənbəl və Əbu Yəla öz “Müsnəd”lərində Aişəyə istinadən Peyğəmbərin (s) Dəccəlın qarşısında baş verəcək döyüşdən danışdığını söylədi. Səhbələr dedilər: “Həmin günü ən yaxşı mal hansıdır?” Buyurdu: “Öz ailəsinə su gətirə bilən güclü övlad. Yemək isə olmayacaq”. Dedilər: “Bəs həmin vaxt möminlərin yeməyi nədir?” Buyurdu: “Sübhanəllah”, “Qüddüs”, “əl-Həmdu lilləh” və “Lilahə illəllah” zikrləri”. Aişə dedi: “Bəs həmin vaxt ərəblər harada olacaqlar?” Peyğəmbər (s) buyurdu: “Həmin vaxt ərəblərin sayı az olacaq”. (“Müsnəd”, Əhməd ibn Hənbəl, 6/75, 125; “Müsnəd”, Əbu Yəla, 4/152; “Məcməuz-zəvaid”, 7/335. heysəmi deyir: “Bunu Əhməd və Əbu Yəla rəvayət ediblər, raviləri “Səhih”in raviləridir. “Feyzul-qədir”, 5/393. Zeyn əl-İraqi deyir: “Bu, səhih hədisdir”.)

 

Müəllif iddia edir: “Gümanımız bu idi ki, Qaim Məscidul-Həramı uçurduqdan sonra onu Peyğəmbər (s) zamanındakı halına qaytaracaq. Lakin sonradan mənə aydın oldu ki, “onu qədim təməlinə qaytaracaq” sözü onu dağıtması və yerlə-yeksan etməsi deməkdir. Çünki həmin vaxt müsəlmanların qibləsi Kufə təyin ediləcək.

Feyz Kaşani rəvayət edir: “Ey Kufə əhalisi, Allah sizə heç kimə bəxş edilməyən fəzilət əta etmişdir. Sizin namazgahınız Adəmin, Nuhun və İdrisin evi, İbrahimin namaz qıldığı yerdir... Günlər keçəcək, Qara daş da oraya qoyulacaq” (“əl-Vafi”, 1/215)”.

 

Cavab: Məscidul-Həram və Peyğəmbər (s) məscidinin uçurulub öz qədim təməli üzərində ucaldılması barədə bəhs etdik, bildirdik ki, bu mövzuda nəql edilən rəvayətlər zəifdir. Rəvayətlərin sənədinə göz yumsaq və bunun İmam (ə) tərəfindən icra ediləcəyini qəbul eləsək, bu, həmin məscidlərin təqva üzərində yenidən tikilməsi və zalım hakimlərin oraya qoyduqları daşlarının kənarlaşdırılması deməkdir.

İmam Mehdinin (ə) Kəbəni dağıdıb yenidən tikməyəcəyi və qibləni Kufəyə çevirəcəyi ilə bağlı müəllifin iddiasına gəldikdə, bunlar aqil bir şəxs tərəfindən söylənməsinə təəccüb edilən açıq-aşkar yalan və uydurmalardır! Xüsusilə qeyd etməliyik ki, iddiaçı müəllifin dəlil olaraq təqdim etdiyi rəvayət onun gümanına dəlalət etmir. Qara daşın Kufə məscidinə qoyulması qiblənin oraya köçürülməsi anlamını daşımır. Çünki hətta Qara daş oradan çıxarılsa belə, möhtərəm Kəbə Evi müsəlmanların qibləsi olaraq qalmaqda davam edər.

Həmçinin hədisdə Qara daşı Kufə məscidinə qoyan şəxsin İmam Mehdi (ə) olduğu qeyd edilmir, Qara daşın oraya qoyulması ilə onun qibləyə çevriləcəyinə də rəvayətdə bir dəlalət yoxdur.

Ola bilsin ki, İmamın (ə) Qara daşın oraya qoyulacağını xəbər verməsi həmin məscidin əhəmiyyətini və insanlar arasındakı əzəmətini göstərmək üçündür.

Bütün bunlara rəvayətin sənədinin zəifliyini əlavə etmək istəyirik. Belə ki, Şeyx Səduq bunu Əsbəğ ibn Nübatəyə (“Mən la yəhzuruhul-fəqih”, 1/165; “Vəsailuş-şiə”, 3/526) istinadən rəvayət edib. Şeyx Səduqun Əsbəğədək olan istinadı isə zəifdir.

Həmin istinada olan şəxslərdən biri Muhəmməd ibn Əli Maciləveyhdir, onun Şeyx Səduqun ravi şeyxlərindən olmasına baxmayaraq, inanılan şəxs olması təsdiqini tapmayıb.

Həmçinin ravilərindən biri Hüseyn ibn Əlvan əl-Kəlbidir. Nəcaşinin “Rical”da onun barəsində söylədiyi sözlər qarışıqdır, (Nəcaşi “Rical”ında yazır (1/161): “Hüseyn ibn Əlvan əl-Kəlbi, azad edilmiş kölədir, kufəlidir, əhli-sünnədir, Əbu Muhəmməd künyəli qardaşı Həsən inanılan şəxsdir. Onların ikisi də Əbu Abdullah Sadiqdən (ə) rəvayət nəql etmişlər. Həsənin bir kitabı yoxdur, Həsən bizə xas və bizim üçün daha üstündür. Hüseyn Əmaşdan, Hişam ibn Ürvədən hədislər nəql etmişdir. Hüseynin kitabı var ki, rəvayətləri ixtilaflıdır. ) inanılan şəxs olmasını həm ona, həm də qardaşı Həsənə nisbət vermək mümkündür. Diqqət yetirdikdə, həmin təsdiqin onun qardaşı barədə olduğu aydınlaşır.

Şeyx Səduqun istinadında eləcə də Əmr ibn Sabit vardır ki, o, Əmr ibn Əbul Miqdaddır, onun da inanılan şəxs olması sübuta yetməyib. Buna əsasən, rəvayətin sənədi də zəifdir və onu heç bir halda dəlil kimi götürmək olmaz.

 

Müəllif iddia edir: “Qara daşın Məkkədən Kufəyə aparılması, Kufənin Adəm, Nuh, İdris və İbrahimin ev və namazgahı qərar verilməsi Məscidul Həramın uçurulmasından sonra oranın qibləyə çevriləcəyinə dəlildir. Belə ki, bütün bunlardan sonra Kəbənin yenidən öz qədim təməlinə qaytarılmasının heç bir mənası və faydası qalmır, ona görə də (rəvayətdə qeyd edildiyinə əsasən) dağıdılıb yerlə-yeksan edilməli və aradan qaldırılmalıdır. Müsəlmanların qibləsi və Qara daşın yerləşdiyi məscid isə Kufədə olacaq. Əvvəldə də qeyd etdik ki, fəqihlərimizin nəzərində Kəbənin öz-özlüyündə heç bir əhəmiyyəti yoxdur, ona görə də uçurulması labüddür”.

 

Cavab: Rəvayətdə Kufə məscidinin Adəmin, Nuhun və İdrisin evi, İbrahimin namazgahı... olduğu qeyd edilir. Müəllifin iddia etdiyi kimi, həmin məscidin Adəmin, Nuhun və İdirisin evi, İbrahimin namazgahı qərar veriləcəyinə dair heç bir dəlalət yoxdur. Adəm və Nuhun evinin namazgah qərar verilməsinin nə mənası ola bilər?! Həmçinin Kufə məscidinin Adəm və Nuhun evi, İbrahimin namazgahı qərar verilməsilə müsəlmanların qibləsinin Kəbədən oraya çevrilməsi arasında hansı bağlılıq ola bilər?!

Qara daşın Məkkədən Kufəyə aparılması və şiə fəqihlərinin nəzərində Kəbənin heç bir əhəmiyyətinin olmadığı ilə bağlı müəllifin sözlərinə gəldikdə, bu iddialarını əvvəldə cavablandırmışıq, oraya müraciət edə bilərsiniz.

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından

 

Рейтинг

В этом разделе