Müəllif iddia edir: “Məclisi deyir: “Qaimin ilk görəcəyi iş bu ikisini (yəni Əbu Bəkr və Öməri) qəbirdən sağlam vəziyyətdə çıxarıb küləklə sovuracaq və məscidi uçuracaq” (“Biharul-ənvar”, 52/386)”.
Cavab: Bu sözləri Əllamə Məclisi Fəzl ibn Şazanın kitabından Bəşir Nəbbala istinadən nəql edir. Bəşirin inanılan şəxs olması tərcümeyi-hal kitablarında təsdiqini tapmayıb. Beləliklə, rəvayətin sənədi zəifdir, onu dəlil kimi istifadə etmək düzgün deyil.
Rəvayətin sənədinə göz yumaq. Biz əvvəldə də qeyd etdik ki, haqq və ədalət məhz İmam Mehdinin (ə.f) edəcəyi işlərdədir. Əks halda onun rəftarı təriflənməz və hökmünün ədalətindən bəhs edilməzdi.
Bundan əlavə, rəvayətdə Əbu Bəkr və Ömərə işarə edildiyinə dəlil yoxdur. Məqsədin onlardan başqası olması mümkündür. Rəvayətdəki “bu ikisi” işarə əvəzliyi onlara işarə edə bildiyi kimi, başqalarına da işarə edə bilir. Belə ki, məqsəd rəvayəti söyləndiyi vaxtda İmamla (ə) eyni dövrdə yaşayan Əməvi və ya Abbasi xəlifələri də ola bilər.
Əgər hədisin səhihliyini və orada işarə edilən şəxslərin Əbu Bəkr və Ömər olduğunu fərz etsək, o zaman həmin şəxslərin dəyərləndirilməsinə yenidən nəzər salmağımız lazımdır. Belə ki, onların barəsində hökmü verən İmam Mehdidir (ə.f).
Hərçənd onların Peyğəmbərin (s) evində dəfn edilməyə heç bir haqları yoxdur. Həmçinin onların orada dəfn edilməsinə Aişənin də izn vermək hüququ yoxdur. Biz bir çox tədqiq və araşdırmadan sonra da onların orada dəfn edilməsinə şəri bir cəhət tapa bilmədik. Çünki onların dəfn edildiyi yer əsla şəxsi mülkləri deyildir, demək, həmin yer başqasına məxsusdur. Əgər Fatimənin (s.ə) mülküdürsə, o onların orada dəfn edilməsinə icazə verməyib. Əgər onların qızları Aişə və Həfsənin mülküdürsə, o zaman mülkün onların sərəncamında olması ya miras, ya da başqa bir yolla olmalıdır. Mirasdan başqa bir yolla sahib olduqları sübuta yetməyib. Miras olduğu deyilsə, Əbu Bəkr və Ömərin iddialarına əsasən, Peyğəmbər (s) özündən sonra miras qoymayıb və onun mülkündə Aişə və Həfsənin heç bir haqqı ola bilməz. Belə ki, bütün mülk sədəqə hökmündədir. Əgər Peyğəmbər (s) özündən sonra miras buraxırsa, necə ki, doğrusu da budur, bəs o zaman nə üçün Fatimə (s.ə) mirasdan məhrum edildi və onlar isə dəfn edildikləri yeri ələ keçirdilər?! Halbuki onların qızlarının mirasdan ala biləcəyi pay əsla bu genişlikdə deyildi. Çünki onların hər birinə 1/9-in 1/8 hissəsi düşəcəkdi. Bu isə bir iki qarış yerdir.