Müəllif iddia edir: “3. Ali Davudun hökmünü icra edəcək: Kuleyni İmam (ə) zühur etdikdə Ali Davud kimi hökm verəcəyi və şahid tələb etməyəcəyi ilə bağlı ayrıca bir fəsil yazıb. Əbu Abdullahdan rəvayət olunur: “Ali Muhəmmədin Qaimi qiyam etdikdə Davud və Süleymanın hökmü ilə hökm verəcək, şahid tələb etməyəcək” (“Üsulul-kafi”, 1/397)”.
Cavab: Əllamə Məclisi “Biharul-ənvar”da yazır: “Bil ki, rəvayətlərdən məlum olur ki, Qaim (ə) zühur etdikdə şahidlərin sözlərinə əsasən deyil, hadisələrin həqiqətinə uyğun hökm verəcək. Lakin ondan öncəki İmamlar (ə) zahirə əsasən hökm verirdilər. Onlar yalnız gizli həqiqətləri bildikləri üçün şahidlərin hiyləgərliklərini ifşa edirdilər. Necə ki, Möminlərin əmiri Əli (ə) bir çox halda bunu etmişdi. Şeyx Müfid özünün “əl-Məsail” kitabında yazır: “İmam (ə) həm öz elminə, həm də iddiaçıların şəhadətlərinə uyğun hökm verə bilər. Əgər şahidlərdən birinin sözlərində ziddiyyətli məqamın olduğunu bildiyi halda, öz elmilə onun iddiasını puç edər və Allahın ona bildirdiyi elmə əsasən hökm verərdi. Mənim nəzərimə görə, məsələlərin gizli tərəflərindən onun xəbərsiz qalması da mümkündür.
Buna əsasən, Allah nəzdində həqiqətin xilafına olsa da, batindən xəbərsiz olduğuna görə, məsələlərin zahirinə uyğun hökm edə bilər. Həmçinin Uca Allahın onu şahidlərdən kimin doğru, kimin yalan danışdığına yönəltməsi də mümkündür. Bu halda məsələnin Allah nəzdindəki həqiqəti də ona gizli qalmayacaq. Bu cür məsələlər ilahi lütflərlə və hər bir halda hikmətini yalnız Allahın bildiyi məsləhətlərlə əlaqəlidir. Bu məsələ ilə bağlı alimlərin üç yanaşması vardır: onların bir hissəsi İmamların (ə) məsələnin batini tərəfini bilmədən, hökmü yalnız zahirə görə verdiklərini iddia edir. Bəziləri, zahirə əhəmiyyət vermədən, batini həqiqətinə uyğun hökm verdiklərini söyləyib. Bir dəstəsi isə mənim də üstün bildiyim fikri səsləndiriblər”. (“Biharul-ənvar”, 26/177)
“Miratul-uqul”da yazır: “Onların bu rəftarı (şahidsiz hökm vermələri) Peyğəmbər (s) sünnəsinin nəsxi növündən deyil ki, buna da “Peyğəmbərdən (s) sonra heç bir nəsx ola bilməz” deyə irad bildirilsin. Nəinki, burada məsələ gah təqiyyədən, gah da zamanın tələbindəki fərqlilikdən qaynaqlana bilər. Belə ki, insanların birliyinin parçalanmasına və haqdan üz döndərmələrinə səbəb olacaq bir amil görmədikdə Peyğəmbər (s) imama məsələlərin zahirinə uyğun hökm verməyi əmr edir, əks halda isə batini həqiqətinə uyğun davranmalıdır...”. (“Miratul-uqul”, 4/301)
İmam Mehdinin (ə) vəzifəsi Yer üzünün zülm və sitəmlə dolduqdan sonra haqq və ədalətlə doldurmaq olduğuna görə, qərarlarının da həqiqətə uyğun olması təbii haldır ki, haqq öz sahibinə qaytarılsın. Ona görə də gah doğru, gah da yanlış ola biləcək zahiri dəlillərə əsasən deyil, yalnız Allahın ona ilham etdiyi elmlə hökm verəcək. Davudun hökmü deyildikdə məqsəd də budur. Çünki Davud zahiri dəlillərə və şahidlərin sözlərinə ehtiyac duymadan, Allahın ona ilham etdiyi elmlə qərar verirdi.
Alimlər hakimin dəlil və şahidlərin sözünə istinad etmədən, öz elminə əsasən, hökm verməyə ixtiyar sahibi olub-olmadığı barədə fərqli fikirlər səsləndirmişlər.
İbn Qüdamə “əl-Muğni”də yazır: “(Məsələ). Deyir: “Hakim öz məlumatına əsaslanıb hökm verə bilməz”. Məzhəbin üstün rəyi budur ki, hakim öz məlumatına əsaslanıb cəza və ya digər hökm verə bilməz. İstər onun bu məlumatı hakim olmazdan öncə, istərsə də hakim olduqdan sonra əldə edilsin, fərq eləməz. Bu, Şüreyhin, Şəbinin, Malikin, İshaqın, Əbu Übeydənin, Muhəmməd ibn Həsənin, həmçinin Şafeinin sözlərindən biridir. Əhməddən nəql edilən başqa bir rəvayətdə isə bunun icazəli olduğu qeyd edilir. Bu da Əbu Yusifin, Əbu Sövrün, eləcə də Şafeinin ikinci sözü və Müzəninin üstün bildiyi rəydir. Belə ki, Hind Peyğəmbərə (s) “Əbu Süfyan xəsis insandır, mənə və övladlarıma yetəcək qədər mənə xərclik vermir” dedikdə o, buyurdu: “Özünə və övladlarına yetəcək qədərini götür”. Peyğəmbər (s) onun doğru söylədiyini bildiyi üçün ondan heç bir şahid və ya and tələb etmədən hökm verdi”.
Ta ki, yazır: “Hakim şahidlərin şahidliklərinə əsasən hökm verir. Çünki onların şahidlikləri gümana qalib gəlir. Baş verən və qəti olan məsələ daha üstündür. Belə ki, o, şahidlərin ədalətli və ya sözləri rədd edilən olduqlarına öz elminə əsasən hökm verir. Həmçinin buna əsasən də haqqın isbatlanmasında öz elminə istinad edərək qərar qəbul edə bilər”. (“əl-Muğni”, 11/401)
Buna əsasən, İmam Mehdinin (ə) də Davud (ə) kimi, Allahın ilham etdiyi elmə istinad edərək, heç bir şahid və ya and tələb etmədən qərar verməsində bir müşkül yoxdur.
Müəllif iddia edir: “Nə üçün Davud ailəsinin hökmü ilə hökm edir? Bu, onun dəvətinin yəhudi mənşəli olduğuna işarə etmirmi?”
Cavab: Biz əvvəldə izah etdik ki, müəllifin iddiasının əksinə, rəvayətlərdə İmam Mehdinin (ə) Davudun şəriətinə əsasən deyil, onun kimi hökm verəcəyi qeyd olunur.
Dedik: burada məqsəd İmam Mehdinin (ə) heç bir dəlil və şahid tələb etmədən, Allahın həmin məsələ ilə bağlı ona ilham etdiyi elmə əsaslanıb hökm verməsidir.
Təəccüblüdür ki, müəllif Davudun hökmünün yəhudi mənşəli olduğunu iddia edir, halbuki Davud (ə) Allahın möhtərəm peyğəmbərlərindən biridir, onun hökmlərinin yəhudilərlə bir əlaqəsi yoxdur. Uca Allah onu kitabında tərifləyərək buyurur: “Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət (peyğəmbərlik) verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq və s.) öyrətdi”; (“əl-Bəqərə” surəsi, ayə 251) “Biz Davuda və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və i. a.) verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”” (“ən-Nəml” surəsi, ayə 15)
Uca Allah onun hökmünü qeyd edərək buyurur: “Davudu və Süleymanı da (yad et)! O zaman onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik. Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları Biz etmişdik”. (“əl-Ənbiya” surəsi, ayə 78-79)
Müəllif bu ayələrin də yəhudi mənşəli olduğunu iddia edəcəkmi?!
Müəllif iddia edir: “İsrail dövlətinin qurulması özü ilə bərabər Davudun hökmlərini gətirib. Bu dövləti qurduqdan sonra onun planlarında ərəblərin, xüsusilə də müsəlmanların kökünü kəsmək vardır. Belə ki, bu, onların sionist protokollarında qeyd olunur və müsəlmanları son nəfərinə kimi heç bir mərhəmət göstərmədən qətlə yetirmək onların planlarına daxildir. Müsəlmanların qibləsini uçurmaq, onu yerlə-yeksan etmək, sonra Peyğəmbərin (s) məscidini dağıtmaq və çıxarıldıqları Yəsribə yenidən qayıtmaq yəhudilərin arzusudur. Onların dövlətinin yaranması məhz həmin yeni işdir. Onlar beləliklə Quranı yeni kitabla əvəzləyəcək, yeni qaydalarla və heç bir dəlil tələb etmədən hökm verəcəklər. Belə ki, dəlil və şahid tələb etmək müsəlmanların xüsusiyyətidir. Nəticədə yəhudi millətçiliyi səbəbindən Yer üzündə anarxiya hökm sürəcək”.
Cavab: Biz əvvəldə dedik: Mehdi Davud (ə) kimi hökm edəcək, onun şəriətinə əsasən deyil.
Həmçinin dedik: O, Yer üzü zülm və sitəmlə dolduqdan sonra onu haqq və ədalətlə dolduracaq. Qatillərdən və cinayətkarlardan qisas alınmasının və icra edilməmiş hədd cəzalarını yerinə yetirməyin ondan tələb edilməsi təbiidir. Bu, heç də müəllifin iddia etdiyi kimi, onun ərəb və müsəlmanlara qarşı qanlı müharibələrə başlayacağı və mərhəmət göstərmədən qətllər törədəcəyi mənasına gəlməz.
Təəccüblüdür ki, müəllif hazırkı İsrail dövlətində Davud ailəsinin hökmlərinin rəhbər olduğunu düşünür. Halbuki bu, belə deyil. Əksinə, İsrail zalım, zülmkar və işğalçı bir dövlətdir, orada Allahın nazil etdiyi qanunlarla hökm olunmur.
Əgər İsrail dövlətinin arzusu o iki məscidi uçurmaqdırsa, demək onun həm də arzusu Kufəni paytaxt, Kərbəlanı isə Yer üzünün ən müqəddəs məkanı etməkdir?
Əgər yəhudilərin arzusu Mədinəyə (keçmiş Yəsribə) qayıtmaqdırsa, bəs nə üçün müəllif buna dəlalət edəcək və bunun İmam Mehdinin də arzusu olduğunu bəyan edən bir dəlil təqdim etmir?
Halbuki müəllifin bu gülünc nəzəriyyəsinin təməlini təşkil edən rəvayətlərin zəif olduğunu isbatladıq və həmin xəbərlərdə də buna dəlalətin olmadığını bəyan etdik. Yeni hökm, yeni kitab və yeni məsələlər dedikdə nəyin ehtimal olunduğunu da izah etdik. Burada təkrarən onları qeyd etməyə ehtiyac görmürük.