Müəllif iddia edir: “Gəlin, Qaim və Müntəzər kimi tanınan on ikinci imamın zühur etdikdə hansı əməllər edəcəyinə baxaq: 1. Ərəblərin üzərinə qılınc qaldıracaq; Məclisi rəvayət edir: “Müntəzər ərəblərin üzərində Qırmızı Cəfrlə davranacaq, bu isə qətllərdir” (“Biharul ənvar”, 52/318)”.
Cavab: Əllamə Məclisi bu rəvayəti Muhəmməd ibn Həsən Səffarın “Bəsairud dərəcat” kitabından nəql edib. Hədisin istinadı belədir: Əhməd ibn Muhəmməd bizə İbn Sinandan, o da Əbu Hübeyrənin azad edilmiş köləsi Rəfiddən nəql edir...
Bu hədis zəifdir. Səffara hədisi rəvayət edən Əhməd ibn Muhəmməd – Əhməd ibn Muhəmməd ibn İsadır. Demək, sənəddə adı qeyd edilən İbn Sinan da Muhəmməd ibn Sinan olmalıdır. Çünki Əhməd ibn Muhəmməd inanılan şəxs olan Abdullah ibn Sinandan rəvayət nəql etməyib. Muhəmməd ibn Sinan isə zəif ravidir. Onun tərcümeyi-halını əvvəldə qeyd etmişdik.
Bundan əlavə, İbn (və ya Əbu) Hübeyrənin azad edilmiş köləsi olan Rəfidin inanılan şəxs olması da tərcümeyi-hal kitablarında öz təsdiqini tapmayıb.
Rəvayətin sənədinə göz yumaq. Mətnə əsasən, ehtimal olunur ki, İmam Mehdi (ə) ərəb ölkələrinə hücum etməsinin və ərəbləri qətl etməsinin səbəbi əmrinə boyun əyməmələri, ona qarşı müharibəyə çıxmalarıdır. Nəticədə İmam (ə) da onlarla savaşıb qətlə yetirəcək.
Şübhə yoxdur ki, İmam (ə.f) zühur etdikdə ərəb və ya qeyri-ərəb olmalarından asılı olmadan, ona qarşı çıxmayanlara, onunla savaşmayanlara və itaət edənlərə heç bir zərər toxundurmayacaq və onların üzərinə hücum etməyəcək.
Bu rəvayət bəzi ərəblərin İmam Mehdiyə (ə.f) qarşı müharibə edəcəyinə və İmamın (ə) da onlarla savaşıb qətlə yetirəcəyinə işarə edir.
Əhli-sünnə rəvayətlərində də bu mənaya rast gəlmək mümkündür. Hakim Nişapuri “əl-Müstədrək”də Nafi ibn Ütbəyə istinadla yazır: “Allah elçisinin (s) belə buyurduğunu eşitdim: “Siz ərəb adasındakılarla savaşacaqsınız və Allah onlar üzərində fəth bəxş edəcək. Sonra Bizansla savaşacaqsınız. Allah onlar üzərində də sizə qələbə nəsib edəcək. Həmçinin farslarla da müharibə edəcəksiniz ki, Allah yenə də sizə fəth bəxş edəcək. Sonra da Dəccalla vuruşacaqsınız ki, Allah yenə də sizi qalib edəcək”. (“əl-Müstədrək”, 4/426, Heydərabad çapı. Hakim yazır: “Bu, Müslimin şərtinə əsasən, sənədi səhih olan hədisdir. Buxari və Müslim “Səhih”lərində nəql etməyiblər”. Zəhəbi də onunla razılaşıb).
Müəllif iddia edir: “Həmçinin rəvayət edir: “Bizimlə ərəblər arasında qətldən başqa bir çarə qalmayıb” (“Biharul-ənvar”, 52/349)”.
Cavab: Rəvayətdən məlum olan budur ki, Əhli-Beytlə (ə) ərəblərin arasında savaşıb qətlə yetirmələrindən savayı bir yol qalmayacaq. Belə ki, onlar öz əllərini Əhli-Beytin və Haşim oğullarının qanlarına bulamış, qəddarcasına onları qətlə yetirmişlər. Buna İmamın (ə) “bir çarə qalmayıb” sözü də dəlalət edir. Sanki İmam (ə) buyurur: “Bizim onların üzərindəki haqqımız bizə qarşı ədavətləri səbəbilə qəddarlıqlarına və qətlərinə görə yalnız onlarla savaşıb qətlə yetirməkdir. Bu sözləri İmam Sadiqin (ə) zamanına işarə edir. Belə ki, tarixdə də qeyd edildiyi kimi, Əbu Cəfər Mənsur Haşim oğullarından çox sayda insanı qətlə yetirmişdi.
Müəllif iddia edir: “Həmçinin rəvayət edir: “Ərəblərdən çəkin, belə ki, onlar üçün pis xəbərlər vardır. Çünki onlardan bir nəfər belə Qaimlə birlikdə qiyam etməyəcək” (“Biharul-ənvar”, 52/333)”.
Cavab: Əllamə Məclisi bu rəvayəti Şeyx Tusinin “əl-Ğeybə” kitabından nəql edib. Rəvayətin istinadı belədir: Fəzl bizə Əli ibn Əsbatdan, o da atası Əsbat ibn Salimdən, o da Musa əl-Əbardan.
Rəvayətin sənədi zəifdir. Çünki rəvayətin ilk ravisi Musa əl-Əbar halı məchul şəxsdir, tərcümeyi-hal kitablarında inanılan şəxs olması sübuta yetməyib. Ondan nəql edən Əsbat ibn Salim də inanılan şəxs kimi təsdiqlənməyib.
Rəvayətin sənədinə göz yumsaq, rəvayətin mətni İmamın (ə) bəzi yardımçılarının məhz ərəblərdən olduğunu qeyd edən xəbərlərə ziddir.
Şeyx Tusi “əl-Ğeybə” kitabında cabir əl-Cofidən rəvayət edir: “Əbu Cəfər (ə) buyurdu: “Rüknlə Məqam arasında Qaimə üç yüzdən bir az artıq şəxs beyət edəcək ki, sayları Bədr savaşındakıların sayı qədərdir. Onların arasında Misirin nəcib şəxsləri, şamın möhtərəm şəxsləri, İraqın xeyirxahları vardır. Allah dilədiyi qədər o Yer üzündə qalacaqdır”. (“əl-Ğeybə”, Şeyx Tusi, səh.284; “Biharul-ənvar”, 52/334)
Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından