»»

Hişam ibn Həkəm Allahın cism olmasına inanırdı? - Şübhəyə cavab

Müəllif iddia edir: “Gəlin birlikdə bu mətni də oxuyaq:

Muhəmməd ibn Fərəc Rüxxəci deyir: “Əbul-Həsənə məktub yazaraq Hişam ibn Həkəmin Allahın cisim olması və Hişam ibn Salimin (Cüvaliqi) isə Onun surəti haqda sözlərini soruşdum”. Mənə belə cavab yazdı: “Özündən çaşqınlığı uzaqlaşdır və Şeytandan Allaha pənah apar. O iki Haşimin söylədikləri doğru deyildir” (“Üsulul-kafi”, 1/105; “Biharul-ənvar”, 3/288; “əl-Füsulul-mühimmə”, səh.51).

Hişam ibn Həkəm Allahın cisim olduğunu, Hişam ibn Salim isə Onun surət və formaya malik olduğunu iddia edirdilər”.

Cavab: Bu rəvayətin də sənədi zəifdir, çünki aradakı ravilər qeyd edilmədən birbaşa İmama (ə) məktub yazan şəxsdən nəql edilir. Kuleyni (r.ə) deyir: “Muhəmməd ibn Əli bu rəvayəti Muhəmməd ibn Fərəc Rüxxəciyə istinad edərək deyir...”.

 

Muhəmməd ibn Fərəc İmam Rza, İmam Cavad və İmam Hadinin (onlara Allahın salamı olsun!) əshabındandır. Kuleynin bir çox hədisləri nəql etdiyi Əli ibn Muhəmməd ibn Abdullah ibn Bindar inanılan şəxsdir. O, Muhəmməd ibn Fərəc ər Rüxxəcidən təbəqə baxımından uzaq olduğu üçün hədis rəvayət etməyib.

 

Sənədinə göz yumsaq, İmam Sadiq (ə) və İmam Kazımdan (ə) rəvayət olunan sübuta yetmiş və səhih rəvayətlərlə ziddiyyət təşkil etdiyinə görə doğru məcralara yozulmalıdır. Belə ki, onlar (ə) Hişam ibn Həkəmi üstün və əshablarının şeyxlərindən öndə tutmuşlar.

 

Burada Şeyx Məclisinin (r.ə) sözlərini nəql etmək yerinə düşər və onun sözləri məqsədimiz üçün yetərlidir.

 

Yazır: “Hər iki Hişamın məqamının uca olduğuna və onların bu sözlərdən uzaqlığına heç bir şübhə yoxdur. Seyid Mürtəza (q.s) “əş-Şafi” kitabında onların nisbət verilən sözlərdən uzaq olduqlarına bir neçə güclü dəlillə etiraz etmişdir. Bəlkə də onlara bu sözləri müxaliflər düşmənlər nisbət vermişlər. Necə ki, vaxtı ilə Zürarə və digər böyük hədis əshabına qarşı da qeyri-münasib fikirləri istinad edirdilər...”. Sonra yazır: “Məlum olur ki, o ikisinə nisbət verilən bu sözlər ya şiə ravi və alimlərin yanlışıdır, ya da bəhslərdə müxalifləri susdurduqlarına görə onların adına belə sözlər uydurmuşlar. İmamlar (ə) onların bu sözlərini ya məsləhətə görə, ya da onları qorumaq üçün inkar etməmişlər. Bu rəvayəti belə yozmaq mümkündür: Sənin iki Hişamın söylədiklərini iddia etdiyin sözlər doğru deyil. Yaxud: Sənin söylədiyin bu sözlər o iki Hişamın dedikləri deyildir. Əksinə, onların sözləri bunun tam əksidir. Həmçinin onların İmamlara (ə) tabe olduqları vaxtdan öncə belə fikirlərə sahib olmaları da mümkündür. Belə ki, deyilib: “Hişam ibn Həkəm İmam Sadiqlə (ə) görüşündən öncə Cəhm ibn Səfvanla eyni baxışa sahib idi. İmam Sadiqə (ə) tabe olduqda sonra tövbə etdi və haqqa qayıtdı”. Bunu Kəracəki “Kənzul-fəvaid”də Allaha cisim istinad edənlərin sözlərini rədd edərkən deyir. Orada yazır: “Mövlamız Hişamın (r.ə) bu barədəki sözlərindən sonra fikrindən döndüyü, xətasını boynuna aldığı və tövbə etdiyi haqda söhbətlər geniş yayılmışdır. Belə ki, İmam Cəfər ibn Muhəmməd (ə) Mədinəyə yola düşərkən onun Hişamın qarşısı kəsilmiş və ona belə deyilmişdi: “Allahın cisim olduğunu iddia etdiyin müddətcə səni onun yanına buraxmamaq bizə əmr olunub”. O isə demişdi: “Allaha and olsun, mən onu İmamımın (ə) sözünə uyğun olduğunu zənn edib söyləmişəm. Əgər bunu inkar edərsə, mən də tövbə etməyə hazıram”. O, İmamla (ə) görüşdü və sonra İmam (ə) onun üçün xeyir dualar etdi”. (“Miratul-uqul”, 2/3, 5)

 

Muhəmməd Saleh Mazəndərani “Üsulul-kafi”inin şərhində yazır:

 

“Bil ki, Əllamə Məclisi “əl-Xülasə”də hər iki Hişamı tərifləmiş və inanılan şəxs olduğunu bildirmişdir. İbn Tavus (r.ə) deyir: “Məlumdur ki, Hişam ibn Salim etiqadı düzgün və Əhli-Beytin (ə) vilayətində olan şəxs idi. Bəzi alimlər demişlər: “Kəşşinin Hişam ibn Salimdən Allahın surətinin olması, Adəmin Rəbbin timsalında xəlq olunduğu barədə iddia etdiyinin nəql olunduğu rəvayətin raviləri arasında

Muhəmməd ibn İsa Həmədani vardır. O, zəif ravidir. Bəzi alimlərimiz demişlər: “Müxaliflərimiz o iki Hişamın böyük qədir-qiymətə malik olduqlarını gördükdə öz batil sözlərini onlara nisbət vermişlər”. Bəzi müasirlər isə demişlər: “Zəif rəvayətlə nisbət verilənlərə görə Hişam ibn Salim üçün üzr axtarmağa ehtiyac yoxdur”. (“Şərhu üsulil-kafi”, Mazəndərani, 3/230)

 

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından

 

 

Рейтинг

В этом разделе