İhsan Zahir deyir: “Bu sözləri İmam Əlinin oğlu Həsən deyir! Bəli, Həsən ibn Əli – şiələrin nəzərində (gümanlarına əsasən) Allahın itaətini vacib buyurduğu ikinci məsum imam. Siddiq barədə danışır, sözünü Peyğəmbərə (s) nisbət verərək: “Əbu Bəkrin mənə nisbəti qulaq (eşitmə üzvü) nisbətindədir”.635
Müzakirə
İhsan Zahir Şeyx Səduqun “Uyunu əxbarir-Rza (ə)” və “Məanil-əxbar” kitablarında varid olmuş bu rəvayəti yarımçıq və kəsilmiş halda nəql edir. Onun bir hissəsini qeyd edir, ancaq İmamın (ə) nə söyləmək istədiyini bəyan edən ən əhəmiyyətli hissəsini gizlədir.
Onun bu saxtakarlığını və oxucunu öz məqsədləri üçün necə qəflətə saldığını göstərmək üçün rəvayətin mətnini tam şəkildə təqdim edirik: “Əbülqasim Əli ibn Əhməd ibn Muhəmməd ibn İmran Dəqqaq (r) Muhəmməd ibn Əbu Abdullah Kufidən, o da Səhl ibn Ziyad Adamidən, o da Əbdüləzim ibn Abdullah Həsənidən, o da ağam Əli ibn Muhəmməd ibn Əli Rzadan, o da atası Muhəmməd ibn Əlidən, o da atası Rzadan, o da ata-babalarından, o da Hüseyn ibn Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Əbu Bəkr mənə qulaq, Ömər göz, Osman isə qəlb nisbətindədir”.
Sabahı gün Peyğəmbərin (s) yanına getdim. Yanında Möminlərin əmiri (ə), Əbu Bəkr, Ömər və Osman vardı. Dedim: “Atacan, səhabələrin barədə bu sözləri söylədiyini eşitdim. Bunun mənası nədir?” Peyğəmbər (s) buyurdu: “Bəli, söyləmişəm”. Sonra onlara işarə edərək sözünə davam etdi: “Onlar qulaq, göz və qəlbdirlər. Qarşıda bu vəsinin (İmam Əliyə (ə) işarə edərək) haqqı barədə soruşulacaqlar. “Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”.636
Sonra buyurdu: “Rəbbimin izzətinə and olsun ki, ümmətim Qiyamət günü durdulacaq və onun vilayəti barədə soruşulacaq. Bu da Allahın sözüdür: “Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!”637”.638
Bax belə. Bununla bərabər rəvayətin sənədi Səhl ibn Ziyadın varlığı səbəbindən zəifdir. Nəcaşi onun barəsində deyir: “Səhl ibn Ziyad Əbu Səid Adami Razi – hədisdə zəif şəxsdir və ona etimad olunmaz. Əhməd ibn Muhəmməd ibn İsa onun yalançılığına və ğüluvv (həddi aşan) etdiyinə şahidlik edib. Onu Qumdan Reyə köçürmüşdülər, orada da məskunlaşmışdı”.639 Şeyx Tusi deyir: “Səhl ibn Ziyad Adami Razi – künyəsi Əbu Səiddir, zəif ravidir”.640
Nəticə:
Bu rəvayət şiə ricalına əsasən sənəd baxımından zəifidir. Rəvayətin şiə kitabında qeyd edilməsi onun dəlil olmasına dəlalət etməz. Şiə hədis kitablarındakı rəvayətlərə münasibətimiz əhli-sünnənin öz “Səhih”lərinə qarşı göstərdikləri kor müqəddəslik və bütün rəvayətləri dəlil bilmək kimi deyil. Şiə kitablarında həm səhih, həm zəif, həm də əsla höccət sayıla bilməyəcək rəvayətlər mövcuddur.
Məzmun dəlaləti baxımından, rəvayətin bir hissəsinin kəsilib nəql edildiyi məlum oldu. Rəvayətdə tam fərqli məna açıqlanır. Bu mənanı açıqlayan hissəni İhsan Zahir kəsib kənara atmışdır. Rəvayətin tam mətnindən aydın olur ki, Peyğəmbər (s) Əbu Bəkrə, Ömərə və Osmana İmam Əlinin (ə) haqqını, vilayətini və imamətini aydın və qəti kəlmələrlə bildirir, onları göz, qulaq və qəlb kimi şahid tutur. Lakin onlar buna təslim olmurlar: “Həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda inkar etdilər”.641 Bu isə onların əleyhinə dəlil olur. Necə ki, insanın qulağı, gözü və qəlbi Qiyamət günü özünə qarşı şahid olacaq. Onlar Peyğəmbərin (s) İmam Əli (ə) barədə söylədiklərini qulaqları ilə eşitdilər, Peyğəmbərin (s) Əlini (ə) necə özünə yaxınlaşdırdığını, digər səhabələrdən üstün tutduğunu gözləri ilə gördülər, qəlbləri ilə bunu anladılar, amma sonra xilafət haqqını inkar etdilər.
Bu, şiə kitabındakı rəvayətə əsasən belədir. Ancaq sünni hədis kitablarındakı buna bənzər olan rəvayətə gəldikdə, o zəifdir. Bunu əhli-sünnənin böyük alimləri də etiraf ediblər:
Məqdisi deyir: “Əbu Bəkr və Ömərin İslamdakı yeri göz və qulaq kimidir” hədisinin raviləri arasında Vəlid ibn Fəzl 642 var. O, hədis uydururdu”.643
İbn Hibban “əl-Məcruhin” kitabında deyir: “Vəlid ibn Fəzl Ənzi: şeyxdir (və ya yaşlı adamdır), Abdullah ibn İdrisdən və İraq əhlindən inkar olunan hədislər nəql edib. Rəvayətlərini diqqətlə araşdıran şəxs onların uydurma olduğuna şəkk etməz. Yalnız onun vasitəsilə nəql edilmiş xəbəri-vahidləri dəlil götürmək icazəli deyil. O, İbn İdrisdən, atasından, Vəhəb ibn Münəbbihdən, İbn Abbasdan nəql edir: “Peyğəmbər (s) camaatı İslama dəvət etmək üçün şəhərlərə adamlar göndərirdi. Bir nəfər dedi: “Kaş Əbu Bəkri və Öməri göndərərdi”. Peyğəmbər (s) buyurdu: “Əbu Bəkr və Ömərə ehtiyac yoxdur. Onların İslamdakı yeri insandakı göz və qulaq kimidir”. Bunu Bəsrədə Muhəmməd ibn Əli ibn Abbas Mərzəviyə söylədik və Həsən ibn Ərəfənin Vəlid ibn Fəzldən nəql etdiyini bildirdik”.644 Onun bu rəvayəti uydurduğuna müxtəlif hədisləri misal çəkir.
İbn Əbdülbərr “əl-İstiab”da yazır: “Müttəlib ibn Abdullah Əhməd ibn Həntəbdən, o da atasından, o da babasından nəql edir: “Peyğəmbər (s) Əbu Bəkr və Ömərə buyurdu: “Bu ikisinin mənə nisbəti başdakı gözlə qulaq kimidir”.
Bu hədisin başqa sənədi yoxdur. Müğeyrə Əhməd ibn Əbdürrəhman – Xəzamidir, zəif ravidir. Bu şəxs rəy sahibi olan fəqih Məxzumi deyil. Belə ki, Məxzumi inanılan şəxs və “həsən” rəy sahibi idi”.645
İbn Həcər deyir: “Əbu Ömər dedi... o (yəni Abdullah ibn Həntəb) Əbu Bəkr və Ömərin barəsində isbat olunmamış qarışıq fəzilətlər söyləyib”.646
İhsan Zahirin şiə kitabında olan rəvayəti kəsərək mənasını dəyişdiyi aydın oldu. Məqsəd oxucunu aldatmaqdır. Əhli-sünnə kitablarında olan rəvayət isə şiəyə dəlil ola bilməz, həmçinin onun uydurma olduğuna əhli-sünnənin böyük alimlərinin etirafları şahidlik etdi.
635 Şiə və Əhli-Beyt, s. 53
636 İsra, 36
637 Saffat, 24
638 Uyunu əxbarir-Rza (ə), Şeyx Səduq, c. 2, s. 280
639 Rical, Nəcaşi, s. 185
640 Fehrist, Şeyx Tusi, s. 142
641 Nəml, 14
642 Vəlid ibn Fəzlin uydurduğu hədislər əhli-sünnə kitablarında çoxdur. Bunu onların alimləri də qeyd ediblər. Onlardan: “Allah məni və səhabələrimi seçmiş, onları mənim kürəkənlərim və yardımçıların qərar vermişdir. Axır zamanda bir qövm gələcək ki, bunu inkar edəcəklər. Onlarla evlənməyin, onlardan qız almayın, onlarla birgə namaz qılmayın, onlar üçün dua etməyin. Onların üzərində lənət var”. Həmçinin: “Əmim oğlu Zübeyr ümmətimdən həvarimdir”. Eləcə də Əmmar ibn Yasirdən nəql edir: “Peyğəmbər (s) mənə buyurdu: Ey Əmmar, indicə Cəbrail yanıma gəlmişdi. Ondan Ömərin göylərdəki fəzilətləri barədə mənə danışmasını istədim. Dedi: “Əgər sənə Ömərin göylərdəki fəzilətləri barədə danışmağa başlasam Nuhun qövmü arasında qaldığı müddət buna yetməz. Halbuki Ömərin saleh əməlləri Əbu Bəkrin əməllərindən azdır”. Və s. əhli-sünnə alimləri bunun və onun söylədiyi digər hədislərin uydurma olduğunu qeyd ediblər.
643 Məriftut-təzkira, Məqdisi, c. 1, s. 119
644 Kitabul-məcruhin, İbn Hibban, c. 3, s. 82, Mahmud İbrahim Zayedin təhqiqi ilə
645 əl-İstiab, İbn Əbdülbərr, c. 1, s. 401
646 əl-İsabə, İbn Həcər, c. 4, s. 56
Doktor Seyyid Casim Musəvi, "ŞÜBHƏLƏRİN KƏŞFİ", cild 1, (İhsan İlahi Zahirin “Şiə və Əhli-Beyt” kitabındakı iddialara böyük rəddiyyə)
Kitabın yükləmə linki: buradan yüklə