»»

İmam Hüseynin (əleyhis-səlam) inqilabı barədə şübhələr (3-cü veriliş)

Mövzu

Əməvilərin Haşimilərlə düşmənçiliyinin səbəbləri və nəticələri (mövzunun ardı)

Verilişin azərbaycan dilində videosu: 1-ci hissə, 2-ci hissə

Aparıcı: Bağışlayan və Mehriban Allahın adı ilə. Allahın səlat və salamı olsun ilahi elçilərin ən üstününə Muhəmmədə və onun pak və təmiz ailəsinə. Əziz izləyicilər, Allahın salamı, rəhməti və bərəkəti olsun üzərinizə. Sizləri “Həqiqətlər və sənədlər” adlı proqramımızın növbəti bölümündə salamlayırıq. Keçən bölümümüzdə bir neçə məsələ haqqında danışdıq.

Birinci məsələ Peyğəmbərimizin (salavatullahi əleyhi və alihi və səlləm) bu hədisi idi ki, buyurur ki, bu ümmətin özündən əvvəlkilərin sünnəsinə tabe olacaq. İkinci məqam bu idi ki, Peyğəmbər (salavatullahi əleyhi və alihi və səlləm) xəbər vermişdir ki, bu ümmət öz arasında çəkişəcək və döyüşəcək. Üçüncü məqam isə bu idi ki, biz Əməvilərin Haşimilərə olan düşmənçiliklərini göstərdik (və dedik ki) onlar ilk əvvəldən çalışmışlar ki, Peyğəmbər (salavatullahi əleyhi və alihi) sünnəsinin kamil şəkildə əxz edilməsi məsələsini lazımsız göstərsinlər. Sonuncu və onunla keçən bölümümüzü bitirdiyimiz məqam da Əmir əl-mömininin (salavatullahi-əleyh) söyülməsi məsələsi və bu söymənin səbəbləri və nəticələri idi.

Əziz izləyicilər, sizin adınızdan qonağımız ustad, yazıçı və tədqiqatçı Muhəmmməd Zəkəriyyanı salamlayırıq. Xoş gördük sizləri.

Ustad əz-Zəkəriyya: Xoş gördük sizi və hörmətli izləyiciləri.

Aparıcı: Ustad, keçən bölümdə İbn Teymiyyənin “Peyğəmbəri (salavatullahi əleyhi və alihi) söymək” məsələsi barəsində dediyi sözündə qalmışdıq. Bu işin səbəbilə nələr baş verdi?

Ustad əz-Zəkəriyya: Bağışlayan və Mehriban Allahın adı ilə. Salam və salavat olsun peyğəmbərlərin və elçilərin ən üstününə, Muhəmmədə və onun pak və təmiz ailəsinə. Əmir əl-möminini (əleyhis-səlam) söyməyin ardınca bir çox işlər baş verdi. Keçən bölümdə də qeyd etdiyimiz kimi, onlar bu təhqirlərlə dini, İslamı nəzərdə tuturdular (əslində İslamı təhqir etmək istəyirdilər). Əlini (əleyhis-səlam) söyməklə Allah Rəsulunu (sallallahu əleyhi və alihi və səlləm) nəzərdə tuturdular. Bu söymənin nəticəsində ortaya çıxan işlərdən birini bizə tanımış şəxs, Əbu Musa əl-Əşəri xəbər verir.

İbn Həcər “Fəth əl-Bari” kitabında onların nə etdiklərini bizlərə göstərir. İbn Həcər “Fəth əl-Bari fi şərh sahih əl-Buxari”, 2-ci cild, səhifə 413-dədeyir:

وَقَدْ رَوَى أَحْمَدُ وَالطَّحَاوِيُّ بِإِسْنَادٍ صَحِيحٍ عَنْ أَبِي مُوسَى الْأَشْعَرِيِّ قَالَ " ذَكَّرَنَا عَلِيٌّ صَلَاةً كُنَّا نُصَلِّيهَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِمَّا نَسِينَاهَا وَإِمَّا تَرَكْنَاهَا عَمْدًا "

Əhməd və Təhavi səhih sənədlə Əbu Musa əl-Əşərinin belə dediyini nəql etmişlər: “Əli Peyğəmbərlə (sallallahu aleyhi və [və alihi] səlləm) birgə qıldığımız namazı bizim yadımıza saldı. Hansı ki, biz onu ya unutmuşduq, ya da bilərəkdən tərk etmişdik!”

 

Diqqət edin, “ya unutmuşduq, ya da bilərəkdən tərk etmişdik.” Burada sual ortaya çıxır? Nə üçün bilərəkdən namazı tərk etmişdilər? Bu suala cavabı böyük səhabə Abdullah ibn Abbas (radiyallahu-təala anh) verir. Necə ki, əl-Hakim “əl-Mustədrək” kitabında, 1-ci cilddə, səhifə 464-65-də bunu nəql etmişdir:

عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ، قَالَ: كُنَّا مَعَ ابْنِ عَبَّاسٍ بِعَرَفَةَ، فَقَالَ لِي: يَا سَيِّدُ مَا لِي لَا أَسْمَعُ النَّاسَ يُلَبُّونَ؟ فَقُلْتُ: يَخَافُونَ مِنْ مُعَاوِيَةَ، قَالَ: فَخَرَجَ ابْنُ عَبَّاسٍ مِنْ فُسْطَاطِهِ، فَقَالَ: «لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ، فَإِنَّهُمْ قَدْ تَرَكُوا السُّنَّةَ مِنْ بُغْضِ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ «

Səid ibn Cubeyrdən nəql edilir ki, dedi: İbn Abbasla birgə Ərəfatda idik. O mənə dedi: “Ey Səid, nə üçün camaatın “ləbbeyk” dediyini eşitmirəm?” Dedim: “Müaviyədən qorxurlar.” (Səid) deyir: İbn Abbas çadırından çıxıb dedi: “Ləbbeyk-Allahummə ləbbeyk. Onlar Əliyə (radiyallahu anh) olan düşmənçilikləri səbəbindən sünnəni tərk etmişlər!”

Diqqət edin, sünnəni tərk edirlər. Nə üçün? “Əliyə olan (radiyallahu anh) olan düşmənçilikləri səbəbindən.” Əl-Hakim bu hədisə şərh verərək deyir:

هَذَا حَدِيثٌ صَحِيحٌ عَلَى شَرْطِ الشَّيْخَيْنِ، وَلَمْ يُخَرِّجَاهُ

Bu hədis iki şeyxin (Buxari və Müslimin) şərtlərinə əsasən səhihdir, lakin onu (öz kitablarında) qeyd etməmişlər.

Əz-Zəhəbi də haşiyədə bu fikirlər razılaşmışdır. Diqqət edin (sarı ilə işarələnmiş hissəyə).

 

Aparıcı: Əz-Zəhəbinin razılaşması o mənaya gəlir ki, yəni hədisi səhih hesab etmişdir.

Ustad əz-Zəkəriyya: Bəli, onun iki şeyxin (sarı yerdəki خ Buxariyə, م Müslimə işarədir - müt.) şərtinə əsasən səhih hesab etmişdir. Səhihlik məsələsində əl-Hakimlə razılaşmışdır.

Aparıcı: Bu və əvvəlki hədis arasında əlaqə nədir?

Ustad əz-Zəkəriyya: Əlaqə budur ki, nə üçün namazı tərk etmişlər, nə üçün sünnəni tərk etmişlər? Bütün bunlar Əmir əl-mömininə (salamullahi-əleyh) olan nifrət və düşmənçilik səbəbindən idi. Düşmənçilikləri və söymələri onları elə bir həddə gətirmişdi ki, sünnəni tərk etmişdilər. İmam Əlinin (əleyhis-səlam) Allah Rəsulundan (sallallahu əleyhi və alihi və səlləm) əxz etdiyi səhih namazı tərk etmişdilər. Bu həddə yəni... Hətta onların nifrət və düşmənçilikləri o həddə çatmışdı ki, adı Əli olan uşaqları öldürürdülər.

Aparıcı: Bu nöqtədə bir şey qeyd edim ki, əgər bu şəxslər Əli ibn Əbi Talibə (salavatullahi-əleyh) olan nifrətləri səbəbindən sünnəni tərk edirlərsə, elə isə görün bu nifrət səbəbindən nə qədər sünnə dəyişilmiş və ya gizli qalmışdır.

Ustad əz-Zəkəriyya: Əhsən, nə qədər sünnə tərk edilib onların Əli ibn Əbi Talibə (salamullahi-əleyh) olan nifrətləri səbəbindən. Məgər namazı naqis etmədilərmi? Məgər “təlbiyə”ni naqis etmədilərmi? İmam Əli (əleyhis-səlam) gətirdiyi (təbliğ edib çatdırdığı) nə qədər iş vardır ki, onlar onu tərk etmişlər.

Aparıcı: Bunlar hələ kitabların qeyd etdikləri və bizə gəlib çatanlardır, mümkündür elə məsələlər olub ki, kitablar qeyd etməyiblər və zaman keçdikcə gizli qalıb.

Ustad əz-Zəkəriyya: Əhsən. Əli ibn Əbi Talibə (əleyhis-səlam) olan nifrət və o həzrəti söymək səbəbindən tərk edilmişdir. Daha əvvəldə dediyimiz kimi, onlar (bu təhqirlərlə) dinə tənə etmək istəyirdilər, Allah Rəsuluna tənə etmək istəyirdilər, lakin kimin üzərindən? İmam Əlinin üzərindən. Lakin Allah Rəsulu onları belə qoymadı. Buyurdu ki, kim Əli söysə, məni söymüşdür. Məsələni tamamilə aydınlaşdırdı, məsələyə nöqtəni qoydu. Dediyim kimi, onların nifrətləri elə bir həddə çatmışdı ki, adı Əli olan hər bir kəs öldürülürdü.

Aparıcı: Təkcə ad kifayət edirdi...

Ustad əz-Zəkəriyya: Adı Əli idisə... Bəni-Üməyyə adı Əli olanı qətlə yetirdi.

Aparıcı: Bu, Quranda qeyd olunan Fironun əhvalatına bənzəyir.

Ustad əz-Zəkəriyya: Əhsən. Firon əlinin altında olanlara əmr etmişdi ki, bütün yeni dünyaya gələn oğlan uşaqlarını qətlə yetirsinlər. Bəni-Üməyyə də bunu edirdi.

Aparıcı: Fironu bu işi etməyə sövq edən şey mülk hərisliyi idi. Mülkünə, hakimiyyətinə görə qorxduğu üçün bunu edirdi. Çünki ona xəbər vermişdilər ki, onun hakimiyyətini aradan aparacaq bir şəxs dünyaya gələcək. O da başlamışdı qarınları yarmağa, uşaqları öldürməyə...

Ustad əz-Zəkəriyya: Bəni-Üməyyənin etdiyi də bu idi. İstəyirdilər Əli ibn Əbi Talibin (salamullahi-əleyh) adını silib aradan aparsınlar.

Aparıcı: Bu bizim keçən bölümdə qeyd etdiyimiz hədisi yada salır: “siz özünüzdən əvvəlkilərin sünnəsinə tabe olacaqsınız.”

Ustad əz-Zəkəriyya: Əhsən, bu hadisələr bu hədisin misdaqıdır. Bu cür edəcəklər... O dövrdə Fironun uşaqlara və yeni dünyaya gələn körpələrə etdiyini Bəni-Üməyyə Əhli-Beyt (əleyhim əs-səlam) şiələrinə etmişdir.

Biz bunu açıq-aşkar əz-Zəhəbinin “Siyər əlam ən-nubəla” kitabında görürük. 7-ci cild, səhifə 412-413, deyir:

- 154عُلَيُّ بنُ رَبَاحِ بنِ قَصِيْرِ بن قَشِيْبِ بنِ يثيع

الثِّقَةُ، العَالِمُ، وَاسْمُهُ: عَلِيٌّ، وَإِنَّمَا صُغِّرَ. فَقَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ المُقْرِئُ: كَانَتْ بَنُو أُمَيَّةَ إِذَا سَمِعُوا بِمَوْلُوْدٍ اسْمُهُ عَلِيٌّ، قَتَلُوْهُ، فَبَلَغَ ذَلِكَ رَبَاحاً، فَقَالَ: هُوَ عُلَيٌّ.

154-cü tərcümeyi-hal. Uleyy ibn Rabah. İbn Qasir ibn Quşeyb ibn Yəsi`, siqədir, alimdir. Adı Əlidir, lakin sonradan “kiçiltmə babı”na salınmışdır. (Ərəb dilində “Əli” adı kiçiltmə babına salındığı zaman “Uleyy” olur - müt.)

Əbu Əbdür-Rəhman əl-Muqri demişdir: Bəni-Üməyyə bir uşağın adının Əli olduğunu eşidincə, o uşağı öldürürdülər. Bu xəbər Rabaha çatdı. O dedi: “Uşağın adı Uleyydir!”

Rabah Əlinin atasıdır. Elə ki, eşidir Bəni-Üməyyə adı Əli olan uşaqları öldürür, uşağının adını dəyişir və onu Uleyy adlandırır. Sonra Zəhəbi əlavə edərək deyir:

قُلْتُ: عُلَيُّ بنُ رَبَاحٍ وُلِدَ فِي صَدْرِ خِلاَفَةِ عُثْمَانَ، فَلَعَلَّهُ غيِّرَ وَهُوَ شَابٌّ، لَهُ وِفَادَةٌ عَلَى مُعَاوِيَةَ، وَكَانَ مِنْ أَشْرَافِ العَرَبِ.

Deyirəm: Uleyy ibn Rabah Osmanın hakimiyyətinin ortalarında dünyaya gəlib. Bəlkə də adı o gənc olarkən dəyişdirilib. Müaviyənin yanına get-gəli olmuşdur. Ərəblərin ən hörmətli şəxslərindən biri idi.

 

Deməli, hansı uşağın adı Əli idisə, Bəni-Üməyyə onu qətlə yetirirdi. Eyniylə Fironun etdiyi kimi.

Aparıcı: Yəni, artıq düşmənçilik təkcə şəxslə bağlı deyildi, hətta adlarla da keçmişdi. Şəxsiyyətdən ötüb keçmişdi yəni.

Ustad əz-Zəkəriyya: Bu həddə qədər... Yəni, o dövrdə şiə müsibətlər yaşayırdı. Əhli-Beytin fəzilətlərini nəql edə bilmirdilər. Şiddətli qorxu var idi... qan axıdılmasından, qətlədən, sürgündən... Yəni, o dövrdə Bəni-Ümməyyə qan tökməklə məşğul idi. Yalnızca həqiqətləri aradan aparmaq istəyirdilər, Əhli-Beyti təhqir etmək, alçaltmaq istəyirdilər. Bununla da İslama təhqir etmiş olurdular.

Aparıcı: Növbəti məsələyə keçməzdən qabaq əziz izləyicilər üçün qeyd edək ki, biz bu müqəddimələri qeyd edirik ki, (tədricən) İmam Hüseynin (salavatullahi-əleyh) inqilabına keçək. İstədik ki, əvvəlcə izləyicilər üçün o zamankı (İmam Hüseynin dövrünün) vəziyyətini açıqlayaq, hansı ki, bu vəziyyət İmam Hüseyn inqilabının baş verməsinə gətirib çıxarmışdır. Həmçinin, ondan daha əvvəlki vəziyyəti açıqlayaq. Buyurun ustad.

Ustad əz-Zəkəriyya: Əba Muhəmməd, biz görürük ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) təkcə “kim Əlini söysə, məni söymüşdür”deməyib. Həzrət İmam Həsən və İmam Hüseyni də (əleyhiməs-səlam) unutmamışdır. Daha əvvəl də dediyimiz kimi, Peyğəmbər əbəs söz danışmaz, istər razılıq halında olsun, istər qəzəb halında. Onun sözü haqdır. Görəsən Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) iki böyük imam Həsən və Hüseyn (salamullahi-əleyhima) barədə nə buyurmuşdur?

Əhməd ibn Hənbəlin “əl-Musnəd” kitabında, 13-cü cilddə, səhifə 260-da, hədis 7876-da deyilir:

عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: " مَنْ أَحَبَّهُمَا فَقَدْ أَحَبَّنِي، وَمَنْ أَبْغَضَهُمَا فَقَدْ أَبْغَضَنِي " يَعْنِي حَسَنًا وَحُسَيْنًا

Əbu Hureyrədən belə dediyini nəql olunur: Allah Rəsulu (sallallahu əleyhi və [alihi] və səlləm) buyurdu: “Kim o ikisini sevsə, məni sevmişdir. Kim də o ikisinə nifrət bəsləsə, mənə nifrət bəsləmişdir.” Bununla Həsən və Hüseyni nəzərdə tuturdu.

1 nömrəli haşiyədə mühəqqiq Şueyb əl-Ərnaut yazır: إسناده قوي - Sənədi güclüdür.

 

Görəsən Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) bunu əbəs yerə deyib? Allaha pənah! Heç vaxt! Çünki o, özündən sonra nə baş verəcəyini gözəl bilirdi. Necə ki, daha öncə də qeyd etmişdik.

Aparıcı: Ustadım, mövzudan çıxmazdan qabaq bir şey deyim. İmam Hüseyni (əleyhis-səlam) sevməkdən danışan bu hədisi çox vaxt telekanallarda və s. yerlərdə sadəcə olaraq bir fəzilət kimi təqdim edirlər. Yəni, bu sadəcə bir fəzilətdir ki, Allah Rəsulu buyurmuşdur: “Kim onları sevərsə məni sevmişdir, kim onlara nifrət bəsləyərsə, mənə nifrət bəsləmişdir.” Mən hörmətli izləyicilərə demək istəyirəm ki, sevmək bir sıra şeyləri də gərəkli edir. Sevmək kiçik məsələ deyil... Sevmək tabe olmağı gərəkli və vacib edir. Mən öz naqis düşüncəmlə belə başa düşürəm ki, Allah Rəsulu (salavatullahi əleyhi və alihi və səlləm) bu hədislə onu çatdırmaq istəyib ki, Hüseyni (əleyhis-səlam) sevmək, məni sevmək kimidir.

Ustad əz-Zəkəriyya: Heç bir şübhəsiz Allah Rəsulunu sevmək kimidir.

Aparıcı: Və onlara nifrət bəsləmək, eyniylə mənə nifrət bəsləmək kimidir. Elə isə kim bundan ötəyə keçsə... Yəni, ola bilər ki, kimsə Hüseynə (salavatullahi-əleyh) nifrət bəsləsin, Allaha pənah. Lakin qan tökmək, qətl mərhələsinə çatsa, bu o deməkdir ki, o “nifrət” mərhələsini də keçmişdir. Sanki o, Peyğəmbərin (salavatullahi əleyhi və alihi və səlləm) özünə artıq düşmənçilik edir. Biz hədisdən bunu başa düşürük.

Ustad əz-Zəkəriyya: Doğrudur, dediklərinizin hamısı doğrudur. Buna görə də mən təkrar edir və deyirəm: sevgi təkcə dildə deməklə bitmir (sevirsənsə gərək onun şərtlərinə də əməl edəsən). Həmçinin də nifrət. Göstərdik ki, “söymək” Bəni-Üməyyə tərəfindən İmam Əli (əleyhis-səlam) barəsində həyata keçmişdir (Bəni-Üməyyə o həzrəti söymüşdür). Burada da “nifrət və kin” (buğz) var. Ola bilər ki, nifrət qətl həddinə çata. Mümkündür ki, bir kəs başqa bir kəsi söysün. Lakin bu, heç də həmişə o kəsi qarşı tərəfi öldürmək həddinə çatdırmaz. Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) sözü olduqca dəqiqdir. Buyurur: “Kim onlara buğz etsə, mənə buğz etmişdir.” Çünki “buğz” (söyməkdən fərqli olaraq) qətlə həddinə çata bilər. (Ona görə də “kim onları söysə” demir, kim onlara “buğz” etsə deyir - müt.)

Ola bilər, məsələn, siz görəsiniz ki, ata oğlunu söyür. Görəsən o bununla oğluna buğz edir? Xeyr. Lakin əgər bir kəs başqa bir kəsə buğz (düşmənçilik) etsə, onun bu düşmənçiliyi qarşı tərəfin qətlə yetirilməsinə gətirib çıxarar. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) nə demək istəyir? İstəyir göstərsin ki, hər kəs İmam Həsən və İmam Hüseynə (əleyhiməs-səlam) buğz etsə, onun bu buğzu o ikisi qətlə yetirməsinə gətirib çıxaracaq. Biz bunu çatdırmaq istəyirik.

Çox böyük alimlərdən biri... Hörmətli izləyicilər də görəcəklər ki, olduqca qəribə bir söz deyib. Əvvəla, bu alimin adı nədir. Kimdir bu alim və nə deyib? “Təzkirət əl-Huffaz” kitabının müəllifi əz-Zəhəbi bu alimin tərcümeyi-halını qeyd etmişdir. 2-ci cild, səhifə 560 (Ustad əz-Zəkəriyyənin videoda göstərdiyi nəşrdə 1-ci cild, səhifə 170). Deyir:

العجلي الإمام الحافظ القدوة أبو الحسن أحمد بن عبد الله بن صالح العجلي الكوفي نزيل طرابلس المغرب

Əl-İcli, imam, hafiz, öndər, Əbul-Həsən Əhməd ibn Abdullah ibn Saleh əl-İcli əl-Kufi, Məğribdə Trablisdə yaşayıb.

 

Diqqət et: imam, hafiz, öndər. Bu imam, hafiz və öndər nə deyib. Bu alim – əz-Zəhəbinin dediyi kimi: – “imam”, “öndər”, elə bir söz demişdir ki, canıma and olsun, o sözün qorxusundan körpə uşaq qocalar.

Biz daha öncə dedik ki, müsəlmanların icmasından xaric olan, şiə və sünnilərin ittifaq etdiyi məsələlər barəsində (bu ittifaqa) zidd söz deyən alimlər vardır. Və bir neçə misal verdik, Əbu Hatəm ər-Razi kimi. Hansı ki, İmam Hüseynin (əleyhis-səlam) şəxsiyyəti barədə bir-birinə zidd fikirlər söyləmişdir. Gah İmam Hüseyni (əleyhis-səlam) səhabələrin içərisində qeyd edir, gah da həzrətin səhabəliyini inkar edir.

Bu dəfə də bu böyük imam, Ömər ibn Sədin (lənətullahi-təala əleyh) tərcümeyi-halını verərkən nə deyir? Əlbəttə, Ömər ibn Sədin kimliyi bəllidir. İmam Hüseynlə (əleyhis-səlam) döyüşən qoşunun başında idi.

Hafiz əl-Mizzinin “Təhzib əl-Kəmal fi əsma ər-Rical” kitabı, 21-ci cild, 357-ci səhifə (Ustad əz-Zəkəriyyanın nüsxəsində 7-ci cild, səhifə 484),Ömər ibn Sədin tərcümeyi-halı. Diqqət edin nə deyir:

وَقَال أَحْمَد بْن عَبد اللَّه العجلي : كَانَ يروي عَن أبيه أحاديث، وروى الناس عَنْهُ. وهو الَّذِي قتل الحسين، وهو تابعي ثقة.

Əhməd ibn Abdullah əl-İcli demişdir: “O (Ömər ibn Səd) atasından hədislər nəql edirdi. Camaat da ondan (hədis) nəql etmişdir. Hüseyni qətlə yetirən odur. Tabeidir və siqədir!”

 

Bu şəkildə tam bir cürətlə Mustafanın (sallallahu əleyhi və alihi və səlləm) gülünün qatilini siqə (güvənilən) şəxs hesab edir. Sizi and verirəm, bu necə siqədir ki, Peyğəmbərin (sallallahu əleyhi və alihi) bədənini parçasını qətlə yetirir?! Budur (etdikləri müqabilində) Peyğəmbərə verilən əvəz? Mən həqiqətən bilmirəm... belə bir söz bu cür məqamı olan “imam”dan necə çıxa bilir? Ömər ibn Sədi siqə hesab etmək bu mənaya gəlir ki, onun hədisləri səhihdir.

Sizi and verirəm Allaha, əgər bu adam Peyğəmbərin gülünü hifz edib qorumayıbsa və Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) nəvəsinə, cənnət cavanlarının ağasına qarşı düşmənçilik edibsə, görəsən Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) hədisini hifz edib qoruyar?! Əgər Hüseyni (salamullahi-əleyh) hifz etməyibsə, Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) hədisini hifz edər?

Aparıcı: Onun hədisinə necə güvənmək olar?

Ustad əz-Zəkəriyya: Heç şübhəsiz güvənilməz. Dediyimiz kimi, Allah - sübhanəhu və təala - insaflı olmağı sevir. Və biz Əhli-Beyt şiələri, Allaha həmd olsun ki, insaf əhliyik. Əhli-Sünnə qardaşlarımızın yanında “cərh və tədil” (rical) elminin imamı olan şəxsdən Ömər ibn Səd barədə soruşulduqda deyir:

وَقَال أَبُو بكر بْن أَبي خيثمة : سألت يحيى بْن مَعِين عن عُمَر بْن سعد أثقة هُوَ؟ فَقَالَ: كيف يكون من قتل الحسين ثقة؟

Əbu Bəkr ibn Əbi Xeysəmə dedi: Yəhya ibn Məindən - məşhur imamdır - Ömər ibn Sədin siqə olub olmadığını soruşdum. Dedi: “Hüseyni qətlə yetirən şəxs necə siqə ola bilər?!

 

Bu dediyimiz az əvvəl qeyd etdiyimiz cilddə və səhifədə mövcuddur. Bu dərəcədə...? Yaxşı bəs harada qaldı Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) hədisi? Görəsən, İmam Hüseynin (əleyhis-səlam) qatili o həzrəti sevirdi? Ya ona buğz edirdi? İndi onun hökmü nədir? Az əvvəl dedik: Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) nə deyir: Kim onlara buğz etsə (nifrət və ədavət bəsləsə), mənə buğz etmişdir. Bu şəxsin Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) gülünü qətlə yetirməsi nə sayılır?

And olsun ki, bu məhz Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) buğz etmək sayılır! Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) gülünə zərbə vurmaqla dinə və Əhli-Beytə zərbə vurmaq istəmişlər.

Aparıcı: Onlar mal-mülkə görə Əhli-Beytlə (salavatullahi-əleyhima) düşmənçilik etmişlər. Necə ki, bu barədə Peyğəmbər (salavatullahi əleyhi və alihi və səlləm) xəbər vermişdir və demişdir ki...

Ustad əz-Zəkəriyya: Vuruşacaqsınız deyib Peyğəmbər... Bunu nəzərdə tutub...

Aparıcı: Bəli, özü də baş verdi bu...

Ustad əz-Zəkəriyya: Baş verdi, şübhəsiz...

Aparıcı: Müsəlmanlar arasında böyük qanlı döyüşlər oldu. Heç kəs bunu inkar edə bilməz, hətta cahil, ya qeyri-müsəlman belə bilir bu döyüşləri...

Ustad əz-Zəkəriyya: Mütəvatir hadisələrdir bunlar..

Aparıcı: Cəməl döyüşü, Siffin, Nəhrəvan, İmam Həsənin (əleyhis-səlam) əməvilərlə döyüşü, – və inşəAllah qeyd edəcəyimiz – İmam Hüseyn (əleyhis-səlam) inqilabı... Yəni, vuruşmaların baş verdiyi, döyüşlərin baş verdiyi açıq-aşkar ortadadır... Necə ki, Peyğəmbər (salavatullahi əleyhi və alihi) bu barədə xəbər vermişdi.

Ustad əz-Zəkəriyya: Bu doğrudur. Yəni, bir şəxs Cənnət cavanlarının ağasının qarşısında qılınc qaldırarsa vəziyyəti nə olar? Görəsən belə bir şəxs haqq istəyir? Bu nə haqqdır ki, (ona görə) qılıncını Cənnət cavanlarının ağasına qaldırırsan? Bu hədis açıq və aşkardır. Mən bilmirəm bu böyük alim bu şeyi necə qəbul edib (Ömər ibn Sədi necə siqə bilib). Yəni, olduqca qəribə işdir. Əlbəttə, bu şazz bir işdir. Müsəlmanların ittifaqına zidd olan bir işdir. Yoxsa ki, şiələr və sünnilər ittifaq etmişlər ki, Hüseyni (salamullahi-əleyh) qətlə yetirən şəxs məlundur.

Aparıcı: Yəni, bu sanki nasibinin tərifidir. Nasibinin tərifi nədir? O şəxs ki, Əhli-Beytə düşmənçilik edir, ona nasibi deyilər.

Ustad əz-Zəkəriyya: Doğrudur.

Aparıcı: Bu məsələ ilə bağlı belə bir sual ortaya çıxır: görəsən “cərh və tədil” elminə görə Əhli-Beytə düşmənçilik etmək şəxsin ədalətinə zərər gətirirmi?

Ustad əz-Zəkəriyya: Əlbəttə, bu çox böyük bir mövzudur. Yəni, “nasibi” sözü cərh (məzəmmət, nöqsan) bildirmirsə, onda daha nə bildirir?... Nə bildirir?... Bir şəxs İmam Əlini (əleyhis-səlam) söyürsə, nə sayılar görəsən? Mömin sayılar? “Ey Əli, səni yalnız mömin sevər, sənə yalnız münafiq nifrət bəsləyər.” Bir kəs İmam Əlini (əleyhis-səlam) söyərsə, nə olar halı? Bir kəs onu qətlə yetirsə, nə sayılar? Bir şəxs Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) gülünü qətlə yetirir... nə sayılar? Yəni, bu (qətlə yetirmə) söymə mərhələsini də keçmişdir, buğz (nifrət bəsləmə) mərhələsini də keçmişdir. Artıq əmələ keçir... Öldürür... Ölüdürməyə başlayır... Görəsən bu şəxs sevir? Bu nə əyri məntiqdir?

Aparıcı: Mən çox təəccüb edirəm ki, bu rəvayətlərin əksəriyyətini – hansılar ki, bəyan etdiyimiz kimi səhihdirlər – bu şəxslər özləri nəql edirlər. Lakin tətbiq məqamına gəldikdə kamil şəkildə tətbiq etmirlər. Yəni, İmam Əlinin (salavatullahi-əleyh) söyülməsi ilə bağlı və bu işin söyən şəxsin küfrünü gərəkli etməsi ilə bağlı rəvayət vardır. Bəs hanı tarix və tərcümeyi-hal kitablarında bunun tətbiqi?

Ustad əz-Zəkəriyya: Tətbiq yoxdur. Yəni hədis elmindəki qaydaları hədislərə tətbiq etmək istəsək çox az sayda hədis “sağ” qurtula bilər (çünki əksəriyyətinin sənədində nasibi, xarici və s. vardır – müt.) Məsələn, Hariz ibn Osman adında bir şəxs var... Bu şəxs İmam Əlini (əleyhis-səlam) söyürdü. Məlumdur, nasibidir. Deyərmiş ki, Əlini sevmirəm, çünki ata-babalarımı öldürüb. Nə deyirsən bunun barəsində? Əgər bu nasibilik deyilsə, bəs nədir? Bir sözlə, onlar hədis elmindəki qaydaları, terminləri hədislərə tətbiq etmirlər. Sadəcə vərəq üzərində yazılıb... İstəyir ədalət məsələsində olsun, istər zəbt (dəqiqlik) məsələsində olsun (tətbiq etmirlər)... Allahın izni ilə bu məsələləri başqa bəhslərdə tam şəkildə və təfsilatı ilə bəyan edəcəyik.

Aparıcı: Əziz izləyicilər, bu dəyərli məlumatlara görə sizin adınızdan proqramımızın qonağı ustad Muhəmməd əz-Zəkəriyyaya təşəkkür edirik.

Ustad əz-Zəkəriyya: Şükr olsun Allaha.

Aparıcı: İnşəAllah növbəti bölümdə sizlərin görüşünüzə gələcəyik. Bizləri “Həqiqətlər və sənədlər” proqramında gözləyin, Allahın salamı, rəhməti və bərəkəti olsun üzərinizə.

Davam edəcək...

Sual, irad və təklifləriniz üçün yazın: shiaofahlulbait@yandex.com

Рейтинг

В этом разделе