»»

Şiə mənbələrindəki Quran təhrifi hədisləri barədə araşdırma

Müxtəlif dövrlərdə böyük alimlərimiz açıq-aşkar bildirmişlər ki, əlimizdə olan Quran təhrifdən qorunub. Bununla belə onların heç biri şiə kitablarında Quranın bir hissəsinin aradan getdiyini bildirən hədislərin olduğunu inkar etməyiblər. Əksinə bəziləri bu hədislərin çox olduğunu bildirib. Necə ki şiə kitablarında cəbr və təfviz, Allahı məxluqata bənzətmə və cismləşdirmə və bu kimi hədislər də var. Lakin alimlərimiz həmin hədislərdən üz döndərmiş və Quranda təhrifin olduğunu inkar etmişlər. Hətta bəziləri məzhəbimizin bu barədə icma etdiyini bildirib. Alimlərimizin də bir hədisdən üz döndərməsi onun etibarlılığını itirməsinə səbəb olar. Necə ki, Üsul elmində bu barədə bəhs edilir.

Biz burada onların həmin hədislərdən üz döndərməsinin səbəbini izah edəcək və bu işin düzgünlüyünə dəlil gətirəcəyik. Elə isə deyirik:

Araşdırma mövzusunun təyini.

İmamiyyə məzhəbinin kitablarında elə rəvayətlər var ki, onlardan Quranın təhrif olunduğu anlaşılır. Lakin bu hədislərin çox olduğu iddiası iradsız deyil. Çünki qəbul edilə biləcək olan budur ki, təhrifə ümumi mənada[i] dəlalət edən rəvayətlər çoxdur. Bu mətləb Şeyx Əbu Cəfər Tusinin (Allah ona rəhmət eləsin) kəlamında mövcuddur. O, rəvayətlərdən Quranın azalmadığı nəticəsinə gəldikdən sonra deyir:

“Lakin şiə və əhli-sünnə tərəfdən Quranın bir çox ayəsinin aradan getməsi, onun bəzi hissəsinin bir yerdən digərinə keçirilməsi barədə çoxlu rəvayətlər nəql edilib”.

Lakin təhrifin bizim araşdırdığımız xüsusi mənasına gəlincə hansı ki, bu da Quranın azalmasıdır, bu hədislərin çox olması iddiası İmamiyyə kitablarında öz təsdiqini tapmır. Elə buna görə də Şeyx Cəfər Kaşiful-ğita, Şeyx Muhəmməd Cavad Bəlaği kimi mühəqqiqlər həmin rəvayətlərin nadir və istisna təşkil edən (çoxluğun xilafına olan azlıq – red.) rəvayət olduğunu bildiriblər.

Şiələrin kitablarında bu mövzuda olan rəvayətləri iki qrupa ayırmaq olar:

1. Zəif, mürsəl[ii] və ya məqtu[iii] rəvayətlər.

Daha ümumi bir sözlə sənəd etibarilə qeyri-mötəbər rəvayətlər. Görünən də budur ki, həmin təhrif barədə olan rəvayətlər arasında bu qism daha çoxdur. Həmin rəvayətlərin sənədinə diqqət etdikdə bu aydın olur. Bu mövzudakı rəvayətlərin əsasını təşkil edən Şeyx Kuleyninin rəvayətlərinin halını bilmək üçün Şeyx Muhəmməd Baqir Məclisinin “Miratul-uqul” kitabına müraciət etmək kifayətdir. Hansı ki, bu kitab İmamiyyə məzhəbinin ən mühüm hədis kitablarından, “əl-Kafi”nin ən mühüm və ən məşhur şərhlərindəndir.

Bu rəvayətlərin sənədlərini araşdıran və onların mötəbər olmadığını bildirən alimlərdən Şeyx Bəlağini (“Alaur-Rahmən” kitabında), Seyid Xoyini (“Əl-Bəyan” kitabında) və Seyid Təbətabayini (“Əl-Mizan”da) qeyd etmək olar. Məlumdur ki, belə rəvayətlərə də heç bir məsələdə istinad etmək olmaz. Elə isə bunun kimi üsuli-etiqadi bir məsələdə necə?!

2. İnanılan şəxslərdən, münaqişəyə yer olmayan sənədlərlə gəlmiş hədislər.

Lakin bu qismin özünü də iki qrupa bölmək olar:

Birinci: Digər bir məna verilməsi mümkün olan hədislər. Belə ki, həmin mənada açıqlanması ilə bu hədislərlə təhrifin olmadığını bildirən digər hədislər və dəlillər arasındakı ziddiyət aradan qalxır.

İkinci: Başqa bir məna və izah verilməsi mümkün olmayan hədislər.

Buradan da bizə aydın olur ki, şiə mənbələri vasitəsilə [iv] Quranın ayələrinin azaldılması barədə nəql edilən rəvayətlər olduqca azdır. Çünki sənəd etibarilə zəif olan və eləcə də mənası-dəlaləti təvil edilən hədislər bəhs mövzusu deyil.

Bu rəvayətlər açıq-aşkar bilinənə ziddir.

Bu az saydakı rəvayətlər barədə deyiləcək ilk söz budur ki, onlar açıq-aşkar bilinən məsələ ilə toqquşur. Belə ki, İmamiyyə məzhəbinin böyük alimlərinin kəlamlarında bu iddia edilir ki, Quranın nübuvvət dövründə toplanması bədihi məsələdir. Seyid Mürtəza (r.ə.) demişdir:

“Quranın doğru şəkildə bizə nəql edildiyi barədə olan elmimiz ölkələr, böyük hadisələr, tarixin əzəmətli vaqeələri, məşhur kitablar və ərəblərin yazılı şerlərinə olan elmimiz kimidir ... Quranın da təfsilatı və hissələrinin doğru şəkildə nəql edilməsi barədə olan elmimiz də elə onun hamısına olan elmimiz kimidir. Bu da bədihi bilinən məsələlərdəndir”.[v]

Şeyx Cəfər Kaşiful-ğita deyib:

“Nadir olan rəvayətin bir əhəmiyyəti yoxdur. (Quranın azalmadığına olan – tərc.) Bədihi elmimiz Quranın azaldığı barədə gəlmiş rəvayətlərin zahirinə əməl etməyi qadağan edir”.[vi]

Seyid Şərəfuddin Amili deyib:

“Bizim nəzərimizdə Quran elə peyğəmbərlik və vəhy dövründə toplanmış, indi olduğu kimi tərtib edilmişdi ... Bütün bunlar İmamiyyə məzhəbinin araşdırmaçı alimləri yanında açıq-aşkar olan məsələlərdəndir”.[vii]

Seyid Xoyi deyib:

“Hər kim təhrif iddiası etsə ağılın açıq-aşkar hökm etdiyi (bildiyi) məsələyə zidd getmiş olar”.[viii]

Bunlar Quranın zahirinə ziddir.

Əgər əvvəlki məsələyə qarşı çıxılsa belə, heç bir şübhə yoxdur ki, təhrif barədə olan rəvayətlər Kitabın zahirinin xilafınadır. Belə ki, İzzət sahibi olan Allah  buyurur: “Biz özümüz Zikri (Quranı) nazil etdik və biz onu qoruyacağıq”[ix] – ki, ümmət üçün bir nümunə, onun əməlləri üçün bir program, ümmətin dini maarifi və hökmləri əldə edəcəyi bir yer və əbədi bir möcüzə olsun. Məlum olub hamı tərəfindən qəbul ediləndir ki, Qurana zidd olan hər bir hədis sənədlərinin çoxluğu və səhihliyi cəhətindən hansı həddə olmasına baxmayaraq qüvvədən düşür. Peyğəmbərimiz (s) və İmamlardan (ə) nəql edilən hədislər də açıq-aşkar bunu bildirir. Buna görə də İmamiyyə məzhəbinin üsulilərdən və mühəddislərdən olan böyük alimləri bu hədislərdən üz döndəriblər. Mühəddis Kaşani “əs-Safi” əsərində deyib:

“Təhrif rəvayəti Allahın kitabı ilə ziddiyət təşkil edir, onu yalanlayır. Elə isə onu kənara atmaq vacibdir”.[x]

Əgər kimsə buna da qarşı çıxıb desə ki, bu dövrə[xi] səbəb olur, yaxud desə ki, “onu” kəliməsi Peyğəmbərə aiddir (“ləhu”dakı hu əvəzliyi Peyğəmbərə qayıdır. Yəni “biz onu qoruyacağıq” deyəndə Peyğəmbərin (s) qorunması nəzərdə tutulur – tərc.) o zaman deyərik ki, bu rəvayətlər qeyd edilənlərə görə də kənara atılır:

Onlar Əhli-sünnənin rəvayətlərinə uyğundur.

Birincisi bu rəvayətlər Əhli-sünnəyə uyğundur. Çünki təhrif əqidəsində olmaq onların tabe olduğu məşhur səhabələrdən eləcə də onların məşhur öncül alimlərindən, hafizlərindən nəql edilib. Bu barədə olan hədislər onların ən mühüm kitablarında, ən etibarlı mənbələrində qeyd edilib.

Bu rəvayətlər və təhrifin olmadığını bildirən rəvayətlərin toqquşduğunu fərz etsək belə, bu (əhli-sünnəyə uyğun olma – tərc.) təhrif barədə olan hədislərin qüvvədən düşməsinin digər səbəbidir. Necə ki, Üsuli-fiqh elmində bu barədə bəhs edilir.

Həmin rəvayətlər nadirdir.

İkincisi həmin rəvayətlər istisna təşkil edən (çoxluğun xilafına olan azlıq – tərc.) və nadirdir. Təhrifin olmadığına dəlalət edən rəvayətlər isə məşhur və ya mütəvatir həddədir. Necə ki, Şeyx Kaşiful-ğita kimi və digər alimlərin sözlərində bu bəyan edilib.

Buna görə də həmin rəvayətlərin təhrifin olmadığını bildirənlər rəvayətlər müqabilində dayanmağa (təarüz təşkil etməyə) səlahiyyəti yoxdur. Əksinə Üsul elmində mövcud olan qayda bundan ibarətdir ki, məşhur olan rəvayəti götürüb nadir olan rəvayətdən əl çəkmək lazımdır.

Həmin rəvayətlər xəbəri-vahiddir.

Üçüncüsü isə, bütün qeyd etdiklərimizi kənara qoysaq belə heç şübhəsiz təhrif barədə olan rəvayətlər xəbəri-vahidlərdir. İmamiyyə məzhəbinin alimlərindən bir qrupu mütləq şəkildə xəbəri-vahidlərin höccət olmadığı nəzərini qəbul etmişlər. Höccət olduğunu deyənlər isə etiqadi məsələlərdə onlara önəm vermirlər. Bunu bir qrup alim açıq-aşkar bildirmişdir.


[i] Təhrif sözü işlənərkən ondan bir neçə məna qəsd edilə bilir. Bu da, sözün omonim olmasına görədir:

1. Bir şeyi öz yerindən dəyişmək və başqa yerə qoymaq.

2. Quranın qorunması və aradan getməməsilə bərabər hərf yaxud hərəkələrdə artım və ya azalmanın baş verməsi. Baxmayaraq ki, zahirdə digərindən fərqlənmir.

3.Nazil olan Quranın qorunması ilə birlikdə bir yaxud iki kəlimənin az və ya çox olması.

4. Nazil olan Quranın qorunmasıyla bərabər ayə və ya surənin artırılıb-azaldılması ilə baş verən təhrif.

5. Artırılmaqla baş verən təhrif. Belə ki, əlimizdə olan müshəfin bir hissəsi nazil olan Allah kəlamı deyil.

6. Azalmaqla baş verən təhrif. Belə ki, əlimizdəki müshəf nazil olan Quranın hamısını əhatə etmir.

Bizim araşdırma mövzumuz təhrifin son mənasıdır. Ümumi mənada təhrif deyəndə isə yuxarıdakı mənaların hamısını əhatə edən mənanı qəsd edirik – müəl.
Qeyd: Burada qeyd edilən mənaları daha yaxşı anlamaq istəyən Seyid Xoyinin “əl-Bəyan” kitabına müraciət edə bilər. Orada hər bir qism və onun misalı göstərilmişdir – tərc.

[ii] Qısacası məsumu görməyənin ondan vasitəni qeyd etmədən nəql etdiyi hədis – tərc. Daha ətraflı bax: Şeyx Cəfər Sübhani, “Üsulul-hədis və əhkamuh”, səh.107.

[iii] Bir neçə mənası var. Səhabəni görən şəxsdən və ya digər şəxsdən məsuma isnad edilmədən nəql edilən rəvayət. Eləcə də sənədindən bir şəxsin düşdüyü hədisə də deyilir – tərc. Daha ətaflı: Şeyx Cəfər Sübhani, “Üsulul-hədis və əhkamuh”, səh.102.

[iv] Sənəd etibailə mötəbər olan – tərc.

[v] Əl-Məsailut-Tarablusiyyat. Təbərsinin “Məcməul-bəyan”ı c.1, səh.15-dən nəqlən.

[vi] Kəşful-ğita fil-fiqh. Bunu Seyid Şərəfuddin “Əcvibətul-məsail” səh. 33-də oradan nəql edib.

[vii] Əcvibətu məsaili Carillah, səh.30.

[viii] Əl-Bəyan, səh.27.

[ix] Hicr surəsi, ayə 9.

[x] Təfsirus-safi, c.1 səh.46.

[xi] Ümumi şəkildə dövrün izahı: Yəni iddia edilsə ki, Quranın təhrif olunmadığında Quranın özünə, onun ayəsinə söykənilir. Halbuki o ayənin özünün təhrif edilmədiyinin dəlilə ehtiyacı var. Deməli bir şeyin isbatı onun özünə bağlı oldu. Bu da terminologiyada dövr adlanır. Lakin həqiqətdə burada dövr yoxdur. Çünki Qurana zidd olan hədisləri kənara atmağı bildirən çoxsaylı mötəbər hədislər mövcuddur. Yəni “Quranın qorunduğunu” bildirən ayəni götürməyi, o ayəyə zidd olan hədisi kənara atmağı əslində elə hədislər bizə tapşırıb. Elə isə Quranın təhrif olmaması Qurana bağlı olmadı. Necə ki, cənab Seyid (Allah onu hifz etsin) də bunu qeyd etdi. Təhrif barədə olan öncəki məqaləmizdə də o barədə olan müəyyən hədisləri Seyidin eyni kitabından qeyd etmişik – tərc.

Həmin məqalənin linki

 

Təhrif barədə olan bəzi rəvayətlər

Bu qeyd etdiklərimizdən sonra İmamiyyə məzhəbinin kitablarında mövcud olan rəvayətlərin ən mühümlərindən bir neçəsini qeyd etmək yaxşı olardı. Hansı ki, bəzi alimlər həmin rəvayətlərdən Quranın azalmasının anlaşıldığını iddia ediblər. Qeyd etmədiyimiz rəvayətlərin cavablarını oxucu bunlara uyğunlaşdırar.

Həmin rəvayətləri mətnləri ilə birlikdə qeyd etmək labüddür. Daha sonra isə sənədlərinə və müddəaya nə qədər dəlalət etdiyinə baxaraq onlar haqqında danışacaq, onlardan yaranan şübhələr, eləcə də, onlara nə şəkildə cavab veriləcəyini qeyd edəcəyik.

Bu rəvayətlərin ən mühümləri, hansı ki, təhrifi qəbul etmək üçün bunlara söykənmək olar, aşağıdakı rəvayətlərdir:

1. Cabirdən nəql edilir:

سمعت أبا جعفر عليه السلام يقول: ما ادّعى أحد من الناس أنّه جمع القرآن كلّه كما أُنزل إلاّ كذّاب، وما جمعه وحفظه كما نزّله اللّه تعالى إلاّ علي بن أبي طالب عليه السلام والأئمّة من بعده عليهم السلام

“Əbu Cəfərin (İmam Baqir ə.) belə dediyini eşitdim: İnsanlardan Quranın hamısını nazil olduğu şəkildə topladığını iddia edən hər kəs yalançıdır. Onu yalnız Əli ibn Əbu Talib (əleyhissəlam) və ondan sonrakı imamlar (əleyhimussəlam) Allahın nazil etdiyi şəkildə toplayıb və əzbər bilirlər (və ya qoruyub saxlayıblar – tərc.) ”.[i]

2. Cabirdən, o da İmam Baqirdən (ə) nəql edir ki, imam (ə) buyurub:

ما يستطيع أحد أن يدّعي أنّ عنده جميع القرآن كلّه ظاهره وباطنه غير الأوصياء

 “Vəsilərdən başqa heç bir şəxs iddia edə bilməz ki, Quranın hamısı, bütünlüklə zahiri və batini ilə birlikdə onda mövcuddur”.[ii]

3. Salim ibn Səlmədən nəql edilir:

قرأ رجل على أبي عبد اللّه عليه السلام ـ وأنا أستمع ـ حروفاً من القرآن ليس على ما يقرؤها الناس، فقال أبو عبد اللّه عليه السلام:

كفّ عن هذه القراءة، إقرأ كما يقرأ الناس، حتّى يقوم القائم، فإذا قام القائم عليه السلام قرأ كتاب اللّه عزّ وجلّ على حدّه وأخرج المصحف الذي كتبه علي عليه السلام.

وقال: أخرجه علي عليه السلام إلى الناس حين فرغ منه وكتبه، فقال لهم: هذا كتاب اللّه عزّ وجلّ كما أنزله اللّه على محمّد صلّى اللّه عليه وآله وسلّم، وقد جمعته بين اللوحين، فقالوا: هو ذا عندنا مصحف جامع فيه القرآن، لا حاجة لنا فيه. فقال: أما واللّه ما ترونه بعد يومكم هذا أبداً، إنّما كان عليَّ أنْ أُخبركم حين جمعته لتقرؤوه

 “Bir şəxs Əbu Abdullaha (İmam Sadiq ə.) Qurandan bir neçə sözü digər insanların oxuduğundan fərqli şəkildə oxudu. Mən də bu zaman qulaq asırdım. Ardıyca Əbu Abdullah (ə) buyurdu:

“Kifayətdir. Belə oxumağı dayandır. Qaimin (Allah zühurunu tezləşdirsin) qiyamına qədər insanların oxuduğu kimi oxu. Qaim (ə.f.) qiyam etdikdə Allahın kitabını öz şəklində oxuyacaq və Əlinin (əleyhissəlam) yazdığı müshəfi aşkar edəcək”.

İmam (ə. ardıyca) buyurdu: “Əli (ə) onu yazıb bitirdiyi zaman insanlara göstərdi və onlara dedi: “Bu Allahın kitabıdır, Muhəmmədə (s.a.a.s.) nazil etdiyi şəkildədir. Mən onu iki taxtanın (taxta və ya digər birşeydən olan üzlüyün) arasında cəm etmişəm (kitab halına salmışam – tərc.)”.  Camaat dedi: “Bizim də Quranın toplandığı bir müshəfimiz var. Ona ehtiyacımız yoxdur”. Əli (ə) buyurdu: “And olsun Allaha, siz ou bu gündən sonra görməyəcəksiniz. Mənim vəzifəm sadəcə onu topladıqda oxumağınız üçün xəbər verməkdən ibarət idi”.[iii]

4. Muyəssirdən, o da Əbu Cəfərdən (İmam Baqir ə.) belə dediyini nəql edir:

لولا أنّه زيد في كتاب اللّه ونقص عنه، ما خفي حقّنا على ذي حجى، ولو قد قام قائمنا فنطق صدّقه القرآن

 “Əgər Allahın kitabında artırılma və azaldılma olmasaydı, bizim haqqımız ağıl sahiblərinə gizli qalmazdı. Əgər Qaimimiz (ə.f.) qiyam edib danışsaydı, Quran onu təsdiq edərdi”.[iv]

5. Əsbəğ ibn Nəbatə deyir:

سمعت أمير المؤمنين عليه السلام يقول: نزل القرآن أثلاثاً: ثلث فينا وفي عدوّنا، وثلث سنن وأمثال، وثلث فرائض وأحكام

 “Əmirəl-mömininin (əleyhissəlam) belə buyurduğunu eşitdim: “Quran üç hissə şəklində nazil olub. Üçdə biri biz və bizim düşmənlərimiz barədədir, üçdə biri hekayələr və məsəllərdir, üçdə biri də vaciblər və hökmlərdir”.[v]

Əbu Abdullahdan (İmam Sadiq ə.) belə buyurduğu nəql edilir:

إنّ القرآن نزل أربعة أرباع: ربع حلال، وربع حرام، وربع سنن وأحكام، وربع خبر ما كان قبلكم ونبأ ما يكون بعدكم وفصل ما بينكم

 “Quran dörd hissə şəklində nazil olub: Dörddə biri halal, dörddə biri haram, dörddə biri qanunlar və hökmlər, dörddə biri isə sizdən öncə olanların xəbəri, sizdən sonra olacaqların məlumatı və aranızda olanı (ixtilafı, haqq və batili) ayırandır”.[vi]

Əbu Cəfərdən (İmam Baqir ə.) belə buyurduğu nəql edilir:

نزل القرآن أربعة أرباع: ربع فينا، وربع في عدوّنا، وربع سنن وأمثال، وربع فرائض وأحكام

 “Quran dörd hissə şəklində nazil olub: dörddə biri bizim, dörddə biri düşmənlərimiz barədə, dörddə biri hekayə və məsəllər, dörddə biri isə vaciblər və hökmlərdir”.[vii]

6. Muhəmməd ibn Süleymandan, o da bəzi yoldaşları vasitəsilə Əbulhəsəndən (İmam Kazımdan ə.) belə nəql edir:

قلت له: جعلت فداك، إنّا نسمع الآيات في القرآن ليس هي عندنا كما نسمعها، ولا نحسن أنْ نقرأها كما بلغنا عنكم فهل نأثم؟

فقال: لا، إقرؤوا كما تعلّمتم، فسيجيئكم من يعلّمكم

“İmama (ə) dedim: “Sənə fəda olum, biz (sizin yanınızda – tərc.) Quran ayələrini eşidirik, ama bizdə o ayələr eşitdiyimiz kimi deyil. Sizdən də bizə yetişən şəkildə oxuya bilmirik. Bununla günah etmiş oluruqmu?”

İmam buyurdu: “Xeyr, öyrəndiyiniz kimi oxuyun. Tezliklə sizi öyrədəcək şəxs gələcək”.[viii]

7. Əbu Abdullahdan (İmam Sadiq ə.) belə buyurduğu nəql edilir:

إنّ في القرآن ما مضى وما يحدث وما هو كائن، كانت فيه أسماء الرجال فأُلقيت، وإنّما الإسم الواحد منه في وجوه لا تحصى، يعرف ذلك الوصاة

 “Həqiqətən də Quranda keçmiş, indi baş verən və gələcəkdə olacaq (şeylərin xəbəri) var. Quranda şəxslərin adları var idi, lakin həmin adlar (Qurandan) atıldı. Amma onda tək bir adın belə saysız şəkilləri var (müxtəlif işarələrlə qeyd edilib – tərc.). Bunu da vəsilər bilir”.[ix]

8. Əbu Abdullahdan (ə) belə buyurduğu nəql edilir:

لو قد قرئ القرآن كما أُنزل لألفيتنا فيه مسمّين

“Əgər Quran nazil olduğu kimi oxunsaydı bizim orada adlandırıldığımızı görərdilər”.[x]

9. Bəzəntidən belə dediyi nəql edilir:

دفع إليّ أبو الحسن عليه السلام مصحفاً وقال: لا تنظر فيه، ففتحته وقرأت فيه (لَمْ يَكُنِ الَّذينَ كَفَرُوا) فوجدت فيها اسم سبعين رجلاً من قريش بأسمائهم وأسماء آبائهم، قال: فبعث إليّ: إبعث إليّ بالمصحف

“Əbulhəsən (ə) mənə bir müshəf verib dedi: “İçinə baxma”. Mən onu açıb “İnkar edənlər ...”[xi] ayəsini oxudum. Bu zaman orada Qureyşdən olan yetmiş şəxsin adları və atalarının adlarını gördüm”.

Ravi deyir: “Əbulhəsən (ə) mənə “müshəfi mənə göndər” deyə xəbər göndərdi”.[xii]

10. Əbu Cəfər Baqirdən (ə) nəql edilir ki, belə buyurub:

نزل جبرئيل عليه السلام بهذه الآية على محمّد هكذا: (وَإِنْ كُنْتُمْ في رَيْب مِمّا نَزَّلْنا عَلى عَبْدِنا ـ في علي ـ فَأْتُوا بِسُورَة مِنْ مِثْلِهِ)

“Cəbrail bu ayəni Muhəmmədə (sallallahu əleyhi və alihi və səlləm) belə nazil edib: “Əgər bəndəmizə - Əli barədə - nazil etdiyimiz haqqda şübhə içərisindəsinizsə o zaman onun kimi bir surə gətirin”[xiii].[xiv]

11. Abdullah ibn Sinandan, o da Əbu Abdullahdan (İmam Sadiq ə.) belə buyurduğunu nəql edir:

من كان كثير القراءة لسورة الأحزاب كان يوم القيامة في جوار محمّد صلّى اللّه عليه وآله وسلّم وأزواجه. ثمّ قال: سورة الأحزاب فيها فضائح الرجال والنساء من قريش وغيرهم. يا ابن سنان: إنّ سورة الأحزاب فضحت نساء قريش من العرب، وكانت أطول من سورة البقرة، ولكن نقصوها وحرّفوها

 “Hər kim Əhzab surəsini çox oxusa Qiyamət günü Muhəmməd (s.a.a.s.) və zövcələrinin yaxınlığında olar”. Daha sonra buyurdu: “Əhzab surəsində Qureyşdən olan və digər kişi və qadınların rəzillikləri var. Ey İbn Sinan, Əhzab surəsi ərəblərin Qureyşdən olan qadınlarının eyblərini açdı. O, Bəqərə surəsindən də uzun idi. Lakin onu azaldıb təhrif etdilər”.[xv]

12. Əbu Abdullahdan (ə) belə buyurduğu nəql edilir:

أنزل اللّه في القرآن سبعة بأسمائهم، فمحت قريش ستة وتركوا أبا لهب

“Allah Quranda yeddi nəfərin (barədə) adları (qeyd edilən ayə) nazil edib. Qureyş onların altısını silib Əbu Ləhəbi saxladı”.[xvi]

13. İbn Nəbatədən belə dediyi nəql edilir:

سمعت عليّاً عليه السلام يقول: كأنّي بالعجم فساطيطهم في مسجد الكوفة يعلّمون الناس القرآن كما أُنزل، قلت: يا أمير المؤمنين أو ليس هو كما أُنزل؟

فقال: لا، محي منه سبعون من قريش بأسمائهم وأسماء آبائهم، وما ترك أبو لهب إلاّ للازراء على رسول اللّه صلّى اللّه عليه وآله وسلّم، لأنّه عمه

“Əlinin (əleyhissəlam) belə dediyini eşitdim: Sanki əcəmi, onların çadırlarının Kufə məscidində olduğunu görürəm. (Həmin çadırlarda) Quranı nazil olduğu şəkildə insanlara öyrədirlər”.

(Ravi deyir) Dedim: “Ey Əmirəl-möminin, məgər Quran nazil olduğu şəkildə deyil?

Buyurdu: “Xeyr. Ondan Qureyşdən olan yetmiş nəfərin adları və atalarının adları silinib. Əbu Ləhəbin adı isə yalnız ona görə saxlanılıb ki, Peyğəmbər üçün bir eyb olsun (nəuzubillah, onun dəyərini insanların yanında düşürmək üçün adını saxladılar – tərc.) Çünki Əbu Ləhəb onun əmisi idi”.[xvii]

14. Əbu Bəsirdən, o da Əbu Abdullahdan (ə) Allahın bu sözü barədə belə nəql edir:

(وَمَنْ يُطِعِ اللّهَ وَرَسُولَهُ ـ في ولاية علي وولاية الأئمّة من بعده ـ فَقَدْ فازَ فَوْزًا عَظيمًا) هكذا نزلت

Kim – Əlinin və ondan sonrakı imamların vilayəti barədə -Allaha və Onun Elçisinə (onların göstərişlərinə) itaət etsə, böyük bir uğur (Cənnət) qazanar”[xviii] (ayəsi) bu şəkildə nazil olub”.[xix]

15. Munəxxəldən, o da Əbu Abdullahdan (ə) belə dediyini nəql edir:

قال: «نزل جبرئيل على محمّد صلّى اللّه عليه وآله وسلّم بهذه الآية هكذا: (يا أَيُّهَا الَّذينَ أُوتُوا الْكِتابَ آمِنُوا بِما نَزَّلْنا ـ في علي ـ نُورًا مُبينًا)

“Cəbrail Muhəmmədə (s.a.a.s.) bu ayəni belə nazil etdi: “Ey kitab verilən kəslər, Əli barədə - açıq-aşkar nur olaraq nazil etdiyimizə iman gətirin[xx]”.[xxi]

16. Abdullah ibn Sinan Əbu Abdullahdan (ə) Allahın bu sözü barədə belə dediyini nəql edir:

وَلَقَدْ عَهِدْنا إِلى آدَمَ مِنْ قَبْلُ ـ كلمات في محمّد وعلي وفاطمة والحسن والحسين والأئمّة عليهم السلام من ذريّتهم ـ فَنَسِيَ

Biz bundan əvvəl Adəmlə də - Muhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və onların zürriyyəsindən olan imamlar (əleyhimussəlam) barədə (bəzi) sözlərlə - əhd bağlamışdıq. Lakin o, əhdi unutdu ...”[xxii].[xxiii]

Bunlar həmin hədislərdən bir hissədir. İndi isə bir bir bu hədislərə diqqət edərək onların hər biri barədə hansı cavablar verildiyini yaxud təvilində nələrin qeyd edildiyini görək.

 


[i] Əl-Kafi, c.1, səh.178; Səffar da “Bəsairud-dərəcat”da səh.13-də bunu nəql etmişdir.

[ii] Əl-Kafi, c.1, səh.178; Bəsairud-dərəcat, səh.213

[iii] Əl-Kafi, c.2, səh.462.

[iv] Təfsirul-Əyyaşi, c.1, səh.13.

[v] Əl-Kafi, c.2, səh.459.

[vi] Həmin mənbə.

[vii] Həmin mənbə.

[viii] Həmin mənbə, səh.453.

[ix] Təfsirul-Əyyaşi, c.1 səh.12.

[x] Həmin mənbə, səh.13

[xi] Beyyinə surəsi, ayə 1.

[xii] Əl-Kafi, c.2 səh.461; Eləcə də bax “Biharul-ənvar”, c.89, səh.54.

[xiii] Bəqərə surəsi, ayə 23.

[xiv] Əl-Kafi, c.1, səh.345.

[xv] Səvabul-əmal, səh.100; Oradan da “Biharul-ənvar” c.89, səh.50-də.

[xvi] Ricalul-Kəşşi, səh.247; Oradan da “Biharul-ənvar” c.89, səh.54-də.

[xvii] Numani, Əl-Ğeybə, səh.318.

[xviii] Əhzab surəsi, ayə 71.

[xix] Əl-Kafi, c.1, səh.342.

[xx] Qeyd: Ayənin əvvəli Nisa surəsinin 47-ci ayəsinin başlanğıcıdır. Sonu isə eyni surənin 174-cü ayəsinin sonudur. Rəvayətdə bəzi sözlərin düşmə ehtimalı var. Eyni məzmunlu rəvayət İmam Baqirdən (əleyhissəlam) davamı 47-ci ayənin davamına uyğun olan şəkildə nəql edilib – tərc.

[xxi] Həmin mənbə, səh.344.

[xxii] Ta-ha surəsi, ayə 115.

[xxiii] Əl-Kafi, c.1, səh.345.

 

Bu hədislər barədə araşdırma.

1-ci hədis:

Hədisi Şeyx Kuleyni və Şeyx Səffar nəql edib. Hər ikisinin sənədində də “Ömər ibn Əbulmiqdam” mövcuddur. Rical alimləri bu şəxs barədə ixtilaf edib iki nəzər bildirmişlər. Necə ki, bəziləri bunu qeyd edib.[i]

2-ci hədis:

Onu da Şeyx Kuleyni və Səffar içində “Munəxxəl ibn Cəmil Əl-Əsədi” olan sənədlə nəql edib. Rical alimlərinin çoxu, hətta hamısı bu şəxsi zəif hesab edib, onun barədə deyiblər: “O, əqidəsi xarab olan biridir. İmamlar (əleyhimussəlam) barədə ğüluv əqidəsinə dəlalət edən hədislər nəql edir”.[ii]

Bununla belə bu hədisi və ondan öncəkini digər bir mənada izah etmək olar. Hansı ki, hədisin mətni də bu mənanı dəstəkləyir. Buna görə də Seyid Təbətabayi hər iki xəbər barədə belə deyib:

“Baxmayaraq ki, imamın (ə) “ ... Quranın hamısı onda mövcuddur ... (hədisin sonuna kimi)” cümləsindən Quranın sözləri anlaşılır və onda təhrifin baş verdiyini düşündürür, lakin “zahiri və batini ilə” sözləri ilə qeydlənməsi bunu ifadə edir ki, məqsəd Quranın hamısını adi şəkildə anlaşılan zahiri mənaları cəhətindən və adi şəkildə anlaşılan (lakin bir başa zahir olan yox, istinbat edilən, - tərc.) kəşf edilən mənaları cəhətindən bilməkdir (yəni, məqsəd bu deyil ki, insanlarda olan Quran tam deyil, hamısı yoxdur. Xeyr, məqsəd budur ki, Quranı mənaları ilə, təfsiri ilə bütünlükdə doğru şəkildə bilən başqa bir kəs yoxdur. Digər insanlar yalnız az bir qisim məlumata sahibdirlər. Heç biri tam deyil – tərc.) ... ”.[iii]

Seyid Əli ibn Məsum Mədəni bu iki hədisi Əmirəl-mömininin (ə) və onun övladlarından olan vəsilərin (ə) Quranda olanların hamısını qəti şəkildə, ilahi yardım, rəbbani ilham və Peyğəmbər təlimi sayəsində bildiklərinə dəlil olaraq gətirdiyi hədislər arasında qeyd edib. Qeyd edib ki, hər iki məzhəbdən bu barədə olan hədislər təvatür həddədir. Nicat tapan firqə də bu barədə icma edib. Ağıl da bu barədə nəqlə müvafiqdir.[iv]

Şeyx Səffar Qummi qeyd edilən iki hədislə eyni mənada olan başqa bir hədis nəql etmişdir. Hədisin mətni və sənədi belədir:

“Cəfər ibn Əhməd Əbdulkərim ibn Əbdürrəhimdən, o, Muhəmməd ibn Əli Qərəşidən, o, Muhəmməd ibn Fuzeyldən, o, Sumalidən, o da Əbu Cəfərdən (İmam Baqir ə.) belə buyurduğunu nəql edir:

ما أحد من هذه الأُمّة جمع القرآن إلاّ وصي محمّد صلّى اللّه عليه وآله وسلّم

“Muhəmmədin (s.a.a.s.) vəsisindən (ə) savayı bu ümmət içərisində heç bir şəxs Quranı toplamayıb”.[v]

Lakin rəvayətin sənədində Muhəmməd ibn Əli Qərəşi var.[vi]

Üçüncü hədis:

Onun ravisi “Salim ibn Səlmə” yaxud “Salim ibn Əbu Səlmə”dir. Rical kitablarından hər hansı birinə müraciət etmək alimlərin bu şəxs barədə fikrini öyrənmək üçün kifayətdir. Onu İbn Ğəzairi, Nəcaşi, Əllamə Hilli, Şeyx Məclisi və digərləri zəif hesab etmişlər.[vii] Hədis Əmirəl-mömininin (əleyhissəlam) topladığı Quranla bizim əlimizdə olan Quranın fərqli olduğunu ifadə edir. Bu barədə “Şübhələr” bölümündə danışacağıq.[viii] Eləcə də ağamız İmam Mehdinin (əleyhissəlam) dövründəki Qurani-Kərimin bu Quranla fərqliliyini bildirir. Qeyd edilən fəsldə bu barədə də danışılacaq.

Dördüncü hədis:

Şeyx Əyyaşinin öz təfsirində qeyd etdiyi rəvayətlərdəndir.[ix] Şeyx Hürr Amili həmin hədisi ondan aşağıdakı şəkildə nəql etmişdir:

“Meysərdən (Yəni Əyyaşi Meysərdən nəql edir, o da) Əbu Cəfərdən (ə) belə buyurduğunu nəql edir: “Əgər Allahın kitabında artırılma və azaldılma olmasaydı, bizim haqqımız ağıl sahiblərinə gizli qalmazdı. Əgər Qaimimiz (ə.f.) qiyam edib danışsaydı, Quran onu təsdiq edərdi”.[x]

Bütün müsəlmanların Quranda artırılma baş verməməsi barədə etdikləri icma bu hədisi batil edir. Bu icmanı Seyid Mürtəza, Şeyxut-Taifə (Şeyx Tusi), Şeyx Təbərsi (Allah onlardan razı olsun) iddia etmişdir.

Babamız Seyid Milani[xi] deyib: “Bununla belə heç bir şəxs (Quranda) artırılma olduğu nəzərini qəbul etməyib”. Seyid Xoyi təhrifin mənalarını izah edərkən deyir:

“Beşinci: Artırılmaqla baş verən təhrif. Belə ki, əlimizdə olan müshəfin bir hissəsi nazil olan Allah kəlamı deyil. Təhrifin bu mənası müsəlmanların icması ilə batildir. Hətta bu batil olması açıq-aşkar bilinən (bədihi) məsələlərdəndir”.[xii]

Beşinci hədis:

Şeyx Məclisi (Allah ona rəhmət eləsin) onun məchul olduğunu bildirmişdir.[xiii]

Ondan sonrakı iki hədisin birincisi barədə: “O mursəldir[xiv][xv], ikincisi barədə: “O müvəssəqdir”[xvi] demişdir.

Bu hədislərdən anlaşılan odur ki, (Məclisi, Feyz Kaşani və Kafinin şərhçisi kimi bir qrup alim inkar etsə də) bunlar bir birinə ziddir. Necə ki, Seyid Abdullah Şübbər bunu bildirmiş[xvii], Seyid Haşim Məruf Həsəni də öz “Dirasat”ında açıqlamışdır.

Altıncı hədis:

Şeyx Məclisi onu zəif hesab etmişdir.[xviii] Muhəddis Kaşani isə “əl-Vafi”də hədisi belə təvil edir ki, hədisdə deyilən ayələrdən qəsd edilənlər (əslində) vəhy məhsulu olub təfsir və izah qəbilindən olan, həqiqətdə Qurani-Kərimdən olmayan şeylərdir. (Ona görə də doğru deyil ki) hədisin Quranın azaldırmasına dəlalət etdiyi deyilsin.

Yeddinci hədis:

O, Şeyx Səffar və Şeyx Əyyaşinin rəvayətlərindəndir.[xix] Hər halda onlar hədisi İbrahim ibn Ömərdən nəql ediblər. Rical alimləri də bu şəxsin siqə yoxsa zəif hesab edilməsində ixtilafdadırlar.[xx]

Deyilə bilər ki: Həmin atılmış sözlər orada Quranın sözlərinin təfsiri, qəsdin açıqlanması üçün mövcud idi. Quranın özü olaraq nazil olmamışdı. Necə ki, oxşar hədislərdə bu sözlər deyilib.

Səkkizinci hədis:

Şeyx Əyyaşi mürsəl olaraq “Davud ibn Fərqəddən, o, “ona xəbər verən şəxs”dən, o da ondan (əleyhissəlam) (ravi məsumun adını çəkmir, şəxs əvəzliyi ilə işarə edir – tərc.)” nəql edib. Eləcə də bu hədisə sonrakı hədislərə verilən cavablar da verilə bilər.

Doqquzuncu hədis:

Şeyx Kuleyni onu Bəzəntidən nəql edib. Şeyx Məclisi deyib: “Hədis mürsəldir”.[xxi] “Əl-Kafi”nin şərhçisi də hədisin mərfu olduğunu bildirib.

Şeyx Kəşşi də ondan oxşar hədis nəql edib.[xxii] Onun rəvayətlərində olan məsələlər qeyd ediləcək.

Bundan əlavə Muhəddis Kaşani hədisdən sonra deyir:

“Yəqin məqsəd budur ki, o, adları kafirlər və müşriklərin təfsiri olaraq həmin müshəfdə görüb. Hansı ki, bu adlar vəhyə əsaslanır. Nəyinki bu adlar Quranın hissələrindən idi ...

Bu qəbildən məsumlardan nəql edilən bütün rəvayətlər də belədir (mövcud olan əlavələr təfsir və izahlardır – tərc.)”[xxiii]

 


[i] Tənqihul-məqal, c.2, səh.323.

[ii] Həmin mənbə, c.3, səh.247.

[iii] Haşiyətul-Kafi, c.1, səh.228.

[iv] Şərhu Səhifətis-Səccadiyyə, səh.401.

[v] Səffar, Bəsairud-dərəcat. Oradan da “Buharul-ənvar” c.89, səh.48-də. Eləcə də bax: Miratul-uqul, c.2, səh.535.

[vi] Tənqihul-məqal, c.3, səh.151.

[vii] Həmin mənbə, c.2, səh.4.

[viii] İmam Əlinin (ə) və İmam Mehdinin (ə.f.) müshəflərinin əlimizdəki Quranla fərqi barədə olan həmin hissəni də oxucular üçün tezliklə tərcümə edib paylaşacağıq – tərc.

[ix] Təfsirul-Əyyaşi, c.1, səh.13.

[x] İsbatul-Hudat bin-nususi vəl-mucizat, c.3, səh.43.

[xi] Seyid Əli Milaninin babası, mərhum mərcəi-təqlid Seyid Muhəmməd Hadi Milani – tərc.

[xii] Əl-Bəyan, səh.218.

[xiii] Miratul-uqul, c.12, səh.517.

[xiv] Qısacası: məsumu görməyənin ondan vasitəni qeyd etmədən nəql etdiyi hədis – tərc. Daha ətraflı bax: Şeyx Cəfər Sübhani, “Üsulul-hədis və əhkamuh”, səh.107.

[xv] Həmin mənbə.

[xvi] Həmin mənbə.

[xvii] Məsabihul-ənvar fi həlli muşkilatil-əxbar, c.1, səh.294.

[xviii] Miratul-uqul, c.12, səh.506.

[xix] Müəllif Əyyaşi barədə danışdığı bölümdə sonda bu cümlələri qeyd edir:

“O, özlüyündə siqə şəxs olsa da zəiflərdən çox nəql edirdi. Məlum olduğu kimi onun təfsirindəki xəbərlər mürsəldir...”

[xx] Tənqihul-məqal, c.1, səh.27.

[xxi] Miratul-uqul, c.12, səh.521.

[xxii] Ricalul-Kəşşi, səh.492.

[xxiii] Əl-Vafi, c.2, səh.273.

 

Onuncu hədis:

Eləcə də Şeyx Kuleyni, Şeyx Qummi və digərlərinin nəql etdiyi bu kimi hədislər Əmirəl-mömininin (əleyhissəlam) adının, Muhəmməd ailəsinin (s) adlarının, “vilayət” sözünün, münafiqlərin adlarının və digər şeylərin Qurandan silindiyinə dəlalət edən hədislərdəndir.

Mühəddis Kaşaninin bu hədislərin sənədinin səhih olmadığını bildirməsi ilə bu rəvayətlərin sənədinə bir-bir baxmağa ehtiyac qalmır. O, rəvayətlərin səhih olduğu fərz edilsə belə onlara belə məna verir ki, (rəvayətlərin çatdırmaq istədiyi məna budur ki, - tərc.) Quran bu mənada nazil olub. Nəyinki nazil olan Quranın əsli bu şəkildə idi, daha sonra onlar silindi.

Daha sonra isə Mühəddis (Allah ona rəhmət etsin) deyir: “Səhih olduğu təqdirdə həmin hədislərin zehnimə gələn təvili bu şəkildədir ...”[1]

Seyid Xoyi deyir:

“Bu qrupdan olan hədislərlə gətirilən dəlilin cavabı: “Biz əvvəldə də izah etdik ki, nazil olanın bir hissəsi Quranın təfsiri qəbilindəndir. Quranın özü deyil. Elə isə labüddür ki, nazil olan zaman imamların (ə) adlarının qeyd edilməsi barədə olan rəvayətlərə bu mənanı verək. Əgər belə bir məna vermək düzgün olmazsa həmin rəvayətlər atılar. Çünki onlar Qurana, sünnəyə və Quranın təhrif edilmədiyi barədə əvvəldə qeyd edilən dəlillərə ziddir.

Mütəvatir həddə olan rəvayətlər hədislərin Qurana və sünnəyə təqdim edilməsinin (Quranla yoxlanılması – tərc.) vacib olduğuna, onlardan Qurana zidd olanlarının isə atılıb divara vurulmasının vacib olduğuna dəlalət edir”.

Həmçinin Seyid deyir: “Əmirəl-mömininin (əleyhissəlam) adının Quranda açıq-aşkar bildirilmədiyinin dəlillərindən biri “əl-ğədir” hədisidir. Bu hədis açıq aşkar bildirir ki, Peyğəmbər (s) Əlini (ə) bu məqama yalnız Allahdan gələn əmrlə, bu barədə təkid edildikdən sonra, Allahın ona insanlardan qoruyacağını vəd etdikdən sonra təyin edib. Əgər Əlinin adı Quranda olsaydı bu təyinə, həmin müsəlmanlardan ibarət toplumu bunun üçün hazırlamağa ehtiyac qalmaz, Peyğəmbər (s.a.a.s.) bunu açıqlamaqdan çəkinməzdi ki, təbliğ məsələsində də (Allah tərəfindən – tərc.) təkid edilməsinə ehtiyac olsun”.

Sırf bu hədis barədə isə deyib:

“Bununla belə “əl-Kafi”də rəvayət edilən sonuncu hədisin özlüyündə doğru olma ehtimalı olmayan rəvayətlərdəndir. Çünki nübuvvətin isbatı və Quranın bənzərini gətirmək barədə rəqabətə çağıran zaman Əlinin (əleyhissəlam) adının çəkilməsi həmin halla münasib deyil.”

Deyir: “Bu rəvayətlərin hamısı Əbu Bəsirin “əl-Kafi”dəki səhih rəvayəti ilə ziddiyət təşkil edir. O deyir:

قال: سألت أبا عبد اللّه عليه السلام عن قول اللّه تعالى: (أَطيعُوا اللّهَ وَأَطيعُوا الرَّسُولَ وَأُولِي اْلأَمْرِ مِنْكُمْ)  قال: فقال: نزلت في علي بن أبي طالب والحسن والحسين عليهم السلام. فقلت له: إنّ الناس يقولون: فما له لم يسمّ عليّاً وأهل بيته في كتاب اللّه؟

قال عليه السلام: فقولوا لهم: إنّ رسول اللّه صلّى اللّه عليه وآله وسلّم نزلت عليه الصّلاة ولم يسمّ لهم ثلاثاً ولا أربعاً، حتّى كان رسول اللّه صلّى اللّه عليه وآله وسلّم هو الّذي فَسَّرَ لهم ذلك... .

“Əbu Abdullahdan (İmam Sadiq əleyhissəlam) Allahın bu ayəsi haqqda soruşdum: “Allaha itaət edin. Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin”.[2]

Ravi deyir ki, İmam (ə) buyurdu: “Ayə Əli, Həsən və Hüseyn (əleyhimussəlam) barədə nazil olub”.

Ona dedim: “Nəyə görə Allahın kitabında Əli və onun Əhli-beytinin (ə) adı çəkilməyib?

İmam buyurdu: “Onlara deyin: “Allahın Peyğəmbərinə (s) namaz (barədə ayə) nazil oldu. Lakin onlar üçün üç, dörd (rukət qılmaları barədə birşey) demədi. Belə ki, Peyğəmbər (s.a.a.s.) onlar üçün bunu izah edirdi”.

Bu səhih hədis o rəvayətlərin hamısı barədə hökm edir və onlarda nəyin qəsd edildiyini izah edir”.[3]

Bundan əlavə Şeyx Bəhainin də bu sözünü qeyd etmişdik:

“Əmirəl-mömininin adının Allahın bu “Ey Peyğəmbər, sənə - Əli barədə - nazil ediləni çatdır”[4] sözündəki və digərləri kimi Quranın bəzi yerlərindən silinməsi barədə camaat arasında məhşur olanlar alimlərin nəzərində qeyri-mötəbərdir”.[5]

On birinci hədis:

Rəvayətin sənədinə baxmadan ona belə cavab verilər ki, Şeyx Təbərsi (Allah ona rəhmət eləsin) və digərləri onu İbn Sinandan “daha sonra buyurdu: ...” hissəsi olmadan nəql ediblər.[6]

Həmçinin hədisin özü və eləcə də Peyğəmbərdən olan digər iki hədis[7] dəlildir ki, Əhzab surəsi Peyğəmbərin (s.a.a.s.) dövründə yazılmışdı.

Hədisin səhihliyini qəbul etsək ona əvvəldə bənzər hədislərə verilən cavablarla da cavab vermək olar.

Bütün bunlardan sonra isə bu hədisi səhih bilib ona söykənən şəxsdən tələb edə bilərik ki, bu qədər çox ayənin hara yoxa çıxdığını bizim üçün isbat etsin və ayələrin digər müsəlmanlar bilmədən Qurandan necə yoxa çıxdığını və yaxud çıxarıldığını qeyd etsin.

Məgər səmadan hər nazil olduqca Quranı əldə edib, onu öyrənmək üçün (müsəlmanları bu işə təşviq edən) amillər mövcud deyildimi?! Məgər surələr elə nazil olmasıyla Peyğəmbərin (s.a.a.s.) əmrinə əsasən müsəlmanların arasında yayılıb evlərində oxunmurdumu?!

On ikinci hədis:

Şeyx Kəşşinin rəvayətlərindəndir. Həmin rəvayətlər barədə də ümumi şəkildə danışılacaq.[8]

On üçüncü hədis:

Hədisə müraciət edən şəxslərin anlayacağı kimi, sənədi güclü deyil. Həmçinin Şeyx Numaninin özü başqa iki hədis nəql edib:

Birincisi: Həmçinin İmam Əlidəndir (əleyhissəlam). Buyurub:

كأنّي أنظر إلى شيعتنا بمسجد الكوفة، قد ضربوا الفساطيط يعلّمون الناس القرآن كما أنزل

“Sanki mən Kufə məscidindəki şiələrimə baxıram. Çadırları (və ya altında oturmaq üçün kölgəliklər – tərc.) qurmuş insanlara Quranı nazil olduğu şəkildə öyrədirlər”.[9]

İkincisi: İmam Sadiqdəndir (əleyhissəlam). Buyurub:

كأنّي بشيعة علي في أيديهم المثاني يعلّمون الناس

“Sanki Əlinin şiələri ilə bir yerdəyəm. Onların əllərində ayələr var, Quran öyrədirlər”.[10]

Bu iki hədis qeyd edilən hədislə ziddiyət təşkil edir.

Bundan daha aydını isə İmam Baqirin (əleyhissəlam) sözüdür:

إذا قام القائم من آل محمّد ضرب فساطيط لمن يعلّم الناس القرآن على ما أنزله اللّه عزّ وجلّ، فأصعب ما يكون على من حفظه اليوم، لأنّه يخالف فيه التأليف

“Muhəmməd ailəsindən (s) olan Qaim (Allah zühurunu tezləşdirsin) qiyam etdikdə insanlara Quranı Allahın nazil etdiyi şəkildə öyrədəcək şəxslər üçün çadırlar (və ya altında oturmaq üçün kölgəliklər) quracaq. (Həmin gün öyrənmək) Bu gün Quranı əzbərləyən şəxslər üçün daha çətin gələcək. Çünki həmin Quranda tərtib fərqli olacaq”.[11]

İmamın “tərtib fərqli olacaq” sözü barədə düşünün. Çünki bu söz qarşıda bizə fayda verəcək.[12]

Qalan hədislərə (on dörd, on beş, on altıncı) gəlincə isə Şeyx Məclisi onların hamısının zəif olduğunu bildirmişdir.[13] Əlavə olaraq da bənzər hədislərə verilən cavablar bu hədislərə də verilə bilər.

 

Məqalə Seyid Əli Milaninin “ət-Təhqiq fi nəfyit-təhrif” kitabından tərcümə edilmişdir.

Tərcümə etdi: Əbdüssəməd Qurbanov

Besiret.az


[1] Həmin mənbə, səh.274.

[2] Nisa surəsi, ayə.59.

[3] Əl-Bəyan, səh.178-179.

[4] Maidə surəsi, ayə. 67.

[5] Alaur-Rahmən, səh.26-da ondan nəql edilib.

[6] Məcməul-Bəyan, c.4, səh.334.

[7] Məcməul-bəyan. Əhli-sünnə də onu öz mötərəb kitablarında nəql etmişdir. Onlardan “əd-Durrul-mənsur”, c.5, səh.179-a bax. Bir neçə hədis kitabından nəql edilmişdir.

[8] Müəllif daha sonra Şeyx Kəşşi barədə danışdığı bölmədə deyir:

“... Qeyd edilənlərin işığında (deyə bilərik ki,) Kəşşi təhrif əqidəsində olanlardan deyil. Onun “ər-Rical”ında gələn rəvayətlərə də istinad etmək olmaz. Çünki o, Nəcaşinin də dediyinə əsasən zəiflərdən çox nəql edərdi ... Bu kitabın rəvayətlərinin heç bir etibarlılığı yoxdur...”

[9] Numani, “əl-Ğeybə”, səh.317.

[10] Həmin mənbə, səh.318.

[11] Rovzatul-vaizin, səh.265; Şeyx Mufid, “əl-İrşad”, səh.365.

[12] İmam Əli və İmam Mehdinin (əleyhiməssəlam) müshəfləri barədə olan hissəyə işarə edir. O hissənin tərcüməsini də tezliklə oxucular üçün paylaşacağıq.

[13] Miratul-uqul, c.5, səh.14,29.

Рейтинг

В этом разделе