»»

“17000 ayədən ibarət olan Quran” hədisinin araşdırılması

Bu günə qədər şiələri Quranın təhrifinə etiqad bəsləməkdə ittiham etməyə əsas verən ən məşhur və "ən səhih" hədislərdən biri və bəlkə də ən birincisi "əl-Kafi" kitabında rəvayət olunan "17000 ayə hədisi"dir.

علي بن الحكم، عن هشام بن سالم، عن أبي عبدالله عليه السلام قال: إن القرآن الذي جاء به جبرئيل عليه السلام إلى محمد صلى الله عليه وآله سبعة عشر ألف آية.(3)
________________________
(3) - قد اشتهر اليوم بين الناس أن القرآن ستة آلاف وستمائة وست وستون آية وروى الطبرسى (ره) في المجمع عن النبى صلى الله عليه وآله أن القرآن ستة آلاف ومائتان وثلاث وستون آية

Əli b. əl-Həkəm, Hişam b. Səlimdən rəvayə edir ki, Əbu Əbdullah (ə) dedi: "Cəbrayılın Hz.Məhəmməd əleyhissəlama gətirdiyi Quran 17000 ayə idi."

(3) nömrəli izahda oxuyuruq:
___________________________
(3) "Bu gün camaat arasında məşhur olan budur ki, Quran 6666 ayədir. ət-Təbərsi (r.) "əl-Mucmə"də peyğəmbər s.a.s.-dən 6263 ayə olduğunu nəql etmişdir. Ola bilsin ixtilaf ayələrin təhdidi səbəbinədir."

"əl-Kafi", Nadirlər fəsli, 2/634, №28

Bu hədis barədə şiə alimləri müxtəlif fikirlər səsləndirmişdir.

Mərhum Kuleyni bu hədisin şazz[1] olduğunun fərqində olub və ona görə də bunu "Nadirlər" fəslində zikr edib.

Şeyx Səduq isə deyir:

بل نقول: إنه قد نزل الوحي الذي ليس بقرآن، ما لو جمع إلى القرآن لكان مبلغه مقدار سبعة عشر ألف آية

Əksinə, biz deyirik: Quran olmayan vəyhlər nazil olmuşdur ki, əgər Quranda cəm olunsa idi 17 000 ayə olardı.
Şeyx Səduq, "əl-Etiqadat", səh.84-85

Müxaliflərə, bizə irad tutmaq əvəzinə öz mənbələrində olan hədislərə izah vermələrini xahiş edirik. Siyahını çox uzatmadan bir misalla kifayətlənirik:

Ömər ibni Xəttab nəql edir: "Quran hərflərinin sayı bir milyon iyirmi yeddi min hərf idi." (Cəlaləddin Suyuti, "Ət-itqan fi ulumil-Quran, c. 2, s. 53) Bu isə Qurandan təxminən 3 dəfə çox deməkdir.

Bəzi əxbarilər (əxbarilər üsuli şiələrdən xüsusən hədisə münasibətdə fərqlənirlər) hədisə olan münasibətin zəruriyyətindən irəli gələn məsələlərə görə Quranın təhrif olduğunu deyərək, böyük xətaya yol vermişlər. Bəs görəsən doğrudanmı bu hədis "səhih"dir?

Əldə bayraq edilən məsələlərdən biri budur ki, Şeyx Məclisi bu hədisi "səhih" adlandırıb. Əvvəla qeyd etmək lazımdır ki, "səhih" yox, "müvəssəq"[2].

İkincisi, Əllamə Məclisi məsum imam, yaxud peyğəmbər deyil ki, səhvlərdən uzaq olsun. Sələfi "qardaşlar" demişkən, ictihadında səhv edib, 1 savab qazanıb.

İlk baxışdan hədisin isnadına baxsaq, onun "zəif" olması nəticəsinə gəlmək olar. Çünki, İmam Sadiqə (ə) qədər cəmi iki ravi: Əli b. əl-Həkəm və Hişam b. Səlim iştirak edir. Mərhum Şeyx Kuleyni isə Əli b. əl-Həkəmi görməyib. Əslində bu hədisin ravi zənciri belə deyil.

Məlumdur ki, Şeyx Kuleyni "əl-Kafi" toplumunda, əgər bir hədis öncəki hədisin isnadı ilə müəyyən raviyədək eynidirsə, həmin hissəni təkrarən yazmır.

"17 000 ayə hədisi"nin ravi zənciri belə idi:

علي بن الحكم، عن هشام بن سالم، عن أبي عبدالله عليه السلام قال

Əli b. əl-Həkəm - Hişam b. Səlim - Əbu Əbdullah...

Bu hədisdən öncəki hədisə nəzər salsaq, oradakı isnadın ...

محمد بن يحيى، عن أحمد بن محمد، عن علي بن الحكم، عن عبدالله بن فرقد والمعلى بن خنيس قالا

Məhəmməd b. Yəhya - Əhməd b. Məhəmməd - Əli b. əl-Həkəm ...

... kimi olduğunu görərik.

Bu, o deməkdir ki, əslində "17 000 ayə hədisi"nin də isnadında Əli b. əl-Həkəmdən öncə Əhməd b. Məhəmməd Məhəmməd b. Yəhya var. Yəni, tam sənəd belədir:

محمد بن يحيى، عن أحمد بن محمد، عن علي بن الحكم، عن هشام بن سالم، عن أبي عبدالله عليه السلام قال

Məhəmməd b. Yəhya - Əhməd b. Məhəmməd - Əli b. əl-Həkəm - Hişam b. Səlim - Əbu Abdullah (ə) ...

İstənilən rical alimi, yaxud mühəddis bu isnada baxıb ilk baxışdan "güclü ravilərdir" qərarını verər. Ancaq bir az dərindən analiz etsək bunun heç də belə olmadığını görərik.

Yol verilən yanlışlıqlar isnaddakı أحمد بن محمدƏhməd b. Məhəmməd ilə bağlıdır. İlk baxışdan onun Əhməd b. Məhəmməd b. İsa olduğunu düşünənlər xəta ediblər. Əslində, o, Əhməd b. Məhəmməd Səyyardır (əs-Səyyari), hansı ki, zəifliyində ittifaq edilib. İrəlidə bu fikrə gəlməyimizin səbəbini açıqlayacağıq inşaAllah.

Əhməd b. Məhəmməd əs-Səyyari aşağıdakı alimlər tərəfindən "çox zəif", "ğuluv", "batil məzhəbli" adlandırılmışdır:

1. İbn əl-Qədairi, Kitab əl-Duəfa, səh. 40, ravi №11
2. əl-Nəcaşi, Rical, səh.80, ravi №192
3. əl-Tusi, Fehrist, səh.57, ravi №70
4. əl-Hilli, əl-Xülasə, səh.203, ravi №9 və səh. 268, ravi №27
5. əl-Xoi, Mucəm Rical əl-Hədis, c.2, səh.282, ravi №874


Şeyx Tusi onun haqqında yazır:

أحمد بن محمد بن سيّار أبو عبد اللّه الكاتب، بصري، كان من كتّاب آل طاهر، في زمن أبي محمد عليه السلام ويعرف بالسيّاري، ضعيف الحديث، فاسد المذهب، مجفو الرواية، كثير المراسيل، وصنّف كتباً كثيرة، منها: كتاب ثواب القرآن، كتاب الطب، كتاب القراءة، كتاب النوادر.
أخبرنا بالنوادر خاصّة: الحسين بن عبيداللّه، عن أحمد بن محمد بن يحيى، قال: حدّثني أبى، قال: حدّثنا السيّاري، ألاّ بما كان فيه من غلوّ وتخليط

Əhməd b. Muhəmməd b. Səyyar Əbu Əbdullah əl-Katib, bəsrəli, Əbu Muhəmmədin (a) zamanında Ali Tahirin katiblərindən olmuşdur. əs-Səyyari kimi tanınır. Hədisdə zəifdir, məzhəbi xarabdır, mursəl hədisləri çoxdur. Çoxlu kitabların müəllifidir. Səvab əl-Quran, ət-Tibb, əl-Qiraət, ən-Nəvadir kitabları onun yazmış olduğu kitablarındandır.

Bizə nadirləri (nadir hədisləri) xəbər verdi: Xüsusəndə əl-Huseyn b. Ubeydullah Əhməd b. Muhəmməd b. Yəhyadan. Dedi: Atam (yəni, Məhəmməd b. Yəhya) mənə təhdis etdi. Dedi: əs-Səyyari bizə içərisində ğuluv və qarışıqlar olanlardan başqa təhdis etdi.
əl-Tusi, Fehrist, səh.57, ravi №70

"əl-Qiraət" kitabı barədə bir az sonra danışacağıq. Diqqət edin ravilər zəncirinə: Əhməd b. Məhəmməd b. Yəhya, atası Məhəmməd b. Yəhyadan rəvayət edir və Məhəmməd b. Yəhya isə Əhməd b. Məhəmməd əs-Səyyaridən rəvayət aldığını qeyd edir.

له كتب وقع إلينا منها كتاب ثواب القرآن، كتاب الطب، كتاب القراءات، كتاب النوادر، كتاب الغارات، أخبرنا الحسين بن عبيد الله قال حدثنا أحمد بن محمد بن يحيى و أخبرنا أبو عبد الله القزويني قال حدثنا أحمد بن محمد بن يحيى، عن أبيه قال حدثنا السياري، إلا ما كان من غلو و تخليط

Onun kitabları vardır. Bizim əlimizə həmin kitablardan Səvab əl-Quran, ət-Tibb, əl-Qiraət, ən-Nəvadir, əl-Ğarat gəlib çatmışdır. əl-Huseyn b. Ubeydullah bizə xəbər verdi, dedi: Əhməd b. Muhəmməd b. Yəhya və Əbu Əbdullah əl-Qazvini bizə təhdis etdi, dedi: Əhməd b. Muhəmməd b. Yəhya bizə atasından (Məhəmməd b. Yəhya) təhdis etdi, dedi: əs-Səyyari bizə ğuluv və qarışıq olanlardan başqa təhdis etdi.
əl-Nəcaşi, Rical, səh.80, ravi №192

Şeyx Tusi kimi, Nəcaşi də eyni ravilər silsiləsini qeyd etmişdir. Bu silsilədə "17000 ayə hədisi"ni əs-Səyyaridən rəvayət edən Məhəmməd b. Yəhya da var.

Həmin bu Əhməd b. Məhəmməd əs-Səyyarinin kitablarından biri olan "əl-Qiraət"də eyni ilə "əl-Kafi"dən gətirdiyimiz "17000 ayə hədisi" eyni sözlərlə və eyni ravi silsiləsi ilə qeyd edilmişdir. Nuri Təbərsidə əs-Səyyarinin "əl-Qiraət" kitabı var idi və o, bu hədisi öz kitabında olduğu kimi qeyd edib:

احمد بن محمد السياري في كتاب القراءات عن علي بن الحكم عن هشام بن سالم قال قال أبو عبدالله عليه السلام : القرآن الذي جاء به جبرئيل(ع) إلى محمد صلى الله عليه وآله عشرة الف آية

Əhməd b. Məhəmməd əs-Səyyari özünün "əl-Qiraə" kitabında Əli b. əl-Həkəmdən, o da Hişam b. Səlimdən rəvayət edir ki, Əbu Abdullah (ə) dedi: "Cəbrayılın Hz.Məhəmməd əleyhissəlama gətirdiyi Quran 10000 ayə idi."
əl-Nuri ət-Təbərsi, "Fəsl əl-Kitab", səh.235

Bu hədisin ardınca əl-Nuri ət-Təbərsi yazır:

كذا في نسختي وهي سقيمة والظاهر سقوط كلمة سبعة قبل عشرة لاتحاده متناً وسنداً لما في الكافي

Mənim nüsxəmdə də bu cürdür. Onda yanlışlıq var. əl-Kafidə olanla (hədislə) mətn və sənəd baxımından eyni olduğundan zahir olan budur ki, yeddi sözü on sözünün əvvəlindən düşmüşdür.

əl-Nuri ət-Təbərsi qeyd edir ki, onda olan əs-Səyyarinin kitabının nüsxəsində "on" sözündən qabaqkı "yeddi" sözü düşübdür və əslində hədisdə 10 000 ayə yox, 17 000 ayə nəzərdə tutulub. Həmçinin, bu hədisin "əl-Kafi"dəki hədislə eyni sənədə malik olmasını da qeyd edir.

əs-Səyyarinin kitabı hal-hazırda əlimizdədir, Əlhəmdülillah. Biz bu hədisin həqiqətən olub-olmadığını, hansı sənədlə gəldiyinə baxaq.

Göründüyü kimi, hədis "əl-Kafi"də olan hədisdir və eyni sənədlə rəvayət olunur. O cümlədən, mübahisə doğuran ravinin açıqca Əhməd b. Məhəmməd əs-Səyyari kimi qeyd edildiyini görürük. Bu isə yuxarıda da qeyd edildiyi kimi hədisin "zəif" olduğunu isbat edir.

 

Müsəlmanlara qarşı Quranın təhrifinə dəlalət edən digər hədislər də gətirilir. Bu cür hədislərin araşdırılması zamanı əsasən aşağıdakı nəticələr hasil olur:

1. Hədis "zəif"dir.
2. Hədis Quran ayələrinin nə üçün, kimin barəsində nazil olmasını bəyan etmək üçün deyilən təvildir.

Bəziləri hədis gətirə bilər ki, Quranda İmamlarımızın (ə) adları qeyd edilib. Sənəd baxımından belə hədislər zəif olmasa belə, digər səhih hədislərə müxalifdir.

...
أبي بصير قال سألت أبا عبدالله (عليه السلام) عن قول الله عزوجل: " أطيعوا الله وأطيعوا الرسول وأولي الامر منكم " فقال: نزلت في علي بن أبي طالب والحسن والحسين (عليهم السلام): فقلت له: إن الناس يقولون: فما له لم يسم عليا وأهل بيته (عليهم السلام) في كتاب الله عز و جل؟ قال: فقال: قولوا لهم: إن رسول الله (صلى الله عليه وآله) نزلت عليه الصلاة ولم يسم الله لهم ثلاثا ولا أربعا، حتى كان رسول الله (صلى الله عليه وآله) هو الذي فسر ذلك لهم، ونزلت عليه الزكاة ولم يسم لهم من كل أربعين درهما درهم، حتى كان رسول الله (صلى الله عليه وآله) هو الذي فسر ذلك لهم، ونزل الحج فلم يقل لهم: طوفوا اسبوعا حتى كان رسول الله (صلى الله عليه وآله) هو الذي فسر ذلك لهم، ونزلت ...

... Əbu Bəsir nəql edir ki, Əbu Abdullahdan (İmam Sadiq əliyhissəlam) Allahın "Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!..." ayəsi (Nisa, 59) haqqında soruşdum. Buyurdu ki: "Bu ayə Əli b. Əbu Talib, Həsən və Hüseyn (ə) haqqında nazil olmuşdur." Dedim ki: "Camaat deyir ki, nə üçün Əli və onun Əhli-beytinin (ə) adı Allah kitabında çəkilməmişdir?" İmam (ə) buyurdu ki: "Bunu soruşanlara deyin ki: "Namaz ayəsi Peyğəmbərə (s) nazil oldu. Amma namazın rəkətlərinin sayı bu ayədə bəyan olunmamışdı. Bunu Allahın elçisi (s) camaata izah etdi. Zəkat ayəsi nazil oldu. Amma qırx dirhəmdən bir dirhəminə zəkat düşdüyü bu ayədə bəyan olunmamışdı. Bunu da Peyğəmbər (s) camaata izah etdi. Həccə getmək əmr olundu. Amma Kəbə evini yeddi dəfə təvaf etmək göstərişi verilməmişdi. Bunu da Peyğəmbər (s) açıqladı..."
"Üsuli-kafi", 1/286-87, hədis №1

Əllamə Məclisi bu hədis barədə deyir: "Səhihdir"
Mirat əl-Uqul, c.3, səh.213


Əlavə olaraq qeyd edək ki, bu hədis 6 müxtəlif sənədlə nəql edilmişdir. Bu hədis göstərir ki, Allah Təala İmamların (ə) adlarını Quranda xüsusi olaraq göstərməmişdir. Çünki, bu iş Quranın üzərinə düşən vəzifə deyil. Necə ki, namaz, zəkat, həcc ayələrinin geniş izahını vermək Peyğəmbərin vəzifəsi idi, İmamlar (ə) barədə geniş açıqlamalar vermək də Peyğəmbərin (s) vəzifəsi idi.

"Biz Zikri (Quranı) onlara nazil olanları, düşünərlər deyə, xalqa açıqlaman üçün sənə nazil etdik..." (Nəhl, 44)

Həmçinin, Əhli-beytin (ə) adlarının çəkilməməsinin səbəblərindən biri də bunun vasitəsilə müsəlmanların sınaqdan keçirilməsi, həqiqi müsəlmanlar ilə qeyriləri arasında fərqin bilinməsindən ibarət ola bilər.

"...Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin bu (müxtəlifik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görmədə bir-birinizi ötməyə çalışın. Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!" (Madiə, 48)

Ona görə də, İslam düşmənlərinə sözümüz budur ki, əziyyət çəkib guya Quranda İmamların (ə) adlarının açıqlandığı barədə hədisləri müsəlmanları çaşdırmaq üçün istifadə etməsinlər.

______________________________________
[1] Şazz: Bu kəlmə ərəbcə «şəzzə» felinin məlum növündən əmələ gəlmiş feli sifətdir. Bu da tək-tənha, yana çəkilmiş mənaları ifadə edir. İstilahi mənada isə - rəvayəti məqbul [«səhih», yaxud «həsən»] sayılan ravinin özündən də nüfuzlu raviyə müxalif olaraq rəvayət etdiyi hədis şazz adlanır.

[2] "Müvəssəq" hədis o hədisə deyilir ki, onun rəvayətçilər silsilsəsi məsuma çatsın və habelə onu nəql edən şəxsləırin hamısı "Əhli-beyt" məzhəbinin "Rical" elmi baxımından etibarlı sayılsınlar. Lakin onların hamısı və yaxud bəzisinin "Əhli-beyt" məzhəbindən olmamasının (yəni öz zamanının məsum İmamını qəbul etməməsinin) heç bir eybi yoxdur. Burada əsas məsələ onların etibarlı sayılmasından ibarətdir.

Рейтинг

В этом разделе