»»

Əhməd ibn Əli ibn Əbu Talib ət-Təbərsi Quranın təhrif olunduğuna etiqad etmişdir?

Müəllif iddia edir: “O, öz kitabında Quranın təhrif olunması ilə bağlı aydın rəvayətlər nəql etmişdir. Həmçinin rəvayətlərinin bəzilərinə Möminlərin əmiri ilə (r.a) səhabələrin arasındakı əlaqələrin olduqca pis olduğunu vurğulayan rəvayətlərə yer vermişdir. Bütün bu rəvayətlər isə müsəlmanlar arasındakı birliyin pozulmasına rəvac verir. Bu kitabı oxuyan hər kəs müəllifin xoş niyyətli olmadığını görəcək”.

 

Cavab: Əgər kitabda Quranın təhrif edilməsilə bağlı rəvayətin sadəcə mövcudluğu müəllifin tənqidinə və xoş niyyətli olmadığına qərar verməyə kifayət edirsə, o zaman Buxari, Müslim, Tirmizi, Əbu Davud, İbn Macə, Malik ibn Ənəs, Əhməd ibn Hənbəl, Əbu Davud Təyalisi, Beyhəqi, Heysəmi, Siyuti, İbn Cərir Təbəri və əhli-sünnənin digər hafiz və alimləri də öz kitablarında Quranın təhrif edilməsilə bağlı rəvayətlərə yer veriblər, onlar da bu ittihamla üz-üzə qalmalıdırlar. (“Kəşful-həqaiq” kitabında əhli-sünnə mənbələrində Quranın təhrif edilməsilə bağlı nəql edilən rəvayətlərə müraciət edin (səh.67-75))

Əgər Təbərsini Quranın təhrif olunması barədə əqidəsinə görə ittiham edirsə, Təbərsi öz kitabında rəvayətləri nəql etsə də, Quranın təhrif edildiyinə dair etiqadının olduğunu bəyan etmir və heç kim onun belə etiqadının olduğunu da nəql etməyib. Özünün istinad etdiyi dəlilə əsasən, iddiaçı müəllif Quranın təhrif edildiyinə dair rəvayətlər söyləyən səhabələri də ittiham etməlidir. Belə ki, əhli-sünnənin mötəbər kitablarında Quranın təhrif edilməsinə dair səhabələrdən rəvayət olunan çox sayda hədislər mövcuddur.

Təbərsinin öz kitabında Möminlərin əmiri ilə (r.a) səhabələrin arasındakı əlaqələrin olduqca pis olduğunu vurğulayan rəvayətlər nəql etməsinə görə müəllifin onu tənqid etməsinə gəldikdə, bu da yersizdir. Çünki əhli-sünnə hafizləri də öz kitablarında belə rəvayətləri nəql ediblər.

Əhməd ibn Hənbəl “Müsnəd”də, Hakim “əl-Müstədrək”də (hədisi səhih saymışdır), Əbu Nüeym “Hilyətul-övliya”da v digərləri başqa istinadlarla Əbu Səid Xudridən nəql edirlər: “Camaat Əlidən şikayət etdilər. Peyğəmbər (s) aramızda ayağa qalxaraq xütbə söylədi və belə dediyini eşitdim: “Ey camaat, Əlidən şikayət etməyin! Allaha and olsun, o, Allah yolunda ən qətiyyətli şəxsdir!” (“Müsnəd”, Əhməd, 3/86; “əl-Müstədrəku ələs-səhiheyn”, 3/133, Heydərabad çapı, 3/134. Hakim yazır: “Bu, istinadı səhih olan hədisdir, Buxari və Müslim nəql etməyiblər”. Zəhəbi də “ət-Təlxis”də onunla razılaşıb. “Məcməuz-zəvaid”, 9/129; “Hilyətul-övliya”, 1/68; “Fəzailus-səhabə”, 2/679)

Tirmizi “Sünən”də (səhəh saymışdır), Hakim “Müstədrək”də (səhih saymışdır), İbn Hibban, Təyalisi, Təbərani, Əbu Nüeym İsfahani və digərləri öz istinadları ilə İmran ibn Həsindən belə dediyini nəql edirlər: “Peyğəmbər (s) ordunu göndərdi və onların üzərinə Əli ibn Əbu Talibi başçı təyin etdi. Baş verən yürüşdə qalib olub oradan bir cariyə əldə etdi. Səhabələr onun bu hərəkətini pislədilər. Dörd peyğəmbər səhabəsi öz aralarında belə söz verdilər: “Peyğəmbərlə (s) görüşdükdə Əlinin etdiklərini ona bildirəcəyik”. Müsəlmanlar səfərdən qayıtdıqda ilk olaraq Peyğəmbərlə (s) görüşür və onunla salamlaşır, sonra isə ailələrinin yanına gedirdilər. Səfərdən qayıtdıqda bu dəfə də gəlib Peyğəmbərə (s) salam verdilər. O dörd səhabədən biri dedi: “Ey allahın elçisi, Əli ibn Əbu Talib filan-filan hərəkəti etdi”. Peyğəmbər (s) üzünü ondan çevirdi. Sonra ikincisi də eyni sözləri söylədi. Peyğəmbər (s) ondan da üz çevirdi. Ardınca üçüncü və dördüncü səhabə də qalxıb eyni sözləri dedilər. Peyğəmbər (s) üzündən qəzəbli olduğu göründüyü halda yaxınlaşıb dedi: “Əlidən nə istəyirsiniz?! Əlidən nə istəyirsiniz?! Əlidən nə istəyirsiniz?! Həqiqətən də Əli məndən, mən də ondanam! O, məndən sonra hər bir möminin vəlisidir (ixtiyar sahibidir)”. (“Sünən”, Tirmizi, 5/632; “Müsnəd”, Əhməd, 4/438; “Müstədrək”, 3/119, Heydərabad çapı, 3/111; “Səhih”, İbn Hİbban, 15/374; “əs-Sünnul-kubra”, Nəsai, 5/132; “Məvariduz-zəman”, 2/986; “Müsnəd”, Təyalisi, səh.111; “Fəzailus-səhabə”, Əhməd ibn Hənbəl, 2/605; “Xəsaisu Əmiril-muminin Əli ibn Əbi Talib (r.a)”, Nəsai, səh.109; “Hilyətul-övliya”, 6/294; “əl-Müsənnəf”, İbn Əbu Şeybə, 6/375; “Müsnəd”, Əbu Yəla, 1/184; “əl-Möcəmul-kəbir”, Təbərani, 18/128)

Müslim “Səhih”ində və Tirmizi “Sünən”də Səd ibn Əbu Vəqqasdan nəql edirlər: “Müaviyə ibn Əbu Süfyan Sədə Əlini söyməyi əmr elədi, o isə Əlini söyməkdən imtina elədi. Müaviyə dedi: “Əbu Turabı söyməyə sənə nə mane olur?” Dedi: “Peyğəmbərin (s) onun barəsində söylədiyi üç şeyə görə onu əsla söymərəm. Əgər onlardan biri məndə olsaydı, bu mənim üçün qırmızı dəvələrə sahib olmaqdan daha sevimli olardı...”. (Səhih”, Müslim, 4/1871; “Sünən”, Tirmizi, 5/638. Tirmizi deyir: “Bu həsən, səhih və qəribə hədisdir”)

 

Müslim “Səhih”də Səhl ibn Sədə istinadən yazır: “Mərvan ailəsindən bir şəxs Mədinəyə başçı təyin edildi. Deyir: “Səhl ibn Sədi çağırıb ondan Əlini söyməsini tələb elədi. Səhl bundan boyun qaçırdı. Vali dedi: “Söymürsənsə, heç olmazsa ona lənət de”. Səhl dedi: “Əli üçün Əbu Turab adı daha sevimli idi, o, Əbu Turab deyə çağırıldıqda sevinirdi...”. (“Səhih”, Müslim, 4/1874; “əs-Sünənul-kubra”, Beyhəqi, 2/446)

Tirmizinin “Sünən”də Bərradan nəql etdiyi və “həsən” saydığı hədisdə deyilir: “Peyğəmbər (s) iki ordu göndərdi, onlardan birinə Əli ibn Əbu Talibi, digərinə isə Xalid ibn Vəlidi başçı təyin etdi və buyurdu: “Döyüş olsa, iki ordunun başçısı Əlidir”. Əli qalanı fəth elədi, orada özünə bir cariyə əsir götürdü. Xalid Əlinin bu hərəkətini pisləyən bir məktub yazıb mənim vasitəmlə Peyğəmbərə (s) göndərdi. Məktubu gətirib Peyğəmbərə (s) təqdim etdim. Onu oxuduqda rəngi dəyişdi, buyurdu: “Allahı və elçisini sevən, Allahın və elçisinin də sevdiyi bir şəxsdə nə görmüsünüz?! Dedim: “Allahın və elçisinin qəzəbindən Allaha sığınıram! Mən sadəcə bir qasidəm”. Peyğəmbər (s) susub heç bir söz söyləmədi”. (“Sünən”, Tirmizi, 5/638, 4/207)

 Ziyə əl-Məqdisi “əl-Əhadisul-muxtarə” kitabında və “Əbu Yəla “Müsnəd”də Əbu Bəkr ibn Xalid ibn Ərfətədən nəql edirlər: “Səd ibn Malik deyir: “Mənə xəbər çatıb ki, Kufədə sizə Əlini söymək təklif olunur. Onu söyürsənmi?” Dedi: “Allah pənah aparıram!” Dedi: “Sədin canı əlində olan Allaha and olsun, mən Peyğəmbərin (s) Əli barəsində elə bir söz söylədiyini eşitmişəm ki, əgər mişarlar oynaqlarımın üzərinə qoyulsa və onu söymək məndən tələb edilsə, əsla onu söymərəm!” (“əl-Əhadisul-muxtarə”, 3/274; “Müsnəd”, Əbu Yəla, 1/328; “Məcməuz-zəvaid”, 9/130. Heysəmi yazır: “Bunu Əbu Yəla rəvayət edib, istinadı həsəndir”. “əs Sünənul-kubra”, Nəsai, 5/133; “əl-Müsənnəf”, İbn Əbu Şeybə, 6/375; “Kitabus sünnə”, İbn Əbu Asim, səh.590)

Ziya əl-Məqdisi, Əbu Yəla və digərləri Səd ibn Əbu Vəqqasdan nəql edirlər: “Mən və iki şəxs məsciddə əyləşmiş, Əli barədə mənfi sözlər danışırdıq. Peyğəmbər (s) qəzəbli halda gəldi. Qəzəbləndiyi üzündən bilinirdi. Mən onun qəzəbindən Allaha sığındımı bildirdim. Dedi: “Mənim sizinlə nə işim?! Kim Əliyə əziyyət etsə, həqiqətən mənə əziyyət etmişdir!” (“əl-Əhadisul-muxtarə”, 3/267 “Müsnəd”, Əbu Yəla, 1/325; “Məcməuz-zəvaid”, 9/129. Heysəmi yazır: “Bunu Əbu Yəla, həmçinin ixtisarla Bəzzar rəvayət edib, Əbu Yəlanın raviləri “Səhih”in raviləridir, yalnız Mahmud ibn Xəddaş və Qinandan savayı, onlar inanılan (siqə) şəxslərdir)

 

Bir çox səhabənin Möminlərin əmiri Əliyə (ə) nifrət etdiklərinə, onu söydüklərinə və ittiham etdiklərinə dəlalət edən hədislər sayılmayacaq qədər çoxdur. Onların varlığını inkar etmək aydın səmada günəşi inkar etmək kimidir. Bizim burada nəql etdiklərimiz mövzuya dair dəlil olaraq yetərli, hətta artıqdır.

Buna əsasən, iddiaçı müəllifin belə rəvayətləri nəql edən əksər əhli-sünnə alimlərini tənqid və məzəmmət etməsi lazımdır.

Buxari (rəvayəti ondan nəql edirik) və Müslim öz “Səhih”lərində Aişəyə istinadən nəql edirlər: “Peyğəmbərin (s) qızı Fatimə (ə) atasının vəfatından sonra Əbu Bəkrin yanına adam göndərib payına düşən mirası, Mədinədəki payı, Fədəyi, Xeybər qənimətlərindən qalan xümsü istədi. Əbu Bəkr dedi: “Peyğəmbər (s) buyurub: “Biz miras qoymarıq, bizdən qalanlar sədəqədir”. Muhəmmədin ailəsi bu maldan yeyə bilər. Allaha and olsun ki, mən Peyğəmbərin (s) vaxtında olan sədəqələrdən heç bir şey dəyişən deyiləm. Mirasla Peyğəmbər (s) etdiyi kimi rəftar edəcəyəm”. Əbu Bəkr Fatiməyə bir şey verməkdən boyun qaçırdı. Deyir: “Fatimə Əbu Bəkrə qəzəbləndi və vəfat edənədək onunla bir daha danışmadı. Peyğəmbərin (s) vəfatından sonra altı ay yaşadı. Vəfat etdikdə zövcəsi Əli onu gecə ikən dəfn elədi, hadisə barədə Əbu Bəkrə xəbər vermədi. Əli ona namaz qıldı.

Fatimə həyatda ikən Əlinin camaatla münasibəti vardı. Lakin o vəfat etdikdən sonra Əli camaatın ona qarşı münasibətinin dəyişdiyini gördü, Əbu Bəkrə beyət etmək üçün imkan axtarmağa başladı. Əvvəlki altı ayda o, Əbu Bəkrə beyət etməmişdi. Əbu Bəkrin yanına adam göndərib təkbaşına onun yanına gəlməsini istədi. Bunda məqsədi Ömərin onunla birlikdə gəlməməsi idi. Ömər isə dedi: “Allaha and olsun ki, sən onların yanına təkbaşına getməyəcəksən”. Əbu-Bəkr dedi: “Mənə nə edəcəklər?...”. (“Səhih”, Buxari, 3/1286; “Səhih”, Müslim, 3/1380. Bu hədisi fərqli kəlmələrlə Əhməd “Müsnəd”də (1/6), İbn Hİbban “Səhih”də (11/152, 14/573), “əs-Sünənul kubra”da Beyhəqi (6/300), “əl-Müsənnəf”də Əbdürrəzzaq (5/327, digər çapı ilə 5/471), “ət-Təbəqatul-kubra”da İbn Səd (2/315) nəql etmişlər)

 

Buxari öz “Səhih”ində Ürvə ibn Zübeyrin möminlərin anası Aişənin (r.a.) ona belə söylədiyini xəbər verir: “Peyğəmbərin (s) qızı Fatimə (ə) atasının vəfatından sonra Əbu Bəkr siddiqdən atasından qalan mirasını bölüb payını verməsini istədi.

 

Əbu Bəkr dedi: “Peyğəmbər (s) buyurub: “Biz miras qoymarıq, bizdən qalanlar sədəqədir”. Peyğəmbərin (s) qızı Fatimə Əbu Bəkrə qəzəbləndi, vəfat etdiyi vaxtadək Əbu Bəkrlə danışmadı. Fatimə atasından sonra altı ay yaşadı”. Aişə deyir: “Fatimə Əbu Bəkrdən atası Peyğəmbərdən (s) qalan Xeybər, Fədək və Mədinədəki sədəqələrdən onun payına düşən mirası istədi, lakin Əbu Bəkr ona bir şey verməkdən boyun qaçırdı və dedi: “Peyğəmbərin (s) etdiklərindən heç birini tərk etməyəcəyəm, onun kimi davranacağam. Onun rəftarını tərk etməklə azacağımdan qorxuram”. Mədinədəki sədəqələrini Ömər Əliyə və Abbasa verdi, Xeybərlə Fədəyi isə Ömər onlara qaytarmadı və dedi: “Bunlar Peyğəmbərin (s) sədəqələridir, onun öz ixtiyarında idi. Hər ikisi də əmr sahibinin ixtiyarında olacaq”. Onlar bu gün də xəlifənin ixtiyarındadır”. (“Səhih”, Buxari, 2/952, 3/1286)

 

Müslim “Səhih”ində nəql etdiyi uzun bir hədisdə Aişənin belə dediyini nəql edir: “Mədinədəki sədəqələrini Ömər Əli və Abbasa verdi, Əli Abbasla mübahisədən qalib çıxıb onun payını da götürdü. Xeybərlə Fədəyi isə Ömər özündə saxladı və dedi: “Bu ikisi Peyğəmbərin (s) sədəqələridir, özünün və naiblərinin haqqıdır...”. (“Səhih”, Müslim, 4/1382)

Ta ki, yazır: “Yərfə (Ömər ibn Xəttabın xidmətçisidir) gəlib dedi: “Ey möminlərin əmiri, Osman, Əbdürrəhman ibn Ovf, Zübeyr və Səd sənin yanına gəlmək istəyirlər, izn verirsənmi?” Ömər “Bəli” deyə cavab verdi. Onlara izn verildi və içəri daxil oldular. Sonra xidmətçi gəlib dedi: “Əli ilə Abbasa da izn verirsən?” Ömər onlara da izn verdi. Abbas dedi: “Ey möminlərin əmiri, mənimlə bu yalançı, günahkar, fırıldaqçı və xain arasında hökm ver”. Oradakılar dedilər: “Bəli, ey möminlərin əmiri, onların arasında hökm ver və onları narahatlıqdan qurtar”. Malik ibn Ovs deyir: “Mənə elə gəlir ki, bunlar (Ömərin yanına ilk gələnlər) məhz həmin məsələyə görə oraya gəlmişdilər”. Ömər dedi: “Tələsməyin (və ya “Diqqətli olun”), yerin və göyün ayaqda durmasına izn verən Allahı sizə şahid tuturam, Peyğəmbərin (s): “Biz miras qoymarıq, özümüzdən sonra qoyduqlarımız sədəqədir” buyurduğunu bilmirsinizmi?” Oradakılar “Bəli” deyə cavab verdilər. Sonra üzünü Əli və Abbasa tutub dedi: “Yerin və göyün ayaqda durmasına izn verən Allahı sizə şahid tuturam, Peyğəmbərin (s): “Biz miras qoymarıq, özümüzdən sonra qoyduqlarımız sədəqədir” buyurduğunu bilmirsinizmi?” Onların ikisi də “Bəli” dedi”.

Sonra deyir: “Ömər dedi: “Peyğəmbər (s) vəfat etdikdə Əbu Bəkr dedi: “Mən Peyğəmbərin vəlisiyəm”. Siz ikiniz gəldiniz, sən qardaşın oğlundan qalan mirasını, bu da atasından qızına düşən mirası istədi. Əbu Bəkr dedi: “Peyğəmbər (s) buyurub: “Biz miras buraxmarıq, özümüzdən sonra qoyduqlarımız sədəqədir”. Siz ikiniz onu yalançı, günahkar, fırıldaqçı və xain hesab etdiniz. Allah bilir ki, o, doğru danışan, xeyirxah, düzgün və haqqa tabe olan şəxs idi. Sonra Əbu Bəkr öldü, mən Peyğəmbərin (s) və Əbu Bəkrin vəlisi oldum. Siz məni də yalançı, günahkar, fırıldaqçı və xain hesab etdiniz. Halbuki Allah mənim doğru danışan, xeyirxah, düzgün və haqqa tabe olan şəxs olduğumu bilir. Mən onların idarəçiliyini sizə verdim. Sonra sən bu adamla yanıma gəldin, hər ikinizin istəyi eyni idi, dediniz: “Onu (Fədəyi) bizə ver”. Mən isə dedim: “Əgər istəsəniz, Peyğəmbərin (s) davrandığı kimi onlardan istifadə edəcəyinizə Allah qarşısında söz versəniz, onu sizə verərəm” Siz də bu şərti qəbul etdiniz və onu sizə verdim. Belə oldumu?” Onların ikisi də “Bəli” deyə cavab verdilər. Ömər dedi: “İndi də ikinizin arasında hökm etməyim üçün yanıma gəlmişsiniz? Xeyr, Allaha and olsun, Qiyamətədək aranızda bundan artığına hökm etməyəcəyəm. Əgər bacarmırsınızsa, onu mənə qaytarın”. (“Səhih”, Müslim, 4/1377)

Görən, iddiaçı müəllif əhli-sünnənin kitablarında səhih olan belə rəvayətlərə nə deyəcək?!

 

Məgər öz səhih kitablarında bu rəvayətləri nəql etmək müəlliflərinin niyyətlərinin sağlam olmadığını dəlalət etmirmi?!

Məgər bunlar Buxara, Səmərqənd, Nişapur, Tirmiz, Sicistan və digər şəhərlərin əhalisinin səhabələrlə Əhli-Beytin (ə) əlaqələrini pozmağa cəhd göstərdiklərinə dəlalət etmirmi?!

Bu sualların cavabını iddiaçı müəllif, həmçinin onun sözlərini təsdiqləyib və əhəmiyyət verən hər kəs çox gözəl bilir!

 

Saxta "Keçmiş şiə alimi" Seyid Hüseyn Musəvinin yazdığı “Lillah və lit-tarix” ("Allah və tarix naminə") kitabına cavab olaraq səudiyyəli şiə alimi Şeyx Əli Ali-Muhsinin 2 cildlik əzəmətli "Lillah və lil-həqiqə" ("Allah və həqiqət naminə") kitabından
Рейтинг

В этом разделе