»»

Şiələr qəbir ziyarəti zamanı qiblənin əksinə olaraq namaz qılırlarmı?

Bağışlayan və Mehriban Allahın adı ilə

İnternetdə istər ərəbdilli, istərsə də milli forum və saytlarda şiələrə qarşı müxtəlif böhtanlar atılır ki, bunlardan biri də guya şiələrin İmamların (ə) qəbrlərini ziyarət zamanı qiblənin əksinə duraraq namaz qılmaq barədədir.

Əvvəlcə demək lazımdır ki, tarix boyu heç bir şiə alimi istər İmam Hüseyn (ə), istərsə də digər İmamların (ə) ziyarətində namaz vaxtı arxası qibləyə durmaq haqqında fətva verməyib. Əksinə, bütün alimlər İmamın (ə) qəbrinin ziyarətçi ilə qiblənin arasında qalmağını buyururlar. Yəni Həzrətin (ə) baş tərəfində, və ya bel tərəfində elə durmaq lazımdır ki, üzün qibləyə olsun. Təəssüflə deyək ki, sələfilər tutarlı dəlil və əsaslarla şiələrdən səhv tapa bilmədikləri üçün rəvayətləri və şiə alimlərinin fikirlərini təhrif edirlər, və ya cavabı bildikləri halda şübhəni yaymaqda inadkarlıq edirlər.

«Vəsail əş-şiə» kitabında sözü gedən fəsildə üzü qəbrə tərəf namaz qılmağın mənası bəyan olunubdur. Kaş irad tutan şəxs özü fəslin ünvanını nəzərdən keçirərdi.

69 - باب استحباب كثرة الصلاة عند قبر الحسين ( عليه السلام ) فرضا ونفلا عند رأسه وخلفه

69- İmam Hüseyn (ə) qəbrinin baş tərəfində, ya qəbrin arxa tərəfində (həzrətin qəbrinə tərəf yönəlmək yox!) istər vacibi, istərsə də müstəhəb olmaqla çox namaz qılmağın müstəhəb olması babı

əl-Hürr əl-Amili, Vəsail əş-şiə, c 14, s.517-521 (onlayn 1, 2)

Bax elə bunun özü ziyarət edən zaman necə dayanmağın qaydasını bəyan edən bir həqiqətdir. Çünki siz qəbrin yanında dayananda və qəbrin baş tərəfində dayanıb namaz qılanda istər- istəməz qibləyə tərəf duracaqsınız.

Bu haqda gəlmiş və bizim bəhsimizə aid olan rəvayətlər:

(19730) 5 - وعن أبيه ، وجماعة مشايخه ، عن أحمد بن محمد بن عيسى ، عن محمد بن خالد ، عن جعفر بن ناجية ، عن أبي عبد الله عليه السلام قال : صل عند رأس قبر الحسين عليه السلام .

Atasından, o da bir qrup şeyxdən, onlar da Əhməd ibn Məhəmməd ibn İsadan, o da Məhəmməd ibn Xaliddən, o da Cəfər ibn Naciyədən, o da İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: «İmam Hüseynin (ə) qəbrinin baş tərəfində namaz qıl!»

Bu rəvayətin iddia olunanla heç bir əlaqəsi yoxdur.

(19731) 6 - وعنهم ، عن سعد ، عن موسى بن عمر وأيوب بن نوح ، عن ابن المغيرة عن أبي اليسع قال : سأل رجل أبا عبد الله وأنا أسمع قال : إذا أتيت قبر الحسين عليه السلام أجعله قبلة إذا صليت ؟ قال : تنح هكذا ناحية وعن علي بن الحسين ، عن علي بن إبراهيم ، عن أبيه ، عن ابن أبي نجران ، عن يزيد بن إسحاق ، عن الحسن بن عطية ، وذكر الحديث الأول .

Onlardan, onlar da Səddən, o da Musa ibn Ömər və Əyyub ibn Nuhdan, onlar da İbn Müğirədən, o da Əbi Yəsənin belə dediyini rəvayət edir: Bir nəfərin İmam Sadiqə (ə) belə bir sual verdiyini eşitdim: «İmam Hüseynin (ə) qəbrini ziyarətə getdikdə namaz qılarkən onu öz qibləm qərar verimmi?» Həzrət (ə) buyurdu: «Filan tərəfə get (və sonra qəbrə tərəf namaz qıl.)» Əli ibn Hüseyndən, o da Əli ibn İbrahimdən, o da atasından, o da İbn Əbi Nəcrandan, o da Yezid ibn İshaqdan, o da Hüseyn ibn Ətiyyədən nəql olunur ki, İmam (ə) birinci hədisi zikr etdi.

əl-Hürr əl-Amili, Vəsail əş-şiə, c 14, s.519 (onlayn 1, 2)

Bu rəvayət də iddia olunan mətləbə dəlalət etmir. Çünki şəxs soruşur: «qəbrə tərəf namaz qılım?» Həzrət (ə) buyurur: «Əgər filan yerdə dayansan, bəli.» Bu elə şiənin dediyi mətləbdir.

(19732) 7 - وعنه ، عن علي ، عن أبيه ، عن ابن فصال ، عن علي بن عقبة ، عن عبيد الله بن علي الحلبي ، عن أبي عبد الله عليه السلام قال : قلت : إنا نزور قبر الحسين عليه السلام فكيف نصلي عنده ؟ فقال : تقوم خلفه عند كتفيه ، ثم تصلي على النبي صلى الله عليه وآله وتصلي على الحسين عليه السلام

Ondan, o da Əlidən, o da atasında, o da İbn Fisaldan, o da Əli ibn Üqbədən, o da Ubeydullah ibn Əli Hələbidən belə nəql edir: İmam Sadiqdən (ə) soruşdum: «Biz İmam Hüseynin (ə) qəbrini ziyarət etdikdə qəbrin yanında hansı tərzdə namaz qılaq?» Buyurdu: «İmamın (ə) qəbrinin arxasında çiyin tərəfində durarsan (yəni üzü qibləyə durarkən qəbir səninlə qiblə arasında qalır.) Sonra Allahın Rəsulu (s) və İmam Hüseyn (ə) üçün namaz qılırsan.»

(19733) 8 - وعن محمد بن جعفر ، عن محمد بن الحسين ، عن أيوب بن نوح ، عن ابن المغيرة ، عن أبي اليسع ، عن أبي عبد الله عليه السلام أن رجلا سأله عن الصلاة إذا أتى قبر الحسين ( عليه السلام ) ؟ قال : اجعله قبلة إذا صليت ، وتنح هكذا ناحية.

Məhəmməd ibn Cəfərdən, o da Məhəmməd ibn Hüseyndən, o da Əyyub ibn Nuhdan, o da İbn Müğeyrədən, o da Əbu Yəsənin belə rəvayət etdiyini nəql edir: Bir şəxs İmam Sadiqdən (ə) İmam Hüseynin (ə) qəbrinin kənarında namaz qılmaq haqqında soruşdu. Həzrət buyurdu: «Qəbri qiblə tərəfdə qərarlaşdır və filan yerdə dur.»

əl-Hürr əl-Amili, Vəsail əş-şiə, c 14, s.520 (onlayn 1, 2)

Deyildiyi kimi, İmam Hüseynin (ə) qəbrinin kənarında namaz qılmaq tərzinə aid rəvayətlərin heç birinə sələfilərin tutduqları irada dair xəbər gəlməyib. Biz də öz növbəmizdə bəhsi daha da təkmilləşdirmək üçün «Bihar əl-ənvar»da gələn mövzuya aid mətləbləri qeyd edirik.

Sələfilər «Bihar əl-ənvar» kitabından şiələrə qarşı belə bir irad bildirirlər:

«Qiblə namaz qılanın arxasında qalsa da, qəbrə doğru namaz qılmaq olar...»

əl-Məclisi, Bihar əl-Ənvar, c.97, s.134

Bunu milli sələfilərdən Abu Zeyd də Səqəleyn hədisinə və onun şərhinə heç bir aidiyyatı olmayan özünü «Səqəleyn hədisinin şərhi» adlı cızma-qarasında qeyd etmişdir.

Cavab olaraq bildiririk ki, əvvəla bu, Əllamə əl-Məclisinin öz sözləri deyil, Şəhid əl-Əvvəldən sitat gətirib. Olduğu kimi qeyd edirik:

قال الشهيد رحمة الله عليه في الدروس: للزيارة آداب: (أحدها) الغسل قبل دخول المشهد ، والكون على طهارة ، فلو أحدث أعاد الغسل ، قاله المفيد ، وإتيانه بخضوع وخشوع في ثياب طاهرة....

Şəhid (r.ə) «əd-Durus» kitabında deyir: «Ziyarət etməyin bir sıra ədəb qaydaları vardır. Hərəmə daxil olmazdan əvvəl qüsl etmək, təharətli olmaq, əgər qüslü batil edən bir amil ortaya gəlsə yenidən qüsl etmək.» Bunları Şeyx əl-Müfid deyibdir. Ora pak paltarda, xuzu-xüşü ilə gəlmək…

Müəyyən məsələri qeyd etdikdən sonra davam edir:

(وسادسها) صلاة ركعتين للزيارة عند الفراغ فان كان زائرا للنبي صلى الله عليه وآله ففي الروضة، وإن كان لاحد الائمة صلى الله عليهم فعند رأسه، ولوصلاهما بمسجد المكان جاز، ورويت رخصة في صلاتهما إلى القبر ولو استدبر القبلة وصلى جاز و إن كان غير مستحسن إلا مع البعد.

(Ədəb qaydalarının) altıncısı ziyarət edəndən sonra iki rükət namaz qılmaqdır. Əgər bir kəs Peyğəmbəri (s) ziyarət edirsə, onda hərəmdə qılsın. Əgər İmamlardan (ə) birini ziyarət edirsə, onda Onların baş tərəfində qılsın. Əgər hər iki ziyarətdə namazı məsciddə qılsa da caizdır. Hər iki məkanda (Peyğəmbər (s) və İmamların (ə) hərəmində) namazı üzü qəbrə qılmağa icazə barədə hədis də rəvayət olunub. Əgər arxası qibləyə namaz qılsa caizdir. Lakin bu yaxşı deyil. Amma uzaqdan olması istisnadır (yəni, ziyarət etsə və arxası qibləyə olsa eybi yoxdur).

Əllamə əl-Məclisi, Bihar əl-Ənvar, c.97, s.134-135 (onlayn mənbə 1, 2)

Bunlar Əllamənin «əd-Durus» kitabından nəql etdikləri idi. Burada altından xətt çəkilən ifadələrdə səhv var. İndi biz əsas mənbə olan «əd-Durus» kitabında həmin ifadələri nəql edirik. Şəhid əl-Əvvəlin «əd-Durus» kitabında olan nəzəri budur:

(وسادسها) صلاة ركعتين للزيارة عند الفراغ فان كان زائرا للنبي صلى الله عليه وآله ففي الروضة، وإن كان لاحد الائمة صلى الله عليهم فعند رأسه، ولوصلاهما بمسجد المكان جاز، ورويت رخصة في صلاتهما إلى القبر ولو استدبر القبر وصلى جاز و إن كان غير مستحسن إلا مع البعد.

Ədəb qaydalarının altıncısı ziyarət edəndən sonra iki rükət namaz qılmaqdır. Əgər bir kəs Peyğəmbəri (s) ziyarət edirsə, onda hərəmdə qılsın. Əgər İmamlardan (ə) birini ziyarət edirsə, onda Onların baş tərəfində qılsın. Əgər hər iki ziyarətdə namazı məsciddə qılsa da caizdır. Hər iki məkanda (Peyğəmbər (s) və İmamların (ə) hərəmində) namazı üzü qəbrə qılmağa icazə barədə hədis də rəvayət olunub. Əgər arxası qəbrə (üzü isə qibləyə) namaz qılsa caizdir. Lakin bu yaxşı deyil. Amma uzaqdan olması istisnadır (yəni, ziyarət etsə və arxası qəbrə olsa eybi yoxdur).

Şəhid əl-Əvvəl, əd-Durus, c.2, s.22-23 (onlayn mənbə 1, 2)

Bu səhv «Bihar əl-ənvar» kitabının özündən çox rahatlıqla başa düşülür. Cümlənin məntiqi davamı da bunu tələb edir. Əsla və əsla, qiblənin əksinə namaz qılmaqdan söhbət gedə bilməz.

Müəllif demək istəyir ki, qəbrin yanında durub üzü həm qəbrə, həm də qibləyə namaz qılmaq caizdir. O cümlədən, əgər üzü qibləyə duranda qəbir arxada olsa, yenə də caizdir, lakin yaxşı deyil. Bu o demək deyil ki, üzünü qiblədən qəbrə tərəf çevir. Ona işarədir ki, qəbrin qarşısına yox, arxasına keçib həm üzü qəbrə, həm də üzü qibləyə dursan daha yaxşı olar. Xülasə, qəbrin arxasında üzü qibləyə elə dur ki, üzün həm də qəbrə tərəf olsun.

Sonra deyir ki, «Amma uzaqdan olması istisnadır» - yəni, əg rəqəbri uzaqdan ziyarət edirsənsə, arxası qəbrə də dursan heç bir problem yoxdur və qəbrə hörmətsizlik sayılmaz.

Daha sonra sələfi Abu Zeyd yazır:

Məclisi kitabının həmin yerində imamların qəbrini ziyarət etməyin qaydasını açıqlayaraq deyir: “İmam Hüseynin qəbrini ziyarət zamanı, qəbrin baş tərəfində iki rəkət namaz qılırsan. Birinci rəkətdə Fatihə və Yasin surələrini, ikinci rəkətdə isə Fatihə və ər-Rəhman sürələrini oxuyursan. Əgər, istəsən qəbrin arxasında da qıla bilərsən, amma baş tərəfində qılmaq daha əfzəldir. Bu iki rəkəti qıldıqdan sonra nə qədər istəsən namaz qıla bilərsən...”

Daha əvvəl də bildirdik ki, bunun qiblənin əksinə durmaqla heç bir əlaqəsi yoxdur, tam əksinə üzü qibləyə durmaqda təkid edilir. Sadəcə məsələ qəbrin arxasında, yoxsa qabağında durmaqdadır, qiblə isə dəyişməzdir.

Lakin, sələfilərin iddiaları bununla tamamlanmır. Sələfilərin şiəyə qarşı fəaliyyəti ilə məşhurlaşmış alimlərindən olan Süleyman bin Salih əl-Xəraşi özünün «Şiə gəncləri hidayət edən suallar» adlı yalan dolu kitabının 104-cü səhifəsində yazır:

يقول شيخ الشيعة المجلسي: «إن استقبال القبر أمر لازم وإن لم يكن موافقاً للقبلة») بحار الأنوار (101/369، وذلك عند أداء ركعتي زيارة أضرحتهم!!
والعجيب: أن النهي عن اتخاذ القبور مساجد وقبلة قد ورد في كتبهم عن أئمتهم من آل البيت، ولكنهم يحملون ذلك على التقية ـ كعادتهم في كل ما لا يوافق أهواءهم ـ!

Şiənin Şeyxlərindən olan Əllamə Məclisi deyir: Qiblə ilə müvafiq olmasa belə üzü qəbirə qalmaq lazımdır. (Bihar əl-ənvar, c 101, s 369) Bu əməl İmamların (ə) zərihlərini ziyarət edən zaman qılınan iki rükət namazda gerçəkləşir.

Maraqlı burasıdır ki, Əhli-beytdən (ə) nəql olunmuş hədislərə əsasən qəbirləri məscid, və ya qiblə qərarlaşdırmaq qadağan olunmuşdur. Lakin şiələr bunu bütün hallarda nəfslərinə müvafiq olan adətləri kimi təqiyyəyə həml ediblər.

 

Fotoşəkil: Süleyman bin Salih əl-Xəraşi, «Şiə gəncləri hidayət edən suallar», s.104

Kitabı yükləmək üçün: ÜNVAN

Cavab:

Əvvəla bu sitat 101-ci cilddə yox, 98-ci cilddədir. Əllamə əl-Məclisi (r) ziyarətnamə oxuyan zaman üzün qəbrə olmasını lazım bilmişdir. Amma namaz qılan zaman şiənin nəzərinə görə üzü qibləyə olmaq heç bir qeyd-şərt olmadan vacibdir! Sələfi müəllif açıq-aşkar böhtan atmışdır. Əllamə İmam Sadiqdən (ə) rəvayət olunan hədis şərh edir. İmam (ə) Hənnan ibn Sudeyrə uzaqdan İmam Hüseyni (ə) necə ziyarət etməyi öyrədir. Həzrət (ə) ona belə buyurdu: «Evində hündür bir yerə çıx və ya səhraya get! Qəbrin qiblə istiqamətində olduğu sənin üçün aydın olandan sonra üzünü ora tut! Allah-Təala buyurur: «Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır.» Sonra de: «Salam olsun sənə ey Mövlam, ey Mövlamın oğlu, ey Ağam, ey Ağamın oğlu və s.»

İmamın (ə) «üzünü qibləyə tut» kəlamını Əllamə belə təfsir edir:

بأن من المحتمل أن يكون «عليه السلام» إنما قاله لمن أمكنه استقبال القبر والقبلة معاً، ولما ظهر من قوله: بعد ما تبين أن القبر هنالك. إن استقبال القبر أمر لازم، وإن لم يكن موافقاً للقبلة الخ...

Ehtimal var ki, İmam (ə) bunu o adam barəsində buyurub ki, qiblə ilə qəbrin istiqamətinin eyni tərəfdə olması o şəxs üçün mümkün olsun. «Qəbrin o istiqamətdə olması aydın olandan sonra» cümləsindən də bu aydın olur ki, qiblə ilə müvafiq olmasa da belə üzü qəbirə dayanmaq lazımdır.

Əllamə əl-Məclisi, Bihar əl-Ənvar, c.98, s.368-369 (onlayn mənbə 1, 2)

Sələfi Süleyman əl-Xəraşi deyir ki:

Maraqlı burasıdır ki, Əhli-beytdən (ə) nəql olunmuş hədislərə əsasən qəbirləri məscid, və ya qiblə qərarlaşdırmaq qadağan olunmuşdur. Lakin şiələr bunu bütün hallarda nəfslərinə müvafiq olan adətləri kimi təqiyyəyə həml ediblər.

Bizim də sualımız budur ki, bu şiə tərəfindən açıq-aşkar edilən qadağanın təqiyyəyə həml olunması hansı kitabdadır?!

«Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar!»

Nəhl surəsi, 105

Mövzu ilə əlaqədar əhli-sünnə mövqeyi ilə tanış olmaq üçün BURAYA daxil olun.

Tərcümə etdi: Xədicə Eldar və Fərhad Mirzə

Redaktə və əlavələr: 313news.net

Рейтинг

В этом разделе