»»

Həzrət Əlinin (ə) səhabələri silsiləsindən (2) - Malik Əştər

Bağışlayan və Mehriban Allahın adı ilə

Malik Əştər: Malik ibn Haris Əbd Yəğus Nəxəi Malik Əştər adı ilə məşhurdur. O, Həzrət Əlinin (ə) ordusunun rəhbəri, şücaətli döyüşçü, Həzrətin (ə) xüsusi şiələrindən idi. O, çox güclü kişi, şiələrin rəhbərlərindən idi. O, çox zahid, alim, ağıllı və fəqirliklə, sadə yaşayan mömin bir şəxsiyyət idi. O, öz tayfasının rəhbəri idi. Malik Kufə camaatı ilə birlikdə Kufə xalqının hüquqlarını tələb etmək üçün üçüncü xəlifə olan Osmanın yanına getdi. Osmanın Kufədəki valisi Səid ibn As Osmanın sürgünetmə siyasətinə uyğun olaraq, onun əmri ilə Maliki bir neçə nəfərlə birlikdə Şama sürgün etdi. Sonra Osman Maliki Kufəyə qaytarıb yenidə Homs şəhərinə sürgün etdi. Malik Əştər xalqın Həzrət Əliyə (ə) beyət etməsi üçün bu fəaliyyətə rəhbərlik edirdi.

Malik Cəməl və Siffeyn döyüşlərində Həzrət Əli (ə) ilə birgə olmuşdur. Bu müharibələrdə onun göstərdiyi rəşadətlər və canfəşanlıqlar tarixdə yazılmışdır.

Siffeyn döyüşündə Malik düşmən ordusunu darmadağın edib döyüşü Müaviyəyə tərəf çəkdi. Artıq qələbəyə bir addım qalmışdı. Lakin düşmənlər hiyləgərliklə Quranı nizələrə taxdılar. İmam (ə) da məcbur qalıb məsələni həkəmiyyətin öhdəsinə buraxdı. O, kafirlərlə müharibədə iştirak etmiş, Yərmuk hadisəsində də orada hazır olmuşdur. Bu müharibədə onun gözü yaralanmış, buna görə də ona “Əştər” ləqəbi verilmişdir. Ərəb dilində “əştər” göz qapağının çevrilməsinə deyirlər.

Onun həyatının ən mühüm hadisələrindən biri də hicrətin 38-ci ilində Həzrət Əli (ə) tərəfindən Misirə hakim təyin edilməsi olmuşdur. Həzrət Əli (ə) Maliki ona görə Misirə hakim təyin etdi ki, Müaviyənin Muhəmməd ibn Əbu Bəkrə qarşı yaratdığı fitnənin qarşısını alsın. Həzrət (ə) Maliklə birlikdə Misir xalqına bir məktub da yazdı. Bu məktubun bəzi hissəsi bu mənanı ifadə edirdi: “Mən Allah bəndələrindən birini sizə göndərirəm. Onun qorxu zamanı gözünə yuxu getməz, xətər zamanı düşməndən qorxmaz. O, Məzhəc qəbiləsindən olan Malik ibn Harisdir. Beləliklə, onun sözlərinə qulaq asın, haqqa müvafiq olan fərmanlarına boyun əyin!  İndi ona ehtiyacımın olmasına baxmayaraq, onu sizə göndərirəm ki, o, sizin xeyrinizi istəyir və sizə nəsihət edir”.

Həzrət (ə) Maliki Misirə hakim təyin edən zaman ona öyüd-nəsihətlə dolu bir məktub yazdı. Bu əhdnaməni Malikə təqdim etdi. Hökuməti idarə etməklə bağlı çox lətif, incə qanunlarla dolu olan bu məktub təfsilatı ilə “Nəhcul-bəlağə”də yer almışdır. Bu xəbər Müaviyəyə çatanda Misir yolunda olan kəndlərdən birinin rəhbərinə xəbər göndərdi ki, Maliki yolda zəhərləsinlər. Bununla da 20 illik vergidən azad olması barədə hökm imzaladı. Malik həmin kəndə yetişəndə o kəndin böyüyü Malikin baldan xoşu gəldiyindən xəbər tutdu. Bir az zəhərlənmiş balı Malikə hədiyyə gətirdi və bir az da balın faydalarından danışdı. Malik də o baldan yedi, lakin hələ boğazından keçməmişdi ki, zəhərin təsirindən dünyasını dəyişdi. Bəziləri deyir ki, Malik Qilzim kəndində, Osmanın qulamı olan Nafe tərəfindən zəhərlənmişdir. Allah Malikə rəhmət eləsin!

Həzrət Əli (ə) onun barəsində buyurmuşdur: “Mən Peyğəmbər (s) üçün necə idimsə, Malik  də mənim üçün o cürdür”.

Yenə də Həzrət (ə) öz səhabələrinə buyurdu: “Kaş sizin aranızda iki nəfər, bəlkə, bir nəfər onun kimi səhabəm olaydı”.

Yenə buyurur: “Malik bizə qarşı xeyirxah, düşmənlərimizə qarşı sərt idi. Biz ondan razıyıq, Allah da ondan razı olsun və onun mükafatını artırsın!”

Malikin şəhadət xəbəri Həzrət Əliyə (ə) yetişəndə çox qəmgin oldu, minbərə çıxıb xütbə oxudu, sonra isə evə qayıtdı. Nəxəi qəbiləsinin böyükləri Həzrətə (ə) başsağlığı vermək üçün Həzrətin (ə) evinə gəldilər. Həzrət (ə) təəssüflə buyurdu: “Allah Maliki bağışlasın! And olsun Allah ki, sənin ölümün bir aləmi qəmgin etdi, digər bir aləmi isə sevindirdi. Ağlayanlar gərək sənə ağlasın! Malik kimisi var idimi? Həyatı Şam camaatını, ölümü də İraq camaatını məhv edən bir kişi barədə nə deyim ki?”

Onu da qeyd edək ki, Malik Peyğəmbərin (s) ömrünün axırlarında Yəməndə İmam Əlinin (ə) vasitəsilə İslamı qəbul etmişdir və Peyğəmbəri (s) görməmişdir. O, özünü səhabə yox, tabeinlərdən hesab etmişdir.

Tərcümə etdi: Fərhad Mirzə

Рейтинг

В этом разделе