»»

İMAM HÜSEYNİ (Ə) ŞİƏLƏR ÖLDÜRÜB?

Müqəddimə

Müxaliflər hər il müqəddəs Muhərrəm ayı ərəfəsində müsəlmanlar arasında belə bir şübhə yayırlar ki, şiələr özləri İmam Hüseynə (ə) beyət edib, onu Kufəyə dəvət edib daha sonra əleyhinə çıxaraq onu öldürüblər.

 

Məsələn, Muhsin Əmin deyir: “Sonra İraq əhlindən iyirmi min nəfər Hüseynə beyət etdi. Ona vəfasızlıq edib beyəti onların boynunda olduğu halda ona qarşı çıxdılar və onu öldürdülər.”[i]

“Bunlar həmin şiələrdir. Bu da onların əhli beytə qarşı davranışları və halıdır. Bu, həmin o şiələrdir ki, Əhli beyti sevdiklərini və onların ardıcılları olduqlarını iddia edirlər.”[ii]

Cavab 1: “Şiələr Hüseyni (ə) öldürdü” sözünün özündə açıq aşkar ziddiyət mövcuddur. Çünki, bir şəxsin şiələri onun köməkçiləri, ona tabe olanlar və onu sevənlərdir. Amma bir şəxsin qatili belə deyildir. Elə isə necə olur ki, onlar şiəsi olduqları şəxslə müharibə etdikləri və onu öldürdükləri halda həm sevirlər, həm də ona kömək edirlər?

Əgər “Hüseynin qatilləri şiələrdən idi” sözünü qəbul etsək belə, onlar ona qarşı döyüşmək üçün cəm olduqlarında şiəlikdən çıxmış oldular. Beləcə şiədən başqa bir əqidədə olduqları halda onu (ə) öldürdülər.

Şiələrin öldürülməsi və Kufədə evlərinin dağıdılması

Cavab 2: İmam Hüseynlə (ə) döyüşmək üçün ona qarşı çıxanların bir qrupu Kufə əhlindən idilər. Müaviyə Ziyad ibn Əbihini Kufəyə vali təyin etdikdə o, şiələri tanıdığından onları təqib etməyə başladı. Beləcə onları öldürdü, evlərini dağıtdı, həbs etdi. Hətta Kufədə Əlinin (ə) şiəsi olaraq tanınan bir nəfər belə qalmadı.

İbn Əbil-Hədid Mötəzili deyir: “Əbul-Həsən Əli ibn Muhəmməd ibn Əbi Seyd əl-Mədaini Əhdas kitabında rəvayət edib deyir: “Müaviyə Camaat ilindən sonra (İmam Həsənin (ə) Müaviyə (l) ilə məcburi sülh bağladığı il – müt.) öz işçilərinə bir nüsxə yazdı ki, hər yerdə və hər minbərdə Əliyə lənət edib ondan bəraət etməyə, onun və əhli beytinin əleyhinə danışmağa başlasınlar. Bu zaman ən çox bəlaya düçar olan Kufə camaatı idi. Çünki orada Əlinin (ə) şiələri çox idi. Onlara vali olaraq Ziyad ibn Suməyyə təyin edilmişdi. Bəsrə də onun ixtiyarına verilmişdi. O, şiələri tanıyırdı və onları təqib edirdi. Çünki Əlinin (ə) zamanında o da şiələrdən idi. Ziyad şiələri öldürür, əllərini və ayaqlarını kəsir, gözlərini çıxarır, onları xurma ağacından asaraq edam edirdi. Beləliklə o, şiələri qovaraq demək olar ki, İraqdan qaçırtdı. Orada şiə kimi tanınan heç kəs qalmamışdı.”[iii]

Təbərani “Mucəmul-Kəbir” kitabında öz sənədi ilə Yunis ibn Ubeyddən, o da Həsəndən nəql edir: “Ziyad Əlinin (Allah ondan razı olsun) şiələrini təqib edir, onları öldürürdü. Bu xəbər Həsən bin Əliyə (Allah ondan razı olsun) çatdıqda o, belə dedi: “Ey Allahım, sən özün onu öldür! Həqiqətən də şiələrin qətl edilməsi onların kəffarəsidir.”[iv]

Heysəmi bu xəbər barədə belə deyir: “Bunu Təbərani nəql edib. Raviləri səhihin (Buxari) raviləridir.”[v]

Zəhəbi deyir: “Həsən Bəsri dedi: “Həsən ibn Əliyə Ziyadın Bəsrədə Əli şiələrini təqib etməsi və öldürməsi xəbəri çatdı. O da İbn Ziyadı qarğış etdi.” Nəql edilir ki, İbn Ziyad Kufə əhlini Əlidən bəraət etdirmək üçün topladı. Sonra 53-cü ildə o taun xəstəliyinə düçar oldu.”[vi]

İbn Əsir “Kamil” əsərində deyir: “Ziyad Müaviyənin əmrini şiddətlə həyata keçirən, hökümətin Müaviyədə olmasında ən çox israr edən, bu işdə qılıncını sıyıran, zənn ilə əməl edən, şübhəyə söykənərək cəza verən ilk şəxs idi. İnsanlar ondan çox qorxardılar. O həddə qorxardılar ki, bir-birinə əmin olmayınca ehtiyat edib bir söz deməzdilər.”[vii]

İmam Hüseynin (ə) qatilləri arasında şiə var idi?

Cavab 3: İmam Hüseyni (ə) öldürənlər məlum şəxslər idi. Onların arasında isə şiəçiliyi ilə tanınan bir nəfər belə yox idi. Onlar Ömər ibn Səd ibn Əbu Vaqqas, Şimr ibn Zil-Cövşən, Şəbət ibn Rəbi, Sənan ibn Ənəs, Həccar ibn Əbcər, Hərmələ ibn Kahil və digərləridir. Bunların heç biri nə şiə kimi nə də İmam Əliyə (ə) dostluqları ilə tanınmırdı.


[i] Ehsan İlahi Zəhir “Şiə və Əhli-beyt” s.282; “Ən-Nəss fi ə’yaniş-Şiə” s.34

[ii] Ehsan İlahi Zəhir “Şiə və Əhli-beyt” s.282-280

[iii] “Şərhu Nəhcil-Bəlağə” c.11 s.44 (qədim çapla c.3 s.15)

[iv] “Mucəmul-Kəbir” c.3 s.68

[v] “Məcməuz-zəvaid” c.6 s.266

[vi] “Siyəru Əlamin-Nübəla” c.3 s.496

[vii] “Əl-Kamil fit-Tarix” c.3 s.450

 

İmam Hüseynin (ə) qatilləri Əbu Süfyan ailəsinin şiələridir.

Cavab 4. İmam Hüseyn (ə) onları aşura günündə “Əbu Süfyan ailəsinin şiələri” adlandırıb. Belə ki, buyurub: “Vay olsun sizə, ey Əbu Süfyan ailəsinin şiələri. Əgər sizin dininiz yoxdursa, məaddan qorxmursuzsa heç olmasa bu dünyada azad şəxslər olun.  Əgər güman etdiyiniz kimi ərəbsinizsə şərəfli ləyaqətli olun.”[i]

Necə ki, biz başqa şəxslərin sözlərində onların bu şəkildə adlandırılmasını görməmişik. Bu da o şəxslərin Əhli-beyt (ə) şiələrindən və tərəfdarlarından olmamasına açıq aşkar dəlildir.

İmam Hüseynin (ə) düşmənləri onun xeymələrini talan edənlərdir

Cavab 5: Həmin şəxslər İmam Hüseynə (ə) qarşı şiddətli düşmənçilik bəsləyirdilər. Belə ki, ona və əhli beytinə (ə) suyu qadağan etdilər. Onun özünü (ə) , bütün səhabələrini və əhli beytini (ə) qətl etdilər. Onların başlarını kəsdilər. Bədənlərini atlarının ayaqları altında əzdilər. Qadınlarını təhqir etdilər. Onların bütün zinət əşyalarını qəsb etdilər və s.

İbn Əsir “Əl-Kamil” kitabında deyir:

“Sonra Ömər ibn Səd öz əshabına belə dedi: “Kim Hüseynin cavabını verə bilər və onun bədəni üstündə at çapar?” On nəfər bu işi qəbul etdi. İshaq ibn Həyat Həzrəmi də onlardan idi. O, Hüseynin köynəyini oğurlayandır. Daha sonra o, dəri xəstəliyinə (qarayara) tutuldu. Onlar Hüseynin üstündə o qədər at çapdılar ki, onun sinəsini və belini sındırdılar.”[ii]

İbn Əsir deyir: “Hüseynin üzərində olan hər şey oğurlandı. Onun şalvarını Bəhr ibn Kəb götürdü. Qeys ibn Əşəs isə onun qətifəsini götürdü. Daha sonralar o, “Qeysu Qətifə” deyə adlandı. Onun başmaqlarını Əsvəd əl-Əvdi götürdü. Qılıncını darəmli bir kişi götürdü.  Onun yükünü və qadınların üstündə olanları talan etdilər. Hətta əgər bir qadın  üstündən bir paltar atsaydı onu da götürərdilər.”[iii]

İbn Kəsir “Əl-bidayə vən-nihayə” əsərində Əbu Muxənnəfdən nəql edir:

“Sənan və digərləri onu talan etdilər. İnsanlar onun bütün mal-mülkünü, çadırında nə varıydısa hətta qadınlarda təmiz paltarlardan nə varıydısa bölüşdürdülər. Ömər ibn Səd gəlib dedi: “Heç kəs bu qadınların yanına daxil olmasın, heç kəs bu cavanı (İmam Səccadı (ə) qəsd edir) öldürməsin. Hər kim onlardan nə götürübsə onlara qaytarsın.” Əbu Muxənnəf deyir: “And olsun Allaha heç kəs onlara heç nə qaytarmadı.”[iv]

Bütün bunları yalnız Əhli-beytə kin və şiddətli düşmənçilik bəsləyən şəxslər edə bilər. Elə isə Əhli-beyti sevən şiənin bu işləri görməsi necə düşünülə bilər?!!

Hüseynin (ə) qatilləri onun düşmənlərindən və ona nifrət edən şəxslərdəndir

İbn Əsir deyir: (Ömər bin Sədə İmam Hüseynə qarşı çıxmaq əmr olunduqda) O, İbn Ziyada dedi ki, mənə bu gün möhlət ver fikirləşim. O, məsləhətləşdi və hamı onu bu işdən çəkindirdilər. Həmzə ibn Muğeyrə ibn Şöbə - onun bacısı oğlu – onun yanına gəlib dedi: “Dayı, Allaha xatir Hüseynə qarşı çıxma. Çəkin bu işdən! Qohumluq əlaqələrini qoparacaqsan (Qureyşdən olduğuna görə İmam Hüseynlə qohum idi-müt.). And olsun Allaha sən dünya, mal-mülk, yerdə hökmranlıq etməyə görə çıxırsan. Amma bil ki, əlin Hüseynin qanına bulaşmış halda Allahla görüşməkdə heç bir xeyir yoxdur. Ömər ibn Səd dedi: “Bu işi görəcəm.” O bütün gecəni bu barədə düşünərək keçirdi. Öz-özünə belə deyirdi (şer şəklində):

 “Rey müllkünü tərk edim? Halbuki Rey arzumdur.Ya Hüseynin qətlinə görə qınanaraq qayıdım? Onu öldürməyin sonu cəhənnəmdir ondan başqa yer yoxdur (bu işin sonunda). Rey mülkü isə göz aydınlığıdır.”[v]

Həməvi deyir: “Dünya və hakimiyyət sevgisi ona qalib gəldi və Hüseynin (Allah ondan razı olsun) qətli baş verdi.”[vi]

 

[i] Xarəzmi “Məqtəlul-Hüseyn” c.2 s.38; “Biharul-Ənvar” c.45 s.51; “Luhuf fi qətlət-tufuf” s.45

[ii] İbn Əsir “Əl-Kamil fit-tarix” c.4 s.80

[iii] İbn Əsir “Əl-Kamil fit-tarix” c.4 s.79

[iv] “Əl-Bidayə vən-Nihayə” c.8 s.190

[v] “Əl-kamil” c.4 s.53

[vi] “Mocəmul-Buldan” c.3 s.118

 

İmam Hüseynin (ə) qatilləri nasibi və xaricilərdir

Cavab 6: İmam Hüseynin (ə) qatillərindən bəziləri ona belə deyirdilər: “Biz səninlə yalnız atana olan nifrətimizə görə döyüşürük.”[i]

Onların İmam Əli ibn Əbu Talibə (ə) qarşı nifrətlərinin məlum olduğu halda şiə olmalarını təsəvvür etmək mümkün deyil.

Onlardan bəziləri isə belə deyirdilər: “Ey Hüseyn, ey kəzzab oğlu kəzzab”[ii]

Başqa biri isə demişdi: “Ey Hüseyn, səni cəhənnəmlə müjdələyirəm.”[iii]  

Həmçinin belə deyənlər də olmuşdur: “Həqiqətən də sizin namazınız qəbul olunmaz.”[iv]

Onlar qəlblərində İmam Əli (ə) və İmam Hüseynə (ə) və ümumən  Əhli-beytə (ə) bəslədikləri nifrət və kinlərinə görə bundan başqa sözlər də deyiblər. Bu sözləri deyən kəslər necə şiə ola bilər axı?! Məlumdur ki, onlar nasibi və xaricilər idi.

İmam Hüseynə (ə) məktub yazanlar

 “Dedilər: Kufənin böyük şəxsləri – Şəbəs ibn Ribi Yərbui , Muhəmməd ibn Umeyr ibn Utarid ibn Hacib Təmimi, Həccar ibn Əbcər , Yezid ibn Haris ibn Yezid ibn Ruveym əş-Şeybani, Əzrə ibn Qeys, Əmr ibn Həccac Zübeydi ona yazdılar: “Vaxt çatıb, imkan yetişib. Əgər istəyirsənsə bizə tərəf gəl. Orduya başçılıq et. Vəssəlam”[v]

 İmam Hüseynin (ə) qətlində bir başa iştirak edənlər

İbn Əsir deyir: “Onu Sənan ibn Ənəs öldürdü. Deyilib ki, onu Şimr ibn Zil-Cövşən öldürüb və Xuli bin Yezid onun üzərində at çapdı. Həmçinin deyilib ki, onu Ömər ibn Səd öldürüb. Lakin bu güclü nəzər deyil. Doğru olan isə onu Sənan ibn Ənəs Nəxəinin öldürməsidir. Onu öldürənin Şimr və Ömər ibn Səd olduğu deyilməsinə gəlincə, ona görə belə deyilib ki, insanları onu öldürməyə təşviq edən və onun üstünə (öldürmək üçün) göndərən Şimr idi. Ömər isə ordunun başçısı idi. Ona görə də onun öldürülməsi Ömərə nisbət verildi. Xuli onun başını ibn Ziyada apardı və dedi: “Mənim miniklərimi gümüş və qızılla doldur. Mən nəsəb və ata-ana cəhətindən insanların ən xeyirlisini öldürmüşəm.”[vi]

Nəql olunur ki, Sənan ibn Ənəs onu öldürdükdə insanlar ona dedilər: “Sən Hüseyn ibn Əlini, Peyğəmbərin (s.a.s.) qızı olan Fatimənin oğlunu öldürdün.[vii]

İbn Əsir deyir: “Hüseyn öldürüldükdə Ömər ibn Səd əmr etdi və onlar atlarına mindilər və Hüseyni atların altında tapdaladılar. Onunla birgə ölənlər yetmiş iki nəfər idi. O öldürüldükdə Ömər onun və əshabının başını ibn Ziyada göndərdi. İbn Ziyad insanları topladı, başları gətirdi və Hüseynin dodaqlarının arasına çubuqla vurmağa başladı. Zeyd ibn Ərqəm onun bu işi dayandırmadığını gördükdə belə dedi: Bu çubuğu götür! Özündən başqa tanrı olmayana and olsun ki, Rəsulullahın (s) bu dodaqları öpdüyünü görmüşəm.” Sonra ağlamağa başladı. İbn Ziyad ona dedi: “Allah səni ağlatsın. And olsun Allaha əgər sən yaşlı olmasaydın boynunu vurardım.” Zeyd ibn Ərqəm oradan çıxıb camaata belə dedi Siz, ey ərəb kölələr, sizin Fatimənin oğlu Hüseyni öldürdüyünüz və Mərcanənin oğlunu başçı qərar verdiyiniz gündən sonra o sizin ən yaxşılarınızı öldürəcək, ən pislərinizi özünə kölə edəcək.[viii]

 “İbn Ziyad otuz beş min nəfərlik qoşun hazırladı. Hürrü Qadisiyyədən olan min nəfərlə, Kəb ibn Təlhəni üç min nəfərlə, Ömər ibn Sədi dörd min nəfərlə, Şimri Şam əhlindən olan dörd min nəfərlə, Yezid bin Rikab Kəlbini iki min nəfərlə, Husayn ibn Numeyr Səkunini dörd min nəfərlə, Muzair ibn Rəhinə Mazənini üç min nəfərlə,  Nəsr ibn Hərşəni iki min nəfərlə, Şəbəs ibn Rəbini və Həccar ibn Əbcəri isə min nəfərlə göndərdi.”[ix]

İmam Hüseynin (ə) qətlinə fərman verən Yezid ibn Müaviyə idi

Cavab 7: Yezid ibn Muaviyə (l) İmam Hüseynin (ə) öldürülməsi məsuliyyətini məhz Ubeydullah ibn Ziyada (l) tapşırdı.

İbn Kəsir “əl-Bidayə vən-nihayə”də, Zəhəbi “Siyəru Əlamin-Nubəla”da həmçinin digər şəxslər də qeyd ediblər ki, Yunis ibn Həbib demişdir:

 “Ubeydullah Hüseyni və onunla olanları öldürdükdə onların başlarını Yezidə göndərdi. Əvvəlcə onları öldürdüyünə görə sevindi. Lakin çox keçməmiş buna peşman oldu. O, deyirdi: “Ey kaş Allah rəsulunun (s.a.s.) hörmətini saxlamaq və onun haqqını qorumağa xatir əziyətə dözər, Hüseyni (taxtda) öz yanımda saxlayar və əgər bu iş məni zəyif göstərsə belə onu istədiyi məsələdə hakim edərdim. Allah Ubeydullaha – Mərcanənin oğluna lənət etsin. O Hüseyni (döyüşə) məcbur etdi. Hüseyn istədi ki, yolunu dəyişdirsin ya da mənim yanıma gəlib əlini əlimə qoysun (yəni beyət etsin) və ya başqa bir yerə səfər etsin. O isə bunu qəbul etmədi və Hüseyni öldürdü. Müsəlmanlar onun öldürülməsinə görə mənə qəzəbləndi. Onların qəlbində mənə qarşı düşmənçilik yaratdı.”[x]

Allahın düşmənləri – Sənan ibn Ənəs və Şimr ibn Zilcovşən Şam əhlindən olan şəxslərlə birlikdə gəldilər və Hüseynin (ə) başı üzərində dayandılar.[xi]

Husayn ibn Numeyr isə Hums (Suriyada bir şəhər müt.) camaatındandır. Şimr ilə birgə olanlar isə əlli nəfər idilər. Əbdurrəhman Cufi də onlardandır. “Buğyətut-tələb”-də onun tərcümeyi-halı mövcuddur.[xii]

Ubeydullahla Muxtara qarşı şam ordusunda döyüşmək üçün Hüseynin qatillərindən bir qrup şəxs xaric oldu. Umeyr ibn Hubab, Furat ibn Salim, Yezid ibn Həzin və digər bir çox şəxslər bunlardandır.”[xiii]

Umeyr ibn Hubab Əba Əvər Suləmi qəbiləsindəndir. Müaviyənin tərəfdarıdır.[xiv]
Furat ibn Salim Cəzəri, Nofəl ibn Furatın atasıdır. İbn Mənzur “Muxtəsəru tarixi Diməşq”-də onun tərcümeyi halını yazıb deyir: “Siqədir.”[xv]

İbn Səd deyir: “Şam camaatından olan bir şəxs Hüseynin oğlu Əli Əkbəri çağırdı. Əli Əkbərin anası Məsud Səqəfinin oğlu Urvənin oğlu Əbu Murrənin qızı Aminədir. Aminənin anası isə Hərbin oğlu Əbu Süfyanın qızıdır. Həmin şəxs Əli Əkbərə dedi: “Sənin möminlərin əmiri (Müaviyə) ilə qohumluğun var. Əgər istəsən sənə aman verərik.” Əli Əkbər dedi: “And olsun Allaha ki, rəsulullah - sallallahu əleyhi və alihi səlləm – ilə qohumluq Əbu Süfyanla qohumluğdan  əlaqələri saxlamaqdan daha üstündür.” Sonra “Mən Əlinin oğlu Hüseynin oğlu Əliyəm, biz Peyğəmbərə (s) Şimrdən, Ömərdən və övladlığa götürülənin oğlundan (Yəni ibn Ziyaddan) daha yaxınıq.”[xvi]

Bütün bu deyilənlərdən məlum olur ki, şiələrin İmam Hüseyni (ə) qətlə yetirənlər və bu işdə əlləri olanlarla heç bir əlaqəsi yoxdur.

 

[i] Yənabiul-məvəddə s.346

[ii] İbn Əsir “Əl-Kamil” c.4 s.67

[iii] Həmin mənbə c.4 s.66; “Əl-bidayə vən-nihayə” c.4 s.183

[iv] “Əl-Bidayə vən-nihayə” c.8 s.185

[v] Əhməd ibn Yəhya ibn Cabir Bilazuri “Ənsabul-Əşraf” c.1 s.411

[vi] İbn Əsir “Usdul-ğabə” c.2 s.21

[vii] Həmin mənbə.

[viii] Həmin mənbə c.2 s.22

[ix] Mənaqibu Ali Əbi Talib- İbn Şəhr Aşub c.3 s.248

[x] “Siyəru əlamin-nübəla” c.3 s.317; “Əl-bidayə vən-nihayə” c.8 s.235; “Əl-Kamil” c.4 s.87

[xi] “Əmali” Şeyx Səduq s.226 Məclis 30

[xii] Bax:“Buğyətut-Tələb” 10/4380

[xiii] “Əl-əxbarut-tuval” s.293

[xiv]Ənsabul-Əşraf”13-331

[xv] “Muxtəsəru tarixi Diməşq” 20/261 rəqəm 95.

[xvi] İbn Səd “Təbəqat” s.73 – İmam Hüseynin (ə) tərcümeyi halından.

 

“İMAM HÜSEYNİ (Ə) ŞİƏLƏRİN ÖLDÜRMƏSİ” ŞÜBHƏSİNƏ BAŞQA BİR CAVAB

Şiə məfhumunun indiki zamanımızdakı mənası ilə İslamın ilk dövrlərində ifadə etdiyi mənanın müxtəlifliyi

İbn Teymiyyə “Minhacus-sunnə”-də bu məsələ haqqında deyir:

“Şiələr Əlinin tərəfdarları idilər. Əbu Bəkri və Öməri (fəzilətdə) ondan öndə bilirdilər. İxtilaf isə Əlinin Osmandan önə salınmasındadır.”[i]

İbn Həcər Əsqəlani də bu şəkildə açıqlayır:

“Şiəlik Əlini sevib, onu səhabələrdən (fəzilətdə) öndə tutmaqdır. Kim əgər onu Əbu Bəkr və Ömərdən öndə tutsa o şiəlikdə həddini aşıb (ğüluv edib). Bu halda ona rafizi deyilər. Əks təqdirdə isə şiədir. Əgər razifiliyindən əlavə (o ikisini) söysə və ya düşmənçilik-nifrətini açıq aşkar bildirsə rafizilikdə həddi aşmışdır. Amma əgər rəcətə inansa o zaman ğüluvun (həddi aşmanın) ən şiddətli həddinə çatmışdır.”[ii]

Bu tərifə əsasən, İmam Hüseyni (ə) öldürən şiələrdən məqsəd on iki imamçı şiələr deyil. Əksinə, onlar Əhli sünnənin böyük hissəsidir. Əli sevgisinə etiqad etdikləri halda, Əbu Bəkr və Öməri mövlamız Əlidən (ə) öndə tuturlar.

İmam Hüseynin (ə) öldürülməsi Yezidin (l) əmri ilə baş vermişdir

Əhli sünnə mənbələrinə əsasən İmam Hüseynin (ə) qatili Yezid ibn Muaviyədir (Allah hər ikisinə lənət etsin).

İbn Əsir deyir:

 “Hüseyni öldürənə gəlincə, Hüseyn öz qətlinin Yezidin əli ilə olduğunu bildirmişdir.”[iii]

Zəhəbi deyir:

“Yezid Mədinə camaatına həmən şeyləri etdiyi və Hüseyni, qardaşlarını və ailəsini öldürdüyü zaman...”[iv]

İbn Kəsir Dəməşqi deyir:

“O (Yezid), Hüseyni və onun səhabələrini Ubeydullah ibn Ziyadın əli ilə öldürdü.”[v]

İmam Hüseynin (ə) qatilləri Əbu süfyan ailəsinin şiələridir

Məqtəllərdə gələn bəzi rəvayətlərə əsasən İmam Hüseyn (ə) Kərbəlada düşmənlərinə bu şəkildə xitab etmişdir : "Ey Əbu Süfyan ailəsinin şiələri."

Xarəzmi deyir:

“Onlara səsləndi:"Vay olsun sizə, ey Əbu Süfyan ailəsinin şiələri, əgər dininiz yoxdursa və məaddan (qayıdış günündən) qorxmursunuzsa elə isə bu dünyanızda azad olun."[vi]

İmam Hüseynin qatilləri nasibilər və İmam Əliyə (ə) nifrət bəsləyən şəxslərdir

Bəzi Əhli-sünnə kitablarında qeyd olunmuşdur ki, İmam Hüseyni (ə) öldürənlər Əliyə (ə) qarşı kin bəsləyən nasibilər idi.

"Onlar Hüseynə dedilər:"Biz səni atana olan nifrətimizə görə öldürürük."[vii]

 

[i] “Minhacus-sunnə” c.2 s.96 nəşr: Qurtuba Muəssisəsi-1406 (h.q.) çap: Birinci çap. Təhqiq: Muhəmməd Rəşad Salim

[ii] “Hədyus-sari” “Fəthul-bari fi şərhi Səhih Buxari”-nin müqəddiməsi s.459 Nəşr: Darul-mərifət Beyrut 1379. Təhqiq: Muhəmməd Fuad Əbdul-Baqi, Muhibbud-din Əl-Xətib.

[iii] “Əl-Kamil fit-tarix” c.3 s.474 Nəşriyat: Darul-kutubil-ilmiyyə. Beyrut. 1415 h. 2-ci çap. Təhqiq: Abdullah Qazi

[iv] “Tarixul-islam” c.5 s.30 Nəşriyat: Darul-kutubil-ərəbi. Livan/Beyrut. 1407 h. 1987 m. 1-ci çap. Təhqiq: D. Ömər Əbdussəlam.

[v] “Əl-Bidayə vən-nihayə” c.8 s.222 Nəşriyat: Məktəbətul-məarif. Beyrut.

[vi] Xarəzmi "Məqtəlul-Huseyn" c.2 s.38; "Biharul-ənvar" c.45 s.51; "Əl-Luhuf fi qətlət-tufuf" s.45

[vii] Qunduzi "Yənabiul-məvəddə lizəvil-qurba" c.3 s.80

 

Peyğəmbərin (s) səhabələrinin İmam Hüseynin (ə) qatilləri arasında olması

Vəhabiləri çaşqın qoyan cavablardan biri də Ömər ibn Sədin ordusunda Peyğəmbərin (s) bəzi səhabələrinin olmasıdır. Əhli sünnə mənbələrinə əsasən Yezidin qoşununda İmam Hüseynə (ə) məktub yazanlardan bəziləri də var idi. Onlar peyğəmbərin (s) səhabələri idilər. Əgər onlar şiə olsalar, o zaman səhabələrin arasında da şiələrin olduğu bizə aydın olar. Yox əgər onlar Əhli beyt (ə) düşməni olmuşlarsa deməli səhabələrin də arasında Əhli beyt düşməni - nasibilər olub. Bu isə vəhabilərin və əhli sünnənin əqidə sütunlarını sarsıdır. Çünki onlar etiqad edirlər ki, səhabələr hamısı adil şəxslərdir.

Əbu Hamid Ğəzzali, məşhur əhli sünnə alimi moizə edənlərin və başqa şəxslərin Hüseynin (ə) məqtəlini deməsinin icazəli olmadığını açıq aşkar  bildirir. İbn Həcər Heysəmi deyir:

"Ğəzzali və başqaları demişlər ki, moizə edənlərə və digər şəxslərə Hüseynin məqtəlini (öldürülməsini) və səhabələr arasında olan düşmənçilik və mübahisələr haqqında danışmaq qadağandır. Həqiqətəndə bunlar bəzi səhabələrə qarşı çıxmağa və onlara tənə vurmağa səbəb olur.”[i]

Ömər ibn Sədin ordusunda olan və İmam Hüseynin (ə) qətlində iştirak edən səhabələr

1) Kəsir ibn Şihab Harisi

Əbu Nəim İsfəhani (v.430) deyir:

"Kəsir ibn Şihab Bəcəli Peyğəmbəri (s) görüb."[ii]

İbn Həcər Kəsir ibn Şihab əl-Harisinin tərcümeyi halında deyir: "Deyilir ki, o, səhabə olub... Deyirəm: Onun səhabə olması nəzərini qüvvətləndirən şeylərdən biri də budur ki, əvvəldə də keçdiyi kimi, onlar yalnız səhabələr tərəfindən əmr olunardılar. Ömərin ona yazdığı da buna dəlalət edir ki, o, (Kəsir ibn Şihab) onların əmiri (onlara əmr verən) idi."[iii]

2)  Həccar ibn Əbcər əl-İcli

İbn Həcər Əsqəlani qeyd edir ki, o səhabədir. Bilazuri onun İmam Hüseynə (ə) yazdığı məktubu nəql etmişdir:

“Həccar ibn Əbcər ibn Cabir İcli, Peyğəmbəri (s) görmüşdür.”[iv]

"Deyiblər: "Kufənin böyük şəxsləri ona (İmam Hüseynə) məktub yazmışlar... və Həccar ibn Əbcər  əl-İcli ...(onlardandır)"[v]

Əhməd ibn Yəhya ibn Cabir Bilazuri deyir:

"İbn Ziyad Ömər ibn Səd ilə görüşdükdən bir və ya iki gün sonra Husayn ibn Təmimi və onunla birlikdə olan dörd min nəfəri Hüseynin üzərinə göndərdi. O həmçinin Həccar ibn Əbcər İclini min nəfərlə Hüseynin üzərinə göndərdi."[vi]

3) Abdullah ibn Hisn əl-Əzdi

İbn Həcər Əsqəlani deyir: "Təbərani Abdullah ibn Hisn ibn Səhli səhabələr arasında qeyd edib."[vii]

O, İmam Hüseynə (ə) Kərbəlada ehtiramsızlıq etmiş və onu (ə) təhqir etmişdir.

"Abdullah ibn Hisn əl-Əzdi Hüseyni səsləndi: "Ey Hüseyn, suyu görmürsənmi? O, sanki mavi səma kimidir. And olsun Allaha sən ondan bir qətrə belə içməyəcək və susuz öləcəksən."[viii]

4) Əbdurrəhman ibn Əbu Səbrə Cufi 

İbn Əbdul-Bərr (v.463 h.) deyir:

“Əbdurrəhman ibn Əbu Səbrə Cufi, Əbu Səbrə-nin adı Zeyd ibn Malikdir. Kufəfilərdən hesab edilir. Onun adı Uzeyr (başqa nüsxəyə əsasən “Əziz”) idi. Allah Rəsulu (s) onu Əbdurrəhman adlandırdı..."[ix]

O, Bəni Əsəd qəbiləsinə başçılıq etmiş və İmam Hüseynin (ə) qətlində iştirak etmişdir.

İbn Əsir deyir:

"Ömər ibn Səd Mədinə camaatına Əbdullah ibn Züheyr Əzdini, Rəbiə və Kindəyə Qeys ibn Əşəs ibn Qeysi, Muzhəc və Əsədə Əbdurrəhman ibn Əbu Səbrə Cufini, Təmim və Həmdana Hürr ibn Yezid Riyahini təyin etdi. Bunlar hamısı Hüseynin öldürülməsinə şahid oldular."[x]

5) Əzrə ibn Qeys Əhməsi

İbn Həcər Əsqəlani deyir:  

“Əzrə ibn Qeys ibn Ğəzyə Əhməsi əl-Bəcəli, İbn Səd birinci təbəqədə (səhabələr arasında) onu qeyd etmişdir."[xi]

O İmam Hüseynə (ə) məktub yazan şəxslərdəndir.

"Nəql olunur: Kufənin böyük şəxsləri ona (İmam Hüseynə ə.) məktub yazmışlar...və Əzrə ibn Qeys... (onlardandır).”[xii]

O, Ömər ibn Sədin qoşununda süvarilərə rəhbərlik etmişdir.

"Ömər ibn Səd... süvarilərə Əzrə ibn Qeys Əhməsini başçı təyin etdi."[xiii]

O, şəhidlərin kəsilmiş başlarını ibn Ziyada apardı.

"Öldürülənlərin başları kəsildi və ibn Ziyada yetmiş iki baş aparıldı. Başları aparanlar Şimr... və Bəcilədən olan Əzrə bin Qeys idi. Onlar kəsilmiş başları ibn Ziyada təqdim etdilər."[xiv]

6) Əbdurrəhman ibn Əbza

Səhabədir. Əbu Hatim deyir ki, peyğəmbəri (s) görmüş və onun arxasında namaz qılmışdır.[xv]

Mizzi deyir: "İmam Hüseynlə (ə) döyüşdə iştirak edənlərdən olub."[xvi]

7) Əmr ibn Hureys

Künyəsi Əbu Səiddir. Peyğəmbəri (s.a.s.) görmüşdür.[xvii]

Ordunun başçılarından olmuşdur.

"Ordu başçılarından biri də  Əmr ibn Hureys  idi. İbn Ziyad Kufədə bayrağı ona verdi və onu insanlara əmir təyin etdi."[xviii]

"O, bəni-Üməyyəyə sadiq qaldı və ibn Ziyad onu Kufəyə vali təyin etdi."[xix]

8) Əsma ibn Xaricə əl-Fəzari

 “450. Onun atasını və əmisi Hürrü səhabələr arasında qeyd ediblər.[xx]

O, İmam Hüseynin qətlində iştirak etmişdir.

"İbn Ziyad ... və Əsma ibn Xaricə əl-Fəzarini ... çağırdı və dedi: "İnsanlar arasında gəzin və onlara itaət etməyi əmr edin... və onları hərbiyə təşviq edin.”Onlar çıxdılar, Kufəni dolandılar sonra gəlib onunla görüşdülər."[xxi]

 

[i] İbn Həcər Heysəmi"Səvaiqul-muhriqa" c.2 s.640 Nəşriyyat: "Muəssisətur-Risalə" Livan.

[ii] "Tarixu İsbəhan" c.2 s.136 Nəşriyat: Darul-Kutubil-İlmiyyə. Beyrut h.1410 m.1990. Birinci çap

[iii] Əl-İsabə fi təmyizis-səhabə c.5 s.571 nəşr:Darul-Ceyl Beyrut, 1992-1412. Birinci çap.

[iv] "Əl-İsabə fi təmyizis-səhabə" c.2 s.167 rəqəm 1957. Nəşriyat: Darul-Ceyl Beyrut.

[v] Ənsabul-əşraf c.1 s.411

[vi] "Ənsabul-əşraf" c.1 s.416

[vii] "Əl-İsabət fi təmyizis-səhabə" c.4 s.61 rəqəm 4630. Nəşriyat: Darul-Ceyl Beyrut.

[viii] "Ənsabul-Əşraf" c.1 s.417

[ix] "Əl-İstiab" c.2 s.834 rəqəm 1419. Nəşr: Darul-Ceyl Beyrut.

[x] "Əl-Kamil fit-tarix" c.3 s.417 Nəşriyat: Darul-kutubil-ilmiyyə Beyrut.

[xi] "Əl-İsabə fi təmyizis-səhabə" c.5 s.125 rəqəm 6431. Nəşriyat: Darul-Ceyl. Beyrut.

[xii] "Ənsabul-Əşraf" c.1 s.411

[xiii] "Ənsabul-əşraf" c.1 s.419

[xiv] "Ənsabul-əşraf" c.1 s.424

[xv] İbn Həcər "Əl-İsabə" c.4 s.239

[xvi] "Təhzibul-kəmal" 11/90 rəqəm 3731

[xvii] İbn Əsir "Usdul-ğabə" c.4 s.97

[xviii] "Biharul-ənvar" c.44 s.352

[xix] "Ənsabul-Əşraf" 6/376

[xx] "Əl-İsabə" c.1 s.195. Nəşriyat: Darul-Ceyl Beyrut.

[xxi] "Ənsabul-əşraf" c.1 s.416

 

Şiələrin Kufədə Müaviyənin (l) əmri ilə öldürülməsi

İbn Əbil-Hədid deyir:

“Onlara vali olaraq (Müaviyə tərəfindən) Ziyad ibn Suməyyə təyin edilmişdi. Bəsrə də onun ixtiyarına verilmişdi. O, şiələri tanıyırdı və onları təqib edirdi. Çünki Əlinin (ə) zamanında o da şiələrdən idi. Ziyad şiələri öldürür, əllərini və ayaqlarını kəsir, gözlərini çıxarır, onları xurma ağacından asaraq edam edirdi. Beləliklə o, şiələri qovaraq demək olar ki, İraqdan qaçırtdı. Orada şiə kimi tanınan heç kəs qalmamışdı.[i]

Kufə camaatının çoxu ikinci xəlifəyə tabe olan şəxslər idi

İbn Əbil-Hədid deyir:

"Rəvayət olunub ki, insanlar Kufədə toplaşaraq Əmirəl-Möminindən (ə) onlara Ramazan ayının nafilə namazını (camaatla) qılmaq üçün imam təyin etməsini istədikdə o, onları çəkindirdi və bunun sünnəyə zidd olduğunu söylədi. İnsanlar onun yanından ayrıldılar və özləri toplaşıb aralarından kimisə qabağa çəkdilər (imam camaat etdilər). O, onların yanına oğlu Həsəni (ə) göndərdi. O, qamçı ilə məscidə daxil oldu. İnsanlar onu gördükdə qapılara tərəf getdilər və “Ey vay Ömər” deyə fəryad etməyə başladılar.”[ii]

Şeyx Kuleyni Əmirəl-möminindən (ə) müfəssəl şəkildə nəql etdiyi xütbədə İmam (ə) insanların vəziyətindən şikayət edir:

 “Əgər insanları o işi tərk etməyə məcbur etsəm və onu əvvəlki  – Peyğəmbərin (s) vaxtında olan şəklinə qaytarsaydım, ordum məndən ayrılar, tənha və yaxud Allahın kitabından və Peyğəmbər (s) sünnəsindən mənim fəzilətimi və imamətimin haqqını bilən az miqdar şiələrimlə qalardım... və onlara bildirdim ki, onların nafilələri (camaatla) qılmaq üçün toplaşması bidətdir. Bu zaman mənimlə birlikdə döyüşən əsgərlərdən bəziləri car çəkdilər ki, “Ey müsəlmanlar, Ömərin sünnəsi dəyişdirildi...”[iii]

Bu deyilənlərdən məlum olur ki, İmam Hüseyni (ə) qətlə yetirənlər nasibi və xaricilər, İmam Əli (ə) və Əhli-Beyt (ə) ilə düşmən olan kəslər idi. Elə isə onların şiə olduğunu necə söyləmək olar?!

Hazırlayan: “Vəliyyi-əsr müəssisəsi”

Tərcümə edən: Məşədi Əbdussaməd

besiret.az


[i] Şərhu Nəhcil-Bəlağə c.11 s.44; Muhəmməd ibn Əqil “Nəsayihul-kafiyə” s.72

[ii] “Şərhu nəchil-bəlağə” 12/283; “Təlxisuş-şafi” 4/52

[iii] “Kafi” c.8 s.58; “İhticac” c.1 s.263; “Vəsailuş-şiə” c.1 s.457; “Süleym ibn Qeysin kitabı” s.718

Рейтинг

В этом разделе