»»

Hidayət olanlar 28 - Azərbaycanlı xristian Sevaçev Hüseyn

Adı: Sevaçov Andrey

Ölkə: Azərbaycan

Keçmiş dini (Məzhəbi): Xristian

Salam aleykum. Atamın adı Sevaçov Andrey Vasilyeviçdir, anamın adı Smolina Natalya Anatoliyevnadır.

Mən Bakı şəhərində Maştağa qəsəbəsində xristian bir ailədə dünyaya göz açmışam. Elə mən özüm də həmçinin xristian olmuşam. Mən ailədə 8 yaşımdan tək böyümüşəm. Yəni ki, anam böyüdüb məni, ata rolu olmayıb bizdə, atasız böyümüşəm. 11 yaşına qədər xristian adət-ənənələri ilə böyümüşəm, 11 yaşından sonra anamın təşəbbüsü oldu ki, onun da həvəsi var idi ki, mən İslama gəlim. Getdik, qonşumuz Kərbəlayi Paşaya dedi ki, "mən istəyirəm ki, oğlum müsəlman olsun". Əvvəldən mənim adım Sevaçov Denis olub. Sonradan İslama marağım artdığına görə gördüm ki, özüm bu addan sıxılıram. Yəni adımdan utanmırdım, çünki addır da qoyulub. Amma nəsə özümdə bir sıxlıq yaradırdı bu ad. Bu məsələni anama da dedim, adımı anam özü seçmişdi. Anam dedi ki, "eybi yoxdur, gedib qonşu Kərbəlayi Paşaya deyərəm ki, Denisin belə bir istəyi var". Deyən kimi, Kərbəlayi Paşa getdi axund Həci Məhəmmədin yanına və o da məsləhət gördü ki, adımı "Hüseyn" qoysunlar. Allaha həmd olsun ki, o vaxtdan da adım elə Hüseyndir. Yəni el arasında adım "Hüseyn"dir, amma sənədlə adım "Denis"dir.

Mən məhəllədə daim uşaqlarla otururdum və bilirsiniz ki, məscid də bura yaxındır, məscidin səsi həmişə bura gəlirdi. Azan oxunanda çox qəribə olurdum. Başa düşmürdüm nədir, məni başa salan olmurdu, ona görə başa düşmürdüm. Xristian ailəsində belə şeylər olmadığına görə bilmirdim. Bu səs nə səsdir deyə mənə maraqlı gəlirdi, istəyirəm, gedim o tərəfə. İstəyirdim elə gedim, axtarırdım. Qonşumuz Kərbəlayi Paşanın (Allah onun canını sağ eləsin) yanına getdim və dedim ki, mən istəyirəm ki, İslam dinini qəbul edim. O da, şükür Allaha, çox gözəl qarşıladı məni, həddindən artıq gözəl, heç gözləmirdim ki, bu cür gözəl qarşılasın. Həmin ərəfədə də Cümə məscidində Şeyx Natiqin başçılığı ilə Quran dərsləri başlayırdı. Bir çox alimlər Quran dərslərini keçirdi, amma Şeyx Natiq də ordaydı. Kərbəlayi dedi ki, "həm namazı öyrənərsən, həm də Quranı öyrənərsən". Elə bilin, bu da Allahın bir lütfü idi ki, onu da getdim tapdım. Apardılar məni ora və Hacı Natiqlə tanış etdilər və dedilər ki, xristian dinində olmuşam. Mənə hər şeyi hər tərəfli izah etdilər.

Kərbəlayi Paşayla namazı yavaş-yavaş öyrənməyə başladım. Bir-iki gün çətinliyim oldu, amma üçüncü-dördüncü gündən, maşallah, gördüm ki, rahatlaşdım. Namazda çox gözəl hisslər gəlirdi, Quranda da həmçinin. Çox gözəl marağım və həvəsim var idi öyrənməyə. Mənim ləhcəmdən indi çoxu başa düşər ki, azərbaycanlı ləhcəsiylə danışıram. Amma elə deyil, uşaqlıqdan mənim dilim rus dili olub və məktəbi də təhsilimi də rus dilində bitirmişəm. Sadəcə sonradan, bilmirəm necə oldu, yəqin Allahın lütfü oldu ki, döndüm və indi, elə bil, rus dilində danışmaq da çətin olub mənim üçün. Şükür Allaha ki, indi azərbaycan dilində danışıram. Yəni xristian dinindən o qədər də çox dostum olmadığına görə, dostlarımın əksəriyyəti elə müsəlmanlar olublar, yəni həm onlardan maraqlanmışam, həm də ki, valideyinlərimin münasibəti, "valideyn münasibəti" deyəndə ki, valideyn təkcə anam olub evdə. Anamın da çox böyük bir hörməti var İslama. Elə onun təşəbbüsü ilə, bəlkə də, mən İslama gəlmişəm. Düzdür, Allahın lütfüdür, ona sözüm yoxdur, amma onun da təşəbbüsü çox olub ki, mən sırf İslama gəlim. Çox təşəbbüs göstərib, çox cəhd göstərib ki, mən İslama doğru gedim. Yəni onun köməkliyi ilə mən həm Kərbəlaya getmişəm, həm İslam dinini qəbul etmişəm, həm də dərs oxumuşam, yəni hər bir şey onun təşəbbüsü ilə olub. Allahın bəndəsi olmaq asan bir şeydir, ancaq onu qoruyub saxlamaq çətindir.

İslama gəldikdən sonra başladım məscidə getməyə, o ərəfələr də Məhərrəm, Səfər aylarına təsadüf edirdi. Elə ilk gün idi, getmişdim məscidə, gördüm minbərdə xətib İmam Hüseynin (ə) müsibətindən danışır. Oturdum, çox diqqətlə qulaq asdım ki, bu İmam Hüseyn (ə) kimdir. Gördüm, xətib hər tərəfli və çox təsirli danışdı. Yəni məndə elə bir hiss oyandı ki, vallah, o hissi belə dilə gətirmək də olmur. Gərək o hissləri yaşayasan ki, onları başa sala biləsən ki, o hisslər hansı hisslərdir. Yəni Kərbəla müsibətini dillə izah etmək çox çətindir. Mən bu hissləri çox başa düşə bilmirdim ki, bu hisslər nə cür hisslərdir ki, insanı bu cür yandırır, bu cür insanı nəyəsə şövq edir. Başladım hər bir şeylə maraqlanmağa ki, İmam Hüseynin 9ə) müsibəti necə oldu və necə oldu ki, o (ə), 72 nəfərlə (düşmən) ordu(su)nun qarşısına çıxdı. Hamısını öyrəndikdən sonra Kərbəlaya olan eşqim olduqca artdı. O vaxtlar Kərbəlaya getmək barədə o qədər də düşünmürdüm. Amma, elə bil, nəsə məni çəkdi, üzr istəyirəm, deyirlər e, “Ağa çağırır”, elə bilin ki, mən o sözü eşitdim.

Bir günün ərzində, məsciddə Mirzə adlı bir dostum var və məsciddən çıxdığım anda mənə dedi ki, “Kərbəlayi, bu il Ərbəində Kərbəlaya getmək fikrin var?”. Özümdə düşündüm ki, mən bayaq oturmuşdum məsciddə fikirləşirdim ki, “nə olardı, ay Ağa, mən də gəlib səni ziyarət edərdim”. Məsciddən çıxdığım anda Mirzə də bu sözü mənə deyəndən sonra bir az da mənə təsir etdi ki, görəsən, bu nədir. Bir az düşündüm və dedim ki, gedərik, inşallah. Üstündən çox keçməmişdi, elə məscidin həyətində Hacı Nurməhəmməd çıxdı qarşıma. Dedi ki, "Hüseyn, bu il getmək istəyirsən Kərbəlaya?". Bir az düşündüm və dedim ki, "Hacı istəyirəm, amma hələ ki, nə pasportum var, nə də bir şeyim var, yəni heç nəyim yoxdur da. Dedi, "eybi yoxdur, onlar düzələr, sən hələlik sənədlərini hazır elə, hamısı düzələr". Dedim ki, yaxşı. Gəldim evə və evə gələndə qarşıma Kərbəlayi Paşa çıxdı. Dedi, "Hüseyn, sənədlərini hazırla, mən sənədlərini aparıb verəcəyəm Hacı Əlibəlaya (Nardaranlı Hacı Əlibala) və gedirik Kərbəlaya". Burada artıq son nöqtəni qoydum ki, dedim, yüz faizdir ki, Ağa (ə) çağırır. Bu, boş-boşuna deyil. Bir günün ərzində necə oldu ki, 3 nəfər gəldi və dedi ki, "Kərbəlaya getmək istəyirsən?".
 
Başladım pasportumu düzəltməyə və çox həvəslə, şövqlə getdim bu işi görməyə. Düzəltdim və Kərbəlaya gedişim də çox gözəl və maraqlı oldu. Vallah, dillə başa salmaq olmur, o piyada ki yol var, 2 gün yarım yol gedirsən, düzdür, onların çəkdiyi əzabın bir zərrəsini də çəkə bilmərik, amma azından, bir balaca da olsa hiss etmək olur. Yəni o ətri almaq olur orada. Hərəmə daxil olduğum an, daha doğrusu, daxil olmamışdan qabaq, yəqin ki, eşitmisiniz, "Meysəmi Təmmar körpüsü" deyirlər, o körpünün üzərinə çıxanda Hacı Əlibala bizə işarə ilə dedi ki, sola baxaq, İmam Hüseyn ağayla (ə) Əbəlfəz ağanın (ə) hərəmi görsənir. Deyirlər e, Kərbəlaya qədəm qoyanda insanın qəlbi qəmlənir, baxdığım anda həmin o hissi yaşadım. Dedim, "ay Allah, mən hara, bura hara? Necə oldu, mən gəldim çıxdım bura?". Elə özümlə danışa-danışa gedirdim. Gəlib çatdıq və indi hamı paltarını dəyişir ki, gedib ziyarət edəcəyik, amma mən dayana bilmirəm. Dedim, mən gedim Ağanı görüm, görüm, məni niyə çağırırdı bura, niyə çağırırdı məni? Hamı dəyişə-dəyişə, Mirzə dostum da qoşuldu mənə, dedim, "gedək". Dedim, o qədər yol gəlmişəm, indi paltarımı dəyişməkdənsə birinci gedim ziyarət edim.

Hərəmə daxil olduqda elə bir aura gəldi mənə ki, elə bir auranı hiss etdim orada ki, vallah, onu heç cür dillə demək olmaz, mümkün deyil e, başa salasan, yəni sıxlıqdır nədir, bilirsiniz də, Ərbəində nə qədər sıxlıq olur orada, o sıxlıqda sanki bir azad quşu buraxmısan hərəmin içinə, necə olar?! Elə o cür pərvaz edirdim də, baxırdım, seyr edirdim hər yeri. Fikirləşirdim ki, İmam Hüseyn buradadır? Həmin o cəngavər, həmin o rəhbər buradadır? Yəni bu ziyarətim də mənə stimul verdi ki, mən başlayım elm öyrənməyə, yəni axtarışa davam edim. Kifayətlənmədim də, bir sözlə, getdiyim yolla kifayətlənmədim. Başladım axtarmağa, getdim bir dili qutardım, ikinci dili başlamışam, onu bitirdim, bunu bitirdim, ərəbin qrammatikasını, yəni hamısını başlamışam, sırf İmam Hüseynin (ə) bərəkətindən.

Yəni burada başqa bir şey yox idi, İmam Hüseynin (ə) bərəkətindən idi. Xristian dinindən çıxmış bir şəxs kimi danışıram mən. Yəni çox məktəblər, çox yollar görmüşük, amma sırf bu Əhli-Beyt (ə) yolu kimi, Əhli-Beyt (ə) məktəbi kimi məktəb görmədim. Bu məktəbin çox təsiri var insanlara, dünyaya, yəni hər bir şeyə çox təsiri var. Yəni yalnız bu yoldan yapışan nicat tapar.

 

 

Рейтинг

В этом разделе