»»

Həqiqəti tapanlar - 6 - : Şeyx Əbu Heydər əl-Kubeysi (keçmiş hənəfi)

Ad: Şeyx Əbu Heydər əl-Kubeysi

Ölkə: İraq

Məzhəb: Hənəfi

Şeyx Əbu Heydər əl-Kubeysi

1958-ci ildə İraqın Zi-Qar şəhərində hənəfi məzhəbli bir ailədə dünyaya gəlib.

Ardıcıl və dərin araşdırmalardan və alimlərlə apardığı söhbətlərdən sonra 1986-cı ildə şiəliyi qəbul edib.

Kərbəla müsibətinin təsiri

Şeyx Kubeysi deyir:

Uşaqlıqdan qəlbimin Əhli-Beyt (əleyhimussəlam) məhəbbəti ilə döyündüyünü hiss etmişəm. İmam Hüseynin (əleyhissəlam) şəhadət ildönümü münasibətilə təşkil olunan məclislərdə, xüsusən də Məhərrəm ayında qurulan məclislərdə iştirak etməyi sevirdim. Bununla yanaşı, şiə zəvvarlarla birlikdə ərbəin (imamın qırx mərasimi) mərasimində iştirak etmək üçün İmam Hüseynin pak hərəminə gedərdim. Bu isə öz növbəsində mənim Əhli-Beyti (əleyhimussəlam) tanımağa və onların tarixlərini və həyat yollarını öyrənməyə bağlanmağıma səbəb olmuşdu.

Tək-tək bütün Əhli-Beyt imamlarını (əleyhimussəlam) tanıdıqdan sonra onların əzəmət və böyüklükləri qarşısında heyrətdə qalmışdım. Hətta mənim İmam Əlinin şəxsiyyətinə rəğbətim o qədər güclü idi ki, namazlarımı və digər ibadi əməllərimi hənəfi məzhəbinə uyğun şəkildə yerinə yetirməyimə baxmayaraq, namazın iqaməsində İmam Əlinin adını çəkməyə başlamışdım!

Əhli-Beyti (əleyhimussəlam) tanıdığıma və onlara tanışlığım olduğuna görə çox sevincli idim. Lakin Kərbəlada İmam Hüseynin başına gətirilən hadisələr qəlbimdə bir yanğı yaratmışdı. Mən də bu yanğını İmam Hüseyn üçün təşkil olunan matəm mərasimlərində iştirak edərək, göz yaşı tökməklə söndürürdüm. Bu zaman məzhəbdaşlarımın mənə ünvanladıqları tənqidləri vecimə almırdım. Çünki düşünürdüm ki, humanist hisslərə və sağlam vicdana sahib olan hər bir kəs heç tanımadığı adi bir insan haqqında baş verən zülm və haqsızlığa görə təsirlənər, qəzəblənər, elə isə belə bir insan barəsində zülm baş verən kəs onun dostluq, qohumluq və ya əqidə baxımından öz yaxın və sevdiyi bir kəs olarsa, nə edər?!

Mənim üçün aydın idi ki, ağlamaq səbrlə ziddiyyət təşkil etmir. Əksinə, o, kədərli hadisələr qarşısında insan nəfsinin aldığı təbii bir vəziyyətdir. İnsanın özünə, yaxud sevdiklərindən və əzizlərindən birinə üz verən müsibətə görə ağlaması sağlam fitrətlə əsla ziddiyyət təşkil etmir.

Mən İmam Hüseynin (əleyhissəlam) hadisəsinin çox böyük bir faciəvi yönə malik olduğunu dərk etmişdim. Bu elə bir yön idi ki, heç bir sağlam vicdan və incə hiss sahibi insan onun qarşısında tab gətirə bilməzdi.

İmam Hüseyn (əleyhissəlam) məni Əhli-Beyt (əleyhimussəlam) məzhəbinə bağladı. Mən İmam Hüseynin haqq olduğunu və Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alihi və səlləm) onun üçün ağlamasının onun qatillərinin və düşmənlərinin batil yolda olmasına bir dəlili olduğunu dərk etdim. Məhz bu məqamda İmam Hüseynin uğrunda qiyam etdiyi hədəflər mənim üçün aşkar oldu və mən onun inqilabından təsirlənərək 1986-cı ildə şiəliyi qəbul etdim.

313news.net
Рейтинг

В этом разделе