»»

Əgər bir şəxs ona vəhy gəldiyini iddia edərsə onun iddiasının doğru olmasını necə öyrənmək olar?

Sual: Əgər bir şəxs ona vəhy gəldiyini iddia edərsə onun iddiasının doğru olmasını necə öyrənmək olar?

Cavab: Əvvəlcə vəhy sözünün lüğəti və terminoloji mənalarına nəzər salaq. Vəhy sözünün lüğəti mənası müəyyən mənanın gizli və sürətli yolla xitab olunan tərəfə ötürülməsidir. 1 Qəlbə ilham olunma da bu mənadadır. Vəhy sözünün terminoloji mənasına gəlincə, düşünmək və fikirləşmək yolu ilə deyil, daxili şüur yolu ilə dərk etmək mənasındadır. Bu növ idrak yalnız Allah-təalanın lütfü sayəsində seçilmiş bəşər övladına, yəni peyğəmbərlərə məxsusdur. Bu növ idrak gizlidir və hiss üzvlərinə aşkar deyildir. 2

Lüğəti mənada vəhyin təkcə adi insanlarada deyil, hətta başqa canlılarda, hətta cisimlər kimi zahirdə idrakı olmayan varlıqlarda da baş verməsi mümkündür. Həmçinin Qurani-kərimdə bal arısına yuva qurması, çiçəklərin nektarından bal düzəltməsi barədə vəhy olunması qeyd edilmişdir. 3 Yaxud Quranda Musa peyğəmbərin anasına övladını qorumaq üçün ilham mənasınada vəhy olunduğu buyurulur. Belə ki, Allah ona ilham edir ki, övladını bir sandığa qoyub Nil çayına atsın. 4 Həmçinin bəzi Quran ayələrində Allah-təalanın göylərə və yerə vəhy etməsi barədə bəhs edilir. 5

Bəzi ariflər vəhy iddiasında olmuşlar. Bəlkə də onların məqsədləri lüğəti mənada vəhy (qəlbə olan ilham) və ya kəşf və batini müşahidə olmuşdur. İbn Ərəbi belə deyir: “Vəhy onu qəbul edənin nəfsinə (zatına) onun özündən daha çox hakim olur. Allah-təala buyurur: “Biz ona şah damarından da yaxınıq”. 6 Şah damarı onun (insanın) zatına işarədir. Ey vəli (Allah dostu), Allahın sənə vəhy etdiyini iddia etsən, şübhə və müxaliflik cəhətindən özünə nəzər sal. Əgər özündə düşüncə, təfəkkür və hökm çıxarmaq kimi zatının nişanəsinə rast gəlsən sən vəhy sahibi deyilsən. Əgər (vəhy) sənə hakim olarsa, səni kor və kar edərsə, düşüncənlə, fikrinlə sənin arana girərsə, onun hökmü səndə keçərlidirsə, bu, vəhydir və sən vəhy sahibisən”. 7

Bu mənada çoxlu söz demək olar. Daha münasib məqamda bu barədə danışarıq. Lakin burada bəzi filosofların və ariflərin sözlərini qeyd etməklə kifayətlənirik. Sədrəddin Şirazi “Məfatihul-ğeyb” kitabında elm əldə etməyin yollarına (təlim, kəsb, cəzb olma və feyz etmə) işarə etdikdən sonra belə deyir: “Heç bir vasitə baş vermədən baş verən ilahi təlim iki yoll olur və ya bu cür təlimin iki növü vardır: Birinci növ: Vəhy etmək. İkinci növ: İlham etmək”. Sonra isə belə deyir: “... Xülasə, ilham peyğəmbərlərlə övliyaların müştərək olduqları işlərdəndir. Lakin vəhy yalnız peyğəmbərlər məxsusdur. Çünki vəhy peyğəmbərlik və risaləti ehtiva edir”. 8 Daha sonra Sədrəddin Şirazi vəhylə ilham arasındakı fərqlərdən söhbət açır, ilham almaq və vəhy qəbul etməkdə vasitənin rolunu bəyan edir. Həmçinin İbn Ərəbinin “Fususul-hikəm” kitabının müqəddiməsində Qeysəri ilhamla vəhy arasındakı fərqlərə işarə etmişdir. O, bir neçə fərqləri qeyd etdikdən sonra belə deyir: “Vəhy peyğəmbərlərə məxsus olan xüsusiyyətlərdəndir. İlham isə vilayətin xüsusiyyətlərindəndir”. 9

Buna əsasən də hər hansı bir şəxsin hər hansı bir zamanda vəhy iddiasında bulunması mümkündür. Lakin iddia olunan məsələni araşdırmaq lazımdır. Buradakı iddia terminoloji mənada, yəni peyğəmbərlik iddiası mənasındadır, yoxsa məqsəd kəşf və müşahidənin mərtəbələrinə çatmaq və ilham almaq mənasındadır? İkinci halda o, arifdir, peyğəmbər deyil. Onun iddiasını təsdiq etmək üçün iddiasına aid olan məsələlərə və iddiasının mənşəyinə nəzər salmaq lazımdır.

Əgər Allah-təalanın peyğəmbərlərinə göndərdiyi vəhy daşıyıcısı olan mələk vasitəsilə ilahi vəhy aldığını iddia edərsə, bu kimi halda məsələ tamamilə fərqlidir. Bu halda kəlam elminə müraciət etməliyik. Əgər bir şəxs peyğəmbərlik iddia edərsə, onun iddiasını necə sübut etmək olar? Biz peyğəmbərlə peyğəmbərlik iddiasında olan şəxsi necə fərqləndirə bilərik? Başqa sözlə desək bir nəfər peyğəmbərlik iddia edərsə onun iddiasının doğruluğunu necə təyin edə bilərik?

Əgər bir şəxs peyğəmbərlik, vəhy və Allah-təala tərəfindən risalət vəzifəsini daşıdığını iddia edərsə iddiasının doğruluğu üçün dəlil və sübutlar təqdim etməlidir. Çünki vəhy başqaları tərəfindən hiss olunan bir məsələ deyil. Həmçinin vəhy mələyini peyğəmbər və vəhy olunan şəxsdən başqa heç kim görmür. Fövqalədə və insanlara gizli olan bu məsələni isbat etmək insanların yerinə yetirməsi qeyri-mümükün olan bir iş vasitəsilə olmalıdır. Lakin həmin fövqalədə iş bütün insanlar tərəfindən müşahidə olunmalı və hamıya məlum olmalıdır. Həmin iş möcüzə adlanır. Möcüzəni müşahidə edən şəxsin belə bir qənaət yaranır ki, onu yerinə yetirən şəxsin qeyblə, yəni metafizik aləmlə müəyyən bağlılığı vardır. O, möcüzəni metafizik aləmdən qaynaqlanan qüdrət və bacarıq sayəsində edir. Deməli, o, maddi olmayan bir mənbədən vəhy alır. O, Allaha bağlıdır. Möcüzə göstərən insan başqalarının yerinə yetirməkdə aciz olduğu işləri edir. Bununla da onun iddiası qəbul olunur və sözləri təsdiqlənir. Məhz buna əsasən də hər bir ümmətin ona göndərilən peyğəmbərdən möczə tələb etməkdə haqlı olduğunu başa düşürük. Peyğəmbərlər də həmin tələbə müsbət cavab verərək dəlillər və möcüzələr təqdim etmişlər. Allah-təala buyurur: “Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə) ilə göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafla əməl etmələri üçün (səmavi) kitab və (haqq ilə batili bir-birindən ayırd etmək üçün) ölçü vasitəsi nazil etdik...” 10

Möcüzənin tərifi.

Möcüzə üçün bir neçə tərif qeyd edilmişdir. Bəzi məqamları nəzərə almadan möcüzənin tərifini belə vermək olar: Möcüzə yalnız peyğəmbərlərin və mürsəllərin yerinə yetirə biləcəyi fövqəladə əməldir. Adi insan nə qədər güc və qüvvətə sahib olasa da həmin işi yerinə yetirə bilməz. Bu tərifə əsasən möcüzənin aşağıdakı xüsusiyyətlərini qeyd edə bilərik: 11

Birinci: Möcüzə adından məlum olduğu kimi başqalarının yerinə yetirməkdə aciz olduğu və başqasını aciz edən iş mənasındadır. Yəni insanların həmin işi görməyə qüdrətləri və gücləri çatmır. Möcüzə insan oğlunun qüdrətinin və məlum olan qanunların fövqündə olan bir əməldir. Bu əməlin adi insanlar tərəfindən baş verməsi mümkün deyil. 12

İkinci: Möcüzə elə bir fövqəladə hadisədir ki, insanlar həmin hadisənin sonsuz bir qüdrətdən qaynaqlandığını etiraf edirlər. Həmin hadisənin batil və puç olması mümkün deyil. İlahi möcüzənin bariz nümunələrindən biri olaraq İsa bin Məryəmin (ə) əli ilə ölülərin dirildilməsini misal çəkmək olar. Bu hadisə bir cəhətdən xariquladə bir işdir, digər cəhətdən isə peyğəmbərlik iddiasının doğru olması məqsədilə edilmişdir. Həmçinin insanlar həmin əməlin təkararını yerinə yetirə bilməkdə aciz olmuş və bu hadisəni sonsuz bir qüdrətə nisbət vermişlər.

Peyğəmbərlərin vasitəsilə bu kimi qeyri-adi işlərin baş verməsi vəhyin baş verməsinin mümkünlüyünə dəlalət edir. Oxşar və bənzərlərin mümkünlük və mümkünsüzlük məsələlərində hökmü eynidir qaydasına əsasən aşağıdakı nəticəni söyləyə bilərik. Necə ki, gizli qeybi qüvvənin vasitəsilə əsanın ilana çevrilməsi mümkündür, eləcə də ilahi vəhyin qeyb aləmindən alınması və vəhyi alanın bundan xəbərdar olaraq başqalarına bunu bəyan etməsi də mümkündür.

Buna əsasən də peyğəmbərlik iddiasında olan şəxsin iddiasının doğruluğunu bilməyin ən əsas yolu möcüzədir. Peyğəmbərlik iddiasında olan şəxsin göstərdiyi möcüzə nəticəsində ona iman gətirilməsi, iddiasını təsdiqlənməsi və sözlərinin qəbul olunması baş verir. Əsl həqiqətdə möcüzə vasitəsi ilə insanlar üçün höccət tamamlanır. Həmçinin möcüzə peyğəmbərlərin dəvətinə inanmayanlar üçün ən tutarlı dəlildir.

Ola bilər ki, belə bir sual verilsin. Peyğəmbərlik iddia edib möcüzə göstərə biləcək yalançı insanların olması mümkün deyilmi?

Cavab: Belə bir hadisənin olması ağıl bağımından qeyri-mümkün deyil. Lakin həqiqi mənada möcüzənin yalançı bir insan tərəfindən baş verməsi mümkün deyil. Çünki bu kimi hallar Allah-təalanın hikmətli, hidayət edən, mərhəmətli olması kimi kamil sifətləri ilə təzad yaradır. Allah-təala yalandan peyğəmbərlik və vəhy iddiasında olan bir şəxsə möcüzə göstərmək qüdrəti verməz ki, insanlar çaşqınlıq və zəlalət içində qalsınlar. Biz iki nəticə ilə qarşılaşırıq: Ya peyğəmbərlik iddiasında olan hər bir kəsi təsdiqləyib ona iman gətirməliyik. Bu isə hərc-mərcliyin yaranmasına və saysız-hesabsız peyğəmbərlərin meydan çıxmasına səbəb olacaq. Ya da peyğəmbərlik iddia edən hər bir kəsin iddiası təkzib edilməlidir. Bu isə ilahi hədəf və məqsədə ziddir.

 Üçüncü fərziyə budur ki, peyğəmbərlik və vəhy gəlməsi iddiasının doğruluğunu isbatlayacaq doğru yolu tapmaq lazımdır. Həmin yol isə peyğəmbərlik iddia edən şəxsin möcüzə göstərməsidir. Bununla da insanların hidayət olunması məqsədi öz əksini tapır. Məhz buna əsasən də bəzi kəlam alimləri peyğəmbərlik iddiasının təsdiqi üçün yeganə yolun möcüzə olduğunu demişlər. 13 Daha doğrusu peyğəmbərlik iddiasnın doğruluğunu bilmək üçün ən əsas yol möcüzədir. Bu yol daha çox əminlik yaradır. Peyğəmbərlik iddiasının doğruluğunu bilmək üçün bir neçə yol vardır. Həmin yollardan biri də vəhyin məzmununun ağıl və məntiqə uyğun olması və ya ağıla müxalif olmasıdır. Əgər bir kəs peyğəmbərlik iddia edərsə və ona vəhy gəldiyini deyərsə ona nazil olan vəhy ağıl qanunlar ilə müqayisə edilməlidir. Əgər ona vəhy olunan məzmun ağıla ziddirsə və ya sağlam fitrətə müxalifdirsə belə bir iddianın yalan olması məlum olar. Həmçinin ona vəhy olunanlar arasında da ziddiyyət olarsa nəticə belədir. Yəni vəhy olunan təlimlər bir-birini təkzib etməməlidir.  Əks təqdirdə bu, həmin iddiada bulunan şəxsin yalançı olmasına dəlalət edir. Allah-təala Qurnai-kərimdə belə buyurur: “Məgər onlar bu Quranın barəsində düşünməzlər? Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, ondan çoxlu ziddiyyət tapardılar”.  14

Həmçinin peyğəmbərlik iddia edən şəxsin həyatı, düşüncəsi, hərəkətləri və sözləri onun iddiasının doğru və ya səhv olmasına dəlalət edə bilər. Əgər peyğəmbərlik iddia edən şəxs ona vəhy olunana müxalif olarsa, əməlləri ilə sözlərini təsdiqləməzsə və ya insanların mülkiyyətlərinə tamah salrasa, yaxud rəyasət arzusunda və şöhrətpərəst olarsa peyğəmbərlik məqamına zidd olan bütün bu amillərə görə onun iddiasının təkzib edilməsi vacibdir.

Peyğəmbərlik iddiasının doğru olmasını bilməyin yollarından biri də əvvəlki və ya onunla bir dövrdə yaşayan başqa bir peyğəmbərin onun peyğəmbər olmasını təsdiqləməsidir. Bu kimi yollarla möcüzə olmadan da peyğəmbərlik iddiasında olan şəxsin iddiasının doğruluğunu təyin etmək olar. Baxmayaraq ki, burada iddianı təsdiqləyən peyğəmbərin özünün peyğəmbərliyi möcüzə vasitəsilə təsdiqlənməlidir. Eyni dövrdə bir neçə peyğəmbərin olması mümkündür. Onlardan birinin möcüzə göstərməsi və digərlərini də təsdiqləməsi onun və başqa şəxslərin peyğəmbərlik iddiasının doğru olmasına dəlalət edir. Məsələn, İbrahim (ə) və Lut (ə) peyğəmbər eyni zamanda yaşamışlar. İbrahimin (ə) peyğəmbərliyi sübut olduqdan sonra onun Lutun (ə) peyğəmbərliyini təsdiqləməsi onun da peyğəmbərlik iddiasının doğru olmasına dəlalət edir. Həzrət Muhəmmədin (s) peyğəmbərliyi bir neçə möcüzə ilə təsdiqlənməsi ilə yanaşı onun barəsində əvvəlki peyğəmbərlərin müjdələri də öz əksini tapmışdır. Hətta bəziləri öz övladlarını tanıdıqları kimi onu tanıyırdılar. Qurani-kərimdə belə buyurulur: “(Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri,  kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar”. 15  İsa (ə) Həzrət Muhəmmədin (s) peyğəmbərliyi barədə öncədən müjdə vermişdir. Allah-təala buyurur: “Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: “Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək “Əhməd” adlı Peyğəmbərin (s) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm...”  16

Tövratda və İncildə Həzrət Muhəmmədin (s) sifətləri, xüsusiyyətləri, nişanələri barədə qeyd olunanlar və həmin kitablarda öz əksini tapan müjdələr indi də mövcuddur. Məhz bu, peyğəmbərləri tanımağın digər yollarındandır. Qurani-kərim bu məsləni bəyan edərək buyurur: “O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə - (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövratda və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar”. 17 Həmçinin bu barədə başqa ayələrdə də buyurulmuşdur. 18

Həzrət Muhəmmədin (s) peyğəmbərliyini təsdiqləyən başqa əlamətlər barədə daqha ətraflı məlumat üçün Tövrata, İncilə və bu mövzuda qələmə alınmış başqa kitablara müraciət etmək olar. 19

 

Mənbələr:

1. Rağib İsfəhani,  “əl-Mufrədat”, “vəhy” sözü, səh. 515.

2. Seyid Məhəmməd Hüseyn Təbətəbai, əl-Mizan fi təfsiril-Quran, c. 2, səh. 159.

3. Nəhl surəsi, ayə 64.

4. Taha surəsi, ayə 38; Qəsəs surəsi, ayə 7.

5. Fussilət surəsi, ayə 11, 12; Zilzal surəsi, ayə 5.

6. Qaf surəsi, ayə 16. 

7. Muhyiddin İbn Ərəbi, “əl-Futuhatul-məkkiyyə”, c. 2, səh. 78.

8. Sədrəddin Şirazi, «Məfatihul-ğeyb”, c. 1, səh. 221-224.

9. Qeysəri, İbn Ərəbinin Fususul-hikəm kitabının müqəddiməsi, yeddinci fəsl.

10. Hədid surəsi, ayə 25.  

11. Şeyx Cavad Amuli, “ət-Təfsiril-movzuil lil Quranil-kərim, c. 1, səh. 89.

12. Əllamə Bəlaği, “Alaur-rəhman fi təfsiril-Quran”, səh. 3; Misbah Yəzdi, “Məariful-Quran”, c. 4, 59-61.

13. Əbdürrəzzaq Lahici, “Zəxirətul-iman”, səh. 85; Şeyx Məhəmməd Rza, “Əqaidul-imamiyyə”, səh. 77.

14. Nisa surəsi, ayə 82. 

15. Ənam surəsi, ayə 20.

16. Səff surəsi, ayə 6.

17. Əraf surəsi, ayə 157.

18. Fəth surəsi, ayə 29; Şüara surəsi, ayə 197.

19. Biharul-ənvar, c. 15, səh. 174. Səh. 248; İohanın İncili, 14-cü  bab, 16 və 30-cu bənd; Barnabanın İncili, 39, 41, 44, 54, 55, 136 və başqa bablar.

 

Рейтинг

В этом разделе