İslam dininin əqidə əsaslarından biri hesab olunan və etiqad edilməsi zəruri olan məsələlərdən biri də məaddır. Məad ölümdən sonra həyatın mövcud olmasına, həmçinin bərzəx, qiyamət, cənnət, cəhənnəm, sirat, mizan və sorğu-sualın haqq olmasına iman gətirməkdir. Məadı inkar etmək aləmlərin Rəbbi olan Allah təbarək və təalanı inkar etməyə bərabərdir. Məada iman gətirmək eynilə tovhidə iman gətirmək kimi zəruridir. İnsanların məada iman gətirməsi üçün Allah tərəfindən peyğəmbərlərə onun təbliği və təlimi əmr olunmuşdur. Məad, Qadir olan Allahın bütün bəndələri sorğu-sual etməsi üçün dirildəcəyi gündür. Tarixdə bu günə qədər bəzi dəstələr məada iman gətirməmiş və bu işin qeyri-mümkün işlərdən olmasına etiqad etmişlər. Həmçinin, bu şəxslər məadı inkar etmək və özlərini məsuliyyətdən kənara çəkmək üçün müsəlmanlara müxtəlif bəhanələr gətirmişlər. İslam alimləri öz növbəsində məadın haqq olması haqqında bir çox kitablar yazmış və bu barədə ortaya atılan şübhələrə cavab vermişlər. Məada kafir olanlar da ortaya müxtəlif şübhələr atmaqla, insanların məada olan inanclarına təsir göstərmək üçün daim müxtəlif işlər görmüşlər. Bu qısa məqalədə bacardığımız qədər ortaya atılan əsas şübhələrə cavab verməyə çalışacağıq.
Məadın inkarı üçün ortaya atılan şübhələr
Qurani-Kərimdə Həkim olan Allah məadı inkar edənlərin səbəblərini bir çox ayələrlə bizlərə bəyan edir.
1-ci şübhə:
Məadı inkar edənlər deyirlər ki, ölümdən sonra həyatın mövcud olmasının heç bir dəlili yoxdur. Allah təbarək və təala Qurani-Kərimdə buyurur:
وَإِذَا قِيلَ إِنَّ وَعْدَ اللهِ حَقٌّ وَالسَّاعَةُ لا رَيْبَ فِيهَا قُلْتُم مَّا نَدْرِي مَا السَّاعَةُ إِن نَّظُنُّ إِلاَّ ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ
«Şübhəsiz, Allahın vədi haqdır və Qiyamət barəsində heç bir şəkk-şübhə yoxdur» deyilən zaman «biz Qiyamətin nə olmasını bilmirik; biz ancaq güman edirik və biz yəqinliyə çatmamışıq» deyirdiniz.” (Casiyə 32)
Ayədə deyilən “biz yəqinliyə çatmamışıq” sözünün mənası budur ki, məadın bizi yəqinə çatdıracaq dəlili yoxdur. Əgər dəlili olsaydı, biz yəqin əldə edib elmə tabe olardıq. Yenə Allah təbarək və təala onlar barəsində belə buyurur:
وَإِن تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَإِذَا كُنَّا تُرَابًا أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ
“Əgər təəccüblənirsənsə, ondan təəccüblü onların (dedikləri) «məgər (öləndən sonra) torpaq olan zaman biz doğrudanmı yeni bir yaradılışda olacağıq?» sözləridir.” (Rəd 5)
Ayədəki “Biz torpaq olan zaman” sözü məadın anlaşılmaz bir iş və ona etiqad etməyin qeyri-mümkün olmasından xəbər verir.
2-ci şübhə:
Məada iman gətirmək əfsanəyə inanmaqdır. Məadı inkar edənlər bu işin tarixi bir əfsanə olduğuna inanırlar. Bu, onlara görə tarixi nağıldan başqa bir şey deyil. Allah təbarək və təala inkarçıların dilindən Öz Kitabında belə buyurur:
لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَٰذَا مِن قَبْلُ إِنْ هَٰذَا إِلاَّ أَسَاطِيرُ الأَوَّلِين
“Əlbəttə, bu vəd bundan əvvəl də bizə və atalarımıza verilmişdir. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyil.” (Muminun 83)
Yaxud digər yerdə belə buyurur:
وَقَالُوا أَسَاطِيرُ الأَوَّلِينَ اكْتَتَبَهَا فَهِيَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةً وَأَصِيلاً
Və dedilər: «(Bu kitab) onun istəyi ilə (başqalarının) onun üçün yazdıqları keçmişlərin əfsanələridir; həmin yazı səhər-axşam ona oxunur.» (Furqan 5)
Onlar belə düşünürlər ki, bu ayələr təzə xəbər deyil, əksinə Qurani-Kərimin nazil olmasından əvvəl bu xəbərdən məlumatları olub.
3-cü şübhə:
Məada dəvət etmək Allaha iftira atmaqdan başqa bir şey deyil. Allah bu barədə heç bir dəlil-sübut nazil etməmişdir.
وَقَالَ الَّذِين كَفَرُوا هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِي خَلْقٍ جَدِيدٍ أَفْتَرَىٰ عَلَى اللهِ كَذِبًا أَم بِهِ جِنَّةٌ
“Və kafir olanlar deyirlər: «Sizə siz təmamilə parça-parça olub dağıldıqdan sonra mütləq (başqa bir aləmdə) yeni bir yaradılışla zahir olacağınızı xəbər verən bir kişini göstərəkmi?» Görəsən o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilik var?” (Səba 7, 8)
Zikr olunan bu ayə iki şübhəni əhatə edir. Birincisi, dünyadakı bədənin yenidən yaradılması və həyata qaytarılmasının qeyri-mümkün bir iş olmasıdır. İkincisi, öldükdən sonra dirilməyə inanmaq ya yalançılıq ya da dəlilik əlamətidir. Şübhəsiz, məadı inkar edənlərin bu barədə etdikləri tərəddüd hiyləgərlik, məkr və həqiqəti gizlətməkdən qaynaqlanır.
4-cü şübhə:
Əgər məad haqq olsaydı, bizim atalarımız dirilərdi və biz onları görüb bu barədə öz suallarımızı verərdik. Amma biz bir nəfərin belə öldükdən sonra qayıtmasını görməmişik və buna görə də biz bunu qəbul edə bilmərik. Əgər məada doğru çağıran şəxs doğru danışandırsa, o zaman keçmişdəki ata-babalarımız qayıtsınlar və biz onları aşkar görək. Allah təbarək və təala bu barədə belə buyurur:
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ مَّا كَانَ حُجَّتَهُمْ إِلاَّ أَن قَالُوا ائْتُوا بِآبَائِنَا إِن كُنتُمْ صَادِقِينَ
“Bizim (məad barəsində) aydın nişanə və dəlillərimiz onlara oxunan zaman onların «əgər doğruçusunuzsa bizim atalarımızı gətirin (biz də iman gətirək)» deməkdən başqa bir dəlilləri yoxdur”. (Casiyə 25)
5-ci şübhə:
Məada dəvət etmək sehr və caduya dəvət etməkdir. Ümumiyyətlə tarixdə kafir olanlar Həzrət Peyğəmbəri (səllallahu aleyhi və alihi və səlləm) cadu və sehrdə ittiham edirdilər. Çünki, onlar Həzrət Peyğəmbərin (səllallahu aleyhi və alihi və səlləm) gətirdiyi möhkəm dəlillər, göstərdiyi möcüzələr və Qurani-Kərim ayələrinin müqabilində aciz qalırdılar. Bunun üçün dəfələrlə Peyğəmbərin (səllallahu aleyhi və alihi və səlləm) etdiyi möcüzələri sehr və cadu adlandırmışlar. Dəlilləri olmadığından məcbur qalıb Peyğəmbərə (səllallahu aleyhi və alihi və səlləm) müxtəlif şər və böhtanlar atmışlar. Allah təbarək və təala Öz Kitabında belə buyurur:
وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِن بَعْدِ المَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ
“Və əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz» desən, kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər”. (Hud 7)
Bu ayə həqiqətə kafir olan bir çoxunun necə inadkar və zülmə adət etməsindən xəbər verir. Çünki, bu şəxslər məadın həqiqəti barəsində olan dəlilləri təhlil etmək əvəzinə onu yalanlayıb və üstəlik şər də atırdılar. Digər yerdə Allah təbarək və təala onlar haqda buyurur:
وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَ وَقَالُوا إِنْ هَٰذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ
“Bir nişanə gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar. Və deyərlər: “Bu, yalnız açıq-aşkar bir sehr və cadudur”. (Saffat 14, 15)
6-cı şübhə:
Məad qüdrətdən xaric bir şeydir. Yəni ölülərə toz-torpaq olduqdan sonra kim yenidən həyat bəxş edə bilər? Bu hər bir kəsin qüdrətindən kənar bir şeydir və bu işin gerçəkləşməsi qeyri-mümkündür. Allah təbarək və təala bu şübhə haqda Öz Kitabında belə buyurur:
وَضَرَبَ لَنَا مَثَلاً وَنَسِيَ خَلْقَهُ قَالَ مَن يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ
“Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək?” (Yasin 78)
7-ci şübhə:
Ölüləri diriltmək çətin bir işdir. Bunu bacarmaq böyük güc-qüvvət tələb edir. Bu şübhəni Qurani-Kərimin məada cavab xarakteri daşıyan ayələrindən çıxarış edirik. Allah təbarək və təala bu fikirdə olanlara Qurani-Kərimin bir neçə yerində belə cavab vermişdir.
إِنَّ ذَٰلِكَ عَلَى اللهِ يَسِيرٌ
“Şübhəsiz bu (ölüləri diriltmə) Allah üçün asandır”. (Ənkəbut 19)
وَذَٰلِكَ عَلَى اللهِ يَسِيرٌ
“Bu (diriltmə) Allah üçün asandır”. (Təğabun 7)
ذَٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ
“Bu (diriltmək və hüzurumuza gətirmək), Bizim üçün asan bir toplamadır”. (Qaf 44)
Allah bu ayələrdə heç qüdrətdən bəhs açmır. Öldükdən sonra dirilmənin nəinki qeyri-mümkün hətta bu işin Allah üçün asan olmasını qeyd edir. Allah təbarək və təala başqa ayələrdə belə buyurur:
وَمَا أَمْرُ السَّاعَةِ إِلاَّ كَلَمْحِ الْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ
“Və Qiyamətin işi (onun bərpa edilməsi) yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır. Həqiqətən Allah hər şeyə qadirdir”. (Nəhl 77)
وَهُوَ الَّذِي يَبْدَأُ الخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْه
“Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da onları qaytaran Odur. (Bu əməl) Onun üçün olduqca asandır”. (Rum 27)
Əgər vicdanla insanın ilk yaradılışı ilə sonradan dirilməni müqayisə etsək görərik ki, əslində insanı ilk dəfə yaratmaq, sonradan onun sümüklərini bir araya toplayıb həyat bəxş etməkdən daha çətindir. Çünki, adi bir su olan maddədən alimlərin heyrətdə qaldığı insan vücudunu yaradan, əlbəttə onun sümüklərini torpaq olsa belə bir yerə cəm edib yenidən həyat bəxş edə bilər. Bu iş onun üçün ağlın hökmünə əsasən daha asan olmalıdır. Lakin məada kafir olanlar nədənsə bu müqayisəni düşünməmiş yaxud da düşünmək istəməmişlər. İnşəllah qarşıda bu məsələyə toxunacağıq.
8-ci şübhə:
Həzrət Peyğəmbər (səllallahu aleyhi və alihi və səlləm) dövründə məadı inkar edən dəstələr insanın fəna (müvəqqəti) bir varlıq olduğuna etiqad edirdilər. Belə düşünürdülər ki, müvəqqəti bir varlıq tamam yox olduqdan sonra həyata necə qayıdıb ömür sürə bilər? Allah təbarək və təala bu fikir sahibləri haqqında belə buyurur:
وَقَالُوا أَإِذَا ضَلَلْنَا فِي الأَرْضِ أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ
“(Müşriklər) dedilər: «Məgər (biz) torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!” (Səcdə 10)
Qeyd: İnşəllah qarşıda bu məsələyə toxunacağıq.
9-cu şübhə:
Dünya ilə axirət arasında heç bir əlaqə və bağlılıq yoxdur. Elə ki insan ölür onun insanlığından heç bir əsər-əlamət qalmır və o, təmamilə yox olur. Fərz etsək belə Allah insanı ikinci dəfə yenidən yaradır, yenə də yaradılan eynilə həmin şəxsin özü olmur.
قُلْ يَتَوَفَّاكُم مَّلَكُ المَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ
“(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n ruhunuzu) kamil surətdə alar, sonra (Qiyamətdə,) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!” (Səcdə 11)
Ayədən başa düşülən budur ki, dünya və axirət arasında rabitə vardır. Belə ki, məad yeni bir həyatın başlanğıcı və əbədi yaşayışın özüdür. O əbədi həyat ki, hər bir insanın əsl şəxsiyyəti orada zahir olur. Təbii ki, bu şəxsiyyətin kimliyi və necəliyi dünyadan qaynaqlanır.
10-cu şübhə:
İnsan dünyadan köçür və torpağa basdırılır. Məlumdur ki, qısa müddətdən sonra onun bədən üzvləri bir-birinə qarışaraq çürüməyə başlayır. Qarışmış bədən üzvləri necə əvvəlki kimi öz halına qaytarıla bilər axı? Onları yaratmaq iradə olunsa da yenə bədən üzvləri dəyişik düşərək dünyada olduğundan fərqli vəziyyətdə olacaq.
وَقَالَ الَّذِينَ كَفَرُوا لا تَأْتِينَا السَّاعَةُ قُلْ بَلَىٰ وَرَبِّي لَتَأْتِيَنَّكُمْ عَالِمِ الْغَيْبِ لا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلا فِي الأَرْضِ وَلا أَصْغَرُ مِن ذَٰلِكَ وَلا أَكْبَرُ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ
“Və kafir olanlar dedilər: «Əsla bizə Qiyamət günü gəlməyəcəkdir». De: «Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, mütləq (Qiyamət) sizə gələcəkdir»; O Allah ki, qeybi biləndir. Göylərdə və yerdə zərrə ağırlığında heç bir şey Onun elmindən gizlin deyildir. Bundan daha kiçik və daha böyük (bir şey) yoxdur ki, açıq-aşkar kitabda (Lövhi - Məhfuzda) olmasın”. (Səba 3)
Qeyd olunan şübhə ayədə açıq-aydın qeyd olunmasa da Allahın elmi barəsində olan təkid, şübhənin həqiqətindən xəbər verir. Beləki ayədə Allah təbarək və təalanın cavabı ona dəlalət edir ki, bu şəxslər Allahın zərrələri bir araya toplamasına şəkk edirlər. Allah təbarək və təala cavabında buyurur: “Allah, göylərdə və yerdə zərrə ağırlığında elə bir şey yoxdur ki, ondan xəbərdar olmasın”. Allah təbarək və təala Öz elmi barəsində digər ayədə təkidlə belə buyurur:
وَضَرَبَ لَنَا مَثَلا وَنَسِيَ خَلْقَهُ قَالَ مَن يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌقُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ
“Və öz yaradılışını unutduğu halda Bizə bir məsəl də çəkib dedi: «(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək? De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir” (Yasin 78, 79)
Zikr olunan ayədən məadı inkar edənlərin şübhələrinin iki tərəfli olduğu başa düşülür. Birincisi, “bir-birinə qarışmış sümükləri toplayıb olduğu kimi həyata qaytarmaq qüdrətlə əlaqəli deyil. Yəni, bu iş qeyri mümkündür”. İkincisi, “bir-birinə qarışmış bədən üzvlərini seçmək və olduğu kimi sıralamaq mümkün deyil”. Allah bütün bunlara “O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir” sözü ilə cavab verir.
Məadı inkar edənlərin bu mövzuda ortaya atdığı şübhələr və onların dəlilləri zikr olundu. Bu şübhələri xatırlatma üçün qısa olaraq aşağıda qeyd edirik.
- Məadın dəlili yoxdur.
- Məada iman gətirmək əfsanəyə inanmaqdır.
- Məada dəvət etmək Allaha iftiradır.
- Məad haqq olsaydı ata-babalarımız dirilərdi.
- Məada dəvət etmək cadu və sehrə dəvətdir.
- Məadın gerçəkləşməsi qüdrətdən kənardır.
- Məadın baş verməsi çətin məsələdir.
- Ölüm mütləq fənalıq və sonluqdur.
- Dünya və axirət arasında heç bir rabitə və əlaqə yoxdur.
- Çürüyüb bir-birinə qarışmış bədən üzvlərinin yenidən öz halına qayıtması qeyri mümkündür.
Artıq əziz oxuculara məadı inkar edənlərin əsas şübhələri Qurani-Kərim vasitəsilə aydın oldu. Bir qeydi nəzərinizə çatdıraq ki, zikr olunan şübhələrin əksəri boş və əsassız iddiadan başqa bir şey deyil və bunlara cavab verməyə lüzum yoxdur. Bunlardan cavab verilməsi əhəmiyyətli olan şübhələr aşağıdakı bölgüdən ibarətdir.
1) Məadın gerçəkləşməsi bütünlüklə qüdrətdən kənardır.
2) Çürüyüb bir-birinə qarışmış və dağılmış bədən üzvlərinin yenidən öz halına qayıtması qeyri mümkündür.
3) Hissələri aradan gedib itən meyyitin üzvlərini toplamağa heç kəsin elmi çatmaz.
4) Dünya və axirət arasında heç bir bağlılıq yoxdur. Ölüm mütləq yoxluqdur və qəbirdən qaldırılacaq şəxs dünyadakı şəxsin öz nəfsi olmayacaq.
Birinci şübhəyə cavab:
Məadı inkar edən şəxslər belə iddia etmişlər ki, ölülərin dirilməsi qeyri-mümkündür. Dedikləri bu qeyri-mümkünlük ya zatidir ya da zatən mümkün olsa da həyata keçməsi qeyri-mümkündür. Zatən qeyri-mümkün (qeyri-mümkünlüyü zəruri) olan şeylə və baş verməsi qeyri-mümkün olan şey (vuqui mahal) arasında təbii ki, fərq mövcuddur. “Zatən qeyri-mümkün” ilə “baş verməsi qeyri-mümkün” olan şeyləri qısa olaraq belə izah edə bilərik. Məsələn, əqidəmizə görə peyğəmbərlərin günah etməsi zatən qeyri-mümkün deyil, əksinə, onların bu işi etməsi mümkündür. Başqa sözlə desək, peyğəmbərlər günah edə bilər, lakin bu işi etməzlər. Deməli, peyğəmbərlərə nisbətdə günah ümumiyyətlə qeyri-mümkün deyil, sadəcə o cür insanlar belə bir iş görməzlər deyə, bu işin baş verməsi qeyri-mümkündür deyirik.
Ağlımız bir başa hökm edir ki, bir-birinin əksi olan məfhumlar bir arada cəm olmazlar. İnsanın dirilməsini özü-özlüyündə təsəvvür etsək, heç də bu işin zatən qeyri-mümkün olduğu təsəvvür olunmur. Başqa sözlə desək, dəyişkənliyi olmayan meyyitin dirilməsini ağlımız inkar etmir. Lakin həyata keçmədiynə görə qeyri-mümkün saydığımız şeylər belə deyildir. Yəni, təkcə mövzunu təsəvvür etmək bu işin baş verməsini bu işi inkar etməyə kifayət etmir. Çünki, insanın dirilmənin baş verməsini təsəvvür etməsi onun qeyri-mümkün bir iş olmasına və bu barədə hökm verməsinə kifayət etmir. Əgər bu işin qeyri-mümkün olmasına hökm verirsə, bu sonradan yaranan xüsusiyyətlər səbəbilədir, nəinki dirilmənin özü ilə. O xüsusiyyətlər bədən üzvlərinin çürüməsi, qarışması və aradan getməsidir. Qısası budur ki, dirilmənin özünü təsəvvür etmək başqa şey, sonradan əlavə olunan xüsusiyyətlər səbəbilə halı dəyişmiş meyyitin dirilməsinin təsəvvürü başqa bir şeydir. Nəticə olaraq demək istədiyimiz budur ki, birinci təsəvvürümüzün gerçəkləşməsini heç də ağıl qadağan etmir. Demək dirilmə özü-özlüyündə zatən qeyri-mümkün deyil. Bunun qeyri-mümkünlüyü yalnız sonradan yaranan qarışıqlıq və dəyişkənlik səbəbilədir.
Allah təbarək və təala Öz kitabının bir çox yerində bu şübhəyə cavab vermişdir. Bu cavablar özü bir neçə qismdir.
1)Allah təbarək və təalanın qüdrəti sonsuz və genişdir
Məadı inkar edən kafirlər bu dirilməni insanın məhdud və naqis olan qüdrətilə müqayisə edərək bu hökmü verirlər. Əgər onlar məadı Allahın qüdrət, möcüzə, kəramət və təəccüblü işləri ilə müqayisə etsəydilər, görərdilər ki, bu iş Allah təbarək və təala üçün həddən artıq asan bir işdir. Onun qüdrətinin genişliyi və böyüklüyü müqabilində bu işlər heçə bərabərdir. Əgər kafir olanlar Allahın haqqını olduğu kimi başa düşüb, qəbul etsəydilər bu cür fikirlər irəli sürməzdilər. Bu fikirlər onların mərifətlərinin naqis olduğunun göstəricisidir. Allah təbarək və təal buyurur:
وَمَا قَدَرُوا اللهَ حَقَّ قَدْرِهِ وَالأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الأَرْضِ إِلاَّ مَن شَاءَ اللهُ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌ يَنظُرُونَ
“Allahı(n qüdrət və əzəmətini) Onun məqamına layiq meyarla ölçmədilər və tanımadılar. Halbuki qiyamət günü yer (kürəsi) bütünlüklə Onun (qüdrət) ovucunda olacaq, bütün göylər Onun qüdrətli əli ilə büküləcəkdir. O pakdır və Onun şəriki güman edilənlərdən üstündür. Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq. Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar”
(Zumər 67,68)
Ayədə zikr olunan qüdrətdən məqsəd məqamdır. Yəni “onlar Allahın məqam və ucalığını tanımadılar”. Məadın baş verməsinin mümkünlüyünə dəlil qüdrətin genişliyidir. Yuxarıda qeyd olunan iki ayəyə baxdıqda görürük ki, Allah təbarək və təala birinci Öz qüdrətinin genişliyindən bəhs açıb, sonra məaddan xəbər verir. Lakin bəzi ayələrdə məadı zikr edib sonra qüdrətdən xəbər verir. O ayələrdən bəziləri bunlardır:
أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللهُ جَمِيعًا إِنَّ اللهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
“Harada olsanız, Allah sizin hamınızı (Məhşər səhnəsinə) gətirəcəkdir. Həqiqətən Allah hər şeyə qadirdir” (Bəqərə 148)
إِلَى اللهِ مَرْجِعُكُمْ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
“Qayıdışınız Allaha tərəfdir və O, hər şeyə qadirdir” (Hud 4)
Bu iki ayədə Allah təbarək və təala birinci iddia edir, sonra iddiasına dəlil olaraq qeydsiz şərtsiz “O, hər şeyə qadirdir” söyləyir. Deməli ölülərin dirilməsi qeyri-mümkün yox, zatən mümkün olan işdir. Çünki, qüdrətin genişliyi və böyüklüyü bu dirilmənin mümkünlüyünə dəlildir.
2) Yerləri və göyləri yaratmaq.
O kəs ki, ölüləri dirildəcək, həmin şəxs göylərin və yerin yaradanıdır. Göyləri və yeri yaradan ölüləri diriltməyə qüdrət baxımından daha layiqdir. Çünki, aləmləri yaratmaq ölüləri diriltməkdən daha böyük bir işdir. Allah təbarək və təala buyurur:
أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ بِقَادِرٍ عَلَىٰ أَن يَخْلُقَ مِثْلَهُم بَلَىٰ وَهُوَ الخَلاَّقُ الْعَلِيمُ
“Məgər göyləri və yeri yaradan kəs onların bənzərini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). Odur kamil surətdə yaradan və (hər şeyi) bilən” (Yasin 81)
Ayədə zikr olunan “onların bənzəri” sözü insanın yaradılış və dirilməsini bildirir. Digər yerdə Allah təbarək və təala belə buyurur:
أَوَلَمْ يَرَوْا أَنَّ اللهَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ وَلَمْ يَعْيَ بِخَلْقِهِنَّ بِقَادِرٍ عَلَىٰ أَن يُحْيِيَ المَوْتَىٰ
“Məgər göyləri və yeri yaradan və onları yaratmaqla yorulub aciz qalmamış Allahın ölüləri diriltməyə qadir olmasını görmürlər?” (Əhqaf 33)
Sonuncu ayədə Allahın məad üçün gətirdiyi dəlil, əvvəlki ayələrdə gətirilən dəlil metodundan fərqlidir. Əvvəlki ayələrdə Allah qüdrətinin geniş olduğuna söykənərək dəlil gətirir. Burada isə Allah “qiyasi-ovləviyyə” metodundan istifadə edərək böyük və əzəmətli yaradılış ilə digər yaradılışları müqayisə edərək dəlil gətirir.
3) İbtidadan yeni yaradılış ilə sonradan dirilmənin müqayisəsi
Bir işin baş verməsi və həyata keçməsi onun mümkün iş olmasına ən böyük dəlildir. Bu, bizim üçün birinci qaydadır. İkinci qayda budur ki, əgər bir varlıq varsa, onun mislinin də olması mümkündür və əgər bir varlığın mövcud olması qadağandırsa, onun oxşarının da olması qadağandır. Yəni, iki həmmisl olan şey, olub yaxud olmamaqda müştərəkdirlər. Deyilən bu iki qaydanı daha da yaxşı anlamağımız üçün aşağıda şərti misallar vurmaqla izah edirik.
Birinci qaydaya misal: Sizə deyilsə ki, dağlar özlərinə məxsus şəkildə yerlərini tədricən dəyişirlər. Ola bilər ilkin xəbər olaraq siz buna inanmayasınız. Lakin bir dəstə insanın sizə xəbər verməsi ilə sabit olsa ki, filan dağ əvvəllər olduğu yerdən yüz metr aralıqda yerləşib, siz artıq bu işin mümkün işlərdən olduğuna inanacaqsız. Çünki, bu iş artıq baş verib və əlavə elmi dəlilə ehtiyac yoxdur. Dağların hərəkət etməsinə ən böyük dəlil bildiyiniz dağın yerini dəyişməsidir.
İkinci qaydaya misal: Əgər bir aləm varsa, demək onun misli olaraq digər bir aləmin də mövcud olması mümkündür. Əgər dünya varsa, cənnət və cəhənnəmin olması niyə qeyri-mümkün olsun? Yaxud başqa misalla bunu açıqlayaq. Məsələn, cənnətin xüsusiyyətlərindən biri budur ki, oradakı nemətlər onlardan istifadə etdikcə bitməz. Görəsən deyilən bu nemətlərin həqiqəti varmı? Biz deyirik bəli, bu, mümkündür. Çünki, sayılan bu nemətlərin həm misli bu dünyada var. Məsələn, elm ən böyük nemətlərdən hesab olunur və ondan istifadə etdikcə nəinki azalır əksinə artır. Yaxud od misalı. Bir atəş məşəlindən yüzlərlə hətta minlərlə çıraq yandırılsa, yenə ondan bir zərrə azalma görünməz. Əgər bir nemətin yaxud varlığın həqiqəti varsa niyə onun mislinin mövcud olması qadağan olsun? Bunun əksi də belədir. Yəni, məsələn, bütlərdən Allahın şəriki olması qeyri-mümkündürsə, deməli bütlərə həmmisl olan bütün şeylərdən Allahın şəriki olması qeyri-mümkündür.
Zikr olunan bu iki qayda məadın mümkünlüyünə dəlildir. Çünki, insan deyilən varlıq artıq mövcuddur. Əgər mövcuddursa, onun yenidən dirilməsi necə qeyri-mümkün ola bilər? Məgər insanın ilkin yaradılışı onun ikinci dəfə yaranmasının mümkünlüyünə aşkar dəlil deyilmi? Əgər insanın dirilməsi və həyata qayıtması qeyri-mümkündürsə, bəs ilkin yaradılış necə olub? Məadı inkar edənlərin iddia etdiyi kimi bu dirilmə qeyri- mümkün olsaydı o zaman insandan bir fərd belə hazırda mövcud olmazdı. Əgər insandan bir fərd varsa, demək ikinci, üçüncü, dördüncü və.s fərdlərinin də olması mümkün bir şeydir.
Allah təbarək və təala varlıqlara başlanğıc və həyat bəxş edəndir. Buna bir başa ağlımız hökm edir ki, ikinci yaradılış və diriltmə ilkin yaradılışdan çətin deyil. Allah Qurani-Kərimin bir neçə yerində məadı inkar edənlərə bu dəlilə söykənərək belə cavab verir:
وَقَالُوا أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا فَسَيَقُولُونَ مَن يُعِيدُنَا قُلِ الَّذِي فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ
“Və dedilər: «Məgər biz bir ovuc sümüklər və çürümüş üzvlər olduğumuz zaman, yeni bir məxluq surətində dirildiləcəyik?” cavabında Allah buyurur: “Onlar tezliklə «bizi (yeni həyata) kim qaytaracaqdır?» deyəcəklər. De: «Sizi ilk dəfə yoxluqdan var edən!” (İsra 49, 51)
Yaxud Qiyamət surəsində belə buyurur:
أَيَحْسَبُ الإِنسَانُ أَن يُتْرَكَ سُدًى أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِيٍّ يُمْنَىٰ ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ فَجَعَلَ مِنْهُ الزَّوْجَيْنِ الذَّكَرَ وَالأُنثَىٰ أَلَيْسَ ذَٰلِكَ بِقَادِرٍ عَلَىٰ أَن يُحْيِيَ المَوْتَىٰ
“Yoxsa insan elə güman edir ki, başlı - başına buraxılacaq? Məgər o, qadının bətninə tökülən bir damcı «məni»dən ibarət deyildimi?! Sonra «ələqə» (laxtalanmış qan) oldu, beləliklə (Allah) onu yaratdı və (onun bədən üzvlərini) düzgün və kamil etdi. Bu zaman ondan iki cüt – bir erkək və bir dişi –yaratdı. Məgər belə bir Allah ölüləri diriltməyə qadir deyilmi?!” (Qiyamət 36-40)
Qiyamət surəsində olan bu ayələrdə Allah təbarək və təala insanın yaradılışını təfsilatı ilə şərh edərək onun yaranarkən keçdiyi mərhələləri zikr edir. Bu zikr əlbəttə ki, boş-boşuna deyil və bunun bir çox hikmətləri vardır. Onlardan biri budur ki, insanın ilkin, mükəmməl yaradılışı məadın həqiqət olmasına ən böyük dəlillərdəndir.
Bura qədər “Ölülərin dirilməsi qeyri-mümkündür” şübhəsinə cavab tamam oldu. Üç dəlil əsasında bu işin mümkün olduğu isbat olundu. İndi isə keçirik bu barədə ikinci şübhənin cavabına.
İkinci şübhəyə cavab:
Məadı inkar edənlər təkidlə belə söyləyirlər ki, bir-birinə qarışıb aradan getmiş sümüklərin dirilməsi necə mümkün ola bilər axı? Onlar bu fikri müxtəlif təbirlərlə söyləmişlər və onların bir qismini aşağıdakı ayələr belə qeyd edir:
مَن يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ
“(Bu) sümükləri çürümüş və toz-torpaq olduqları halda kim dirildəcək” (Yasin 78)
أَإِذَا كُنَّا عِظَامًا وَرُفَاتًا أَإِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا
«Məgər biz bir ovuc sümüklər və çürümüş üzvlər olduğumuz zaman, yeni bir məxluq surətində dirildiləcəyik?” (İsra 49)
يقولون اانا لمردودون في الحافرة أَإِذَا كُنَّا عِظَامًا نَّخِرَةً قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ
“(Onlar) deyirlər: Məgər biz (öldükdən sonra yenidən) əvvəlki vəziyyətimizə qaytarılacagıq?! (Özü də) çürümüş parça-parça sümüklər olduğumuz zamanmı?! (Onlar) deyirlər: «Elə isə bu, ziyanlı bir dönüşdür!» (Naziat 10, 11,12)
Allah təbarək və təala bu şəxslərin müxtəlif təbirlərini Öz kitabında bizlərə nəql edir ki, onlar bir-birinə qarışmış sümüklərin yenidən əvvəlki kimi yaranacağını inkar edirlər. Başqa ayədə Allah təbarək və təala belə buyurur:
وَقَالَ الَّذِينَ كَفَرُوا أَإِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ
“Kafir olan kəslər dedilər: «Bizlər və atalarımız torpaq olandan sonra mütləq (dirildilib, qəbirlərdən) çıxarılacağıq?!” (Nəml 67)
Allah təbarək və təala bu şəxslərin şübhələrinə Öz kitabında möhkəm dəlillər ilə cavablar verib. O dəlil bundan ibarətdir ki, insanın və bitkilərin torpaqdan yaradılması məadın həqiqət olduğuna dəlalət edir. İnsanın və bitkilərin yaranması ilə Qiyamət gününün mütləq baş verəcəyi aşkar olur. İnsan öz gündəlik həyatında özünün xilqətindən də kiçik yaradılmış və yaradılan varlıqları müşahidə edir. Məsələn, ağacların inkişafı və güllərin çiçək açması kimi şeyləri buna misal gətirmək olar.
Məadı inkar edənlər Allahın insanı torpaqdan yaratmasını inkar etmirlər. Demək Allahın qüdrəti və iradəsi torpaqdan diri, inkişaf edən insan yaxud başqa varlıqlar yaratmağa qadirdir. Nəticədə Allah, torpaqdan insan yaxud başqa canlılar yaratmağa qadirdir. Başqa cəhətdən insan yenə də öz gündəlik həyatında ölü torpağın canlandığını aşkar surətdə görür. Həmçinin, həmin torpaqda bitən ağacları, bitkiləri və onların meyvələrini, yarpaqlarını, çiçəklərinin də necə inkişaf edib çıxdığını görür. Qış fəslində ölmüş quru torpaq yerin hərəkət etməsilə yenidən canlanır və insanlara müxtəlif faydalar verir. Təbii ki, yaradılışın bu nizamı Onun yaradanının Qadir, Alim və Həkim olmasından xəbər verir. Belə olduğu halda məadı inkar edənlərə sual veririk: ölü torpağa həyat verib onu öldükdən sonra dirildən Qadir Allah ölüləri diriltməyə qadir deyilmi? Əgər bu iş vicdanla mühakimə olunsa cavab əlbəttə ki, “bəli qadirdir” olacaq. Allah təbarək və təala Öz kitabında belə buyurur:
يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي رَيْبٍ مِّنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ وَنُقِرُّ فِي الأَرْحَامِ مَا نَشَاءُ إِلَىٰ أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلاً ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْلا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيْئًا وَتَرَى الأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا المَاءَ اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ
“Ey insanlar! Əgər (ölümdən sonra) dirilməyə şübhə edirsinizsə, onda (öz yaradılışınıza diqqət yetirin.) Biz sizi (ulu baba və nənənizi birbaşa) torpaqdan, sonra (onların sonrakı nəsillərini isə) nütfədən, sonra ələqədən (nütfənin dönüb olduğu laxta qandan) daha sonra bəzisinin yaradılışı kamil, bəzisininki isə qeyri-kamil olan muzğədən (ələqənin dönüb olduğu ət parçasından) yaratdıq ki, sizə (qüdrət və hikmətimizin son həddini) aydınlaşdıraq. Biz (muzğədən) istədiyimizi müəyyən müddətədək uşaqlıqda saxlayırıq. Sonra sizi körpə olaraq (doğurub) çıxarırıq. (Daha) sonra cismi və ruhi kamala çatmağınız üçün (sizi qoruyuruq). Sizdən bəzisi (qocalmamış) vəfat edir və bəziniz ömrün ən aşağı mərhələsinə kimi aparılır ki, nəhayət o, (çoxlu) elmdən sonra heç nə bilməz. Və (qışda) yeri (torpağı) quru və ölmüş görürsən. Amma ona (yağış, qar və dolu şəklində) su göndərən kimi hərəkətə gəlir, qabarır və sevinc gətirən hər növ (bitki)dən bitirir” (Həcc 5)
Ayədən göründüyü kimi Allah ilk insanı torpaqdan, sonrakıları isə sudan yaratdığını qeyd edir. Sonra yaradılışda insanın keçdiyi bütün mərhələləri zikr edir. Bundan sonra isə ölmüş torpağın necə canlanmasından bəhs açır. Bu ayəni zikr etdikdən sonra Allah təbarək və təala ölülərin dirilməsinin mümkünlüyü haqqında belə buyurur:
ذَٰلِكَ بِأَنَّ اللهَ هُوَ الحَقُّ وَأَنَّهُ يُحْيِي المَوْتَىٰ وَأَنَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ السَّاعَةَ آتِيَةٌ لاَّ رَيْبَ فِيهَا وَأَنَّ اللهَ يَبْعَثُ مَن فِي الْقُبُورِ
“(İnsan və bitkilərin) bu (cür yaradılmaları) ona görədir ki, Allah haqdır, ölüləri dirildən Odur və O, hər şeyə qadirdir. Və buna görə(dir) ki, qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcəkdir. (Həcc 6,7)
Qurani-Kərimin bir çox ayələri, ölmüş torpağın yağış və bu kimi şeylərdən sonra yenidən həyata qayıtması, qurumuş ağac və bitkilərin sonradan canlanmasını qeyd etdikdən sonra ölülərin dirilməsinin mümkünlüyünü zikr edir. O, ayələrdən bəziləri bunlardır:
وَهُوَ الَّذِي يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ حَتَّىٰ إِذَا أَقَلَّتْ سَحَابًا ثِقَالاً سُقْنَاهُ لِبَلَدٍ مَّيِّتٍ فَأَنزَلْنَا بِهِ المَاءَ فَأَخْرَجْنَا بِهِ مِن كُلِّ الثَّمَرَاتِ كَذَٰلِكَ نُخْرِجُ المَوْتَىٰ لَعَلَّكُمْ تَذَكَّرُونَ
“Küləkləri rəhmətindən (yağışdan) qabaq müjdəçi olaraq göndərən Odur. Belə ki, (külək) ağır yüklü buludları götürdüyü zaman, Biz onu ölü məmləkətə tərəf qovuruq. Beləliklə, onun vasitəsilə suyu (yağış, və.s) nazil edir, bu yolla (torpaqdan) hər növ meyvə və toxum çıxarırıq. (Qiyamət günü) ölüləri də belə çıxaracağıq. (Bu misalı çəkdik ki,) bəlkə öyüd-nəsihət aldınız” (Əraf 57)
وَالَّذِي نَزَّلَ مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَنشَرْنَا بِهِ بَلْدَةً مَّيْتًا كَذَٰلِكَ تُخْرَجُونَ
“Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacaqsınız” (Zuxruf 11)
Bu kimi ayələr insanın necə diriləcəyi üçün nümunə və ibrətdir. Qadir olan Allah ölü torpağı, ağacları və bitkiləri diriltdiyi kimi insanı da dirildərək həyat bəxş edəcək.
Üçüncü şübhəyə cavab:
Məadı inkar edənlər üçüncü dəlil olaraq belə deyiblər: İnsan öldükdən sonra bədən üzvləri dağılıb bir-birinə qarışır. Bu qarışmış hissələri biri-birindən necə ayırd etmək olar? Kimin buna elmi çatar?
Qurani-Kərimdə Allah təbarək və təala onların bu şübhəsini belə qeyd edir:
أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ذَٰلِكَ رَجْعٌ بَعِيدٌ
“Məgər ölüb torpaq olandan sonra (yenidən dirildiləcək və ayağa qaldırılacağıq)? Bu, (ağılın dərkindən) uzaq bir qayıdışdır.” (Qaf 3)
Onların bu şübhəsinin əsasını Allah sonrakı ayədə cavab verməklə belə izah edir:
قَدْ عَلِمْنَا مَا تَنقُصُ الأَرْضُ مِنْهُمْ وَعِندَنَا كِتَابٌ حَفِيظٌ
“Şübhəsiz, Biz yerin onların cəmiyyətindən nəyi azaltdığını və torpağın onların cəsədlərindən nəyi əskiltdiyini (əzəldən) bilirik. Çünki Bizim yanımızda qoruyan və (hər bir hadisə və dəyişiklikdən) qorunmuş (Lövhi-Məhfuz adlı) bir kitab vardır” (Qaf 4)
İkinci ayə demək olar ki, birinci ayəni təfsir edir. Birinci ayədə onların dedikləri bu sözün səbəbi qeyd olunmasa da sonrakı ayə onlara cavab verməklə yanaşı səbəbi də açıqlayır. Onların bu şübhəsi “heç kəsin bu dirilməyə elmi çatmaz” fikrinə qayıdır. Bu fikir də onların Allahın elmi barəsində dərklərinin acizliyindən və naqisliyindən qaynaqlanır. Allah təbarək və təala bu şübhəyə belə cavab verir:
مَّا خَلْقُكُمْ وَلا بَعْثُكُمْ إِلاَّ كَنَفْسٍ وَاحِدَةٍ إِنَّ اللهَ سَمِيعٌ بَصِيرٌ
“Sizin hamınızı yaratmaq və (öləndən sonra) diriltmək yalnız bir nəfəri (yaratmaq və diriltmək) kimidir. Çünki Allah (hər şeyi) eşidən və görəndir” (Loğman 28)
Zikr olunan sonuncu ayə bu məsələdə o qədər aşkardır ki, əlavə izaha ehtiyacı yoxdur. Elə ki, bu dirilmə mümkün oldu demək bu iş Allah üçün asandır. Bütün bu məxluqatı yaradan onların mislini də yaratmağa Alim və Qadirdir. İnsanı heyrətə gətirən ecazkar aləm və yaradılış onun yaradanının hər bir şeyə alim olmasından xəbər verir. Əgər Allahın məxluqatı və onların hissələrini bilməyə, ayırd etməyə elmi çatmasaydı bu varlıqlardan bir fərd belə indi mövcud olmazdı. Bu varlıqların mövcud olması özü dəlildir ki, Allah Alimdir.
İndi isə Allah təbarək və təalanın hər bir şeyə Alim olması haqqında Qurani-Kərimdən bir neçə ayə zikr edirik. Allah Qurani-Kərimdə Musa (aleyhissəlam) ilə Fironun hadisəsini nəql edir. Belə ki, Musa (aleyhissəlam) öz peyğəmbərliyini elan edir və Fironu tək olan Allaha ibadət etməyə çağırır. Firon Musaya (aleyhissəlam) onun gətirdiyi xəbərlər barəsində bir neçə sual verir. Bu dialoqun bir hissəsini aşağıda qeyd edirik:
فَمَن رَّبُّكُمَا يَا مُوسَىٰ قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ قَالَ فَمَا بَالُ الْقُرُونِ الأُولَىٰ قَالَ عِلْمُهَا عِندَ رَبِّي فِي كِتَابٍ لاَّ يَضِلُّ رَبِّي وَلا يَنسَى
“Firon dedi: Ey Musa, sizin Rəbbiniz kimdir? Dedi: Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra (ona) doğru yol göstərəndir. (Firon) dedi: Belə isə (Allahı inkar və peyğəmbərləri təkzib etmiş) keçmiş ümmətlərin vəziyyəti necə olacaqdır? (Musa) dedi: Onların (vəziyyətlərinin necə olması) elmi mənim Rəbbimin yanında (Lövhi-Məhfuz adlı) bir kitabdadır. Mənim Rəbbim nə səhv edir və nə də unudur”. (Taha 49-52)
Firon burada sual verir ki, keçmiş ümmətlərin aqibəti necə olacaq? Çünki, onlar Allahı təsdiq etməmişdilər və bütlərə ibadət edirdilər. Nuh (aleyhissəlam), Ad və Səmud qövmlərini buna misal gətirmək olar. Musa (aleyhissəlam) cavabında buyurdu ki, onların bütün əməlləri Allah yanında saxlanılır və məxsus bir lövhədə qeyd olunub. Allah zərrə qədər nə səhv edər, nə də bir şeyi unudar. Məgər yaradan Öz yaratdığı şeydən xəbərsiz ola bilərmi? Yaxud onun haqqında hər hansı bir məlumat cəhətindən qafil və cahil olarmı? Əlbəttə sağlam ağlın bir başa hökm etdiyi cavab budur ki, hər bir yaradan öz yaratdığından xəbərdar olmalı və onun bütün yaradılış sirlərindən agah olmalıdır.
Dördüncü şübhəyə cavab:
Məadı inkar edənlər dördüncü şübhə olaraq iddia edirlər ki, dünya və axirət arasında heç bir əlaqə yoxdur. Ölüm insan üçün yoxluq və sonluqdur. İnsanın ölümü ilə şəxsiyyəti və varlığı təmamilə aradan gedib, yox olur. Belə olduğu halda, Allah insana əməllərinə görə əvəz verməsi üçün diriltsə də yenə də dünya ilə axirət və əvvəlki insanla sonra dirilən insan arasında heç bir əlaqə və bənzərlik yoxdur. Necə deyilə bilər ki, sonradan dirilən insan eynilə əvvəlki insandır. Halbuki, onun ölümü ilə şəxsiyyəti və kimliyi aradan getmişdir.
Bu o, şübhədir ki, Allah təbarək və təala Öz kitabında bundan xəbər verir:
أَإِذَا ضَلَلْنَا فِي الأَرْضِ أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ
“Məgər (biz) torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!” (Səcdə 10)
Düzdür, bu ayə onların bu şübhəsini aşkar surətdə bildirməsə də bunun cavabında gələn ayə bunu açıqlayır:
بَلْ هُم بِلِقَاءِ رَبِّهِمْ كَافِرُونَ قُلْ يَتَوَفَّاكُم مَّلَكُ المَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ
“Əksinə, onlar öz Rəbbi ilə görüşü inkar edirlər. (Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n ruhunuzu) kamil surətdə alar, sonra öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!” (Səcdə 10,11)
İnsanlar bu və bu kimi ayələrdə keçən “vəfat” kəliməsini “ölüm” mənasında götürdükləri üçün bu şübhəni iddia etmişlər. Halbuki burada “vəfat” kəliməsi bildiyimiz ölüm yox, almaq, çıxarmaq yaxud götürmək mənasındadır. Bunun üçün məşhur lüğət kitabı “Lisanul-Ərəb” kitabının 15-ci cildinə və mərhum Şeyx Təbərsinin (r.ə) qələmə aldığı “Məcməul-Bəyan” əsərinin 4-cü cildinin 328-ci səhifəsinə müraciət edə bilərsiz.
Qurani-Kərim bu mənaya işarə edir ki, insanın həqiqəti və əsli ölüm mələyinin bütünlüklə ondan aldığı vücuddur. Daha belə deyil ki, insanın ruhu bədənindən alınarkən onun bir hissəsi cismində qalır. Yaxud insanın ölümü ilə onun həqiqəti və kimliyi yox olub aradan gedir. Ölüm mələyi insanı, insan edən ruhu bütünlüklə bədənindən çıxarır və Allahın əmr etdiyi məkana aparır. İnsandan yer üzündə qalan əlamət yalnız onun maddi bədən üzvləri və hissələridir. Deməli insanın bütünlüklə həqiqəti Allah yanında saxlanılırsa Qiyamət günündə məhşərə gətirilən məhz insanın dünyadakı cismi olacaq. Əgər insanın vücudunun nələrdən təşkil tapdığına baxsaq görərik ki, insan əsasən iki şeydən tərkib tapıb. Bu, bədən və ruhdan ibarətdir. Bədən sadəcə bir qabdır. İnsanın əsli olan ruhdur. Hər iki qismi (ruh və bədəni) qoruyan elə ruhun özüdür. Hər iki halda (dünya və məadda) əgər ruh daimi qalandırsa, deməli insanın şəxsiyyəti və kimliyinə zərər gəlmir. Çünki, ruh hər iki halda insanın mövcudluğunu və kimliyini təsdiq edir hansı ki, insan dünyada həmin vücudla ömür sürmüşdü. Elə buna görə deyə bilərik ki, dünya ilə axirət arasında sıx rabitə vardır.
Qurani-Kərimin ayələri buna dəlalət edir ki, Allah təbarək və təala insanın sümüklərini və parça-parça olmuş bədən üzvlərini bir yerə cəm edəcək, onları dünya həyatında olduğu kimi yaradacaqdır. Allah təbarək və təala buyurur:
قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ
“De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O hər (növ) xilqəti, hər bir yaradılışı biləndir” (Yasin 79)
Bu dəlil, Həkim olan Allahın şübhə sahiblərinə gətirdiyi ən böyük dəlillərdən biridir. Yaradılşa alim olan və onlara başlanğıc verən şəxs təbii ki, onlara ikinci dəfə həyat bəxş etməyə qüdrəti və elmi kifayət edər. Bu ağlın hökmünə əsasən zikr olunan şübhələr üçün aldığımız yekun nəticədir.
Ümumi nəticə isə bundan ibarətdir ki, məad sabit olmuş ən zəruri məsələlərdəndir. Bu dirilməni inkar etmək inadkarlıqdan başqa bir şey deyildir. Məsələyə başqa cəhətdən baxsaq görərik ki, ədalət mövzusu da başqa bir aləmin var olmasını lazım tutur. Çünki, məlum məsələlərdəndir ki, dünyada zahirən İlahi rəhbərlik olmadığı müddətdə əksər yerlərdə ədalətdən əsər əlamət olmur. Əgər yaradanı qəbul ediriksə, əsərlərini müşahidə etməklə Onun Qadir, Alim və ehtiyacsız olmasını da qəbul edirik. Əgər O, Qadir, Alim və ehtiyacsızdırsa deməli zalım deyil. Əgər zalım deyilsə, deməli adildir. Əgər adildirsə demək dünyada zülm edənlərin cəzasını verməlidir. Bu cəza ya dünyada baş verməli ya da dünyadan başqa bir aləm olmalıdır ki, bu şəxslər layiq olduqları cəzanı çəksinlər. Həmçinin, zülm olunan şəxslərə layiq olduqları mükafat və əvəz verilsin.
Anar Əhmədov
besiret.az