»»

Ramazan ayı 29 gün ola bilərmi?

Bismillahir-Rəhmanir-Rəhim

Allahın rəhmət və bərəkəti peyğəmbəri Muhəmmədə (s) və onun pak ailəsinə olsun.

 

Müqəddimə

Fəqihlərə istehza edib özlərini alim hesab edən bəzi cahillər iddia edirlər ki, ramazan ayı 29 gün ola bilməz. İddialarına əsasən, bu ay yalnız 30 gün ola bilər və yenə onlara görə, bəzi illərdə ramazan ayını 29 gün oruc tutan şəxslər isə bir gün qəza etməlidirlər.

Bu iddia həmin şəxslərin savadsız fitnəkar olduqlarını bir daha sübut edir. Bu kiçik məqaləmizdə onların bu gülünc iddialarının nə qədər batil olduğunu Allah-taalanın izni ilə göstərəcəyik. Ümid edirik ki, dəyəri az olan bu əməlimizi zəmanənin imamı Həzrət Qaim (ə) bizdən qəbul edər və əməl dəftərimizdə olan saysız-hesabsız günahlarımızın bəzilərinin silinməyinə səbəb olar. Həqiqətən də, müvəffəqiyyət yalnız aləmlərin rəbbi olan Allahın əlindədir.

Sünnəyə baxış

Ramazan ayının digər aylar kimi 29 və 30 gün ola biləcəyini sübut edən çoxsaylı hədislər mövcuddur. Həmin hədislərdən bəzilərini əziz oxuculara təqdim edirik.

“Hilalı görəndə orucunu aç” hədisləri

“Vəsailuş-şiə” kitabının 7-ci cild (20 cildlik), 182-ci səhifəsində Şeyx Hürr Amili (r) “Ramazan və digər ayların əlaməti hilalı görməkdir. Oruc tutmaq hilalın görünmədiyi və ya (şaban ayından) 30 gün keçmədiyi təqdirdə vacib olmaz və orucu açmaq (fitr günü) hilalın görünmədiyi və ya (ramazan ayından) 30 gün keçmədiyi təqdirdə vacib olmaz...” adlı bir fəsil ayırıb. Həmin fəsildə zikr olunan bəzi hədisləri qeyd edirik. Hədislərin nömrəsini kitabda qeyd olunduğu kimi yazırıq:

1. Hələbi İmam Sadiqdən (ə) nəql edir: “İmamdan (ə) hilal barədə soruşdular. İmam (ə) buyurdu: “Digər ayların hilalı kimidir. (Ramazan ayının) hilalını gördükdə oruc tut, (şəvval ayının) hilalını gördükdə isə orucunu aç (Fitr bayramını qeyd et)”.

Şeyx Mufid bu hədisi “Muqniə” kitabında Həmmad ibn Osmandan nəql edir.

2. Məhəmməd ibn Müslim İmam Baqirdən (ə) belə buyurduğunu nəql edir: “Hilalı gördükdə oruc tutun. (Şəvvalın) hilalını gördükdə isə orucu açın (Fitr bayramını qeyd edin). (Orucu tutmaq və açmaq) rəy və zənlə olmaz. Yalnız hilalı görməklə olar”.

Bu hədisi Şeyx Kuleyni (r) başqa sənədlə, Şeyx Səduq (r) Məhəmməd ibn Müslimə çatan sənədlə, Şeyx Mufid (r) isə İbn Əbu Umeyrdən nəql edir.

3. Zeyd Şəhham İmam Sadiqdən (ə) nəql edir ki, ondan (ə) hilal barəsində soruşdular. İmam (ə) buyurdu: “Digər ayların hilalı kimidir. (Ramazan ayının) hilalı(nı) gördükdə oruc tut. (Şəvval ayının) hilalı(nı) gördükdə isə orucunu aç (Fitr bayramını qeyd et)”.

5. Məhəmməd ibn Fuzeyl İmam Rzadan (ə) nəql edir: “(Hilalı) görməklə oruc tutun və (hilalı) görməklə orucu açın (Fitr bayramını qeyd edin)”.

Hədislərin sayı çoxdur (28 hədis). Biz bu miqdarla kifayətlənirik. Digər hədisləri bilmək istəyənlər qeyd etdiyimiz mənbəyə müraciət edə bilərlər.

İstidlal:

Hədislərə diqqət edin! İmam (ə) buyurur ki, fitr gününü yalnız hilalı görməklə qeyd edin. Məlum məsələdir ki, hilal ramazan ayından 29 gün keçdikdən sonra da görsənə bilər. Bu artıq əsrlərdir ki, təcrübə olunmuş bir məsələdir. İmam (ə) fitr gününün sabit olmasını hilalı görməklə şərtləndirir. Deməli, əgər hilal 29-cu günün sonunda görünsə, sabahkı gün Fitr bayramıdır. Əks təqdirdə İmam (ə) buyurardı ki, ramazan ayının hilalını gördükdə oruc tutun və 30 gün keçdikdən sonra Fitr bayramını qeyd edin. Halbuki İmam (ə) bu cür buyurmur. Nəticə budur ki, ramazan ayı da digər aylar kimi 29 gün ola bilər.

“Ramazan ayı digər aylar kimi naqis (29 gün) ola bilər” deyən hədislər

“Vəsailuş-şiə” kitabının 7-ci cild, 191-ci səhifəsində Şeyx Hürr Amili (r) belə bir başlıqda fəsil açır: “Ramazan ayının 29 gün olmasının mümkünlüyü... Əgər hilal görünməsə, (ramazan ayını) 30 gün tamamlamağın vacibliyi...” Bu barədə Şeyx (r) çoxsaylı hədislər nəql edir. Onların bəzilərini qeyd edirik və nömrələri kitabdakına uyğun yazırıq:

17. Ubeydullah ibn Əli Hələbi İmam Sadiqə (ə) dedi: “Əgər (ramazan) ay(ı) 29 gün olsa, bir gün qəza edilməlidir?” İmam (ə) buyurdu: “Xeyr! Yalnız adillərin dəlili (iki, ya daha çox adil) şahidlik etsə (qəza etməlidir). Yəni əgər adillər hilalı (ramazan ayının hilalını) bir gün əvvəl gördüklərini desələr, bir günü qəza etməlidir”.

21. İmam Sadiqdən (ə) soruşdular: “Bir kişi 29 gün oruc tutub, sonra (şəvval ayının) hilalını gördüyünə görə iftar edib (Fitri qeyd edib). (Əvvəldə də ramazan ayının) hilalını gördüyünə görə oruc tutmuşdu. İndi bu şəxs bir gün qəza etməlidir?” İmam (ə) buyurdu: “Əmirəlmöminin (ə) buyurub: “Xeyr (qəza etməməlidir)! Əgər iki nəfər adil şəxs gəlib desə ki, biz (ramazan ayının əvvəlində hilalı) bir gecə (səndən) əvvəl görmüşük, yalnız bu halda qəza etməlidir”.

Qeyd: 17 və 21-ci hədislərlə eyni mənada olan digər hədislər də var. Məsələn, 4, 5, 9, 13, 14, 19 və 20-ci hədislər.

İstidlal:

Hədislərin mənası budur: bir şəxs şaban ayının axırında ramazan ayının hilalını görür və oruc tutmağa başlayır. 29 gün oruc tutduqdan sonra şəvval ayının hilalını görür. Ramazan ayında tutduğu orucların sayı 29 olduğu üçün şəkkə düşür ki, bəlkə, mənim şabanın axırında gördüyüm hilal ikigünlük hilal imiş? Yəni bəlkə mən bir gün gec oruc tutmağa başlamışam? Bu səbəbədən İmamdan (ə) soruşur ki, mənə bir gün əlavə qəza tutmaq vacibdir? İmam (ə) isə cavabında buyurur ki, əgər adil şəxslər sənə desə ki, biz səndən bir gün əvvəl ramazan ayının hilalını görmüşdük, o zaman bir gün qəza etməlisən. Çünki adillərin hilalı görməsi ilə ramazan ayının biri sabit olur. Yox, əgər adillər belə bir şahidlik etməsələr, bir gün əlavə qəza etməyə ehtiyac yoxdur. Bu isə o deməkdir ki, sənin 29 gün tutduğun oruc düzgündür və ramazan ayı 29 gündür. Hətta 14-cü hədisdə İmam (ə) buyurur: “Mən də belə etmişəm və qəza etməmişəm”. Yəni 29 gün oruc tutmuşam.

 

Həmin fəsildən olan digər hədislərə nəzər salaq:

1. Məhəmməd ibn Müslim İmamdan (ə) nəql edir: “Ramazan ayı da digər aylar kimi naqis (29 gün) ola bilər. Əgər 29 gün oruc tutsan, sonra hava buludlu olsa (hilalı bu səbəbdən görə bilməsən), orucunu 30 günlə tamamla”.

3. Həmmad ibn Osman İmam Sadiqdən (ə) belə nəql edir: “Ramazan ayı da digər aylar kimi naqis (29 gün) ola bilər”.

6. İmam Sadiq (ə) buyurur: “Ramazan orucu hilalı görməklədir, zənlə deyil. Ramazan ayı bəzən 29, bəzən də 30 gün ola bilir. O da digər aylar kimi naqis ola bilər”.

22. Yəqub əl-Əhmər deyir: “İmam Sadiqdən (ə) soruşdum: “Ramazan ayı həmişə tamdır (30 gündür)?” İmam (ə) buyurdu: “Xeyr! Digər aylar kimidir (yəni 29 gün də ola bilər)”.

Qeyd: Həmin fəsildə bu mənada olan digər hədislər də var.

İstidlal:

Hədislərin dəlaləti göz qabağındadır. Hədislər açıq-aşkar ramazan ayının 29 gün ola bilməsini mümkün hesab edir. Qeyd etdiklərimizdən məlum olur ki, ramazan ayı 29 və 30 gün ola bilər. Bu barədə heç bir şəkk-şübhə yoxdur. Çünki Şeyx Tusinin (r) iddiasına görə, bu mənada olan hədislər təvatürdür. Təvatür hədislər isə insana qət (əminlik) gətirir.

Ramazanın həmişə 30 gün olduğunu deyən hədislər və cavabı

Əslində fitnə törətməklə məşğul olan savadsızlar bu iddialarına görə bir neçə şazz hədislərə söykəniblər. Bir neçə tərcümə olunmuş hədisi görməklə digər hədislərdən xəbərsiz halda fətva verən bu şəxslər mələklərin lənətini qazanmış olurlar. Çünki İmam Sadiq (ə) buyurur: “İnsanlara elmsiz fətva verənə rəhmət və əzab mələkləri lənət oxuyar”.[1]

Şeyx Hürr Amili (r) “Vəsailuş-şiə” kitabında yuxarıda qeyd etdiyimiz fəsildə bu mənada olan bir neçə hədis nəql edir. İxtisara riayət edərək biz onlardan yalnız birini nömrəsi ilə qeyd edirik:

27. İmam Sadiq (ə): buyurur: “Ramazan ayı 30 gündür, and olsun Allaha, naqis (29 gün) olmaz”.

Şeyx (r) bu mənada olan hədisləri qeyd etdikən sonra kitabın 196-cı və 198-ci səhifəsində bu hədislərin müxtəlif cəhətlərə görə qəbuledilməz olduğunu deyir. Məqalənin həcminə görə Şeyxin sözlərini burada qeyd etmirik.

Bu nəzəri (ramazan ayının 30 gün olmasını), zahirən, Şeyx Səduq (r) qəbul etmişdir. Lakin demək olar ki, bütün fəqihlərimiz (istər qədim, istər mütəəxxir) bu nəzərə etiraz etmiş və öz kitablarında onun qəbuledilməz olduğunu müxtəlif dəlillərlə qeyd etmişlər. Məsələn, Mühəddis Bəhrani “əl-Hədaiqun-nazirə” kitabında 13-cü cild, 279-cu səhifədən etibarən bu nəzərin cavabı barədə uzun və faydalı bir bəhs açır. Maraqlananlar həmin ünvana müraciət edə bilərlər.

Biz isə bu məqaləmizdə Şeyx Tusinin (r) cavabını qeyd etməklə kifayətlənirik. Şeyxin (r) bu sözlərini “əl-Hədaiq” kitabının 13-cü cild, 279-cu səhifəsindən nəql edirik:

“Şeyx Tusi (r) deyir: “Bu xəbərlərə bir neçə cəhətdən əməl etmək caiz deyildir:

· Əsllərdə (qədim qaynaqlarda) bu xəbərlərin mətni yoxdur. Yalnız bəzi şazz xəbərlərdə var.

· Hüzeyfə ibn Mənsurun kitabında bu cür xəbərlər yoxdur. Halbuki o kitab məşhur bir kitabdır. Əgər Hüzeyfədən nəql olunanlar səhih olsaydı, həmin kitabda yer alardı.

· Bu hədislərin sözləri ixtilaflı, mənaları qarışıqdır. Çünki gah hədis İmamdan (ə) birbaşa (vasitəsiz), gah da vasitə ilə nəql olunur, gah da ki ravi bunu öz fətvası kimi deyir və heç kimə isnad etmir.

· Əgər yuxarıda dediklərimiz qəbul edilsə belə (yəni hətta yuxarıda qeyd edilən dəlillər olmasa belə), bu xəbərlər vahiddir. Elm (əminlik) və əmələ səbəb olmaz (yəni bu hədislərə əməl caiz deyil, çünki əminlik gətirmir). Həmçinin vahid xəbərin Quranın zahiri və mütəvatir xəbərlərlə təarüz etməsi mümkün deyil (yəni çoxsaylı hədislərə zidd olma qüvvələri yoxdur ki, ixtilaflı hədislər qaydası tətbiq edilsin. Çünki bu qaydalar eyni güclü dəlillərin olduğu halda tətbiq olunur. Lakin bu hədislər isə digər hədislərlə eyni qüvvədə deyillər)...”

Nəticə: Əziz oxucu! Gördüyünüz kimi, sünnədə qət (əminlik) gətirən hədislər ramazan ayının 29 gün ola biləcəyini deyir. Əksini deyən hədislər isə etibarlı deyil. Ona görə də biz bu hədisləri qəbul edə bilmərik.

Mürəkkəb cahillərə gəldikdə isə yaxşı olar ki, camaatı azdırmaq kimi çirkin əməllərdən əl çəkib cəmiyyətə xeyir verə bilən işlərlə məşğul olsunlar. Quran və sünnəni hökm çıxarmaq üçün hər yoldan ötənin ixtiyarına versəydik, nə din qalardı, nə də ki məzhəb!

Əli Abdullah

Besiret.az


[1] Şeyx Kuleyni, Əl-Kafi, c.1, səh.42

Рейтинг

В этом разделе