"Mühafizəkarlar seçkilərdə islahatçıların iştirakını dəstəkləyirlər"
"Əgər islahatçılar İranda qarşıdakı prezident seçkilərində iştirakdan  imtina etsələr, bu, yekunda onların siyasi baxımdan məhvinə gətirib  çıxaracaq". Bunu Trend-ə mühafizəkar siyasətçi, İranın "İslam Koalisiyası" partiyasının baş katibi Həsən Qafurifərd deyib.
Keçirilən  parlament seçkilərinədək bəzi təşkilatlar, o cümlədən islahatçıların  Koordinasiya Şurası bəyan etmişdilər ki, qarşıdakı seçkilərdə  namizədlərin siyahısını təqdim etməyəcəklər. Buna baxmayaraq, İran  KİV-ləri məlumat vermişdi ki, 15-20 islahatçı ölkə parlamentinə daxil  olub.
Hazırda İrandakı islahatçı siyasi qruplar bəyan ediblər ki,  2013-cü ilin yanvarında xüsusi assambleya yaradılacaq. Məqsəd gələn il  keçiriləcək prezident seçkilərindən əvvəl tərəflərin mövqelərini  yaxınlaşdırmaqdır.
İslahatçı cəbhənin Koordinasiya Şurasının mətbuat katibi Nəcəfqulu Həbibi bildirib ki, assambleyanın iclası yanvarın 16-17-də Tehranda keçiriləcək.
İslahatçı  cəbhənin Koordinasiya Şurası İranın siyasi qrupları və islahatçı  partiyalarına görüşmək və qarşıdakı prezident seçkiləri məsələsində  birgə həll yolu tapmaq imkanı yaradacaq.
İranda qarşıdakı  prezident seçkilərinin 2013-cü ilin iyununda keçirilməsi planlaşdırılır.  Qafurifərd hesab edir ki, islahatçılar seçkilərdə iştirak edəcək və  prezidentliyə namizədlərini irəli sürəcəklər.
"Mən birmənalı  hesab edirəm ki, islahatçılar seçkilərdə iştirak edəcəklər, lakin  onların niyyətlərini elan edəcəkləri və ya bunu sakit şəkildə həyata  keçirəcəkləri məsələsi açıq olaraq qalır. İştirak edə biləcək  islahatçıların bəzilərinin adları artıq məlumdur", - o qeyd edib.
Onun  sözlərinə görə, İran azad ölkədir və bu da o deməkdir ki, ali lideri  tanıyan və konstitusiyanın şərtləri onun üçün məqbul olan istənilən qrup  seçkilərdə iştirak edə bilər: "Mühafizəkarlar seçkilərdə islahatçıların  iştirakını dəstəkləyirlər".
Baş katib, həmçinin bəyan edib ki,  İranın iri siyasi partiyaları seçki prosesində iştirak edən digər  qruplar kimi artıq qarşıdakı seçkilərdə iştirak etmək istəklərini  bildiriblər.
"Bilirəm ki, mühafizəkarlar vahid namizədi çətin ki  müəyyənləşdirsinlər. Hazırda namizəd ola biləcək təqribən 20 nəfər var, -  Qafurifərd deyib - Çox güman ki, mühafizəkarlar və islahatçılardan 3-4  namizəd olacaq. Bu rəqəm Keşikçilər Şurası tərəfindən bəyənilsə, artıq  da ola bilər".