İranın irşad və mədəniyyət naziri Əli Cənnəti martın 3-də başçılıq etdiyi nazirliyin Şərqi Azərbaycan əyaləti üzrə idarəsinin yeni rəisi Əli Əkbər Səfipuru idarənin kollektivinə təqdim edib.
Mərasim əyalətin mərkəzi şəhəri olan Təbrizdə keçirilib.
Yeni idarə rəisinin kollektivə təqdim olunması mərasimində çıxış edən nazir Əli Cənnəti yerli əhalinin Azərbaycan Dili Akademiyasının yaradılması ilə bağlı tələbindən də danışıb.
“Media forum” saytının məlumatına görə, Əli Cənnəti deyib: “Azərbaycan həmişə mədəniyyətsevər insanların yurdu olub. Azərbaycanlıların İranın başucalığı uğrunda göstərdiyi xidmətlər hamıya bəllidir, bu, dillər əzbəridir.
Azərbaycan türkcəsinin bir canlı dil olduğunu, əhalinin ölkənin müxtəlif yerlərində bu dildə danışdığını nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Dili Akademiyasının yaradılması zəruridir. Əhalinin bununla bağlı tələbi haqlı tələbdir. Hökumət belə bir qurumun yaradılmasına yardım etməyə hazırdır”.