Suriya erməniləri Azərbaycanda

Ermənistanın Suriyadan qaçan erməni ailələrinin bir hissəsini Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirdiyi məlumdur. Əslində Suriyadakı müharibənin alovları ermənilərin sıx yaşadıqları şəhər və qəsəbələri bürüyəndə dünya erməni mafiyası bunu Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırmanı genişləndirmək üçün füsrət kimi görürdülər və planlaşdırılırdı ki, on minlərlə erməni bu ərazilərdə məskunlaşdırılsın.

313news virtualaz.org-a istinadən xəbər verir ki, lakin bir tərəfdən Dağlıq Qarabağda hökm sürən iqtisadi səfalət, digər tərəfdən Qarabağ münaqişəsi zonasında son illər gərginliyin xeyli artması Suriya ermənilərini bu ərazilərdə kütləvi məskunlaşmaqdan çəkindirdi. Bununla belə bir neçə yüz erməni ailəsinin Qarabağda yerləşdirilməsi baş tutub və erməni diasporunun inanələri hesabına onlara evlər tikilib. Məsələn, işğal altındakı olan Zəngilan rayonunun Xanlıq kəndinin adını "işxanadzor" qoyan ermənilər bu kənddə bir neçə Suriya erməni ailəsini məksunlaşdırıblar. Və Almaniyanın "Deutschlandfunk" qəzetinin müxbiri Naomi Konrad həmin ərazilərdə olaraq Suriya ermənilərinin Azərbaycana məxsus bu ərazilərdə necə yaşadığını araşdırıb.

Jurnalist yazır ki, kəndin xarabalıqları arasında 100-ə qədər yeni tikilmiş ev gözə dəyir. Qışda bəzən günlərlə ətraf aləmdən təcrid olan kənddə Suriya erməniləri də məskunlaşdırılıb. Onlardan biri Ayk Xaçaturyan deyir ki, Suriyada həkim işləyirdi və yaraqlılar onu tutanda müsəlmanlığı qəbul etməyi tələb ediblər, əks halda başını kəsəcəklərini deyiblər. Bununla belə Xaçaturyanı bir neçə saat sonra buraxıblar və o, dərhal ailəsini də götürüb Qarabağa köçüb. İndi Xaçaturyan Azərbaycan kəndində tikilmiş xəstəxanada işləyir.

Kənddə Suriyadan və Livandan olan 20 erməni ailəsi yaşayır. Qarabağda məskunlaşdırılan suriyalı erməni ailələrinin sayı isə cəmi 100-ə yaxındır. Qəzet yazır ki, bu ilin aprelində Qarabağda döyüşlər başlayanda Suriya ermənisi Xaçaturyan da könüllülərin dəstəsində ön xəttə yollanıb. Xaçaturyan və digər Suriya erməniləri ona görə başqa suriyalılar kimi Avropaya deyil, Qarabağa qaçıblar ki, onun dediyi kimi, burada "hökumət" onlara hər cür dəstək verir, ev tikir.

İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan deyir ki, Suriya erməniləri sülh danışıqlarının nəticələrinə əsasən Azərbaycana qaytarılmalı olan ərazilərdə, yəni Dağlıq Qarabağ ətrafındakı rayonlarda məskunlaşdırılır. Ancaq onun fikrincə, Dağlıq Qarabağın özünün razılığı olmadan bu əraziləri qaytarmaq çətin məsələdir. İsgəndəryan deyir ki, Azərbaycan bu ərazilərdə məskunlaşmaya qarşı çıxır və bu aydındır.

Dağlıq Qarabağın qondarma "baş nazirinin" köməkçisi Artak Bəyləryan isə Suriya ermənilərinin danışıqların şərtinə görə Azərbaycana qaytarılmalı olan Zəngilan rayonunda və digər ətraf ərazilərdə nədən məskunlaşdırıldığı barədə jurnalistin sualına cavab verərkən deyir ki, həmin ərazilər "Dağlıq Qarabağ Respublikasına" məxsusdur. Çünki "konstitusiyada" belə yazılıb. "Biz hansısa regionun qaytarılması barədə danışıqlar aparmırıq", - separatçı rejimin nümayəndəsi deyir. Bəyləryan gizlətmir ki, bu ərazilərdə məskunlaşdırmaqda aparmaqda məqsəd həmin torpaqların ermənilərə məxsusluğu haqda zəmin hazırlamağa xidmət edir. "Nə qədər çox adam yaşasa, deməli, torpaqlar üzərində də daha çox hüquq yaranacaq", - o deyir.

Xatırladaq ki, rəsmi Bakı Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparmasını beynəlxalq təşkilatlar və həmsədrlər qarşısında dəfələrlə qaldırıb. Görünür Azərbaycan tərəfi bu məsələdə diplomatik fəallığı daha da gücləndirməli və birmənalı şəkildə bildirməlidir ki, mümkün hərbi əməliyyatlar zamanı mülki əhalinin hədəf alınmaması barədə öhdəlik Qarabağda qanunsuz məskunlaşdırılan ermənilərə şamil edilməyəcək.

В этом разделе