Hacı Şahin: "Kərbəlada da din xadimləri pandemiyaya görə Aşura və digər mərasimlərin qeyd olunmaması ilə bağlı müraciət edib”

“Qarşıdan Məhərrəm ayı gəlir. Məscidlərdə insanların kütləvi şəkildə toplaşması virusun yoluxma riskini artıra bilər deyə, belə qəbul olunub ki, məscidlərin açılma məsələsi təxirə salınsın”.

Bunu APA-ya açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Hacı Şahin Həsənli inanclı insanların məscidlərdə dini ayinləri keçirməyi arzulamalarının təbii olduğunu, buna görə də məscidlərin açılması ilə bağlı məsələnin mütəmadi olaraq müzakirə edildiyini bildirib. Bununla belə, o, pandemiya səbəbindən bəzi ayinlərin təxirə salındığını diqqətə çatdırıb: “Bu il Həcc ziyarəti də təxirə düşdü. Ramazan ayı boyunca da ayinlər məscidlərdə icra olunmadı, Qurban bayramı da bu şəkildə qeyd olundu”.

Hacı Şahin deyib ki, qapalı mühitdə insanların toplaşaraq qaydalara riayət etməsi xüsusilə Məhərrəm ayında çox çətindir: “Heç bir icma bu qaydalara riayət etmək məsuliyyətini üzərinə götürə bilmir. Çünki insanlar çox olur və sıxlıq yaranır. Hətta Kərbəlada da din xadimləri pandemiyaya görə Aşura və digər mərasimlərin qeyd olunmaması ilə bağlı müraciət ediblər. Çünki insanlar orda sıx şəkildə iştirak edirlər. Bizdə də il ərzində insanlar məscidlərdə daha çox Ramazan və Məhərrəm aylarında toplanırlar deyə, vəziyyəti tənzimləmək bir qədər çətindir. Lakin insanlar bilsin ki, bu, diqqət mərkəzində olan mövzudur, heç kəs bu məsələyə biganə yanaşmır, müzakirələr gedir, lakin hazırda məscidlərin açılması mümkün görünmür”.

Məhərrəm ayından sonra məscidlərin açılması məsələsinə gəldikdə, QMİ nümayəndəsi bildirib ki, bu, yoluxma dinamikası ilə birbaşa bağlı olan məsələdir: “Ümumiyyətlə, qeyd edim ki, bütün ölkələrdə yumşalma tədbirlərində insanların kütləvi şəkildə toplandığı qapalı məkanların açılması ən axırda baxılan məsələdir. Hər bir halda Azərbaycanda virusa yoluxma ilə bağlı müsbət dinamika var. Belə inkişaf eləsə, yəqin ki, müvafiq şəkildə məsələyə baxılacaq. Lakin hələlik bu, mümkünsüz görünür”.

В этом разделе