Müasir dövrdə İran-Azərbaycan münasibətləri hələ SSRİ mövcud olduğu zamanlarda başlamışdı. İran İslam inqilabından sonra, İranda kommunistlərin təqib edilməsi SSRİ-İran münasibətlərini gərginləşdirmişdi. 1981-ci ilin noyabrında İran Məclis sədri Haşimi-Rəfsəncani, Azərbaycanın SSRİ-dən ayrılacağı təqdirdə müstəqilliyini rəsmi olaraq tanıyacaqlarını söyləmişdi.
Bu səbəbdən İran tədqiqatçıları hesab edirlər ki, İran, Azərbaycanı rəsmi olaraq tanıyan ilk ölkədir. Bu səbəbdən İranda iki ölkə arasında yeni münasibətlər dövrü bu bəyənatın tarixindən etibarən hesablanır. Haşimi-Rəfsəncaninin həmin dövrdə ölkənin lideri olmadığı üçün bu bəyənatı Azərbaycan tərəfindən rəsmi tanınma olaraq qəbul edilmir. Buna baxmayaraq, İran, hələ SSRİ mövcud olduğu zaman Azərbaycanın müstəqilliyini tanıyan yeganə dövlət olma özəlliyini sahibdir. 12 mart 1991-ci ildə İran Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlət oldu (Yunus, 2007:63). İran bu addımı 1989-cu il 23 sentyabrda Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası tərəfindən “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanununun qəbul edilməsi ilə əsaslandırır. Bu tarixdən etibarən Azərbaycan de-fakto müstəqil dövlət hesab edilirdi.
Ayaz Mütəllibov dövrü
19 may 1990-cı ildə Azərbaycan SSR-də prezident vəzifəsi təsis olunur və bu posta Ayaz Mütəllibov təyin edilir. Ayaz Mütəllibov, 1991-ci ilin avqust ayında bu vəzifədə olarkən İrana rəsmi səfər etmişdi. Bu səfər, ölkə prezidentinin ilk rəsmi səfəri hesab edilir. 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpası ilə bağlı Azərbaycan Parlamentinin bəyanatından sonra ölkəyə rəsmi səfərlə gələn ilk dövlət rəsmisi İran Xarici İşlər naziri Əli Əkbər Velayəti olmuşdu. Velayəti, rəsmi görüşmələr zamanı İslam Konfransı Təşkilatına üzvlüyü məsələsində Azərbaycana olan dəstəyini ifadə edir. Bu danışıqlar zamanı 2 ölkə arasında əməkdaşlıq haqqında bir sıra müqavilələr imzalandı (Elik, 2013: 107). Azərbaycan bu danışıqlardan bir neçə gün sonra İslam Konfransı Təşkilatına daxil oldu. Bu, Azərbaycanın müstəqillikdən sonra daxil olduğu ilk beynəlxalq təşkilat idi. Səfərdən bir neçə gün sonra, İran 4 yanvar 1992-ci ildə Bakıda konsulluğunu açdı.
İran, şimal sərhədlərində ikinci bir şiə dövlətinin yaranması üçün Azərbaycana böyük əhəmiyyət verirdi. Bu dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı İran generalları Azərbaycana gələrək ordu quruculuğu ilə bağlı Azərbaycan zabitlərinə məsləhətlər verirdi. İran Azərbaycana yaxınlaşmağı hədəflədiyi üçün Qarabağ münaqişəsinin bu mərhələsində Azərbaycanı dəstəklədiyini bildirirdi. Ayətullah Əli Xameneyinin Ərdəbildəki nümayəndəsi Ayətullah Seyid Həsən, Azərbaycana hərbi yardım edilməsinin vacibliyini bildirmişdi. Azərbaycanla İran hərbi sahədə də əməkdaşlıq edirdi, ölkədə İran hərbi təlimçiləri var idi. Tehran, sürətli dini inqilab yolu keçərək Azərbaycan Respublikasının “tarixi vətəni İran”la birləşəcəyini gözləyirdi. Azərbaycanda isə bu formada düşünənlərin sayı çox az idi. Müstəqilliyin ilk illərindəki siyasi qarışıqlıq dövründə belə İranın teokratik fikirləri müxtəlif siyasi qruplar arasında dəstək ala bilmədi. Dünyəvi fikirlərin möhkəm bərqərar olduğu Azərbaycan cəmiyyətində İranın təklif etdikləri tarixi inkişafdan çəkilmək kimi qəbul edilirdi.
1992-ci il Azərbaycan üçün hərbi uğursuzluqlarla başladı. Xocalı qətliamı nəticəsində müxalifətin təzyiqi ilə Ayaz Mütəllibov istefa verdi. Onu bu vəzifədə Azərbaycan Ali Sovetinin sədri Yaqub Məmmədov əvəzlədi. Yaqub Məmmədov da, Ayaz Mütəllibov kimi Dağlıq Qarabağ məsələsində Rusiya meylli siyasət tərəfdarı idi. 1992-ci ilin martında İran, şimal sərhədlərində sülh və əmin-amanlıqda maraqlı olan bir ölkə olaraq vasitəçilik təşəbbüsünə əl atdı. İran, Ermənistan və Azərbaycan nümayəndə heyətini Tehranda münaqişənin həlli ilə bağlı bəyannamə imzalamağa dəvət etdi. Azərbaycan prezidenti vəzifəsini icra edən Yaqub Məmmədov bu təklifə müsbət münasibət bildirərək may ayında Tehrana səfər etdi. Mayın 9-da erməni silahlı qüvvələri azərbaycanlıların kompakt yaşadığı hərbi strateji əhəmiyyətə malik şəhər olan Şuşanı işğal etdilər (Furman, 2001:147).
Bütün bunlar prezident v.i.e. Yaqub Məmmədovun İranda sülh sazişini imzalamağa dəvət olunduğu vaxtda olması vəziyyəti mürəkkəbləşdirdi. Şuşanın işğalı İranın Azərbaycandakı imicinə ciddi zərbə vurdu. Müxalifət, İranın Ermənistanla əməkdaşlıq quraraq Şuşanın işğal edilməsinə köməklikdə ittiham etdi. Müxalifətdə olan Elçibəy Laçının işğalından sonra İran vasitəçiliyi ilə bağlı bu fikirləri söyləyirdi: “Təəssüf ki, İranın sülhməramlı missiyasının heç bir faydası yoxdur. Onların ilk təşəbbüsü Xocalının alınması, ikincisi isə Şuşanın işğalı ilə nəticələndi. Laçının işğalı da bunun davamıdır.” (Gammer, 2002:128).
İran dairələri Şuşanın işğalına görə Ermənistan rəhbərliyinə etiraz notası göndərdi. Hal-hazırda İranda Şuşanın işğal edilməsi, İranın regionda vasitəçiliyinin əleyhinə olan dövlət tərəfindən təşkil olunduğu hesab edilir. Ad çəkilməsə də, bu dövlətin Zaqafqaziya regionunu özünün təsir dairəsi hesab edən Rusiya olduğu güman olunur. Şuşanın işğalından sonra Milli Məclis, Ayaz Mütəllibovun istefasını ləğv edərək onun postunu bərpa etdi. Ancaq müxalifətin kəskin təzyiqi ilə 4 gün sonra yenidən istefa verməyə məcbur oldu və ölkəni tərk etdi. (Furman, 2001: 215).
Əbülfəz Elçibəy dövrü
1992-ci ilin ortalarına qədər İrandakı siyasi partiyalar Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstək verirdi. İran millətçiləri, Azərbaycanın İrana aid olduğunu, dolayısıyla azərbaycanlıların İranın öz vətəndaşı olduqlarını göstərərək, Azərbaycana hərbi yardım edilməsi üçün hökumətə təzyiq edirdi. Bir neçə islamçı qəzet də hökuməti münaqişədə Azərbaycanın tərəfini tutmağa çağırırdı. Ancaq bu dövrdə Azərbaycanda baş verən hadisələr İranla Azərbaycanın münasibətlərini gərginləşdirdi. 1992-ci ildə Azərbaycan prezidenti seçilən Elçibəy açıq şəkildə anti-İran mövqeyi nümayiş etdirirdi. Prezident Elçibəy, İranla bağlı məsələlərdə diplomatik nəzakət qaydalarından istifadə etmirdi. O, bir neçə dəfə İranı bir dövlət kimi ələ salmış, İranda azərbaycanlılar yaşayan ərazilərə açıq şəkildə iddialar səsləndirmişdi. Elçibəy, Şimali və Cənubi Azərbaycanın beş il ərzində birləşərək “Böyük Azərbaycan” yaradacağını proqnozlaşdırmışdı (Cornell, 2015:70).
Bu fikirlərin səsləndirilməsi ilə İran, 1992-ci ilin sonlarından etibarən Azərbaycan rəsmi şəxslərinin Təbriz və Azərbaycan əyalətlərinə səfərlərini qadağan etdi. İran hökuməti, Azərbaycanın həmin dönəmdə İranda səfiri olmuş Nəsib Nəsibzadənin Azərbaycan bayraqlı səfirlik avtomobilində Təbrizə səfər etməsinə icazə vermədi (Gammer, 2002:124). 1991-ci ildən 1992-ci ilə qədər “Keyhan”, “Ettelaat” və “Cümhuri-i İslami” kimi bir çox İran qəzetlərinin bir səhifəsi Azərbaycan dilində çap edilirdi. Elçibəyin iddialarından sonra İranda Azərbaycan dilində nəşriyyat dayandırıldı.
Elçibəy dövrü Azərbaycanın İranla yanaşı Rusiya ilə də münasibətlərinin pisləşdiyi bir dövr idi. Azərbaycanda bəzi siyasi qüvvələr 1993-cü ilin yayında Elçibəyin devrilməsində İranın əli olduğunu bildirir. Azərbaycanın konspirasiya nəzəriyyəçiləri bu çevrilişin ortaq bir Rusiya-İran hərəkəti olduğunu iddia edirlər. Onlar, bunu eyni dövr ərzində Ermənistanla İran arasında formalaşan yaxın münasibətlərlə əsaslandırır. İran, bu dövr ərzində Ermənistanı lazımi vəsait və enerji ilə təmin edərək Türkiyə və Azərbaycan tərəfindən tətbiq olunan embarqonun zəiflədilməsinə səbəb oldu. Bu addım Azərbaycanın Ermənistana qarşı istifadə etdiyi əsas “kozırını” xeyli dərəcədə zəiflətdi. Azərbaycandakı bəzi siyasi qüvvələr İranın Azərbaycandakı radikal islami siyasi hərəkatlara dəstək verdiyindən, İran sərhədində yaşayan Azərbaycanın talış milli azlığı arasında etnik iğtişaşların təşviq edilməsindən şübhələnirlər. Bu güvənsizlik hələ də davam edir. (Cornell, 2005: 314).
Heydər Əliyev dövrü
1993-cü ilin iyun ayında Elçibəyin devrilməsi ilə ölkə prezidenti vəzifəsinin icrası Heydər Əliyevə həvalə olundu. Əliyev, beynəlxalq təmasların diversifikasiyası üçün Azərbaycanın xarici əlaqələrində yeni bir formada tarazlıq yaratmağa çalışdı. İlk addım olaraq Əliyev, MDB-yə qoşularaq Rusiya ilə münasibətləri normallaşdırdı. Əliyev, İranla da Rusiya kimi yaxın münasibətin tərəfdarı idi. Bu səbəbdən hakimiyyətə gəldiyi vaxtdan etibarən Elçibəyin İrana olan ərazi iddialarını rədd etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Tehran, Dağlıq Qarabağ münaqişəsində Ermənistanı tənqid edən siyasi xətt izləməyə başladı. Əliyev, 1991-1993-cü illərdə Ermənistan, İran və Türkiyə ilə əhatə olunmuş bir Azərbaycan bölgəsi olan Naxçıvanın lideri idi.
Müharibə zamanı Əliyev Naxçıvanı mərkəz Bakıdan müstəqil şəkildə idarə etdi. Heydər Əliyev, Elçibəyin razılığı olmadan birtərəfli qaydada İranla bir sıra ticarət və enerji müqavilələri bağladı. Heydər Əliyevin İran səfəri zamanı “Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında əməkdaşlıq haqqında” protokol imzalandı. (Aray və Eyyuboglu, 1999: 276). İran liderləri ilə yaxşı əlaqələr qurulması hesabına İran Naxçıvana maddi yardım göstərdi. Naxçıvanın Türkiyə və İranla olan yaxın münasibəti Ermənistanın Naxçıvana tətbiq etdiyi blokada siyasətinin boşa çıxmasına səbəb oldu. Heydər Əliyevin Naxçıvan rəhbəri olduğu dövrdə Tehran səfərində işlətdiyi bu kəlmə onun Bakı ilə müqayisədə hansı formada fərqli xarici siyasət yürütdüyünü aydın göstərir: “Heç bir şeytan İranla olan münasibətlərimizi poza bilməz”. (Ramezanzadeh, 1996).
Dağlıq Qarabağ münaqişəsində İran
İran üçün Dağlıq Qarabağ münaqişəsi bir çox səbəbə görə xüsusi əhəmiyyət kəsb edir. Birincisi, münaqişə müəyyən vaxtlarda, xüsusən də 1993-cü ilin payızında İran sərhədlərinə müdaxilə ilə nəticələnmişdi. Bundan əlavə, münaqişədə iştirak edən hər iki dövlət İranın qonşuları idi və bu səbəbdən münaqişə ölkənin təhlükəsizliyinə birbaşa təsir göstərirdi. Bu, İranın münaqişənin erkən mərhələdə sülh yolu ilə həll etmək üçün vasitəçilik təşəbbüsünə səbəb olmuşdu. Kəlbəcərin işğal edilməsindən sonra İran, Azərbaycanla Ermənistan arasında atəşkəsin imzalanması üçün münaqişə tərəflərini Tehrana dəvət etdi. Atəşkəs barədə ilk saziş 1993-cü ilin martında imzalandı. Tərəflər may ayında “Tehran Bəyannaməsi”ni imzaladılar. Ancaq İranın vasitəçiliyi Ermənistanın hücumları dayandırmaması, Xalq Cəbhəsinin İranı vasitəçi kimi tanımaması səbəbi ilə gerçəkləşmədi. (Cornell, 2005: 318).
1993-cü ildə münaqişə arealının Dağlıq Qarabağ ərazisindən kənara çıxması İranın Ermənistana qarşı sərt tədbirlər görməsinə səbəb olmuşdu. Qarşıdurmanın İran sərhədlərinə yayılması İranın dövlət təhlükəsizliyi üçün “qırmızı xətt” demək idi. İran, Türkiyə ilə birlikdə, Ermənistanın təcavüzkarlığını qınamaq üçün BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Tehran, Azərbaycanın parçalanma təhlükəsinin regional təhlükəsizlik baxımından mənfi təsirini açıq-aydın görürdü. İran bölgədəki mövcud güc balansını qorumağa çalışdığını açıq şəkildə ifadə etdi. İran, Naxçıvanın bir yaşayış məntəqəsi olaraq “təhlükəsizlik xətti” olduğunu bildirdi. 1993-cü ilin sentyabrında Naxçıvanın ermənilərin hücumuna məruz qalması İranın radikal addım atmasına səbəb oldu. 1000 nəfərlik İran ordusu Araz çayını keçərək təhlükəsizlik koridoru yaratdı. (Çernyayevski, 2002: 136).
İran, iki istiqamətdə irəliləyən erməni ordusuna hücumun dayandırılmayacağı təqdirdə müdaxilə edəcəyi ilə bağlıq xəbərdarlıq verdi. Rusiya, İran qoşunlarının Araz çayını keçməsini rəsmi bəyanatla pislədi. Ancaq İranın davranışı Ermənistanı qorxutmaq üçün kifayət idi. Ermənistan Xarici İşlər naziri Tehrana, Naxçıvana hücum edilməyəcəyi ilə bağlı zəmanət verdi. İranın xəbərdarlığı ilə Beyləqan istiqamətində irəliləyən erməni ordusunun dayanması Azərbaycan ordusuna vaxt qazandırdı. Bu zaman zərfində Azərbaycan ordusu 1993-cü il dekabrında uğurlu Horadiz əməliyyatı keçirərək İranla sərhəd olan bir çox məntəqəni geri ala bildi. İran, Qubadlı və Cəbrayılın işğalından sonra blokada vəziyyətində qalan Zəngilan əhalisinə Araz çayı vasitəsi ilə xilas olmaq imkanı yaratmışdı. (Furman, 2001:449)
1993-cü ildə Azərbaycanda ilk çadır düşərgələri İranın köməyi ilə salınmışdı. Azərbaycanın cənubunda yeddi qaçqın düşərgəsi ümumilikdə 100,000 insanı müvəqqəti yaşayışla təmin etmişdi.
İranın Dağlıq Qarabağ münaqişəsində rolunu analiz etdikdə bu ölkənin münaqişənin həllində neytral mövqe sərgilədiyi, müəyyən məqamlarda tərəfləri barışdırmağa cəhd göstərdiyi, lakin bölgədə hegemon olmağa çalışan digər regional güclərin təsiri ilə bunu bacara bilmədiyi nəticəsinə gəlmək mümkündür. İranın 1991-1993-cü illərdə Azərbaycanla olan münasibəti Azərbaycan rəhbərliyində olan şəxslərin İrana olan münasibəti ilə müsbətdən mənfiyə, mənfidən müsbətə doğru dəyişmişdir. Bu fakt gələcəkdə iki ölkə arasında münasibətlərin müsbət yöndə dəyişdirilməsi üçün bir yol göstərici olaraq diqqətdə saxlanıla bilər.
İstifadə edilən ədəbiyyat
Ариф Юнус, (2007), Азербайджан в начале ХХ века.
Moshe Gammer, (2002), The Caspian Region, Volume I: A Re-emerging Region.
Svante Cornell, (2005), Small Nations and Great Powers: A Study of Ethnopolitical Conflict in the Caucasus
Svante Cornell, (2015), Azerbaijan Since Independence
Suleyman Elik, (2013), Iran-Turkey Relations 1979-2011: Conceptualising the Dynamics of Politics, Religion and Security in Middle-Power States
Osman Aray, Baykal Eyyuboğlu, (1999), The newly independent states of inner Asia and Turkey’s policy
Дмитрий Фурман, (2001), Азербайджан и Россия: общества и государства
Станислав Чернявский , (2002), Новый путь Азербайджана
Abdollah Ramezanzadeh, (1996), Iran’s Role as Mediator in the Nagorno-Karabakh Crisis
Tural Həmid, azlogos.eu