Orta şərq » "İslahatçıların İranda prezident seçkilərində iştirak etməməsi onların siyasi məhvinə gətirib çıxaracaq"

"Mühafizəkarlar seçkilərdə islahatçıların iştirakını dəstəkləyirlər"

"Əgər islahatçılar İranda qarşıdakı prezident seçkilərində iştirakdan imtina etsələr, bu, yekunda onların siyasi baxımdan məhvinə gətirib çıxaracaq". Bunu Trend-ə mühafizəkar siyasətçi, İranın "İslam Koalisiyası" partiyasının baş katibi Həsən Qafurifərd deyib.

Keçirilən parlament seçkilərinədək bəzi təşkilatlar, o cümlədən islahatçıların Koordinasiya Şurası bəyan etmişdilər ki, qarşıdakı seçkilərdə namizədlərin siyahısını təqdim etməyəcəklər. Buna baxmayaraq, İran KİV-ləri məlumat vermişdi ki, 15-20 islahatçı ölkə parlamentinə daxil olub.

Hazırda İrandakı islahatçı siyasi qruplar bəyan ediblər ki, 2013-cü ilin yanvarında xüsusi assambleya yaradılacaq. Məqsəd gələn il keçiriləcək prezident seçkilərindən əvvəl tərəflərin mövqelərini yaxınlaşdırmaqdır.

İslahatçı cəbhənin Koordinasiya Şurasının mətbuat katibi Nəcəfqulu Həbibi bildirib ki, assambleyanın iclası yanvarın 16-17-də Tehranda keçiriləcək.

İslahatçı cəbhənin Koordinasiya Şurası İranın siyasi qrupları və islahatçı partiyalarına görüşmək və qarşıdakı prezident seçkiləri məsələsində birgə həll yolu tapmaq imkanı yaradacaq.

İranda qarşıdakı prezident seçkilərinin 2013-cü ilin iyununda keçirilməsi planlaşdırılır. Qafurifərd hesab edir ki, islahatçılar seçkilərdə iştirak edəcək və prezidentliyə namizədlərini irəli sürəcəklər.

"Mən birmənalı hesab edirəm ki, islahatçılar seçkilərdə iştirak edəcəklər, lakin onların niyyətlərini elan edəcəkləri və ya bunu sakit şəkildə həyata keçirəcəkləri məsələsi açıq olaraq qalır. İştirak edə biləcək islahatçıların bəzilərinin adları artıq məlumdur", - o qeyd edib.

Onun sözlərinə görə, İran azad ölkədir və bu da o deməkdir ki, ali lideri tanıyan və konstitusiyanın şərtləri onun üçün məqbul olan istənilən qrup seçkilərdə iştirak edə bilər: "Mühafizəkarlar seçkilərdə islahatçıların iştirakını dəstəkləyirlər".

Baş katib, həmçinin bəyan edib ki, İranın iri siyasi partiyaları seçki prosesində iştirak edən digər qruplar kimi artıq qarşıdakı seçkilərdə iştirak etmək istəklərini bildiriblər.

"Bilirəm ki, mühafizəkarlar vahid namizədi çətin ki müəyyənləşdirsinlər. Hazırda namizəd ola biləcək təqribən 20 nəfər var, - Qafurifərd deyib - Çox güman ki, mühafizəkarlar və islahatçılardan 3-4 namizəd olacaq. Bu rəqəm Keşikçilər Şurası tərəfindən bəyənilsə, artıq da ola bilər".

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!