“Cundulla”nın lideri İranda edam olunub

“Cundulla” sünni terrorçuların lideri Əbdülmalik Riqi

“Cundulla” (“Allahın döyüşçüləri”) sünni qruplaşmasının lideri İranda edam olunub.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Əbdülmalik Riqi iki gün əvvəl sübh tezdən asılıb.

Ona qarşı 79 müxtəlif cinayət üzrə ittiham irəli sürülüb. O, qətl, silahlı qarət, ölümə sui-qəsd, hərbçilərə, polisə və vətəndaşlara hücumlarda təqsirli bilinir. Bundan başqa, İran mətbuatı onun NATO və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini etiraf etdiyini yazır.

Ə. Riqi İran xüsusi xidmət orqanları tərəfindən 2010-cu ilin fevralında həbs olunub. O, Dubaydan Qırğızıstana uçarkən təyyarədə tutulub.

Qeyd edək ki, əsas bazaları Pakistanda yerləşəm “Cundulla” İranın cənub-şərqində fəaliyyət göstərir. Bu qruplaşmanın üzvləri dinc əhalinin həlak olduğu bir neçə terror aktına görə məsuliyyəti öz üzərlərinə götürüblər. Bundan əvvəl də İranda həmin qruplaşmanın bir neçə fəal üzvü edam olunub. Ə. Riqinin qardaşının da bir müddət əvvəl İranda edam olunduğu bildirilir.

В этом разделе