Onların cinayətləri nəticəsində aralarında uşaqlar da olmaqla 86 nəfər ölüb! Ağac qovuğunda gizlənərək sağ qalan birisi gördükləri barədə deyib ki, "Boko Haram" üzvlərinin yandırıcı bombalarla təşkil etdiyi hücum nəticəsində xeyli mülki vətəndaş, həmçinin uşaqlar da yanaraq ölüb. Rəsmi qurumların açıqlamasına görə, ölənlər 86 nəfərdir.
313news-un ABC News-a istinadən verdiyi xəbərə görə, Dalori kəndinə şənbə günü təşkil edilmiş terrorçu hücum nəticəsində xeyli mülki vətəndaş yurdundan didərgin düşüb. Küçələr kömürləşmiş və güllələnmə izləri olan cəsədlərlə doludur. Müvafiq qurumların ilkin araşdırmalarına görə, sağ qalanların sayı 25 min nəfərdir ki, onlar da qaçqın vəziyyətinə düşüblər. Faciənin bölgə mərkəzi sayılan Maiduquridən cəmi 5 kilometrlikdəki kənddə baş verməsi diqqəti çəkib.
Hadisədən sonrakı təxminən 4 saatlıq müddətdə qorunmayan ərazidə 3 intiharçı partlayış törədilib. Bu barədə sağ qalmış hadisə şahidi Alamin Bakura Assoşetid Press (ing. The Associated Press) agentliyinə deyib. O, təşkil edilən intihar hücumu nəticəsində öz ailə üzvlərindən də yaralanan və ölənlərin olduğunu bildirib.
İntiharçılar çoxlu sayda tələfata səbəb olarkən hadisə təşkilatçılarının gizlənə bildikləri qeyd edilir. Bununla bağlı adının açıqlanmasını istəməyən hərbi mənbə bildirib.
Hərbçilər hadisə yerinə saat 20:40-da çata biliblər. Ancaq ağır silahlanmış terrorçularla münaqişə yaşanmadan "Boko Haram" üzvləri Dalori məntəqəsini tərk ediblər. Təhlükəsizliyi üçün anonim qalmaq şərtilə açıqlama verən əsgər bildirib ki, hərbçilər sadəcə onların çıxıb getməsini gözləyiblər.
Jurnalistlər hadisə yerinə ancaq bazar günü buraxılıb. Hadisədən sonra sağ qalanlar bildirib ki, qonşu Maiduquridən hərbi yardımın gəlməsi çox gecikib. Onlar ölənlərin sayının artacağını istisna etmirlər. Sakinlər hələ də hücum təhlükəsini gözlədiklərini bildiriblər.
Fövqəladə Halların İdarə Edilməsi üzrə Baş Agentliyin koordinatoru Məhəmməd Kanarın açıqlamasına görə, təkcə bazar günü 86 cəsəd toplanıb. Maiduquri Dövlət Xəstəxanasının məsul şəxsi Abbas Musa da hadisədən sonra 62 nəfərin yanıq xəsarətləri ilə müalicə edildiyini bildirib.
Ölkənin şimal-şərqində aparılan intensiv antiterror əməliyyatları nəticəsində böyük şəhərlərdən çəkilməli olan "Boko Haram", son zamanlar intihar partlayışlarını artıraraq cəmiyyətdə təşviş yaratmağa cəhd edir.
6 illik terror fəaliyyətləri nəticəsində Nigeriyada 20 mindən çox insan ölüb, 2,5 milyona yaxın sakin isə yurdundan didərgin düşüb.
Müəllif: Qafar Əhmədov