"Rus hərbi bazası 2046-cı ilədək Ermənistanda qalacaq"

Ermənistanın XİN rəsmisi maraqlı açıqlama verib

“Rusiya hərbi bazasının Ermənistanda qalma müddəti 2044-cü ilə qədər deyil, 2046-cı ilədək uzadılıb”. Bu sözləri Ermənistan İctimai Televiziyasına müsahibəsində xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.

"Müddət müqavilənin imzalandığı 1995-ci ildən deyil, onun təsdiq olunduğu vaxtdan, yəni 1997-ci ildən hesablanır. Bu o deməkdir ki, əgər əvvəl Rusiya hərbi bazasının Ermənistanda qalma müddəti 2022-ci ildə başa çatırdısa, indi müqaviləyə edilən dəyişiklikdən sonra bu müddət 2046-cı ildə başa çatacaq", - deyə Koçaryan bildirib.

ANS - Ermənistan XİN rəhbərinin müavini əlavə edib ki, Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılması sadəcə rəmzi mahiyyət daşımır, eyni zamanda tərəflərin bu münasibətlərdə ciddi prespektivlər gördüyünə şahidlik edən müəyyən niyyətin nümayişidir. 

Xatırladaq ki, Rusiya və Ermənistan arasında ötən cümə Gümrüdəki rus hərbi bazasının qalmasına dair 1995-ci ildə imzalanan ikitərəfli müqaviləyə bazanın qalma müddətinin uzadılmasını nəzərdə tutan dəyişikliklərin edilməsi haqqında protokol imzalanıb. Protokola əsasən, müqavilənin fəaliyyət müddəti 25 ildən 49 ilədək uzadılıb. Sənədi Ermənistan və Rusiyanın müdafiə naziri Seyran Ohanyan və Anatoli Serdyukov imzalayıblar. Protokolun imzalanması iki ölkə prezidentlərin Dmitri Medvedev və Serj Sarkisyan arasında aparılan danışıqların yekununda baş tutub.

В этом разделе