Pentaqon ilk dəfə olaraq İsrail rejiminin nüvə silahına malik olmasını təsdiqlədi

ABŞ Müdafiə Nazirliyi ilk dəfə olaraq yarımrəsmi şəkildə İsrail rejiminin nüvə silahına malik olmasını və Rusiyanın nasist Almaniyasının etdiklərini təkrarlaya biləcəyi təhlükəsini təsdiqləyib, - The Washington ProFile xəbər verir.

Bu nəticələr ABŞ Müdafiə Nazirliyinin bu günlərdə açıqladığı “Birləşmiş Güclərin Gələcəyi üçün Tələb və Nəticələr” adlı hesabatında yer alıb. Hesabatda ABŞ silahlı qüvvələri qarşısında duran tapşırıqlara təsir göstərə biləcək dünya siyasəti, müdafiə, iqtisadiyyat, energetika, ekologiya və demoqrafiyasına (xüsusilə qeyd edilir ki, Rusiya əhalisi hər il 0,5% azalır) dair müxtəlif cəhətlər təhlil edilir.

İsrail rejiminin nüvə silahına malik olması haqqında isə bu cür qeyd edilir: “Qərbdə İsraildən başlayan nüvə silahı hegemonluğu şərqdə Pakistan, Hindistan, Çin, Şimali Koreya və Rusiyaya keçib”. Bu olduqca önəmli məqamdır. Məsələ bundadır ki, qeyd edilən digər dövlətlərdən fərqli olaraq, sionist İsrail rejimi rəsmən nüvə silahına malik olmasını nə təsdiq, nə də inkar edir. Birləşmiş Ştatlar isə adəti üzrə bu məsələdə susur. Vaşinqton hətta 1986-cı ildə İsrail rejimində mövcud olan Dimona nüvə mərkəzinin texniki Mordexay Vanunu İsrail rejiminin nüvə proqramının təfsilatını açıqlayanda da susmuşdu. 1991-ci ildə tanınmış amerikalı jurnalist Seymur Herş İsrail rejiminin nüvə strategiyasından bəhs edən “Samson versiyası” adlı kitab dərc etdirmişdi. Herş kitabda qeyd edirdi ki, əgər sionist dövlətinin mövcudiyyətinə hər hansı xələl gəlsə, İsrail rejimi özünü də qurban verməklə nüvə silahını işə salacaq.

Əgər ABŞ rəsmi şəkildə İsraili nüvə silahına malik olan bir “dövlət” kimi tanısa, bunun çox ciddi nəticələri ola bilər. Xüsusilə, 1967-ci ildə ABŞ Konqresinin qəbul etdiyi “hərbi nüvə texnologiyaları istehsal edən dövlətlərə hər hansı dəstək göstərilməsini qadağan edən” qanuna əsasən, Birləşmiş Ştatlar İsrail rejiminə hərbi və iqtisadi yardım proqramlarını dayandırmalı olacaq.

Rusiyaya gəlincə isə, hesabat müəllifləri qeyd edirlər: “Rusiyanın keçmişi faciəvi, gələcəyi isə qeyri-məlumdur”. Eyni zamanda qeyd edilir ki, müasir Rusiyada hazırda hökm sürən təbiət özü-özlüyündə bir təhlükə mənbəyidir. Belə ki, Rusiya rəhbərliyinin özəyini keçmiş “KQB”dən çıxanlar təşkil edib. Hesabatda o da qeyd edilir ki, Rusiya getdikcə Qara dəniz və Baltik dənizi regionu, habelə Qafqazda daha çox fəal və eyni zamanda daha az əməli rol oynamağa başlayıb: “Rusiyanın Avropadakı qonşularının əksəriyyəti praktiki olaraq tam şəkildə dağıldığı halda, RF kütləvi hərbi tikinti proqramını irəli sürür. Potensial olaraq Rusiya bu gün rusdilli əhalinin hüquqlarının qorunması bəhanəsi ilə özünün keçmiş əyalətlərində hökmranlığını yenidən bərpa etməyə cəhd edə bilər”.

Rusiyaya həsr edilmiş bölmə belə bir çatdırışla yekunlaşır: “Hazırda bu vəziyyət təhlükəli ikili paranoy - qismən bəraət verilmiş milliyətçilik və Rusiyanın öndə gedən nəhəng dövlət statusunu itirməsi məyusluğu kimi sezilir. Məhz belə bir vəziyyət, müəyyən təəssüf doğurucu hadisələrlə birlikdə bir vaxtlar nasist Almaniyasını məlum yolla getməyə vadar etmişdi”.

ASDP-nin həmsədri Araz Əlizadə bununla bağlı “Dəyərlər”ə açıqlamasında bildirmişdir ki, əvvəla İsrail rejiminin nüvə silahına malik olması heç kimə sirri deyil. Onun fikrincə, İsrail rejimi də artıq bunu gizlədə bilmədiyindən onun olmasına nə “hə” deyir, nə də “yox”. “Təbii ki, bununla da dolayısı ilə boynuna alır ki, onun nüvə silahı vardır. Onların nüvə tədqiqat mərkəzləri də vardır, orada onların nüvə bombası vardır. İsrail rejiminin orada təxminən 150-yə yaxın nüvə silahı vardır. Bu yeni bir şey deyil. Odur ki burada bu xəbər qəribə qarşılanmamalıdır. 15-20 il bundan qabaq olan faktı ABŞ təsdiq edib”, - deyə Araz Əlizadə “Dəyərlər”ə açıqlamasında bildirmişdir.

Xəbər xidməti ("Dəyərlər" AİN)


В этом разделе