Azərbaycan dünyanın ən güclü tankını alır

Ukrayna ilə yeni nəsil “Oplot M” zirehli maşınlarının alınmasına dair danışıqlar gedir; sövdələşmə alınsa, ordumuz Ermənistana qarşı əzici üstünlük əldə edə bilər

Son illər hərbi hava və quru qüvvələrini ən modern və güclü texnika ilə təmin etməkdə olan Azərbaycan bu istiqamətdə daha bir addım atmağa hazırlaşır. Ukrayna KİV-lərinin xəbərlərinə əsasən, hazırda bu ölkənin istehsalı olan ən yeni nəsil “Oplot M” tanklarının alınmasına dair danışıqlar gedir. Danışıqlarda nə qədər tankın alınması barədə söhbət getdiyi məlum olmasa da, bildirilir ki, Azərbaycan Ukrayna hərbi sənayesinin istehsalı olan və ilk dəfə gələn ay Əbu-Dabidə keçiriləcək beynəlxalq silah sərgisində nümayiş olunacaq bu tanklara çoxdan maraq göstərir.

Azərbaycan indiyədək bir qayda olaraq Rusiya istehsalı olan T-72 tanklarını almağa üstünlük verirdi. Ötən illərdə Ukraynadan, Belarusdan və Rusiyanın özündən bir neçə dəfə iri partiyalarla bu tankların alınması baş verib. Azərbaycan ordusunun zirehli tank qoşunlarının maşın parkı əsasən bu tanklardan ibarətdir. Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların müsbət nəticələnməsi ehtimalı getdikcə azaldığı bir vaxtda Azərbaycan öz ordusunu gücləndirmək üçün intensiv və sistemli iş aparmaqdadır. Bu zaman quru qoşunlarının və hərbi hava qüvvələrinin gücləndirilməsi, köhnəlmiş texnikanın yeniləri ilə əvəzlənməsi, həmçinin daha müasir texnikanın alınması xüsusi diqqət mərkəzindədir. Hərbi ekspertlərə görə, T-72 tankları döyüşdə kifayət qədər sınanmış etibarlı texnika olsa da, Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələri üzərində əzici üstünlüyə malik olması üçün daha müasir texnikaya da ehtiyac var. Məhz bu baxımdan Azərbaycan Ukrayna hərbi sənayesinin son vaxtlara qədər texniki göstəriciləri məxfi saxlanan nümunəsinə maraq göstərir və çox güman ki, bu tankların ilk alıcılarından biri olacaq.

Məsələ burasındadır ki, hazırda dünyada ən güclü tanklar kimi ABŞ istehsalı olan “Abrams” tankları və İsrail istehsalı olan “Merkava” tankları, habelə Rusiya hərbi sənayesinin istehsalı olan T-90 tankları hesab edilir. Məlum siyasi səbəblərə görə, Qərbin tank istehsalçıları Azərbaycana bu texnikanı satmaz.

Digər tərəfdən “Abrams”lar və “Merkava”lar daha ağır texnika olduqlarına görə Qarabağda mümkün hərbi əməliyyatlar zamanı daha yüngül və sürətli T-90 tanklarından istifadə effektli ola bilərdi. Lakin belə görünür ki, Azərbaycan Rusiyadan həmin tankları ala bilmir. T-90 Rusiya tank sənayesinin ən son və ən güclü texnikasıdır, rus ordusunun zirehli tank parkının özündə belə bu tankların sayı məhduddur. Lakin silah satışında mövqelərini qorumağa çalışan Rusiya onları bir çox ölkələrə həvəslə ixrac edir. Ermənistan ordusunda hələ Qarabağ müharibəsinin son illərində Rusiya tərəfindən hədiyyə edilən bir neçə belə tank peyda olmuşdu. Bu, o vaxtlara təsadüf edirdi ki, Azərbaycan ordusu düşməni xeyli sıxışdırmağa və işğal edilmiş ərazilərin böyük hissəsindən geri oturtmağa nail olmuşdu. Bunu görən Rusiya təcili olaraq Ermənistana iri həə silah-sursat və texnika göndərdi. Məlumatlara görə, indi də Qarabağdakı Ermənistan qüvvələrinin sərəncamında T-90 tankları mövcuddur.

Ehtimal olunur ki, Moskva Azərbaycanın Ermənistan üzərində əzici üstünlük əldə etməsini istəmədiyi üçün indiyədək bu ölkədən T-90 tankları almaq mümkün olmayıb. Lakin Ukrayna istehsalı olan “Oplot-M” tanklarının alınması bu vəziyyəti dəyişdirəcək. Çünki qiymətləndirmələrə görə, “Oplot-M” tankları T-90 tanklarından bir çox parametrlərə görə üstündür. Ukrayna mənbələri ilk dəfə 2008-ci ildə Xarkovda təqdimatı keçirilən bu tankların əsas texniki göstəricilərini açıqlamayıb. Ancaq məlum olub ki, tankın zireh sistemi T-90 tanklarının zireh sistemindən xeyli güclüdür. Tank yan tərəflərdən də əlavə müdafiə sisteminə malikdir. Bu göstəricilər üzrə Qərb və Rusiya istehsalı olan bütün tankları qabaqlayır.

Bildirilir ki, “Oplot-M”lərin tank əleyhinə müasir sursatlardan heç bir qorxusu yoxdur. Tankda komandir üçün 360 dərəcədə hədəfi izləməyə imkan verən PNK-6 nişangahı quraşdırılıb. Rusiya istehsalı olan tanklardan heç birində bu nişangah yoxdur. Tankın mühərriki 1400 at gücündədir, Rusiya istehsalı olan tank mühərrikləri isə 1000 at gücündədir. Həmçinin tankda ən müasir rabitə və naviqasiya sistemləri quraşdırılıb. Ekspertlərin qiymətləndirmələrinə görə, hazırda “Oplot-M” hətta dünyada ən güclü tank hesab edilə bilər. Tank istənilən hava şəraitində yüksək manevr qabiliyyəti nümayiş etdirir və kifayət qədər mobil texnikadır. Həmçinin onun qiyməti də Qərb istehsalı olan tanklara nisbətən daha aşağıdır. Azərbaycanın bu tankları alması Ermənistanı xeyli narahat edəcək. Xatırladaq ki, ötən il Azərbaycan dünyanın ən güclü artilleriya qurğusu hesab edilən “Pion-M”ləri və “Smerç” reaktiv artilleriya qurğularını da alıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu bəyan edib ki, hazırda Ermənistan işğalçı qüvvələri Azərbaycan Ordusu qarşısında olduqca acizdir: “Bunu özləri də gözəl bilirlər. İndi başlayacaq hərbi əməliyyatlar əvvəlkilərdən xeyli fərqli olacaq. Azərbaycanın Silahlı Qüvvələri hazırda düşmənin təsəvvür etmədiyi gücə malikdir. İstənilən hədəfi məhv etmək imkanımız var. Ermənistan birinci müharibə zamanındakı səmt küləyinə bel bağlamasın. Azərbaycan bütün hallarda münaqişənin dinc şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələsində beynəlxalq vasitəçilərin səylərinə inamını itirməyib. Ancaq hər şeyin də bir sərhədi olur”.
Azərbaycan təkcə xaricdən güclü silahlar almır, eyni zamanda öz hərbi sənayesini də inkişaf etdirir. Dünən ANS-ə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib ki, bu yaxınlarda Azərbaycan bütün regionu heyrətə salacaq müdafiə təyinatlı məhsullar istehsal edəcək. Bu məhsullar mart ayına kimi işə düşəcək 8 yeni istehsal sahəsində buraxılacaq. Artıq bu istiqamətdə son hazırlıq işləri görülür. Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycan regionda hərbi üstünlüyünü indiyədək olmayan qədər möhkəmləndirəcək.
Nazir bildirib ki, tank və artilleriya silahları üçün 40-46 mm-lik qumbaraatanlar və onların döyüş sursatları, 107 mm-lik reaktiv qurğular və onların döyüş sursatları, 122 mm-lik raketlər, tank əleyhinə lazer başlıqlı raketlər, müxtəlif növ barıtlar istehsal etmək üçün 5 barıt zavodunun tikintisi, eləcə də trotil və geksagen və digər partlayıcı maddələrin istehsalı üçün yeni zavodların tikintisi, helikoptellərdə quraşdırılacaq lazer başlıqlı raketlərin istehsalı nəzərdə tutulub: “Biz bu işlərlə, demək olar ki, regionu heyrətləndirəcəyik” /Yeni Musavat/

В этом разделе