Yaxın Şərq nüvə silahlarından təmizlənməlidir- İran XİN

“Fars körfəzinin təhlükəsizliyi kollektiv təhlükəsizlikdir. İran hökuməti həmişə bu körfəzin təhlükəsizliyinin qorunması istiqamətində səylərini davam etdirəcək”

APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, bölgə dövlətlərindən başqa heç kimin körfəzin təbii ehtiyatlarından faydalanmağa haqqı yoxdur. İranın xarici işlər naziri ABŞ prezidenti Barak Obamanın ölkənin ali dini lideri, ayətullah Seyid Əli Xamneyiyə göndərdiyi məktuba da aydınlıq gətirib: “Həmin məktubda yeni bir şey yoxdur. Bu cür məktublar əvvəllər də göndərilib. Əlbəttə bu məktubda bəzi problemlərdən danışılıb”.

Əli Əkbər Salehi İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq” ölkələri ilə keçirilməsi planlaşdırılan müzakirələrlə bağlı sualı da cavablandırıb: “İran Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştona İranın “altılıq”la müzakirələrə hazır olduğunu bildirib. İran hər zaman müzakirələrə hazırdır, çətinlik yalnız qarşı tərəfdən qaynaqlanır. İranla “altılıq” arasında müzakirələr mərhələli şəkildə olacaq. Hələlik müzakirələrin keçiriləcəyi tarixin müəyyənləşdirilməsi üçün danışıqlar aparılır”.

İranın xarici işlər naziri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin iranlı nüvə alimlərinin adlarını xarici kəşfiyyat orqanlarına verməsi ilə bağlı suala cavab olaraq deyib ki, qurum üzv ölkələrlə bağlı əldə etdiyi məlumatları saxlamaq imkanına malikdir: “Ancaq həmin məlumatları digər üzv dövlətlərə də vermək haqqı var. Təəssüf ki, AEBA bu məsələdə səhv addım atıb. Ona görə də qurumun rəhbəri Yukio Amano İrandan üzr istədi. Bu üzrün isə artıq bir faydası yoxdur”.

Əli Əkbər Salehi Yaxın Şərqin nüvə silahlarından təmizlənməsinin də vacib olduğunu bildirib: “Regionda İsraildən başqa heç bir ölkədə nüvə silahı yoxdur. Yaxın Şərqin nüvə silahlarından təmizlənməsi ideyasını da bir neçə il əvvəl İran ortaya atıb. İsrail Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinə (NPT) də qoşulmayıb. Bu ölkənin sahib olduğu nüvə başlıqları bölgənin təhlükəsizliyinə təhdiddir”.

В этом разделе