ABŞ qüvvələrinin dünən İraq rəsmilərinə təslim etdiyi, aralarında İraq lideri Səddam Hüseynin iki ögey qardaşının da olduğu keçmiş rejimin 5 yüksək vəzifəli şəxsinin bir ay içində edam olunacağı bildirilib.
İslam-Azeri.az İnternet qəzetinin Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İraq Ədliyyə Nazirliyinin sözçüsü, nazir Həsən Əl Şammarinin həftənin əvvəlində Prezident Şurasını ziyarət etdiyini və edam cəzalarının təsdiqlənməsinin gecikdirilməməsi məsələsində anlaşdıqlarını bildirib.
Sözçü deyib ki, Prezident Şurasının beş gün içərisində bu cəza qərarını təsdiqləməsi gözlənilir. Müxtəlif cinayətlərdə suçlanan şəxslərin bir ay içərisində edam olunacağı bildirilir. Edam olunacaqlar arasında Səddam Hüseynin iki ögey qardaşı - Vatban İbrahim Həsən və Sabai İbrahim Əl Tiqriti də var.