Rəsmi Tehran Qərbi hədələdi.

Xarici İşlər Nazirliyinin sözçüsü: "Biz onların bu hərəkətinə dözməyəcəyik"

Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst oktyabrın 19-da jurnalistlərə danışaraq bir sıra Avropa ölkələrində İran sərnişin təyyarələrinin yanacaqla təmin edilməməsini pisləyib.


Son günlər Tehrandan Amsterdam, London, Stokholma uçan İran Hava Yollarına məxsus sərnişin təyyarələri yanacaqla təmin edilmir. Təyyarələr yanacaq doldurmaq üçün Almaniya və ya Avstriya hava limanlarında enməyə məcbur olurlar. Təyyarələrin yanacaqla təmin edilməsinə qoyulan məhdudiyyətlərin Qərbin bu ölkəyə qarşı sanksiyaları ilə əlaqələndirildiyi bildirilir.

“Media forum” saytının məlumatına görə, Ramin Mehmanpərəst deyib: “Təəssüflər olsun ki, bəzi Qərb şirkətləri İranın sərnişin təyyarələrini yanacaqla təmin etmək məsələsində xoşagəlməz hərəkətlər edirlər. Biz Qərb hökumətlərinə bildiririk ki, bu məhdudiyyətlər BMT Təhlükəsizlik Şurasının bizə qarşı qəbul etdiyi qanunsuz qətnaməsi çərçivəsinə sığımır. Bu, həm də beynəlxalq qanunlara ziddir. Biz onların bu hərəkətinə dözməyəcək, məsələ ilə bağlı ciddi tədbir görəcəyik”.

В этом разделе