QMİ sədri Əhmədinejadla görüşüb

Tehranda işgüzar səfərdə olan Azərbaycan nümayəndə heyəti İran Prezidenti və bu ölkənin parlamentinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Prezident Mahmud Əhmədinejada çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə səmimi qonaqpərvərliyə görə İran Prezidentinə minnətdarlığını bildirmişdir. Təcavüzkar Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında olduğunu diqqətə çatdıran A. Paşazadə qeyd etmişdir ki, bu, beynəlxalq hüquq normalarına ziddir və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Azərbaycan xalqı erməni təcavüzü ilə heç zaman barışmayacaqdır.

Öz növbəsində səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edən İran prezidenti qeyd etmişdir ki, Azərbaycan və İran ən yaxın qonşu və mehriban dost ölkələrdir. Prezident İlham Əliyevlə qardaşlıq münasibətində olduğunu diqqətə çatdıran M.Əhmədinejad bildirmişdir ki, iki ölkə arasında münasibətlərin daha sürətli inkişafı üçün böyük perspektivlər mövcuddur. Tərəflər bu imkanlardan qarşılıqlı münasibətlərin genişləndirilməsi istiqamətində səmərəli istifadə edirlər.

Azərbaycan nümayəndə heyətinin İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani ilə görüşü də səmimi şəraitdə keçmişdir. İran parlamentinin sədri qeyd etmişdir ki, Azərbaycana səfəri uğurlu olmuş və onun yaddaşında çoxlu xoş xatirə qalmışdır.

AzərTAc

В этом разделе