Pəhləvi İranın ali dini lideri haqqında BMT-yə şikayət ünvanlayacaq

İranın devrilmiş şahının oğlu Ayətullah Xameneyi haqqında şikayət edəcək

1979-cu il islam inqilabı zamanı İrandan qovulmuş şah Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyidən BMT Təhlükəsizlik Şurasına şikayət edəcəyini deyib. “Media forum” saytının məlumatına görə, Rza Pəhləvi bunu dekabrın 15-də Parisdə keçirdiyi mətbuat konfransında bəyan edib.

Mətbuat konfransına İranda bir çox siyasi məhbusun vəkili olmuş, 2010-cu ilin avqust ayında Norveçə sığınmış Məhəmməd Mustafayi və iki keçmiş siyasi məhbus da qatılıb.

Rza Pəhləvi bildirib ki, İranda siyasi müxaliflərə qarşı kəskin repressiyalar aparılır. O qeyd edib ki, buna görə İranın dini liderindən şikayət hazırlayıblar və ölkədəki repressiyaları əks etdirən həmin şikayət ərizəsi yaxın günlərdə araşdırılması üçün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) göndəriləcək.

“İran xalqının əsas problemi insan hüquqlarının kobud şəkildə pozulmasıdır” -deyən Rza Pəhləvi ölkədə baş verənlərin Beynəlxalq Cinayət Məhkəməsində araşdırılmasını istədiklərini də vurğulayıb.

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno Okampo jurnalistlərə açıqlamasında Rza Pəhləvinin mətbuat konfransında dediklərinə münasibət bildirib: “Dünya sakinləri bu məhkəməyə müraciət etməyi öyrənirlər. Biz dünyanın yaşamaq üçün daha yaxşı olması naminə dünya əhalisinə yeni bir qurum təqdim etmişik”.

İran İslam Respublikası Beynəlxalq Cinayət Məhkəməsinin əsasnaməsini imzalayan ölkələr sırasında deyil. Elə buna görə də bu məhkəmənin prokurorları İran rəsmilərinə qarşı ittihamnamə qəbul edə bilməz. Onlar (prokurorlar) yalnız o zaman bunu edə bilərlər ki, Liviyada olduğu kimi BMT Təhlükəsizlik Şurası onların (İran rəsmilərinin) işini bu məhkəməyə göndərsin.

Rza Pəhləvinin atası 1980-ci ildə mühacirətdə ölüb. 1960-cı ildə Tehranda doğulmuş Rza Pəhləvi ailənin böyük övladıdır. 1978-ci ildə İranı tərk edib. ABŞ-da  təyyarəçi (qırıcı təyyarələr üzrə) peşəsinə yiyələnib. Cənubi Kaliforniya Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsini də alıb. 1986-cı ildə ailə qurub. Üç qızı var.

В этом разделе