Pakistanın müdafiə naziri istefaya göndərilib

Pakistanın baş naziri Yusif Rza Gilani müdafiə naziri Naim Xalid Lodhini (Naeem Khalid Lodhi) istefaya göndərib

APA-nın «Associated Press of Pakistan» agentliyinə istinadən verdiyi məlumata görə, müdafiə nazirinin vəzifədən azad olunması onun "ciddi səhv hərəkətə və qanunu pozması" ilə əlaqələndirilib.

«The Nation» qəzeti isə yazır ki, baş nazir Pakistan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Aşfak Parviz Kayani və İdarələrarası Təhlükəsizlik Xidmətinin rəhbəri Əhməd Şudjunu məhkəmə orqanları ilə əməkdaşlıq etmədiklərinə görə tənqid edib.

Pakistan KİV-inin yazdığına görə, baş nazir tərəfindən tənqidə cavab verən ordu rəhbərliyi qanun pozuntusuna yol vermələri barədə ittihamları rədd edib, Gilaninin sözlərinin "ölkə üçün ağır nəticələrə" gətirib çıxaracağını vurğulayıblar.

Müdafiə nazirinin bu gün işdən çıxarılması ilə əlaqədar ordu rəhbərliyində müşavirə keçirilib.

В этом разделе