Bu gün Tehranda Cümə namazının İmamlığını ölkənin Ali Dini Lideri Ayətullah Xamenei icra edib
Bu barədə İslam-Azeri.az İnternet qəzeti İran mətbuatına istinadən xəbər verir.
Ayətullah Xamenei xütbəsində Yaxın Şərqdəki oyanışa işarə edərək Misir, Tunis, İordaniya və Əlcəzairdəki etirazları İslami oyanış kimi dəyərləndirib.
Xamenei ABŞ və dünya imperialistlərinin Yaxış Şərqdə at oynada bilməyəcəyini deyərək Hüsnü Mübarək rejiminin İsrail rejiminə əsas dəstək verən rejim adlandırıb.
İslam İnqilabı lideri sözlərini belə davam edib: " Misir, Həsən Əl Bənna kimi böyük İslam alimlərinin diyarıdır. Misir ərəb ölkələri arasında dünyəvi Qərb mədəniyyətinin ilk olaraq nüfuz etdirilməsinə çalışıldığı bir İslam ölkəsi olaraq tanınsa da, Qərb mədəniyyəti bu İslam ölkəsində hələ qalib ola bilməmişdir. Meydanlara axın edən milyonluq kütlələrin də bunu sübut edir. Onlar sübut edirlər ki, Misir xalqının İslami tələbləri günbəgün artır. Tunisdə illərcə namaz qılmaq qadağan edildi, camaat və fərdi namaza icazə verilmədi, məscidlərə giriş belə xüsusi bir talon icazəsilə oldu. .Amma yenə də Tunisdə İslami inkişafa heç kim mane ola bilmədi. Tunis, Misirdə baş verən hadisələr İran xalqı üçün xüsusi məna daşıyır. Bu, İrandakı inqilabla başlanan islami oyanışdır. Bugün Yaxın Şərqdə başlayan böyük zəlzələlər, İran İslam İnqilabının könüllərdə yaratdığı ümidin səmərəsidir. Müsəlman xalqlar öz inanclarına söykənən azad, müstəqil və İslami nizamlar istəyir, ABŞ və Qərblilərin qurduğu kölə sistemlərini açıq aşkar rədd edirlər."
Ayətullah Xamenei çıxışı zamanı Misir diktatoruna "namübarək" deyərək onun ABŞ-a nökər olduğunu bildirib:“Hüsnü Mübarəkin illər boyu Amerikaya nökərçilik etməsi Misiri bir addım belə inkişafa apara bilməyib. Misir xalqı aclıq və səfalət içində yaşayır”.
İslam İnqilabı Rəhbəri çıxışı zamanı, ərəb, fars və türk millətçiliyini də tənqid edərək dünyada idarə mexanizminin xalqın iradəsi olduğunu bildirib.
Ayətullah Xamenei xütbəsinin sonunda Ərəb dilində Yaxın Şərq xalqlarına səslənib.