Mahmud Əhmədinejad İlham Əliyevi terrorla mübarizə üzrə konfransa dəvət edib

Azərbaycan prezidenti İlham Əliyevi İranın dövlət başçısı Mahmud Əhmədinejad terrorizmlə mübarizə üzrə beynəlxalq konfransa dəvət edib

Konfransın yaxın vaxtlarda Tehranda keçirilməsi planlaşdırılır. Bu barədə SalamNews “İRNA”ya istinadən xəbər verir.

Azərbaycanın dövlət rəhbərinə dəvətnaməni İran prezidentinin xüsusi nümayəndəsi, ölkənin XİN rəhbərinin müavini Məhəmməd Reza Rauf Şeybani çatdırıb.

Dünən Bakıda İlham Əlyevlə keçirdiyi görüşdə Şeybani bildirib ki, İran tərəfi Azərbaycanla ticarət-iqtisadi əlaqələrini inkişaf etdirmək və illik ticarət dövriyyəsinin həcminin 5 milyard dollara çatdırmaq niyyətindədir.

Məhamməd Reza Rauf Şeybani İran İslam Respublikasının Ali Dini Rəhbəri Ayətullah Xameneinin və İran prezidenti Mahmud Əhmədinejadın salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb. O, prezident Mahmud Əhmədinejadın və İranın digər yüksək rütbəli rəsmilərinin Azərbaycan prezidenti İlham Əliyevin şəxsiyyətinə xüsusi hörmət və ehtiram bəslədiklərini, Azərbaycan Respublikasına və xalqına daim inkişaf arzuladıqlarını bildirib.

Dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini və bu əlaqələrin hazırda yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının siyasi əlaqələrinin güclü olduğunu, iqtisadi sahədə yeni təşəbbüslərin irəli sürüldüyünü vurğulayan prezident İlham Əliyev iki ölkə arasında çoxlu sayda ikitərəfli sənədlərin imzalanmasının əhəmiyyətini qeyd edib və razılaşdırılmış bütün məsələlərin həyata keçirildiyini bildirib.

Dövlət başçısı ikitərəfli güclü əlaqələrin regional əməkdaşlıq baxımından önəmini qeyd edib. İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadla mütəmadi olaraq görüşlərini xatırlayan İlham Əliyev İran prezidenti ilə onu dostluq əlaqələrinin bağladığını vurğulayıb və İran prezidenti ilə şəxsi əlaqələrinin iki ölkə arasındakı münasibətlərə və xalqlarımız arasındakı dostluq və qardaşlıq əlaqələrinə çox müsbət təsir göstərdiyini vurğulayıb.

В этом разделе