Kərzai: "Səbrim tükənməkdədir"

Əfqanıstan prezidenti ABŞ-la normal münasibətlərin gündən-günə çətinləşdiyini qeyd edib

Əfqanıstan prezidenti Həmid Kərzai rəsmi Vaşinqtonu tənqid atəşinə tutaraq, səbrinin tükənməkdə olduğunu qeyd edib. Prezident ABŞ-ı 16 dinc sakinin qətliamı ilə bağlı təhqiqatlarda rəsmi Kabillə əməkdaşlıq etməməkdə suçlayıb- anspress "accociated press"ə istinadən xəbər verir. Əfqanıstan prezidenti kənd ağsaqallarının məsələyə münasibətləri ilə tanış olub. Kərzai yatmış yerdə qətlə yetirilən kəndlilərin bir deyil, bir neçə əsgər tərəfindən həyata keçirildiyi versiyasının mümkünlüyünü irəli sürüb:

“Kənd ağsaqqalları və zərərçəkmişlərin danışdıqları tam fərqlidir. Onlar bu qətliamın bir nəfərin işi olmadığını düşünür. Bir ailədə, 4 müxtəlif otaqda olan qadınlar və uşaqlar qətlə yetirilib. Sonra onların hamısı bir otağa aparılaraq, yandırılıb. Bütün bunları yalnız bir nəfərin etməsi qeyri-mümkündür”.

Kərzai hadisəylə bağlı müşahidə kamerasından çəkilmiş görüntünün, əfqan rəsmilərindən gizli saxlanılması məsələsinə də toxunub. Prezident belə davranışların dözülməz olduğunu diqqətə çatdırıb. Kərzai ABŞ-la normal münasibətlərin tərəfdarı olduğunu desə də, bunun gündən-günə çətinləşdiyini qeyd edib.

Xatırladaq ki, ötən həftə İSAF qüvvələrində xidmət edən amerikalı çavuş gecə saatlarında bazanı tərk edərək, yaxınlıqdakı 3 evə silahlı basqın edib. Azğınlaşmış hərbçi 16 dinc sakini yatan yerdə güllələyərək, sonradan cəsədləri topa şəklində yandırıb. Ölənlər arasında 9 azyaşlı uşağın da olduğu bildirilir.

В этом разделе