İranın yaxın iki il ərzində benzin idxalına ehtiyacı olmayacaq - NIORDC-nin direktoru

İran yaxın iki il ərzində benzin idxalını dayandıracaq və öz hesabına benzin istehsal edəcək, iki ildən sonra isə benzin ixrac etməyə başlayacaq.

Bunu İranın Neft Məhsullarının Emalı və Paylanması Milli Şirkətinin (NIORDC) direktoru Əlirza Zeyğəmi deyib. Məlumatı SHANA xəbər agentliyi yayıb.

Zeyğəmi ötən gün İranın Şazənd şəhərindəki İmam Xomeyni adına neft emalı zavoduna baxış keçirib. O əlavə edib ki, zavodun inkişaf etdirilməsi layihəsi çərçivəsində işlərin 70 faizi görülüb. "Zavodun tam işə başlaması ilə benzin istehsalının həcmi sutkada 5 milyon litrdən sutkada 16 milyon litrə kimi artacaq", - Zeyğəmi deyib.

O bildirib ki, İran sutkada 18-20 milyon litr benzin idxal edir. "Əraq neft emalı zavodunun inkişaf layihəsinin icrası ilə, eləcə də ölkənin bəzi neft emalı zavodlarının benzin istehsalı həcmini artırmaqla yaxın iki il ərzində İrana benzin idxalına ehtiyac olmayacaq", - şirkət rəhbəri deyib.

O əlavə edib ki, hazırda 5 benzin istehsalı zavodunun inşası layihəsi və 5 neft emalı zavodunun inkişaf layihəsi icra olunur. "Sutkada 223 milyon litr neft məhsulu ölkənin 9 neft emalı zavodunda istehsal olunur. İstehsal olunan neft məhsullarının 43 milyon litri benzindir", - Zeyğəmi deyib.

NIORDC direktorunun sözlərinə görə, benzin istehsalı zavodları və ölkədəki neft emalı zavodlarının inkişaf etdirilməsi layihələrinin icrası ilə ölkədə benzin istehsalı potensialı sutkada 43 milyon litrdən sutkada 130 milyon litrə kimi artacaq. /Trend/

В этом разделе