İran Suriya müxalifəti ilə danışıqlar apardığını açıqlayıb

İran Suriya müxalifəti ilə görüşdüyünü açıqlayıb.

APA-nın məlumatına görə, İran parlamentinin sədri Əli Laricani Böyük Britaniyada nəşr olunan “The Financial Times” qəzetinə açıqlamasında bildirib ki, Suriyadakı böhranın həlli məqsədilə iranlı diplomatlar Suriya müxalifətinin tərkibinə daxil olan ayrı-ayrı qruplarla, yəni “Müsəlman qardaşlar”, sələfilər və liberallarla görüşürlər. Görüşlərdə həmin tərəflər sülh içərisində demokratik islahatları qəbul etməyə çağırılır.

Ancaq Ə. Laricani görüşün hansı adlarla və nə vaxt edildiyini açıqlamayıb. İran parlamentinin spikeri görüşlərin davam etdiyini və irəliyə doğru mühüm addımlar atıldığını da vurğulayıb.

Ə. Laricani Misir, Səudiyyə Ərəbistanı, Türkiyə və İranın da iştirakı ilə Suriyadakı böhranın həlli məqsədilə həyata keçirilən cəhdlərlə bağlı danışmağın isə hələ erkən olduğunu bildirib: “Bəzi ölkələrin bir araya gəlib Bəşər Əsədin iqtidardan çəkilməsini söyləmələri səhvdir. Bu qruplardakı insanlar da suriyalılardır. İslahat müddətinə qatıla, fikirlərini söyləyə və həllə nail ola bilərlər. Amma bəzi ölkələr məsələyə müdaxilə edir və bunun reallaşmasına mane olurlar. Demək istədiyim budur ki, bu qrupların öz qərarlarını özləri almasına maneçilik törədilir”.

В этом разделе