“İranla Azərbaycanın müştərək deyil, birgə tarixi var. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün, eləcə də Dağlıq Qarabağ məsələsinin həlli yolunda bu qardaş ölkəni dəstəkləmək üçün İrana əsas verir”
APA-nın Tehrandakı xüsusi müxbirinin məlumatına görə, bu sözləri İran prezidentinin müavini Seyid Məhəmmədrza Mirtacəddini Tehran Universitetində “Azərbaycan Respublikası: keçmiş təcrübələr və gələcək prespektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Azərbaycanla İran arasında dil, din, mədəniyyət baxımından birgə tarix var: “Azərbaycanla İran arasındakı tarixi bağlılıqları İraqla, Əfqanıstanla, Pakistanla və digər ölkələrlə olan münasibətlərlə müqayisə etmək olmaz. Biz bir-birimizə onlardan daha yaxın və doğmayıq. Bu gün də Azərbaycanla İran arasında müxtəlif sahələrdə əməkdaşlıq güclənir”.
İran prezidentinin müavini Dağlıq Qarabağ məsələsinin onun ölkəsini də narahat etdiyini deyib : “Biz Azərbaycanı dəstəkləyirik və işğal olunmuş torpaqların azad edilməsinin vacibliyini vurğulayırıq. İran Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanı həmişə dəstəkləyəcək”.
İran prezidentinin müavini Azərbaycanda dinə olan münasibətdən, xüsusilə ölkə başçısı İlham Əliyevin ölkədəki tarixi məscidlərin, din ocaqlarının əsaslı təmirinə xüsusi diqqət ayırdığını da vurğulayıb.