İran Hörmüz boğazında hərbi təlimlərə başlayıb

“Vilayət 90” adlı təlimlər 10 gün davam edəcək

İran Hörmüz boğazında irimiqyaslı hərbi təlimlərə start verib. 10 günə yaxın davam edəcəyi gözlənilən “Vilayət 90” adlı hərbi təlimlər zamanı ölkənin Hərbi Dəniz Qüvvələri İran hərbi sənayesinin ən son nailiyyətlərini, o cümlədən “Yer-hava” tipli raketləri və digər silahları sınaqdan keçirməyi planlaşdırır.

Təlim zonasının Hind okeanının şimal sularından Ədən körfəzinə kimi 2 min kilometr ərazini əhatə etdiyi bildirilir.

Dəniz qüvvələri admiralı Həbibullah Səyyari mətbuata verdiyi müsahibədə təlimlərin məqsədinin İran ordusunun qüdrətini və müdafiə gücünü göstərməkdən ibarət olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, Hörmüz boğazı strateji əhəmiyyət baxımından dünyanın 3-cü ən böyük dənizlə neft nəqli yolu hesab olunur. Bəhreyndə mərkəzləşmiş ABŞ dəniz qüvvələrinin “Beşinci donanması” və dəniz quldurları ilə mübarizə aparan digər hərbi gəmilər də müntəzəm olaraq boğazın sularına daxil olur. /ANS TV/

В этом разделе