İran Avropa ölkələrindən bütün malların idxalına qadağa qoya bilər

"Digər bir bəndə əsasən isə, hökumət ölkəmizə qarşı sanksiyalara qoşulan bütün dövlətlərdən istənilən malların idxalına qadağa tətbiq etməlidir"

Avropa İttifaqının (Aİ) sanksiyalarına cavab olaraq, İran parlamentinin deputatları Avropaya neft ixracının dayandırılması ilə bərabər, İslam Respublikasına Avropa ölkələrindən bütün malların idxalına da qadağa qoyulmasını tələb ediblər.

SalamNews-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın "PressTV" telekanalı məlumat yayıb.

İslam Respublikası Məclisinin Energetika komissiyası sədrinin müavini Naser Sudani bəyan edib ki, komissiya üzvləri müvafiq qanun layihəsi üzərində işi artıq tamamlayıblar. Sənəd 4 bənddən ibarətdir.

"Bu bəndlərdən birinə əsasən, Avropa ölkələrinə İran neftinin tədarükünə qoyulan qadağa qüvvədə olduğu müddətdə, İslam Respublikası Qitə ölkələrinə "qara qızıl"ın ixracını dayandıracaq", - Sudani deyib.

Onun sözlərinə görə, bu bəndə yenidən baxıla bilər. Belə ki, bəzi deputatlar qeyd olunan cavab tədbirinin 5 il qüvvədə qalmasının tərəfdarıdırlar.

"Digər bir bəndə əsasən isə, hökumət ölkəmizə qarşı sanksiyalara qoşulan bütün dövlətlərdən istənilən malların idxalına qadağa tətbiq etməlidir", - Sudani əlavə edib.

Xatırladaq ki, yanvarın 23-də keçirilən iclasda Avropa İttifaqının 27 ölkəsi İran neftinin idxalına embarqo qoyulması haqda qərar qəbul edib.

В этом разделе