İran Ali Məhkəməsinin sədri hökumət üzvlərinə xəbərdarlıq edib

İran Ali Məhkəməsinin sədri, ayətullah Sadiq Amoli Laricani ölkə tarixində ən böyük bank oğurluğu ilə bağlı aparılan həbslərə etiraz edənlərə xəbərdarlıq ünvanlayıb

APA-nın məlumatına görə, Laricani deyib ki, hökumətdə təmsil olunan bəzi şəxslər bu qalmaqalla əlaqədar şübhəli qismində bir sıra adamların saxlanılmasından və adlarının hallandırılmasından narazıdır: “Ancaq onlar bilməlidirlər ki, İran Ali Məhkəməsi müstəqil fəaliyyət göstərir və heç bir fərdin basqısı altında hərəkət etməyəcək. Görünür, etiraz edənlərin özlərinin bank oğurluğunda əlləri olduğu üçün məsələnin üstünün açılmasını istəmirlər. Ona görə də mətbuatda hay-küy salmaqla işin şəffaflıqla araşdırılmasının qarşısını almağa çalışırlar”.

Qeyd edək ki, son günlər İran prezidenti Mahmud Əhmədinejad İran Mərkəzi Bankının sədr müavini Seyid Həmid Purməhəmmədinin həbsinə etirazını bildirib. Seyid Həmid Purməhəmmədiyə bank oğurluğunda Əhmədinejadın qudası, İran Prezident Administrasiyasının sabiq rəhbəri İsfəndiyar Rəhim Məşayinin əlinin olduğunu etiraf etməsi üçün təzyiqlər göstərilib. İsfəndiyar Rəhim Məşayi son aylarda İranın ali dini lideri, ayətullah Əli Xamneyinin tərəfdarı olan saytlarda tez-tez “yolunu azmış cərəyan”a başçılıqda günahlandırılır.

2007-ci ildən başlayaraq ardıcıl şəkildə davam etmiş oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan 2,8 milyard dollara yaxın pul mənimsənib. Bu il sentyabrın 27-də İran Milli Bankının icraçı direktoru Mahmudrza Xavəri istefaya gedib. Bu istefa bank oğurluğunun üstü açılandan sonra baş verib. Mahmudrza Xavərinin hazırda Kanadada olduğu bildirilir.

В этом разделе